Füzulidə taxıl biçini başa çatmaq üzrədir

 

Cəbhə xəttində Füzuli rayonunun fermerləri 40 min hektara yaxın sahədə bol taxıl yetişdirmişlər. Bu isə ötən ildəkindən 4 min hektar çoxdur.

İlk günlərdən taxıl biçini yüksək mütəşəkkilliklə təşkil edilmişdir. Bu məqsədlə operativ rayon qərargahı yaradılmışdır. Burada biçinin gedişinə ciddi nəzarət edilir, gündəlik nəticələr ümumiləşdirilir, ortaya çıxan çətinliklər dərhal aradan qaldırılır, əlaqədar idarə və müəssisələrin səyləri biçinin qısa müddətdə və itkisiz başa çatdırılmasına yönəldilir. İşin bu cür təşkili isə öz uğurlu nəticələrini verməkdədir.

Əsas cəhət ondan ibarətdir ki, fermerlər, sahibkarlar, kənd adamları kombayn sarıdan heç bir çətinlik çəkmirlər. “Aqrolizinq” ASC-nin rayon filialının direktoru Fəttah Heydərovun dediyinə görə, bu gün zəmilərdə 97 kombayn işləyir. Bu isə biçini yaxın günlərdə başa çatdırmağa imkan verəcəkdir.

Ümumiyyətlə, bu günə kimi 38 min hektarın məhsulu biçilmişdir. Rayon qərargahından verilən məlumatda göstərilir ki, taxılçılıq üzrə qabaqcıl fermerlərdən hesab olunan Xanaslan Hüseynovun, Fazil Xəlilovun və Nurəddin Həsənovun əldə etdikləri göstəricilər daha yüksəkdir.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Hüseyn Abbasov söhbət zamanı dedi: – Bildiyiniz kimi, kəndlərimizin çoxu cəbhə xəttində, düşmənin, necə deyərlər, iki addımlığında yerləşir. Dəfələrlə biçinçilərimiz erməni hərbçilərinin hücumuna məruz qalıb. Ancaq bu, bizi əsla qorxutmur. Təsəvvür edin ki, biçini birinci olaraq cəbhə xəttində yerləşən fermerlərimiz başa çatdırmışlar.

Füzuli ta qədimlərdən həm də öz bol taxılı ilə şöhrət qazanıb. Bu yerlərin münbit torpağı, suyu, havası taxılçılığı inkişaf etdirmək üçün əlverişlidir. Təsadüfi deyildir ki, son illər rayon üzrə məhsul istehsalı dinamik sürətlə artır. Məsələn, ötən il fermerlərimiz zəmilərdən 101 ton məhsul götürmüşlər. Bu isə hətta işğaldan əvvəlki illərdəkindən çoxdur. İndiyə kimi sahələrdən 104 min ton taxıl yığılmışdır. Hələ biçilməmiş xeyli sahəmiz qalır. Mütəxəssislərin hesablamalarına görə, cari ildə rayon üzrə ümumi məhsul istehsalı 110 min tondan çox olacaqdır.

Bərəkətli olsun.

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında