Son illər Azərbaycanın hər yerində olduğu kimi, Saatlı rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükündə nəzərəçarpan uğurlar əldə olunur. Sevindiirici haldır ki, hazırda kənd təsərrüfatı məhsulları istehsalının elə bir sahəsi yoxdur ki, orada rayon fermerləri yüksək nəticələr əldə etməsinlər.
Həqiqətən, Muğan torpağının bir parçası olan Saatlı rayonu daim torpağa qəlbən bağlı, dövlətçiliyimizə sonsuz sədaqətli, sadə, zəhmətsevər adamları ilə şöhrət qazanıb. Son illər aqrar sahədə xüsusilə böyük uğurlar qazanılıb. Saatlılı fermerlər birmənalı olaraq hesab edirlər ki, bu uğurların əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı illərin ortalarında ölkədə sosial ədalət tam gözlənilməklə həyata keçirilmiş aqrar islahatlar zamanı qoyulub.
Bəli, aqrar islahatlar nəticəsində, Saatlı rayonunun kəndlərində ədalətli bölgü prinsipi əsasında, demək olar ki, hər bir ailə pay torpaqlarına sahib olmuşdur. Fermerlər o zaman sərbəst təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq, ailələrinin güzəranını yaxşılaşdırmaq imkanları qazandılar. Torpaq islahatı insanların torpağa bağlılığını daha da gücləndirdi, onların öz pay torpaqlarında daha səmərəli çalışmaları üçün stimul yaratdı. Bütün bunlar, son nəticədə rayonda məhsul istehsalının yüksək sürətlə artması ilə nəticələndi, əhalinin rifah halı xeyli yaxşılaşdı.
Azərbaycan dövləti bütün sahələrdə inkişaf edərək gücləndikcə, ölkədə başqa sahələr kimi aqrar sahəyə də diqqət və qayğı artdı. Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aqrar islahatlar kursunun uğurla davam etdirilməsi Azərbaycanda kənd təsərrüfatının inikişafını daha da sürətləndirdi.
Yuxarıda qeyd etdiyim kimi, son illər Saatlıda da aqrar bölmənin inkişaf templəri artmışdır. Bunu anlayıb dərk etmək üçün təkcə rəqəmlərə nəzər yetirməyə ehtiyac yoxdur. Rayon mərkəzini, kəndləri gəzib müşahidə aparanda hər yerdə yeni istehsal və sosial obyektləri görmək, insanların xoş ovqatlarına şahid olmaq mümkündür.
Rayon mərkəzində və kəndlərdə ucaldılmış bir-birindən gözəl, yaraşılqlı məktəb və bağçalar, geniş park və meydanları gördükcə adam qürur hissi keçirməyə bilmir. Lakin bu yazıda əsas məqsəd Saatlı rayonunda aqrar sahədə əldə olunan uğurlar barədə söz açmaqdır. Ona görə də məxsusi qeyd edim ki, Saatlı rayonu Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində geniş imkanlara malik olan bölgələrdən biridir. Muğanın bərəkətli torpaqları var. Rayonda kəndli əməyinin düzgün və səmərəli təşkili sayəsində bu torpaqların məhsuldarlığı ilbəil artırılır.
Saatlı, ilk növbədə, böyük taxılçılıq rayonudur. Əlamətdar haldır ki, rayonda ilbəil taxıl əkini sahələri artırılır, məhsuldarlıq yüksəldilir. 2012-ci təsərrüfat ilində Saatlı rayonunda 23.737 hektar sahədə taxıl əkini aparılmışdır ki, bundan 19.531 hektarı buğda və 2.890 hektarı arpa əkini olmuşdur. Taxıl altında olan əkin sahələrindən əvvəlki ildə olduğundan xeyli çox – 86 min ton məhsul toplanmışdır. Taxılın hər hektardan məhsuldarlığı 36,3 sentner olmuşdur.
Saatlılı taxılçılar yaxşı başa düşürlər ki, taxılçılığın inkişafında yüksək məhsuldar toxum ehtiyatının yaradlması və ondan səmərəli istifadə edilməsi olduqca vacibdir. Bu səbəbdən toxumçuluğa qayğı artmışdır. Məsələn, ötən il toxumçuluqla məşğul olan 19 təsərrüfatda 1386 hektar sahədə əkin aparılmışdır ki, bunun 1.117 hektarı buğda və 269 hektarı arpa olmuşdur. Yeri gəlmişkən, ferrmerlərlə görüşərkən rayonda yüksək kateqoriyalı toxum ehtiyatının yaradılmasından rəğbətlə söz açırdılar. Onlar hesab edirlər ki, qarşıdakı illərdə rayonda taxıl əkini sahələrinin məhsuldarlığını daha da yüksəltmək üçün imkanlar yaranmışdır. Bu məqamda qeyd edim ki, Saatlıda becərilən və tədarük edilən yüksək məhsuldar buğda və arpa toxumlarından qonşu rayonların taxılçıları da bəhrələnirlər.
2013-cü təsərrüfat ili üçün 23902 hektar sahədə taxıl əkini aparılmışdır. Bu il də taxıl sahələrindən bol məhsulun əldə olunacağı gözlənilir. Arıtq rayonun əksər kəndlərində fermerlər taxıl biçininə başlamışlar. Taxıl sahələrinə kifayət qədər taxılbiçən kombayn çıxarılıb. Taxıl biçini kampaniyası ötən il olduğu kimi, bu il də yüksək intizam və mütəşəkkəllik şəraitində həyata keçirilir.
Saatlı rayonunun fermerlərinin pamıbıq istehsalı və tədarükü sahəsində də yaxşı ənənələri var. Təqdirəlayiq haldır ki, son dövrdə rayonda pambıqçılığa marağın yenidən artması müşahidə olunur. Fermerlər çalışırlar ki, aqrotexniki qaydalara əməl etməklə yüksək məhsuldarlığa nail olsunlar. Rayon ərazisində fəaliyyət göstərən bir neçə pambıq emalı müəssisələri ilə fermerlər arasında 4960 hektar sahədə pambıq əkilməsi barədə müqavilə bağlanmışdır. Faktiki olaraq, 3070 hektar sahədə pambıq əkini aparılmış və əkin üçün avans olaraq 6532 min manat pul buraxılmışdır. Hazırda rayonun pambıq sahələrində bol məhsul yetişdirilir.
Saatlıda hazırda kənd təsərrüfatı məhsulları istehsalının digər sahələrinə də diqqət artırılır. Məsələn, rayon üzrə meyvə bağlarının həcmi 31,4 hektar artırılaraq 1502,8 hektara çatdırılmışdır. Şəkər çuğunduru sahələri də genişləndirilmişdir. Hazırda 44 hektar sahədə şəkər çuğunduru becərilir. Ötən il olduğu kimi, bu il də sahələrdən bol şəkər çuğundurunun toplanacağı gözlənilir. Rayondə 2012-ci ildə günəbaxan əkini sahələrindən 442 ton məhsul toplanmışdır. Qarğıdalının da əkin sahələri və məhsuldarlığı artırılmışdır. Ötən il 952 hektar qarğıdalı sahəsindən 5954 ton məhsul toplanmışdır.
Rayonda əkin sahələrinin şoranlaşma və şorakətləşmədən qorunması məqsədilə kollektor və drenaj şəbəkələrin lildən təmizlənməsi işi də uğurla davam etdirilir. Şoranlaşmış torpaqların münbitliyini artırmaq məqsədilə “Kenaf” bitkisinin əkilib becərilməsi həyata keçirilir. Rayonda torpaqların münbitliyini arıtrmaq məqsədilə 9565 hektar əkin sahəsinə 1359 ton superfosfat gübrəsi şum altına, bundan əlavə, məhsuldarlığın artırılması məqsədilə 15858 hektar əkin sahəsinə 4282 ton azot, amonim nitrat, karbomit və sair verilmişdir. Kollektor və drenaj şəbəkələrinin lildən təmizlənməsi üçün ötən il 663 min manat həcmində iş görülmüşdür.
Saatlıdan ayrılaraq İmişliyə tərəf gedərkən yolumu Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsündən saldım. Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində salınan bu körpü 7 aşırımdan ibarətdir.
Əvvəllər qəzalı vəziyyətdə olan körpü tamamilə yenidən qurulmuşdur. Körpünün uzunluğu 240 metrə yaxındır. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilmişdir. Nəticədə Saatlı-İmişli və əks istiqamətdə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyi tam təmin edilmişdir.
Yolda düşünürdüm ki, Azərbaycan dövlətinin, dövlət başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında regionların inkişafı üçün həyata keçirilən düşünülmüş siyasət Azərbaycan kəndində həqiqətən öz gözəl bəhrəsini verir. Bir tərəfdən məhsul istehsalı artır, yeni infrastruktur qurulur, o biri tərəfdən də insanların rifahı yaxşılaşır. Saatlıda olduğu kimi...
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.