Lerik rayonunun daha 4 kəndinə - Qosmalian, Hiveri, Zərdəbərə və Nuravuda mavi yanacağın verilməsi ilə əlaqədar açılış mərasimi keçirilmişdir. Qosmalian kəndində keçirilən mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Neft Şirkətinin vitse prezidenti Xoşbəxt Yusifzadə, Milli Məclisin deputatı İqbal Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak etmişlər.
Tədbiri rayon icra hakimiyyəti başçısının Qosmalian kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Nurullayev açaraq bildirmişdir ki, son illər ölkə Prezidenti İlham Əliyevin qayğı və diqqəti ilə respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda və onun ən ucqar kəndlərində belə, tikinti -abadlıq işləri geniş vüsət almışdır. Rayonun 20-dən yuxarı kəndinə qaz xətti çəkilmişdir. Bu gün Qosmalian, Hiveri, Zərdəbərə və Nuravud kəndlərində 223 abonentin evinə mavi yanacaq veriləcəkdir. Doğurdan da bu böyük hadisədir. Qısa zaman ərzində çətin relyefə malik olan bu kəndlərə qaz xəttinin çəkilməsi böyük hünərdir. Bütün bunlar cənab Prezidentin tapşırığına əsasən həyata keçirilir. Mən ərazimizin ağsaqqallarının, ziyalılarının, xüsusi ilə anaların adından cənab Prezidentə dərin minnətdarlığımızı və razılığımızı bildirirəm. Çünki 70 il Sovet hakimiyyəti dövründə bir çox şəhərlərimizə, rayon mərkəzlərinə belə mavi qaz xətti çəkilməmişdi. Bu gün artıq ən ucqar kəndlərdə belə mavi yanacaq şölələnir.
Bu ilin aprel ayında cənab Prezidentin sərəncamı ilə tikintisinə vəsait ayrılmış Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir. Bu yol istifadəyə verildikdən sonra Azərbaycanın dilbər guşəsi olan Lerik turizm mərkəzi kimi daha da inkişaf edəcəkdir. İran İslam Respublikası ilə həmsərhəd olan Zuvand bölgəsi əsrarəngiz təbiəti, sərin bulaqları və havası ilə turistlərin diqqətini daha çox cəlb edəcəkdir.
Tədbirdə Qosmalian kənd tam orta məktəbinin direktoru Kamal Hüseynov, ağsaqqal Məhrəməli Cavadov çıxış edərək kənd sakinləri adından göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirdilər və xüsusi qeyd etdilər ki, dövlətimizin tarixində mühüm rol oynayan qarşıdan gələn prezident seçkilərində bütün rayon əhalisi yekdilliklə cənab İlham Əliyevə səs verəcək. Çünki ulu öndərin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyev xalqı narahat edən bütün problemlərin aradan qaldırılması üçün daim səylə çalışır. Məhz onun hakimiyyəti illərində bütün respublika regionları kimi, Lerik rayonu və onun bütün kəndləri tanınmaz dərəcədə dəyişmiş, inkişaf etmişdir. Həmişə dövlətçiliyə sadiq olan leriklilər bu diqqət və qayğıya öz əməli işləri ilə cavab verəcək və daim Prezidentin siyasi kursunu dəstəkləyəcəklər.
Kənd sakinlərini təbrik edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, tanınmış neftçi alim, neft şirkətinin vitse prezidenti Xoşbəxt Yusifzadə, millət vəkili İqbal Məmmədov çıxışlarında ölkə rəhbəri İlham Əliyevin tapşırığı, qayğı və diqqəti ilə respublikada, o cümlədən Lerikdə həyata keçirilən geniş layihələr haqqında məlumat verdilər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov mərasimə yekun vuraraq qeyd etdi ki, Dövlət Proqramına əsasən son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işləri həyata keçirilir. Cənab Prezidentin qayğı və diqqəti ilə Lerik-Qosmalian-Kəlvəz yolu yenidən tikilir, modul tipli elektrik stansiyası inşa olunur, Lerik şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi qurulur. Yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir. Kəndlərimizin qazlaşdırılması istiqamətində xüsusi iş aparılır. Qısa vaxt ərzində artıq 24 kəndimizə mavi yanacağın verilməsi təmin edilmişdir. Hazırda 15-dən yuxarı kənddə qazlaşdırılma işləri davam etdirilir. Cənab Prezidentin tapşırığı, qayğı və diqqəti ilə rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.