Səfir Elin Süleymanov: Cənub qaz dəhlizi Avropa İttifaqı və ümumiyyətlə, Avropa üçün prioritet layihələrdən biridir

 

ABŞ-ın enerji və ətraf mühit məsələləri üzrə ixtisaslaşan aparıcı “E&E Publishing” agentliyinin televiziya kanalında iyulun 9-da Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibə təqdim olunmuşdur.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, agentliyin jurnalisti Monika Trauççinin suallarını cavablandıran səfir Süleymanov Cənub qaz dəhlizi barədə məlumat verərək, bu layihənin Avropa İttifaqı və ümumiyyətlə, Avropa üçün prioritet layihələrdən biri olduğunu diqqətə çatdırmışdır. Ötən günlərdə Trans Adriatik qaz kəməri (TAP) barədə verilmiş qərarın iqtisadi əsaslara söykəndiyini göstərən E.Süleymanov bəhs edilən layihənin Azərbaycan qazını Avropa istehlakçılarına, konkret olaraq Yunanıstan və İtaliyaya çatdıracağını, lakin gələcəkdə onun əhatə dairəsinin bu ölkələrlə məhdudlaşmayaraq, bağlayıcı kəmərlər vasitəsilə Bolqarıstan və Rumıniya kimi ölkələrə də qaz tədarük edilə biləcəyini açıqlamışdır. Səfir bu mənada bir daha Cənub qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinə mühüm bir töhfə olduğunu vurğulamışdır.

 Daha sonra ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa toxunan səfir Süleymanov son iki onillik ərzində ölkəmizin Xəzər hövzəsinin enerji ehtiyatlarının hasil edilərək, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac edilməsi və eləcə də Azərbaycan qazının Trans Anadolu kəməri (TANAP) və TAP vasitəsilə Avropaya çatdırılması məqsədilə öz tərəfdaşları ilə yaxından işlədiyini bildirmişdir.  O, enerji sahəsində əməkdaşlığı ABŞ və Azərbaycan arasında qarşılıqlı sərfəli tərəfdaşlığın növbəti bir təsdiqi və sübutu kimi xarakterizə etmişdir.

 Səfir həmçinin Azərbaycanın qaz ixracı sahəsində birbaşa rəqabət aparmadan, rəqabətli və açıq bazarda iştirak etmək istədiyini demişdir. Bundan əlavə, Azərbaycanın Gürcüstan və Türkiyə ilə tərəfdaşlıqda hətta gərgin vəziyyətdə belə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihəni gerçəkləşdirə bildiyini diqqətə çatdıraraq Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrin, ümumiyyətlə, regionumuzun daha sabit və daha firavan olmasına töhfə verdiyini bəyan etmişdir.

 Müsahibə ilə tam şəkildə “E&E Publishing” agentliyinin internet səhifəsində tanış olmaq mümkündür: http://www.eenews.net/videos/1708

 Qeyd etmək lazımdır ki, enerji və ətraf mühit ilə bağlı ABŞ və qlobal səviyyədə baş verən hadisələri işıqlandıran “E&E Publishing” agentliyinin məlumatları Konqres və digər federal təsisatlar başda olmaqla ABŞ-ın dövlət qurumları, enerji şirkətləri və maliyyə institutları, universitet və araşdırma mərkəzləri tərəfindən yaxından izlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında