Neft Daşları adasında yeni infrastruktur obyektləri istismara verilmişdir

 

Azərbaycan Dövlət Neft Şirkəti yaxın illərdə ölkədə neft hasilatının artırılmasını planlaşdırır. Artıq şirkətdə bununla bağlı xüsusi  proqram hazırlanmış və onun reallaşdırılmasına başlanmışdır. Yeni  layihənin həyata keçirilməsi nəticəsində ölkənin quru və dəniz neft yataqlarında hasilatı ildə təqribən 1-2 milyon ton artırmaq mümkün olacaq. Hasilatın artırılması ilə bağlı tədbirlər isə əsasən, ARDNŞ-in köhnə dəniz yataqlarında, o cümlədən “Neft Daşları”, “28 May”, “N. Nərimanov” və “Abşeron” dəniz sahələrində aparılacaq. Şirkət üzrə hasilatın artırılmasına nail olmaq üçün yeni texnologiyaların tətbiqi nəzərdə tutulur.

Dünyada ilk dəfə olaraq açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşları” yatağı uzun illər istismarda olmasına baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Məhz buna görədir ki, ölkə Prezidenti İlham Əliyev bir neçə il bundan əvvəl adı çəkilən yataqda neft hasilatının 1,2 milyon tona çatdırılmasını tövsiyə etmiş və bu barədə neftçilərə müəyyən tapşırıqlar vermişdir. Ötən müddətdə Dövlət Neft Şirkəti tərəfindən bununla bağlı  konkret işlər görülmüş, “Neft Daşları” yatağında yeni, mütərəqqi texnologiyalar tətbiq edilmiş, infrastruktur əsaslı şəkildə yeniləşdirilmişdir. Bundan əlavə, son illər adanın sosial-iqtisadi inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir.

Ötən həftə isə “möcüzələr adası”nda  inşa edilmiş yeni Qaz Turbinli İstilik Elektrik Stansiyası istismara verilmişdir. Xatırladaq ki,  “Neft Daşları” və “28 May” neft və qazçıxarma idarələrinin elektrik enerjisi ilə təminatı 1986-cı ildə istifadəyə verilmiş Qaz Turbinli Elektrik İstilik Stansiyası (QTES-48) vasitəsi ilə həyata keçirilirdi. Stansiya fiziki və mənəvi cəhətdən köhnəldiyindən, bəzi avadanlıqların sıradan çıxması, bununla da yanacaq sərfi, habelə hasil olunan enerjinin maya dəyəri artdığından yeni stansiyanın inşasına böyük ehtiyac yaranmışdı. Məhz bu  tələbat nəzərə alınaraq 2009-cu ildə ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutu və “Kompra Enerji” şirkəti tərəfindən hər birinin gücü 7,5 MVA olan 6 ədəd qaz-turbinli generatordan ibarət elektrik stansiyasının layihəsi hazırlanmışdır. Qaz Turbinli İstilik Elektrik Stansiyası həmin layihə əsasında Neft Daşlarında quraşdırılmış 60x100 metr ölçülü platformanın üzərində ARDNŞ-in “Neftqaztikinti” Tresti tərəfindən tikilmişdir.

Məlumat üçün bildiririk ki, yeni stansiya elektrik enerjisi hasil etməklə yanaşı, kommunal məişət obyektlərinin istilik enerjisinə olan tələbatını da təmin edir. Stansiyanın xarici şəbəkə ilə əlaqəsi olmadığından əsas avadanlıqlar—SOLAR şirkətinin istehsalı olan 6-ədəd TAURAS-70 qaz turbin generatoru istismar etibarlılığı baxımından çox yüksək tələblərə cavab verir. Turbinlərdən 4-ü yalnız yanacaq qazı, digər 2-si isə həm qaz, həm də dizel yanacağı ilə işləyə bilir. Bütün turbinlər tələbatdan asılı olaraq eyni vaxtda dayanmadan işləyə biləcək şəkildə layihələndirilmişdir. Stansiyanın materialları dəniz şəraitində istismar tələbləri üçün qoyulan beynəlxalq standartlara cavab verir. Stansiyanın istismarının minumum layihə müddəti 200 min saat və ya 25 il təşkil edir.

İndən belə, “Neft Daşları” yatağında geoloji-kəşfiyyat işlərinin keyfiyyəti də xeyli yaxşılaşacaqdır. Buna isə Geofizika və Geologiya İdarəsinin “Neft Daşları” Mədəngeofizika Ekspedisiyası üçün yeni inşa edilən meydança və inzibati bina imkan yaradacaqdır. Xatırladaq ki, “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “Günəşli” və “Çilov adası” yataqlarındakı quyularda geofiziki tədqiqat işlərini yerinə yetirən ekspedisiya 1985 və 1983 saylı meydançalarda yerləşir. Ötən müddətdə meydançaların və estakadanın bəzi hissələri, eləcə də ekspedisiyaya gedən yollar yararsız vəziyyətə düşmüş, metal sütunlar güclü korroziyaya məruz qalmışdır. Bütün bunlar nəzərə alınaraq, yeni meydançanın və ekspedisiyanın bazasının tikintisi qərara alınmışdır. 2010-cu ildən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən yeni özülün, 2012-ci ilin noyabr ayından isə ekspedisiya üçün bazanın tikintisinə başlanmışdır. Özüldə işçilərin işləməsi və mədən-geofiziki cihazların təmiri üçün ümumi sahəsi 1800 kvadratmetr olan iki mərtəbəli inzibati bina inşa olunmuşdur. Binada quyu cihazlarının təmiri sexi, rəhbər və mühəndis texniki işçilərin iş otaqları, arxiv-fond, emal otaqları yerləşir. Ərazidə həmçinin, nəqliyyat və xüsusi texnika, quyu cihazlarının təmiri sexləri, mexaniklərin iş otağı, emalatxana, radioaktiv və partlayıcı maddələrin saxlanılması anbarları tikilmişdir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında