Ümummilli lider, Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi ilə başlanmış iqtisadi islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, mühüm sosial və iqtisadi əhəmiyyət kəsb edən dövlət proqramlarının və verilmiş sərəncamların ardıcıl, qətiyyətlə yerinə yetirilməsi nəticəsində ölkənin aqrar sektorunda əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Nazirlər Kabinetinin bu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı kənd təsərrüfatının inkişafına da böyük diqqət yetirmişdir: “Kənd təsərrüfatı da artıbdır, təxminən 5 faiz səviyyəsində. Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür”.
Daha sonra cənab Prezident demişdir: “Bizdə hələ ki, dövriyyədə olmayan torpaqlar vardır. Bu torpaqlarda meliorativ tədbirlər görülməlidir və görüləcəkdir. Burada qeyd olunduğu kimi, 5 min hektar torpaq artıq dövriyyəyə buraxılıb və orada məhsuldarlıq hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan iki dəfə çoxdur. Yəni biz əslində, bu rəqəmləri də gözləyirdik. Çünki bu yeni, iri fermer təsərrüfatlarında bütün tədbirlər yüksək səviyyədə görülür. Aqrotexniki, meliorativ tədbirlər, gübrə ilə təminat, əlbəttə ki, dövlət tərəfindən verilmiş kreditlər hesabına bütün bu işlər görülür. Hesab edirəm ki, bax, biz bu təcrübəni, əlbəttə ki, genişləndirməliyik. Bizə təqribən 40-50 böyük, iri fermer təsərrüfatı lazımdır ki, taxıla olan tələbatı biz tam şəkildə ödəyək. Eyni zamanda, biz bu təcrübəni digər, yəni, böyük olmayan fermer təsərrüfatlarında da tətbiq etməliyik. Kənd təsərrüfatı texnikasının alınması ilə bağlı son qərarım da məhz bu məqsədi güdür. Bir daha demək istəyirəm ki, vaxtilə “Aqrolizinq”in yaradılması bu sahədə bir dönüş oldu. Əgər biz “Aqrolizinq”i yaratmasaydıq, indi bu texnikanın heç yüzdə biri də bizdə olmazdı. Kəndlilər özləri bu texnikanı almaq üçün imkanlara malik deyillər. Dövlət burada öz rolunu oynamışdır. Gələcək illərdə kənd təsərrüfatı texnikasının, xüsusilə kombaynların alınması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. İlin sonuna qədər əlavə vəsait də ayrıla bilər. Biz yaxın üç-dörd il ərzində özümüzü ən müasir texnika ilə tam şəkildə təmin etməliyik. Çünki biz gələcəkdə yeni iri fermer təsərrüfatlarını yaradacağıq. Burada təxminən 10 minlərlə hektar torpaqdan söhbət gedir. Mövcud fermer təsərrüfatlarında da yeni texnika olmalıdır. Ona görə mütləq Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə təkliflərini bir daha verməlidir ki, biz öz işlərimizi planlaşdıraq, bilək, nə qədər traktor, nə qədər kombayn hansı ildə alınmalıdır ki, bu məsələlər tam şəkildə öz həllini tapsın”.
Hazırda ölkə əhalisinin 48 faizi regionlarda yaşayır. Deməli, əhalinin böyük əksəriyyəti bu və ya digər dərəcədə aqrar sektorla bağlıdır. Aqrar sektorun inkişafı ölkəmiz üçün ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı, həm də bölgədə yaşayan əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşması deməkdir.
Kənd təsərrüfatının inkişafında dövlətin bu istiqamətdə qəbul etdiyi qanun və qərarların əhəmiyyəti danılmazdır. “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında”, “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında” və digər qanunların aqrar sektorda idarəetmənin yüksək səviyyəyə qaldırılmasında mühüm rolu var. Qəbul olunan qanunların nəticəsidir ki, 2003-cü ilə nisbətən 2012-ci ildə taxıl istehsalı 36,2, kartof 25,9, tərəvəz 16,2, bostan 20, meyvə 41,6 faiz, üzüm istehsalı isə 2,3 dəfə artmışdır. Ümumiyyətlə, 2003-cü illə müqayisədə 2012-ci ildə ümumi məhsul istehsalı 3,3 dəfə artaraq təxminən 4,8 milyard manata çatmışdır.
Hazırda aqrar sektorda çalışan sahibkarlar torpaq vergisindən savayı, bütün növ vergilərdən azaddırlar. Dünyanın heç bir ölkəsində fermerlərin xeyrinə belə bir əlverişli qərar qəbul olunmayıb. Bundan əlavə, əkinlə məşğul olan hər bir fermerə istifadə etdiyi yanacaq və sürtkü yağlarına görə dövlət kompensasiya ödəyir. Eyni zamanda, fermerlər istifadə etdikləri gübrəni bazar qiymətlərindən ucuz alırlar. Yaranan qiymət fərqini isə dövlət büdcəsi hesabına ödəyir. Fermerlərə qayğı bununla bitmir. Onlara toxum, kənd təsərrüfatı texnikası və cins mal-qara da güzəştli qiymətlərlə satılır.
Bu sahədə qəbul edilən ən önəmli qərarlardan biri də aqrar sektorda çalışan fermerlərə uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Artıq güzəştli kreditlər almaq imkanı olan fermerlərin maliyyə problemləri yoxdur. İndiyəcən dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib. Bu müəssisələrin hamısı iri istehsal obyektləridir. Bununla yanaşı, regiondakı sahibkarlar aldıqları güzəştli kreditlər hesabına minlərlə kiçik və orta həcmli fermer təsərrüfatlarını inkişaf etdirirlər. Məsələn, ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 83 faizini regionlarda fəaliyyət göstərən sahibkarlar alıblar. Bununla yanaşı, 2007-2012-ci illərdə dövlət tərəfindən kəndli-fermer təsərrüfatlarına ayrılmış 572,7 milyon manat vəsait hesabına yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrin güzəştli satışına, 1-ci və 2-ci reproduksiyalı toxumun və tingin satışına, orijinal, superelit və elit toxumların istehsalına görə subsidiyalar ödənilmişdir. Göründüyü kimi, dövlətin verdiyi güzəştli kreditlərdən və subsidiyalardan ən çox faydalanan aqrar sektorda çalışanlardır.
Aqrar sektorda islahatlar həyata keçirildikdən sonra ölkədə yeni iqtisadi şərait yaranıb, kənd təsərrüfatının idarə edilməsi və məhsul istehsalının tənzimlənməsi kimi məsul vəzifə Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulub.
Nazirlik də öz işini yeni yaranan iqtisadi münasibətlərə uyğun qurur. Biz hazırda bu vəzifənin məsuliyyətlə həyata keçirilməsi üçün səylə çalışırıq. Aqrar islahatlardan sonra bu sektorda müxtəlif növ təsərrüfat formaları yaradılıb. Yeni təsərrüfat subyektləri arasında ən çox üstünlük veriləni fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarıdır. Son illər bu növ təsərrüfat subyektləri daha çox inkişaf edərək öz maddi-texniki bazasını xeyli möhkəmləndirir. İnkişaf prosesində təsərrüfatların formalaşması və maliyyə imkanlarının dəyişməsi birbaşa onların fəaliyyətinə təsir edir. Bununla belə, bir çox təsərrüfatlar aqrar sahədə yeni yarandığından və kifayət qədər təcrübəyə malik olmadıqlarına görə bazar prinsiplərinə uyğun yeni təsərrüfat formalarına keçir. Ona görə də hazırda Milli Məclisdə müzakirə edilən “Kooperasiya haqqında” qanunun qəbul olunması vacibdir. Bu qanun qəbul edildikdən sonra kiçik təsərrüfatlar birləşərək daha səmərəli fəaliyyət göstərmək imkanı qazanacaq. Yeni qanun qəbul olunduqdan sonra kiçik sahibkarlıq subyektləri könüllülük əsasında pay torpaqlarının birləşdirilməsi nəticəsində torpaqdan daha səmərəli istifadə, növbəli əkinin tətbiqi, istehsal olunan məhsulların bazara çıxarılmasında mövcud olan problemlərin həlli, maliyyə-kredit mənbələrindən düzgün bəhrələnmək üçün daha geniş imkanlar yaranacaq. Xırda təsərrüfatların, kiçik torpaq sahiblərinin torpaqlarının kooperasiya və assosiasiyalarda birləşdirilməsi onlara iri taxılçılıq və digər aqrar komplekslər yaratmaq imkanı verəcək.
Bu gün Azərbaycanda taxılçılığın inkişafı üçün iri aqrar komplekslərinin yaradılmasına ehtiyac var. Prezident İlham Əliyev dövlət torpaq fondu hesabına iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı tövsiyələr də vermişdir. Hazırda bir neçə rayonda bu istiqamət üzrə kompleks işlər həyata keçirilir. Artıq bu məqsəd üçün 200 min hektar torpaq sahəsi müəyyənləşdirilib. Beyləqan, Ağcabədi rayonlarının ərazisində isə belə təsərrüfatlardan sayılan “Qarabağ-Taxıl” MMC fəaliyyətə başlayıb. Burada 4000 hektara yaxın sahədə meliorasiya işləri görülüb və ABŞ-ın müasir suvarma sistemi əsasında 6 RİVOD qurulub, “Con Der” texnikaları alınıb. Təsərrüfatda cari ildə 1875 hektar sahədə payızlıq buğda, 1390 hektarda qarğıdalı, 30 hektarda günəbaxan və 5 hektarda soya əkilib. Hazırda taxıl biçilir və hər hektardan 55-60 sentner məhsul götürülür ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Taxıl yığıldıqdan sonra RİVOD-lardan minimal qaydada becərmə aparmaqla təkrar qarğıdalı, soya bitkiləri əkilir. Ən önəmlisi isə təsərrüfatda istifadə edilən yeni texnologiya bir ildə iki dəfə məhsul yığılmasına imkan verir.
Yüksək məhsul əldə etmək üçün məhsuldar toxum sortları xüsusi önəm daşıyır. Hazırda nazirlik əsasən aqrar elm, bitki sortlarının yaradılması, rayonlaşdırılması və ilkin toxumçuluğu inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirir. Toxumçuluq təsərrüfatlarında ölkənin tələbatına uyğun növlər və sortlar üzrə orijinal, superelit və elit toxum istehsalı müəyyənləşdirilir və dövlət tərəfindən onun istehsalına çəkilən xərclər kvotalaşdırılır. İndiyəcən torpaq-iqlim şəaritinə uyğun təkcə dənli bitkilər üzrə yumşaq buğdanın 29, bərk buğdanın 9, yazlıq buğdanın 1, payızlıq arpanın 8, yazlıq arpanın 1 sortu öyrənilərək rayonlaşdırılmışdır. Onlardan 28-i istehsalata tətbiq edilmişdir.
Sirr deyil ki, Azərbaycanda toxumçuluğun inkişafında akademik Cəlal Əliyevin müstəsna rolu var. Hazırda yerli buğda sortları kimi istifadə olunan “Əzəmətli-95”, “Azəri”, “Nurlu-99”, “Qobustan”, “Şəki-1”, “Ruzi-84” və s. növlər görkəmli akademikin apardığı elmi araşdırmaların nəticəsidir. Bundan başqa, fermerlərimiz xarici sortlardan olan məhsuldar “Pamyat”, “Moskviç”, “Tanya”, “Nota”, “Batko”, “Krasnodar-99”, “Faktor“, “Kroşka” toxum növlərindən də geniş istifadə edirlər.
Son illər toxuma olan tələbat yerli istehsal hesabına əksər bitkilər üzrə təmin edilir: “Reproduksiyalı toxum həmçinin dövlət mülkiyyətli kənd təsərrüfatı istehsalı müəssisələrində və 350-yə yaxın hüquqi və fiziki şəxslərdən ibarət özəl toxumçuluq subyektlərində istehsal olunur. 2012-2013-cü ilin əkini üçün dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə 184,6 min ton taxıl toxumu istehsal edilərək səpin tələbatı ödənilib. Bu dövrdə istehsal edilən taxıl toxumunun 142,7 min tonu buğda, 41,8 min tonu arpa toxumu olmaqla 40 tonunu orijinal, 240 tonunu superelit, 1250 tonunu elit, 37440 tonunu birinci reproduksiyalı, 76433 tonunu ikinci reproduksiyalı və 69195 tonunu üçüncü reproduksiyalı toxumlar təşkil edib. Toxumun 65,3 faizi özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub. Gələn il də yüksək məhsul əldə etmək üçün indidən hazırlıq işləri görülür. Hazırda toxumçuluq sahələrində aprobasiya işləri tamamlanıb, toxumun tədarükü, tənzimlənməsi və sertifikatlaşdırılması işlərinə başlanılıb.
Azərbaycanda son illər aqrar elmdə bir çox elmi kəşflərə imza atılıb. Aqrar elm sahəsində Kənd Təsərrüfatı Nazirliyi, “AZAL” QSC-nin Milli Aviasiya Akademiyası və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri tərəfindən bir neçə il ərzində ölkəmizdə innovasiya texnologiyası - ozonlaşmanın kənd təsərrüfatı sistemində tətbiqi üzrə kompleks tədbirlərin həyata keçirilməsi əsasında taxıl istehsalının az məsrəf və ekoloji təmiz üsullarla artırılması, eyni zamanda, toplanmış məhsulun ekoloji təmiz, itkisiz saxlanması üsulları üzrə elmi-tədqiqat və sınaq işləri aparılıb, mühüm nəticələr əldə edilib. Taxıl toxumlarının həm səpindən qabaq işlənilməsində, həm də genbank tədqiqatlarında çox ciddi elmi axtarışlar aparılıb, ozonlaşmanın optimal dozalarının və bu dozaları əldə etməyə imkan verən qurğuların və texnologiyaların hazırlanmasına nail olunub. Bu sahədə aparılan elmi-tədqiqat işləri məhsuldarlığın 7,2 sentner artımına imkan yaradır.
Daha yüksək məhsuldarlığın əldə olunmasında və hazır məhsulun itkisiz yığılmasında kənd təsərrüfatı texnikasının xüsusi rolu var. Bu məqsədlə Prezident tərəfindən 2004-cü ildə “Aqrolizinq” ASC-nin yaradılması barədə sərəncam imzalanmışdır. ASC-nin fəaliyyəti dövründə dövlət büdcəsindən və digər mənbələrdən, o cümlədən təkrar istifadədən yaranmış 119,49 milyon manat vəsait də nəzərə alınmaqla 493,32 milyon manat vəsaitdən 190,72 milyon manatlıq kənd təsərrüfatı texnikası, 113,79 milyon manatlıq texnoloji avadanlıq, 114,55 milyon manatlıq mineral gübrələr, 22,86 milyon manatlıq damazlıq heyvanlar alınmışdır. Yerlərdə “Aqrolizinq” ASC-nin 54 aqroservis filialı fəaliyyət göstərir. 34 filialın müasir maddi-texniki bazası yaradılıb və tutumu 68 min ton olan 6 lagistik gübrə bazası tikilərək istifadəyə verilib.
Builki taxıl biçiminə ölkə üzrə 2660 taxılyığan kombayn cəlb edilmişdir, onların 1298-i yenidir, o cümlədən 400-ü son dərəcə məhsuldar olan “Sampo” markalı müasir kombaynlardır. Bundan başqa, cari il əlavə 100 yeni kombayn alınıb. Lakin ölkədə əkin sahələrinin ildən-ilə genişlənməsi ilə bağlı yerlərdə kombayn çatışmazlığı var idi. Taxılsa vaxtında yığılmadıqda itkiyə gedir. Dövlət başçısı həmişə olduğu kimi, bu dəfə də fermerlərin harayına səs verdi. Ümumiyyətlə, Prezident kənd təsərrüfatı işlərinin hər bir problemini həll etmək üçün vaxtında lazım olan qərarları qəbul edir. Dövlət başçısının 4 iyul 2013-cü il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” sərəncamı bütün kənd təsərrüfatı əməkçilərini sevindirdi. Bu sərəncamla yeni taxılyığan kombaynların alınması üçün 15 milyon manat vəsait ayrılmışdır.
Cari ildə 1032,3 min hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız) əkini aparılıb. İyulun 22- nə olan məlumata görə, 983641 min hektar sahə (95 faizi) biçilib ki, bu da keçən ilki səviyyədən 8 faiz çoxdur. Göstərilən dövrəcən 2 milyon 608 min ton məhsul istehsal olunub. Orta məhsuldarlıq 27,5 sentnerə çataraq ötən ilki səviyyəni ötüb.
Taxılçılıqda artıq bir çox rayonlarda hektardan yüksək məhsuldarlıq əldə olunmuşdur. Belə ki, buğdanın orta məhsuldarlığı Saatlı rayonunda 41,1 s/ha, Şəmkir rayonunda 38,6 s/ha, Bərdə rayonunda 36,1 s/ha, Tovuz rayonunda 35,3 s/ha, Sabirabad rayonunda 35,6 s/ha, Hacıqabul rayonunda 34,8 s/ha, Samux rayonunda 33,7 s/ha, Ağcabədi rayonunda 33,2 s/ha təşkil etmişdir. Mütəxəssislərin hesablamalarına görə, təqribən 2 milyon 906,7 min ton məhsul, o cümlədən 1 milyon 904,7 min ton buğda istehsalı gözlənilir.
Heyvandarlığı intensiv inkişaf etdirmək üçün mütərəqqi texnologiyaları həyata keçirmək, əhalinin ərzaq təhlükəsizliyini dayanaqlı təmin etmək ət, süd və yumurta istehsalını artırmaq tələb olunur. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertlərinin iştirakı ilə Azərbaycan Respublikasında heyvandarlıq sekrorunun strategiyası hazırlanmışdır. Müvafiq nazirliklərin, komitələrin, elmi-tədqiqat institutlarının, alimlərinin və mütəxəssislərinin fəal iştirakı ilə strategiya xeyli təkmilləşmiş və geniş iclasda qəbul olunmuşdur.
Respublikada heyvanların baş sayı və heyvandarlıq məhsulları istehsalı sabit templə inkişaf edir. 2013-cü il yanvar ayının 1-nə respublika üzrə bütün kateqoriya təsərrüfatlarda 2712,7 min baş iri buynuzlu heyvan, o cümlədən 1305,6 min baş inək və camış, 8665,2 min baş qoyun və keçi, 24,6 milyon baş quş vardır.
Həmin ildə 285,6 min ton kəsilmiş çəkidə ət, 1719,6 min ton süd, 1226,7 milyon ədəd yumurta, 16,5 min ton yun istehsal olunmuşdur.
2013-cü ildə respublikada iri südlük maldarlıq təsərrüfatlarının yaradılması işi davam etdirilmişdir. Hazırda ölkədə 12 iri südlük maldarlıq kompleksi fəaliyyət göstərir. Bu ilin birinci rübündə Qəbələ rayonunda 2 heyvandarlıq südçülük kompleksi istifadəyə verilmişdir. Əmili kəndindəki südlük kompleksi ABŞ-ın “Bou Matic” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə yemləri sistemləri, bir dəfəyə 40 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri, digər avadanlıqlarla təchiz edilmişdir. Təsərrüfata 500 baş holştin-friz cinsindən olan inək gətirilmişdir. Hazırda sağmal heyvanlar 660 başdır. Onlardan 150 bala alınmışdır.
Bu təsərrüfatda hər inəkdən 8500 kq süd sağılması proqnozlaşdırılır. Sağılan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada “Jalə” brendi ilə ağartı məhsulları istehsal olunur. 95 nəfər işlə təmin olunmuşdur. İşçilərin bir hissəsi yeni texnologiyalarla tanış olmaq üçün Hollandiyada kurs keçmişdir.
Heyvandarlıqda süni mayalanmanı genişləndirmək, onu intensivləşdirmək, süni mayalamanın üstünlüklərini geniş təbliğ etmək məqsədi ilə bu ilin may ayında Bərdə rayonunda süni mayalama ilə alınan buzovların sərgisi keçirilmişdir. Sərgidə 500 buzov nümayiş etdirilmiş və sərgiyə 3000 nəfər sahibkar gəlmişdir.
Respublikada quşçuluq intensiv inkişaf edir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən quşçuluqda damazlığın inkişaf etdirilməsinə 80 milyon manat kredit verilmişdir.7 yeni sənaye quşçuluq təsərrüfatı yaradılmışdır. Bu quş əti istehsalının artmasına ciddi təsir göstərmişdir. 2012-ci ildə respublikada istehsal olunan 285,6 min ton ətin 89,3 tonu və ya 31,3 faizi quş əti olmuşdur.
Bu ilin 6 ayında sənaye quşçuluğunda 17 min ton ət istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən quşçuluq fabriklərində yumurta istehsalı 37,8 faiz artmışdır.
Azərbaycan quşçuluğunun tarixində birinci dəfədir ki, belə yüksək göstəricilərə nail olunmuşdur.
2013-cü ildə heyvanların identikləşdirilməsinə və qeydə alınmasına başlanılmışdır. Bu iş ilk növbədə atlarda başlanılmışdır. Artıq 850 baş ata mikrocip tətbiq olunmuşdur. Bütün heyvanlarda heç də asan olmayan bu iş 5 il davam edəcəkdir. Heyvanların qeydə alınmasına 50 milyon manat tələb olunur. Vəsaitin ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyi 22 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasının Baş nazirinə təklif göndərilmişdir.
Görülən tədbirlər nəticəsində əgər 2003-cü ildə yerli məhsullardan adambaşına 22,3 kq ət, 140,5 kq süd, 82 ədəd yumurta istehsal olunurdusa, 2012-ci ildə bu göstəricilər müvafiq olaraq 30,7 kq, 185 kq və 132 ədəd olmuşdur.
2013-cü ilin 6 ayında keçən ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 3,2 faiz, süd istühsalı 6,6 faiz, yumurta istehsalı 14, 2 faiz, yun istehsalı 2,6 faiz artmışdır.
Əhalinin rasionunda vacib əhəmiyyətə malik olan meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, 2013-cü il 1 iyul vəziyyətinə ötən ilin müvafiq dövrünə nisbətən meyvə istehsalı 12,1 faiz, kartof istehsalı 11,8 faiz, tərəvəz istehsalı 8,8 faiz, yaşıl çay yarpağı istehsalı 4 faiz artmış, bu da öz növbəsində əhalinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini verməklə yanaşı, ixrac potensialını da artırmışdır.
Bu müsbət nailiyyətlərin əldə olunmasında Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarına bizə dəstək olduqlarına görə öz minnətdarlığımızı bildiririk, eyni zamanda cənab Prezident tərəfindən aqrar sahədə qarşıya qoyulan vəzifələrin birgə həllində Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları öz səylərini artıracaqlar.
İşimlə əlaqədar tez-tez bölgələrdə oluram və kəndlilərlə görüşürəm. Fermerlərimiz hər görüşdə Prezidentin onlara göstərdiyi qayğıdan son dərəcə razı olduqlarını bildirirlər. Belə görüşlərdə fermerlər bir qayda olaraq vurğulayırlar ki, növbəti prezident seçkilərində də cənab İlham Əliyevə səs verəcəklər. Çünki, dövlət başçısının fermerlərə göstərdiyi qayğının analoqu dünyanın heç bir yerində yoxdur.
Aslan ASLANOV,
YAP Siyasi Şurasının üzvü,
kənd təsərrüfatı nazirinin müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.