Ümumrespublika tarla müşavirəsində akademik Cəlal Əliyevin taxılçılığın inkişafında müstəsna xidmətlərindən söhbət açılmışdır

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında dünya şöhrətli alim, akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş “Dəmyə bölgələrdə yeni taxıl sortlarının sınağı, becərmə texnologiyası və toxumçuluğunun təşkili” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilmişdir.

Aqrar Elm Mərkəzi Elmi Tədqiqat Əkinçilik İnstitutu rəhbərlərinin, regionların toxumçuluq müfəttişlərinin, bitki mühafizə mərkəzləri rəislərinin, aqroservis direktorlarının və iri toxumçuluq təsərrüfatları rəhbərlərinin iştirak etdiyi müşavirəni giriş sözü ilə nazir İsmət Abasov açmış, ölkənin taxıla, ümumən kənd təsərrüfatı məhsullarına olan ehtiyacının daxili imkanlar hesabına tam ödənilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırmışdır. Nazir Prezident İlham Əliyevin qeyri-neft sektorunun, onun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan söz açaraq demişdir ki, ölkə başçısının tapşırığı ilə yaradılmış iri toxumçuluq təsərrüfatlarında məhsuldarlıq 50-55 sentnerə çatmışdır. Taxılçılıqda biotik və abiotik faktorlara davamlı yeni sortların yaradılması və toxumçuluğunun təşkili ilə əlaqədar mütəmadi iş aparılması daim diqqətdə saxlanılmalıdır.

Nazir, eləcə də müşavirədə çıxış edən Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev, Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov və başqaları kənd təsərrüfatı istehsalının artırılmasında yüksək məhsuldar, quraqlığa və xəstəliklərə davamlı toxum sortlarının  yetişdirilməsinin vacibliyini diqqətə çatdıraraq bu sahədə müstəsna xidmətləri olan dünya şöhrətli alim, akademik Cəlal Əliyevin geniş elmi fəaliyyətindən danışmışlar. Qeyd olunmuşdur ki, hazırda respublikamızda biçilməkdə olan 250 min hektar arpa zəmilərinin hamısı, buğda sahələrinin isə 80-85 faizi akademikin rəhbərliyi ilə yetişdirilən taxıl sortlarıdır. İndiyədək Qobustan Bölgə Təcrübə Stansiyasında 2000-dən artıq taxıl nümunəsi sınaqdan keçirilmişdir. Akademik Cəlal Əliyevin yetişdirdiyi “Qobustan”, “Aran”, “Murov 2”, “Cəlilabad” taxıl sortları dəmyə şəraitində yüksək məhsuldarlığı ilə seçilir və hektardan 35-40 sentner məhsul verir.

Müşavirədə yüksək məhsuldarlığa nail olmaq üçün  taxıl əkinlərinə aqrotexniki qulluğun önəmi də diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, taxılçılıq üçün zəruri olan 50-dək aqrotexniki qaydaların ən vacib olanlarına əməl edilsə, məhsuldarlıq 35 sentnerdən çox olar. Bu, yalnız mütəxəssislərin yox, eyni zamanda taxılçılıqla məşğul olan hər bir torpaq mülkiyyətçisinin diqqətdə saxlamalı olduğu mühüm məsələdir.

Bu gün yer kürəsində qlobal istiləşmə getdiyini qeyd edən alimlər belə bir şəraitdə istiliyə, quraqlığa və xəstəliklərə davamlı yeni toxum sortlarının yaradılmasının zəruriliyindən, bu sahədə akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilən araşdırmalardan danışmışlar.

Müşavirədə dəmyə şəraitində taxıl bitkilərinin mütərəqqi becərilmə texnologiyası, Elmi Tədqiqat Əkinçilik İnstitutunda dəmyə bölgələr üçün yaradılmış yeni taxıl sortları barədə də məlumat verilmiş, habelə alimlər və fermerlər arasında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Müşavirə iştirakçıları Qobustan Bölgə Təcrübə Stansiyasında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olmuş, təcrübə sahələrində yetişdirilmiş taxıl sortları barədə ətraflı məlumatlandırılmışlar.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında