Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri ölkə Prezidenti İlham Əliyevin son on ildə yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını və regionların inkişafını ötən müddətdə həmişə diqqət mərkəzində saxlamış, hər rayona bir neçə dəfə edilmiş səfərlər zamanı görülən işlərlə yerində tanış olmuş, ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış konkret məsələlərin həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Adı çəkilən proqramın icrası ilə bağlı bəzi məqamlara diqqət yetirək. İndiyədək əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzində işlər davam etdirilmiş, regionlarda 1200 kilometrdən çox su, 540 kilometrdən çox kanalizasiya xətti çəkilmiş və ya təmir olunmuş, 25 su anbarı tikilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir. Bununla da hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur.
Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulmuşdur ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcəkdir.
Proqram çərçivəsində təkcə son bir il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmiş, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılmışdır. Kənd yolları üzrə 18 layihənin reallaşdırılmasına başlanılmış və cari ildə bu istiqamətdə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır. Bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanacaqdır.
Son bir ildə informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 41 ATS, 56 poçt şöbəsi istifadəyə verilmiş, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılmışdır. Bu, Azərbaycanın hərtərəfli tərəqqisinə, ən müasir texnologiyalara əsaslanan sahələrin yaradılmasına yönəlmiş siyasətin məntiqi nəticəsidir.
Hazırda regionlarda əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilir. Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə məhəllələr salınır. Son illər ərzində sənayeləşmə siyasəti regionların dinamik inkişafına müsbət təsir göstərmişdir. Maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilmiş, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir. Balaxanı sənaye, Sumqayıt kimya-sənaye və Sumqayıt yüksək texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.
Ötən müddətdə 160 min metrdən çox kollektor-drenaj şəbəkələri, 209 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması davam etdirilir.
Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin ötən dövrü ərzində 1421 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,6 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Müvafiq proqramlar çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılmış, bir çox məhsullar artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırmışdır.
Prezident İlham Əliyev regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qarşıda duran vəzifələr barədə demişdir: “ Artıq bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Yenə də demək istəyirəm, əminəm proqram uğurla başa çatacaqdır. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, artıq Üçüncü Dövlət Proqramının hazırlanması ilə bağlı işlər başlamalıdır. Əminəm ki, 2014-cü ildə üçüncü Dövlət Proqramı - beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir il ərzində yaradılmış 5 minə yaxın yeni müəssisədən 60 faizi Bakı şəhərində, qalan hissəsi isə iqtisadi rayonlarda fəaliyyətə başlamışdır. Azərbaycanda 120355 yeni, o cümlədən 95685 daimi iş yeri açılmışdır. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2009-cu il tarixindən 1 yanvar 2013-cü il tarixinə qədər olan dövr ərzində isə cəmi 361088 olmaqla 275274 daimi iş yeri yaradılmışdır. Xatırladaq ki, ölkədə açılmış daimi iş yerlərinin 5,5 faizi tikinti sektorunun payına düşür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, özəl bölmənin inkişafı üçün yaradılmış azad rəqabət və əlverişli investisiya mühiti 2012-ci ildə ölkədə 5417 hüquqi şəxsin qeydiyyatdan keçməsi ilə nəticələnmişdir. Onlardan 154-ü dövlət mülkiyyətinə, 4653-ü xüsusi mülkiyyətə, 483-ü tam xarici investisiyalı müəssisələrə, 124-ü birgə müəssisələrə, 3-ü isə bələdiyyə mülkiyyətinə aiddir. 2012-ci ildə 66957 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmişdir. Şübhəsiz, bu göstəricilər də ölkədə yeni iş yerlərinin yaradılmasının intensiv xarakter daşıdığının bariz ifadəsidir.
Regionların sosial-iqtisadi uğurlarından bəhs edərkən tikinti sektorunda nəzərə çarpan müsbət dinamikanı xüsusi vurğulamaq olar. Xatırladaq ki, cari ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 762,6 milyon manat vəsait yönəldilmiş, onun 64,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,4 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 42,5 faiz artmışdır.
Tikinti-quruculuq işləri ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də geniş vüsət almışdır. Prezident İlham Əliyevin iyulun 1-də bu şəhərə səfəri zamanı da bunun bir daha şahidi olduq. “Cənub” Elektrik Stansiyasının açılışında iştirak edən ölkə Prezidentinə məlumat verilmişdir ki, son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilmiş, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılmışdır. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir. Bütün bunlarla yanaşı, indi mövcud elektrik stansiyalarının modernləşdirilməsi prosesi vüsət almışdır. 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Cənub” Elektrik Stansiyasında həyata keçirilən işlər də bunun bariz nümunəsidir. Bütün tikinti-quraşdırma və sazlama işləri respublikada ilk dəfə olaraq layihənin baş podratçısı yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın ümumi ərazisi 20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı elektrik stansiyası fəaliyyətə başladıqdan sonra burada 215 nəfər daimi işlə təmin ediləcəkdir. Ərazidə olan köhnə yaşayış yerlərinin əvəzinə beşmərtəbəli 60 mənzilli bina, ikimərtəbəli mehmanxana, üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana tikilmişdir. Stansiyanın ərazisində yaşıllaşdırma işləri aparılmış, 30 min ağac, 60 mindən çox müxtəlif gül kolu əkilmişdir.
Sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlət başçısı demişdir: “Son 10 il ərzində Azərbaycanda 14 elektrik stansiyası tikilmişdir. Ümumi stansiyaların sayı isə 23-dür. On il ərzində təxminən üç min meqavat gücündə stansiyalar tikilmişdir və hazırda ümumi generasiya gücümüz 6 min meqavatdır. Bu stansiyada ən son texnologiyalar tətbiq edilmişdir, ən müasir standartlara cavab verir. Deyə bilərəm ki, bu, bölgənin ən müasir stansiyasıdır və burada quraşdırılmış bütün avadanlıq ən yüksək səviyyədədir. Sevindirici hal ondan ibarətdir ki, stansiyanın tikintisində Azərbaycan mütəxəssisləri işləmişlər, Azərbaycan şirkətləri bu stansiyanı tikmişlər. Bu da zəmanənin əlamətidir. İlk illərdə biz daha çox xarici şirkətlərə üz tuturduq, onları bu işlərə cəlb edirdik. Amma indi Azərbaycan şirkətləri belə nəhəng obyektləri tikə bilirlər və tikirlər də... Əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində bölgə qarşısında, ölkə qarşısında duran bütün vəzifələr icra ediləcəkdir. Çünki Azərbaycanda gedən uğurlu inkişaf, sənayeləşmə prosesi diktə edir ki, bizdə generasiya gücləri yaradılsın. Əgər son 10 il ərzində 14 elektrik stansiyası tikilməsə idi, biz bu gün indiki iqtisadi inkişafa nail ola bilməzdik. Çünki Azərbaycanda hər il çoxlu sayda yeni müəssisə tikilir, yeni zavodlar, fabriklər açılır və beləliklə, ölkənin sürətli inkişafı təmin edilir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində, Şirvan Olimpiya İdman Kompleksinin, Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin, telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzinin açılışında da iştirak etmiş, Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın qərb bölgəsinə səfəri də bir sıra obyektlərin istifadəyə verilməsi ilə yaddaqalan olmuşdur. Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında demişdir: “ ...Bu həftə ölkəmizdə mənim iştirakımla açılan böyük obyektlərin maliyyə həcmi 1 milyard manat ətrafındadır. Həftənin əvvəlində mən Şirvanda dövlət vəsaiti ilə tikilmiş böyük elektrik stansiyasının açılışında iştirak etmişəm. Bu gün Tovuz rayonunda Diaqnostika-Hemodializ Mərkəzinin açılışını, eyni zamanda, içməli su layihəsinin istismara verilməsini qeyd etdik. Bu gün artıq sement zavodu fəaliyyətə başlayır, Ağstafada digər layihələr, içməli su ilə bağlı layihələr nəzərdə tutulur. Yəni, bir həftə ərzində açılan müəssisələrin maliyyə dəyəri 1 milyard manat ətrafındadır. Bu, doğrudan da gözəl göstəricidir - ölkəmizin dinamik inkişafının göstəricisidir. Azərbaycanda düşünülmüş iqtisadi siyasətin nəticəsidir. Hesab edirəm ki, belə gözəl hadisələr sahibkarları daha da ruhlandırır və onlara yol göstərir. Çünki dövlət sahibkarlığın inkişafında maraqlıdır. Ölkə iqtisadiyyatının inkişafı gələcəkdə də sahibkarlığın inkişafından asılı olacaqdır. Xüsusilə nəzərə alsaq ki, biz indi qeyri-neft sektorunun inkişafına çox böyük diqqət veririk və bu zavodun tikintisi məhz qeyri-neft iqtisadiyyatının bir hissəsidir...
Azərbaycan Prezidenti Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində isə demişdir ki, mən çalışıram ki, xalqa ləyaqətlə xidmət edim. 2003-cü ildə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən xalq üçün yaşayacağam. İndi son 10 ilin təcrübəsinə nəzər saldıqda görürük ki, doğrudan da, az iş görülməyib 10 il ərzində... Azərbaycan istənilən sahədə güclənib. Azərbaycan indi regional dövlətdir. Azərbaycan dünya miqyasında çox böyük nüfuza malik olan bir ölkədir. Beynəlxalq məsələlərin həllində biz o zirvələrə çatmışıq. O zirvədən yuxarı zirvə yoxdur...
Regionların inkişafına ciddi diqqət yetirilməsinin nəticəsidir ki, bu gün ölkəmizin bölgələrinin siması tanınmaz dərəcədə dəyişir, əhalinin güzəranı yaxşılaşır, sosial problemlər ardıcıllıqla həllini tapır və sahibkarlıq daha da inkişaf edir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan gələcəkdə də bu istiqamətdə mühüm uğurlar qazanacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.