İyulun 15-də Bakıda Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Dayanıqlı İnkişaf üzrə Şimal Alyansı ilə (ANPED) birgə təşkil etdikləri “2015-ci ildən sonra Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” mövzusunda ikigünlük seminar öz işinə başlamışdır.
Fondun informasiya departamentindən AzərTAc-a bildirmişlər ki, tədbirdə 12 ölkədən 20-dən çox təşkilat, eləcə də Mərkəzi Asiya və Şərqi Avropa vətəndaş cəmiyyətlərinin nümayəndələri və ekspertlər iştirak edirlər. İştirakçılar arasında ANPED-in Baş direktoru, BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi və rezident-əlaqələndiricisinin müavini, müxtəlif hökumət qurumlarının və nazirliklərin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunan şəxslər də var.
Beynəlxalq Avrasiya Fondunun sədri Umud Rəhimoğlu tədbir iştirakçılarını salamlayaraq, seminarda iştirak etdiklərinə görə onlara təşəkkür etmişdir. O, tədbirin məqsəd və vəzifələri barədə məlumat vermiş, bu ideyanın ANPED tərəfindən irəli sürüldüyünü və faydalı əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırmışdır. U.Rəhimoğlu daha sonra seminarın müzakirə mövzusu olan vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları, yoxsulluğun aradan qaldırılması problemlərinə də toxunaraq, tədbirin bu problemlərin aşkarlanmasına və aradan qaldırılmasına yardım edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Dayanıqlı İnkişaf üzrə Şimal Alyansının icraçı direktoru Leida Rijnhout çıxış edərək seminarın Bakıda keçirilməsindən və ona müxtəlif təcrübəyə malik insanların, həmçinin dövlət nümayəndələrinin qatılmasından məmnunluğunu dilə gətirmişdir. ANPED-in icraçı direktoru Leida Rijnhout isə təşkilat haqda məlumat vermiş, yaşıl iqtisadiyyat haqda təqdimat edərək iştirakçılarla ekoloji problemlərə dair fikirlərini bölüşmüşdür.
BMT-nin rezident-əlaqələndiricisinin müavini Nata Ahazlaşvili BMT-nin 2000-ci ilin sentyabr ayında 108 ölkə tərəfindən imzalanan Minilliyin İnkişafı adlı deklarasiyasından söz açmış, bu proqramın 2015-ci ildə bitdiyini, amma məsələlərin aktuallığını itirmədiyini və gündəmdə qaldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, aclıq, yoxsulluq, uşaq ölümü və digər problemlər hələ də bir çox ölkələrin qarşısında duran ən böyük məsələlərdəndir. Məhz bu səbəbdən həmin ölkələrdə davamlı inkişafın təşkili və 2015-ci ildən sonra da bu problemlərin həll edilməsi üçün müxtəlif mexanizmlərin tətbiqi vacib istiqamət olaraq qalır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında danışaraq, qarşıda duran məqsədlərə çatmaq üçün belə tədbirlərin təşkilinin məqsədəuyğun olduğunu bildirmişdir.
Akademik, UNESCO-nun insan və biosfer milli komitəsinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycanın inkişaf yolu və “Yaşıl İnkişaf” proqramı haqda iştirakçılara ətraflı məlumat vermişdir. O, eyni zamanda Qarabağ probleminə də toxunaraq, Azərbaycanda bir sıra problemlərin həllinin və bir çox sahələrin inkişafının bundan asılı olduğunu söyləmişdir.
Davamlı istehlak və istehsal mərkəzi “Wuppertal” İnstitutunun məsləhətçisi Georgina Guillen yaşıl iqtisadiyyat haqda öz düşüncələrini dilə gətirmiş və ekoloji layihələr haqda məlumat vermişdir.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun Beynəlxalq Əlaqələr və Proqramlar Departamentinin rəhbəri Nick Nvolisa Rusiya təmsilçisi və Beynəlxalq Diskussiya Klubunun üzvü Andrey Ojarovskini, Gürcüstanın “Am Cham” təmsilçisi, CSR komitəsinin sədri Marqarita Jiznevskayanı, İqlim Dəyişikliyi İnkişaf Alyansının təmsilçisi Aytəkin Əsgərovanı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi İmran Əbdülovu təqdim edərək onları müzakirəyə dəvət etmişdir. Adı çəkilən iştirakçılar mövzu ətrafında maraqlı mülahizə və fikirlər səsləndirmişlər.
Günün ikinci yarısında Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanovun və Sosial İqtisadi İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun çıxışları dinlənilmişdir. F.Qurbanov Azərbaycanda QHT-lərin vəziyyətindən və onlara dövlət dəstəyinin formalarından, V.Bayramov isə ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafından söz açmışdır.
Qazaxıstan və ECOM İctimai Birliyinin təmsilçisi Svetlana Vladimirovna yaşıl iqtisadiyyat və bu sahədə dövlət dəstəyindən, Ukrayna təmsilçisi Zoriana Mişçuk öz ölkəsində dayanıqlı inkişaf proqramlarının tətbiqindən və bu sahədə çatışmayan cəhətlərdən danışmışdır.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Vüqar Abdullayev Azərbaycanda yoxsulluğun son illərdə 6 faizə qədər endiyini və bu sahədə görülən işləri seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
“Am Cham CSR” komitəsinin sədri Marqarita Jiznevskaya ekoloji hərəkət planını təqdim edərək beynəlxalq korporasiyaların ekologiyanın müdafiəsinə yönəlmiş layihələri barədə məlumat vermişdir.
Nazirlər Kabinetinin qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin təmsilçisi Cəlil Hacıyev seminar iştirakçılarını Azərbaycanda qaçqınların şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə tanış etmiş, xalqımızın Qarabağ probleminin sülh yolu ilə həllinə ümid bəslədiyini, bu məsələdə dünya birliyindən kömək umduğunu vurğulamışdır.
Seminar iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmiş, BAMF-ın baş ofisi ilə tanış olmuşlar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.