TAP layihəsinin seçilməsi ilə bağlı verilmiş qərar Azərbaycan hökumətinin siyasi iradəsinin və liderliyinin göstəricisidir

 

 

İyulun 17-də ABŞ Konqresində Azərbaycan, Albaniya, Yunanıstan və İtaliya səfirliklərinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Cənub qaz dəhlizi” və onun Avropanın enerji təhlükəsizliyindəki rolu” mövzusunda brifinq keçirilmişdir.

Brifinqdə layihənin iştirakçısı olan dövlətlərin ABŞ-dakı səfirləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov və bp-nin beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Qreq Saunders çıxış etmişlər.

Böyük marağa səbəb olmuş tədbirə Konqres üzvləri və əməkdaşları, müxtəlif analitik mərkəzlərin mütəxəssisləri, ABŞ Dövlət Departamentinin rəsmiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirin moderatoru, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan hökuməti tərəfindən “Cənub qaz dəhlizi” ilə bağlı verilmiş qərarın perspektivlərindən bəhs etmiş, layihənin reallaşmasının yeni geosiyasi reallıqlar yaratması ilə yanaşı, həm də iştirakçı dövlətlərin sosial-iqtisadi rifahının yüksəlməsinə xidmət edəcəyini diqqətə çatdırmışdır.

Albaniyanın ABŞ-dakı səfiri Gilbert Galanxhi Trans-Adriatik qaz kəməri (TAP) layihəsi ilə bağlı verilmiş qərarın ölkəsi üçün çox önəmli və əlamətdar olduğunu bildirmiş, bu strateji xarakter daşıyan qərarın gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacağını vurğulamışdır. Ölkəsində qaz infrastrukturunun mövcud olmadığını bildirən səfir bu sahədə yeni obyektlərin yaradılması yolu ilə inkişafa nail olunacağına böyük ümidlər bəslənildiyini demişdir.

Bildirilmişdir ki, layihənin reallaşması yalnız regionun enerji təhlükəsizliyinin təminatı ilə məhdudlaşmayacaq, həmçinin bütün Avropanın strateji təhlükəsizliyinin təmin edilməsində əsas amil olacaqdır. Səfir TAP layihəsinə iştirakçı dövlətlərlə yanaşı, digər qonşu dövlətlərin cəlb olunması yolu ilə əlavə birləşdirici kəmərlər çəkilməsi imkanını stimul kimi dəyərləndirmişdir.

Albaniyalı diplomat Azərbaycan hökumətinin bu layihədə liderliyi öz üzərinə götürməsini xüsusilə qeyd etmiş, rəsmi Bakıya təşəkkürünü bildirmişdir.

Daha sonra çıxış edən Yunanıstanın ABŞ-dakı səfiri Xristos Panagopoulos Azərbaycanı Avropanın enerji sahəsində ən etibarlı müttəfiqi kimi xarakterizə etmişdir. Diplomat TAP layihəsinin gündəlikdə olan digər layihələrlə müqayisəli şəkildə üstünlüklərindən bəhs etmiş, layihənin daha çox sərmayə cəlb etmək imkanını xüsusilə vurğulamışdır. TAP layihəsinin Yunanıstan üçün prioritet məsələ olduğunu bildirən səfir onun həyata keçməsi nəticəsində iqtisadi böhranın fəsadlarından əziyyət çəkən ölkəsinin inkişafına təkan veriləcəyini bildirmişdir.

Tədbirdə iştirak edən İtaliya səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Lorenzo Galanti Xəzər dənizindən çıxarılan təbii qazın Avropa sərhədlərinə qədər daşıyacaq TAP layihəsinin ölkəsinin milli enerji təhlükəsizliyi konsepsiyasına daxil edildiyini və layihə sayəsində İtaliyanın enerji mərkəzi mövqeyini qazanacağını diqqətə çatdırmışdır.

Hər üç ölkənin nümayəndələri təmsil etdikləri dövlətlərin “Cənub qaz dəhlizi” layihəsinə tam siyasi dəstək verdiklərini bəyan etmişlər.

Daha sonra çıxış edən ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın enerji tarixindən bəhs etmiş, neft sahəsinə aid əksər “ilk”lərin Azərbaycanda həyata keçirildiyini diqqətə çatdırmışdır. O, TAP layihəsinin yalnız başlanğıc olduğunu və gələcəkdə digər Balkan dövlətlərinin cəlb edilməsi yolu ilə birləşdirici boru kəmərlərinin çəkilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Vitse-prezident ilk addım kimi Yunanıstan-Bolqarıstan birləşdirici xəttinin çəkilməsi və digər qaz yataqlarının istismarına başlanacağını bildirmişdir.

Sonda çıxış edən bp-nin beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Qreq Saunders Azərbaycanı dünyanın ən etibarlı və əməkdaşlığa açıq enerji tərəfdaşlarından biri kimi xarakterizə etmişdir. Q.Saunders “Əsrin müqaviləsi”nin imzalanması və reallaşdırılması ilə Azərbaycanın enerji siyasətinin birinci hissəsinin uğurla başa çatdırıldığını, ikinci hissə olan TAP layihəsinin isə böyük perspektiv və imkanlar vəd etdiyini bildirmiş, bu layihənin seçilməsi ilə bağlı verilən  qərarda iştirak edən dövlətlərin cəsarətli addımlarını xüsusi vurğulamışdır. “Cənub qaz dəhlizi” layihəsindən faydalanacaq dövlətlərdən biri kimi Gürcüstanı qeyd edən Q.Saunders layihənin bu ölkə üçün yeni  və birbaşa xarici investisiya mənbəyi olacağını bildirmişdir.

Brifinqdə çıxış edənlər yekdilliklə TAP layihəsi ilə bağlı verilmiş qərarın birbaşa Azərbaycan hökumətinin siyasi iradəsinin və liderliyinin göstəricisi olduğunu diqqətə çatdırmışlar.

Qeyd edilmişdir ki, Vaşinqtonda bu formatda ilk dəfə keçirilən və regional əməkdaşlığın parlaq göstəricisi olan tədbirin məhz Konqresdə baş tutması böyük siyasi önəm daşıyır.

Tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlardan Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak etmişlər.

Yusif BABANLI,

AzərTAc

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında