“Şahdəniz” konsersiumu iyunun 28-də Azərbaycanın Avropaya qaz ixracını həyata keçirəcək marşurut kimi TAP layihəsinin seçilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar Azərbaycanın regiondakı rolunu daha gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini daha da artırmış oldu. Bununla da Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin açıldığını demək mümkündür. Azərbaycan müstəqil enerji siyasəti apararaq Avropanın mavi qaz bazarına birbaşa daxil olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev enerji təhlükəsizliyi məsələlərinin böyük əhəmiyyət daşıdığını bildirərək demişdir: “Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz inkişaf mümkün deyildir. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır. Bu, o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik”.
Son enerji anlaşmaları bir daha təsdiq edir ki, Azərbaycanın enerji siyasəti daha çox ölkənin regiondakı mövqeyinin gücləndirilməsinə xidmət etməklə yanaşı, eyni zamanda respublikanın iqtisadi və milli maraqlarının qorunmasına xidmət edir.
Azərbaycanın enerji imkanları
Azərbaycanın təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə “Abşeron” yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr olaraq qiymətləndirilir. Azərbaycanın qaz ehtiyatlarına görə dünyada 21-ci, neft ehtiyatlarına görə isə 37-ci yerdə dayanmasına baxmayaraq, etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırki imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir.
Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, AB-nin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır.
Müasir iqtisadiyyatın əsas lokomotivi hesab edilən karbohidrogen ehtiyatlarının zənginliyi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əlaqələrinin ana xəttini təşkil etməklə ölkəmizi dünya iqtisadiyyatının ciddi aktorlarından birinə çevirib. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.
Azərbaycan qazı dünya bazarlarına doğru
Azərbaycan milli suverenliyini qazandıqdan sonra, təbii ki, karbohidrogen resurslarından ölkə maraqları naminə istifadə edilməsinə start verdi. Bu məqsədlə yeni ixrac marşrutları yaradılmalı, daha sağlam tərəfdaşlar seçilməli və dünya bazarlarına birbaşa çıxış təmin edilməli idi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilis-Ərzurum (BTƏ) boru kəmərlərinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal energi təhlükəsizliyinə də öz töhfəsini verdi.
Hazırda isə ölkəmiz qaz ehtiyatlarının xarici bazarlara çıxarılması istiqamətində ciddi addımlar atmaqdadır. Təbii ki, qazın gələcək ixrac istiqaməti kimi Avropa bazarları müəyyən edilib. Son bir neçə ildə əsas müzakirə mövzusu Azərbaycan qazının dünya bazarlarına hansı marşrutlarla çıxarılacağı və bu zaman AB-nin enerji təhlükəsizliyinə verəcəyi töhfədir.
İlkin olaraq Xəzər regionunun və Yaxın Şərqin (İraq) qaz ehtiyatlarını Avropa bazarlarına daşıyacaq kəmərin NABUKKO olacağı ehtimal edilirdi. Lakin 2008-ci ilin maliyyə böhranı, tərəfdaş dövlətlərin ciddi iradə sərgiləməməsi və layihənin kifayət qədər bahalı olması, o cümlədən idxal mənbələrinin tam olaraq müəyyənləşdirilməməsi bu işin effektivliyinə kölgə saldı. Nəticədə digər alternativ variantlar ortaya çıxdı. TANAP, SLEP, NABUKKO-West və TAP bu tip layihələrdən hesab edilirdi. NABUKKO-nun inşası ilə bağlı yaranan problem TANAP-ın əhəmiyyətinin artırdı. Bu kəmər Azərbaycan qazının Gürcüstandan keçməklə Türkiyənin Avropa ilə sərhədlərinə qədər daşınmasını nəzərdə tutur. Bu layihə çərçivəsində dost ölkə olan Türkiyənin maraqları da təmin edilmiş oldu. Son olaraq isə Azərbaycan qazının qərb ölkələrinə ixracı üçün isə iki əsas marşrut rəqabət aparırdı.
TANAP+NABUKKO-
WEST və TANAP+TAP
Layihələrin hər ikisi AB tərəfindən dəstəklənirdi. Trans Adriatik Pipeline ( TAP) qaz ixracı boru kəməri yaxın gələcəkdə Xəzər qazının Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi ilə İtaliyaya, daha sonra isə İtaliyadan Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə tutan və AB-nin 21-ci əsr enerji təhlükəsizliyi xartiyasının bir parçası hesab edilən layihədir. Bu layihənin səhmdarları İsveçrənin “AXPO” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir. Layihə çərçivəsində inşa ediləcək boru kəmərinin uzunluğu 870 kilometrdir. Kəmərin inşa edilməsi xərcləri dəqiq müəyyənləşdirilməsə də, təxminən 2,5 milyard ABŞ dolları həddində proqnozlaşdırılır.
Tikinti işlərinə 2015-ci ildə başlanacaq və kəmərlə ilkin olaraq il ərzində 10 milyard kubmetr qazın ixracı nəzərdə tutulur. Lakin gələcəkdə bu kəmərin imkanlarının 20 milyard kubmetrədək artırılması mümkündür. TAP həmçinin AB-nin “Cənub axını” layihəsinin bir hissəsi hesab edilir. Boru kəmərinin inşası üçün təxminən 3 il vaxt sərf ediləcək. TAP vasitəsi ilə ixrac ediləcək Şahdəniz qazının ikinci fazasının işlənməsinə isə 2016-cı ildən başlanılacaq. Ümumilikdə bu layihənin dəyəri təxminən 40 milyard dollar olaraq qiymətləndirilir. Qoyulacaq investisiyanın 25 milyard dolları Azərbaycan və Gürcüstana aiddir. İnvestisiya xərclərinin böyük qismi Şahdəniz layihəsinin istismara hazırlanmasına yönəldilən infrastruktur xərcləridir. Bu layihə dəyərinə görə Xəzərdə həyata keçirilən 2-ci böyük layihədir.
NABUKKO-WEST
Nabukko-Westqaz boru kəməri 2012-ci ilin iyun ayında Şahdəniz konsorsiumu tərəfindən Şahdəniz yatağının ikinci fazasının istismara verilməsindən əldə ediləcək qazın Mərkəzi Avropa ölkərinə daşınmasını nəzərdə tutmaqla TAP-a alternativ variant hesab edilirdi. Bu layihənin əsas dəstəkçisi AB idi. Məqsəd Mərkəzi Avropa ölkələri sayılan Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanın enerji asılılığını azaltmaq və gələcəkdə artan tələbatı qarşılamaq, idxal marşrutlarını diversifikasiya etmək idi. Türkiyə Bolqarıstan sərhədindən başlanğıcını götürən kəmərin Baumqartenədək (Qərbi Avstriya) uzunluğu 1329 kilometrdir. Kəmərin 424 kilometri Bolqarıstan, 475 kilometri Rumıniya, 383 kilometri Macarıstan, 47 kilometri isə Avstriya ərazisindən keçməli idi. İllik ötürmə gücü isə 10-23 milyard kubmetrdir. Nabukko-West “Şahdəniz” konsorsiumuna Nabukko səhmdarları tərəfindən təklif edilib.
Bu konsorsiuma Türkiyənin Botaş, Bolqarıstanın “Bolqar Enerji Holdinq”, Avstriyanın OMV, Almaniyanın RÜE, Macarıstanın MOL və Rumıniyanın Transqaz şirkətləri daxildir. Layihə 10 yanvar 2013-cü il tarixində Sofiyada bağlanmış sazişin şərtlərinə uyğun olaraq Şahdəniz və Nabukko-West konsorsiumları tərəfindən maliyyələşdirilməli idi. Həmçinin bağlanan saziş kəmərin seçiləcəyi təqdirdə Şahdəniz səhmdarlarına (SOCAR, BP, STATOİL və TOTAL) layihədə 50 faiz paya sahiblik imkanı verdi.
Nə üçün TAP?
