Şriftin ölçüsü:
22.07.2010 05:40 | Oxunma sayı: 538
Azərbaycanın neft-qaz yataqları uzun illər istismar edilməsinə baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ kifayət qədərdir. Həmin ehtiyatları aşkara çıxarmaq, onların hasilatına imkan yaratmaq isə axtarış-kəşfiyyat və istismar qazmasından çox asılıdır. Məhz bu səbəbdən də son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həmin istiqamətdə mühüm tədbirlər həyata keçirilir, qazma işlərinin sürətləndirilməsinə xüsusi qayğı və diqqət göstərilir.
2007-ci ildə şirkətin tərkibində Kompleks Qazma İşləri Trestinin yaradılması ilə qazma işləri xeyli intensivləşmişdir. Son illər ölkəmizin dəniz və quru yataqlarında yeni-yeni quyuların qazılıb neftçilərə təhvil verilməsi də məhz bu vacib sahəyə xüsusi diqqət yetirilməsinin nəticəsidir. Bütövlükdə isə yeraltı zənginliyə yol açan qazmaçılar Dövlət Neft Şirkəti tərəfindən qarşıya qoyulmuş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün bütün imkanları səfərbər edirlər. Cari ilin 6 ayında Kompleks Qazma İşləri Tresti tərəfindən 56555 metr qazma işi həyata keçirilmiş, neftçilərə 36 yeni quyu təhvil verilmişdir.
Kompleks Qazma İşləri Trestinin qabaqcıl müəssisələrindən sayılan "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin kollektivi də ümumi nailiyyətlərin əldə olunmasında xüsusi fəallıq göstərmişlər. Məlumat üçün bildiririk ki, 1949-cu ildə yaradılmış "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin kollektivi "Neft Daşları" və "Darvin bankəsi" yataqlarında qazma işləri həyata keçirir. Fəaliyyət göstərdiyi illərdə açıq dənizdə yüzlərlə quyu qazıb neftçilərə təhvil verən qazmaçılar ölkəmizin iqtisadi həyatında, neft sənayesinin inkişafında mühüm rol oynamışlar. İdarə bu gün də ölkə neft sənayesinin qabaqcıl müəssisələrindən sayılır. "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" və "Abşeronneft" neft və qazçıxarma idarələrinin qazma işləri ilə bağlı sifarişlərini yerinə yetirən bu qabaqcıl müəssisənin kollektivi 2010-cu ilin birinci yarısında da yüksək nailiyyətlərə imza atmışdır. Belə ki, yanvar-iyun aylarında 11980 metr qazma işləri həyata keçirən qazmaçılar sifarişçi neft və qazçıxarma idarələrinə 10 quyu təhvil vermişlər. Həmin quyular "Darvin bankəsi" yatağındakı 190, 340 və 660 saylı stasionar özüllərdə və "Neft Daşları" yatağındakı 2415 saylı meydançada qazılmışdır.
"Neft Daşları" yatağı 61 ilə yaxın bir müddətdə istismarda olmasına baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev öz zənginliyi ilə seçilən "Neft Daşları" yatağında yaxın illərdə hasilatı 1 milyon 200 min tona çatdırmağı mühüm bir vəzifə kimi neftçilərin qarşısına qoymuşdur. Son illər bu məsul vəzifənin yerinə yetirilməsi üçün "Neft Daşları" yatağında yeni özüllər quraşdırılır. Bu da "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin kollektivi üçün əlavə sifarişlərin alınmasına, yeni qazma tapşırıqlarına geniş imkanlar yaradır. Ölkəmizin dəniz şelfində yeraltı zənginliyə yol açan qazmaçılar "Neft Daşları" yatağındakı 2415 və 2521 saylı meydançalarda yeni quyuların qazılması ilə bağlı çoxsaylı sifarişlər almışlar. Bir il əvvəl qazma işlərinə start verilmiş 2415 saylı meydançada 12 quyunun qazılması nəzərdə tutulmuşdur. Ötən müddətdə burada 5 quyu qazılaraq neftçilərə təhvil verilmişdir. Hazırda daha bir quyuda qazma işləri davam etdirilir. Əlavə iki quyunun qazılması üçün isə Kompleks Qazma İşləri Trestinə müraciət olunub. Bir qədər əvvəl "Neft Daşları" yatağında tikilib istifadəyə verilmiş 2521 saylı meydançada da yaxın vaxtlarda qazma işlərinə başlanması nəzərdə tutulur. Xatırladaq ki, burada da 12 quyunun qazılması planlaşdırılır. Həmin quyulardan 2-si cari ilin sonunadək qazılıb neftçilərin sərəncamına veriləcək. Bütövlükdə isə "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən ilin sonunadək daha 15720 metr qazma işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da neftçilərə 10 yeni quyunun təhvil verilməsinə imkan yaradacaq.
Yeri gəlmişkən, fəaliyyət göstərdiyi təqribən 61 il ərzində Azərbaycanın iqtisadi inkişafında, neft hasilatının artırılmasında misilsiz xidmətlər göstərmiş "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi zəngin ənənələrə malik böyük bir təcrübə məktəbidir. Təsadüfi deyil ki, ötən illər ərzində bura qazma işlərinin sirlərini dərindən mənimsəyən, qazmaçı peşəsinə yiyələnən fədakar insanlar, qabaqcıl əmək adamları yetişdirmişdir. Çətin hava şəraitində fırtınalı, təlatümlü dənizi ram edib burada yeni-yeni quyular qazıb neftçilərin sərəncamına verən həmin insanlar hər cür hörmət və ehtirama layiqdirlər. Hazırda "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinə qazma işlərinin mükəmməl bilicisi, neft sənayesinin tanınmış mütəxəssislərindən sayılan Mirsədir Musayev rəhbərlik edir. Məlumat üçün bildiririk ki, M. Musayev 1981-ci ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının neft və qaz quyularının qazıntısı fakültəsini bitirdikdən sonra təyinatla Səngəçal Dəniz Qazma İşləri İdarəsinə göndərilmiş, burada əvvəlcə qazmaçı köməkçisi, daha sonra isə buruq ustası kimi fəaliyyət göstərmişdir. O, 1986-ci ildən 2007-ci ilə kimi "Günəşli" yatağındakı dərin dəniz özüllərində usta, özül rəisinin müavini və rəis vəzifələrində çalışmışdır. 2007-ci ildən "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinə baş mühəndis təyin edilən M. Musayev təqribən bir il əvvəl adı çəkilən idarəyə rəis vəzifəsinə irəli çəkilmişdir.
İdarə rəisi son illər qazma işləri sahəsində müşahidə edilən canlanmanı, sifarişlərin günbəgün artmasını Dövlət Neft Şirkəti və Kompleks Qazma İşləri Tresti rəhbərliklərinin diqqət və qayğısı kimi dəyərləndirdi. Qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin "Neft Daşları" yatağında hasilatın artırılması ilə bağlı konkret göstərişi rəhbərlik etdiyi kollektivin də məsuliyyətini xeyli artırıb. Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması, həmçinin neft sənayesinə göstərilən dövlət qayğısı qazmaçıları yeni, daha yüksək nailiyyətlərə ruhlandırır. Bu da onu deməyə əsas verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinin kollektivi qarşıdakı illərdə daha böyük uğurlara imza atacaqdır...{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.