Aparılan danşıqların tələbi kimi Şahdəniz konsorsiumu 2013-cü il iyun ayının sonuna qədər təklif edilən Azərbaycan qazının ixracını nəzərdə tutan marşrutlar üzrə seçimini etməli idi. Konsorsium TAP layihəsi üzrə ixracı dəstəklədiyini bəyan etməklə 30 iyun 2013-cü ildə TAP üzrə beynəlxalq saziş imzalandı. Beləliklə müzakirələr sona çatdı. Bəs nə üçün TAP?
Nəzərə alınmalıdır ki, qaz ixracı marşrutları üzrə seçim onun gələcək perspektivləri və iqtisadi səmərəliliyi kimi göstəricilərinə görə müəyyənləşdirilirdi, TAP ən uğurlu variant hesab edilir. Belə ki, bu kəmərin uzunluğu NABUKKO-WEST-dən 459 kilometr azdır. Bu isə ilk növbədə inşa xərclərinin azaldılması deməkdir. İkincisi, kəmərin uzunluğunun azlığı nəqliyyat xərclərini azaltmaqla daha rentabelli olur. Üçüncüsü, TAP layihəsi üzrə konsorsiumda İsveçrə, Norveç və Almaniya kimi güclü dövlətlər təmsil edilir ki, bu da investisiya tələbatının ciddi iqtisadiyyatlara əsaslandığına işarədir. Dördüncüsü, bu layihə Azərbaycan neftinin gələcəkdə İtaliya üzərindən Qərbi Avropa bazarlarına çıxarılmasına və yeni tərəfdaşlıqlara imkan verir. Beşincisi, İtaliya bazarına birbaşa çıxış imkanlarının təmin edilməsi bu ölkənin böyük iqtisadi potensialından istifadə imkanlarını artıracaq, həmçinin qazın dünya bazarı qiymətinə satışını reallaşdıracaq.
TAP və Şahdəniz konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə etdi. Bununla tarixdə həmçinin ilk dəfə olaraq AB və Azərbaycan təbii qaz tərəfdaşına çevrildi. AB bu layihə ilə qaz idxal marşrutlarının şaxələndirilməsi istiqamətində ciddi uğur əldə etməklə yanaşı, yeni və kifayət qədər qaz ehtiyatına malik təcizatçı qazandı. Bu saziş eyni zamanda Azərbaycan və Avropa Birliyi arasında iqtisadi bağları dərinləşdirir və Birliyi Azərbaycanın enerji resurslarının birmənalı idxalçısına çevirir.
Artıq ölkəmiz Birliyin enerji təhlükəsizliyində rolu olan ciddi aktorlardan birinə çevrilməkdədir. Nəzərə alsaq ki, Azərbaycanın qaz ehtiyatları kəşf edilmişdən qat-qat çox dəyərləndirilir və yaxın gəlcəkdə ixrac imkanları bir neçə dəfə (təxminən illik 60 milyard kubmetr) artacaq, bundan sonra hələ uzun zaman ölkəmizin AB üçün əhəmiyyəti prioritet olaraq qalacaq. Hətta gələcəkdə daha çox qaz ixrac etmək üçün yeni-yeni layihələrin reallaşdırılması qaçılmaz görünür. Məhz bu prizmadan yanaşdıqda Nabukko-Westin öz əhəmiyyətini itirmədiyini əminliklə qeyd edə bilərik. İlk mərhələdə Cənub Şərqi Avropa ölkələrinin ehtiyaclarını qarşılayan Azərbaycan qazı gələcəkdə Mərkəzi Avropa ölkələrinin də enerji asılılığının azaldılmasına kömək olacaq.
TAP Azərbaycan üçün də strateji əhəmiyyətə malik layihədir. Məhz bu layihə ölkəmizin təbii qaz ehtiyatlarının dünya bazarlarına uyğun qiymətə satışını təmin edəcək. Həmçinin layihə çərçivəsində həyata keçirilən investisiya proqramı ölkəmizə sərmayə axınını təmin edəcək, yeni iş yerlərinin açılması, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın və innovasiyanın ölkəmizə axınını sürətləndirəcək. Digər tərəfdən isə ARDNŞ-nin “Şahdəniz” konsorsiumunun səhmdarı olaraq AB və İtaliyada investisiya imkanlarını artıracaq.
TAP layihəsinin fəaliyyətə başlaması Azərbaycanın karbohidrogen resurslarından əldə etdiyi gəlirlərin dayanıqlılığını bir daha təsdiq edəcək və daha da sabitləşməsinə səbəb olacaq. Belə ki, neft hasilatının azalması ilə müşahidə edilən hazırki dönəmdə qaz ixracının genişləndirilməsi azalan gəlirlərin müəyyən bir hissəsini kompensasiya edəcək. Həmçinin qazın bazarlarda daha sabit qiymətlərlə satışı bu sahədən gələn gəlirlərin proqnozlaşdırılmasını asanlaşdıracaq. Enerji gəlirlərinin ölkə iqtisadiyatı üçün əhəmiyyətini nəzərə alsaq, bu sahədə sabitliyin təmin edilməsini daha düzgün dəyərləndirə bilərik.
Bu layihənin ölkə üçün əhəmiyətini artıran səbəblərdən biri isə qaz ixrac marşrutlarının şaxələndirilmiş olmasıdır. Belə ki, hazırki dövrdə Yunanıstana ixrac edilən 750 milyon kubmetr qazı nəzərə almasaq, Azərbaycan qazı 4 qonşu ölkəyə ixrac edilir. Türkiyə ölkəmizin ən böyük təbii qaz alıcısı olmaqla il ərzində 6,6 milyard kubmetr, Gürcüstan 1,5 milyard kubmetr, İran isə 400 milyon kubmetr Azərbaycan qazı alır ( İran Naxçıvan MR-in məişət qazına olan tələbatını ödəyir ki, əvəzində Azərbaycan İrana qaz ixrac edir, bir növü əvəzləşdirmə olur). Rusiya isə Azərbaycan qazının alıcılarından biridir.
Hazırda Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə paralel olaraq Türkiyə ərazisində inşa edilən TANAP bu ölkəyə Azərbaycanın enerji ehtiyatlarından maksimum yararlanmaq şansı verib. Ümumilikdə isə Gürcüstan və Türkiyə də daxil olmaqla layihədə tərəf olan bütün dövlətlər TAP üzrə imzalanan sazişdən kifayət qədər qazanclı çıxıblar. TANAP-ın davamı olaraq TAP-ın inşa edilməsi ilə Azərbaycanın bir çox Avropa ölkələrinə çıxış imkanlarını artıracaq. Bununla da ölkəmiz qazın ixrac qiymətlərini müəyyən etməkdə daha sərbəst olacaq.
Beləliklə, Azərbaycan potensial qaz ehtiyatlarının ixrac marşrutlarının seçilməsində daim müstəqillik nümayiş etdirdi. Başqa sözlə, Nabukko ətrafında baş verən iqtisadi və siyasi narahatlığın yaratdığı gərginlik 26 iyun 2012-ci ildə Türkiyə və Azərbaycan hökumətləri arasında TANAP (Trans-Adriatik) layihəsi ilə əlaqəli imzalanan sazişlə nisbətən azaldı. Çünki siyasi və iqtisadi səbəblərdən reallaşması mümkün görünməyən Nabukko-nun imkanlarına bənzər yeni bir boru kəməri layihəsi-TANAP artıq mövcud idi. Nəzərə alsaq ki, TANAP Azərbaycan qazının AB sərhədlərinə çatdırılmasına imkan verirdi, növbəti mərhələdə Avropa daxili istənilən kəmərlə qazı idxal etmək mümkün idi.
Son olaraq isə Şahdəniz konsorsiumunun qaz ixrac marşrutu kimi TAP layihəsini qəbul etməsi faktiki olaraq regionda balansı qorumaqla yanaşı, Azərbaycanın siyasi manevr imkanlarını artırdı və qərarın sadəcə iqtisadi və milli marağı baxımından qəbul edilməsini göstərdi və ölkəmizi regionun aparıcı qaz təchizatçısına çevirdi.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri,
iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.