İyunun 27-29-da Belçika Krallığının paytaxtı Brüsseldə Ümumdünya Gömrük Təşkilatının baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti də iştirak etmişdir.
İyunun 26-da Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası, Uruqvay, Braziliya, Qazaxstan, Moldova, Ukrayna və bir sıra dövlətlərin gömrük xidmətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə əsasən sessiyanın gündəliyi, eləcə də bu ali quruma keçiriləcək seçkilərlə bağlı müzakirələr aparılmışdır.
Sessiyadan öncə, Azərbaycan, Avropa İttifaqı, Rusiya Federasiyası və İrlandiya gömrük xidmətlərinin rəhbərlərinin birgə görüşü keçirilmiş, ÜGT sədrinin Avropa regionu üzrə müavini vəzifəsinə seçkilərlə bağlı fikir mübadiləsi aparılmışdır.
İyunun 27-də Gömrük Əməkdaşlıq Şurasının sessiyası öz işinə başlamışdır. ÜGT-nin Baş katibi Kunio Mikuriya sessiyada hesabat məruzəsi ilə çıxış etmiş, ötən bir ildə ÜGT-nin fəaliyyəti, görülmüş işlər, eləcə də ən önəmli tədbirlər barədə məlumat verilmiş, hesabatla bağlı müzakirələr aparılmışdır.
Sessiyada regionlar üzrə aparılan məsləhətləşmələr çərçivəsində 51 ölkəni özündə birləşdirən Avropa regionu üzrə keçirilən görüş öz aktuallığı və prinsipiallığı ilə daha yaddaqalan olmuşdur. ÜGT-nin siyasi komissiyasına, maliyyə və audit komitələrinə, eləcə də baş katib vəzifəsinə seçkilər mübahisəsiz olaraq qısa müzakirələrlə yekunlaşmış, lakin ÜGT sədrinin müavini vəzifəsinə namizədlərlə bağlı məsələ daha geniş müzakirələrə rəvac vermişdir. Belə ki, ÜGT sədrinin Avropa regionu üzrə müavini vəzifəsinə üç namizəd irəli sürülmüşdür. Bunlardan birincisi artıq iki ildir ki bu postda qərarlaşan Norveç Gömrük Xidməti, ikinci MDB-yə üzv ölkələrin və Türkiyə Respublikasının namizədi olan Azərbaycan Gömrük Xidməti, üçüncü isə Avropa İttifaqının namizədi olmuşdur. Müzakirələr zamanı çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirmişdir ki, ÜGT-nin 1995-ci ilin iyun ayında keçirilən 85/86 -cı sessiyasında qəbul olunmuş 282 saylı qərarına əsasən ÜGT-nin sədr müavini bir il müddətinə seçilə bilər, yalnız bir dəfə istisna olaraq bu müddətin daha bir il uzadılması mümkündür. Məhz buna görə Norveç Gömrük Xidmətinin namizədliyinin irəli sürülməsi yolverilməzdir və bu ÜGT sessiyasının qərarına ziddir. Azərbaycan Respublikasının namizədliyinə gəlincə, Aydın Əliyev qeyd etmişdir ki, MDB Gömrük Xidmətləri rəhbərlərinin iclasında Azərbaycanın bu vəzifəyə namizədliyi dəstəklənmiş, Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşdə isə bu istiqamətdə razılıq əldə olunmuşdur.
Sonra çıxış edən Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Antonis Kastrissianakis də Azərbaycan Gömrük Xidmətinin bu vəzifəyə namizədliyini birmənalı olaraq dəstəkləmiş, Azərbaycan tərəfinin də gələcək illərdə Avropa İttifaqının namizədliyini imkan daxilində dəstəkləyəcəyinə ümidvar olduğunu bildirmişdir.
İyunun 28-də sessiya öz işini siyasi məsələlərin müzakirəsi ilə davam etdirmiş, sonra texniki məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İyunun 29-da bir sıra ikitərəfli sazişlərin imzalanması mərasimindən və bəzi ölkələrin beynəlxalq konvensiyalara qoşulması məsələlərinin müzakirəsindən sonra seçkilər keçirilmişdir. İlk olaraq ÜGT siyasi komissiyasına, maliyyə və audit komitələrinə namizədlər təsdiqlənmişdir. Sonra, ÜGT sədrinin müavinləri vəzifəsinə seçkilər keçirilmişdir. Fərəhli haldır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev 2013-2014-cü illər üçün Ümumdünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilmişdir. Amerika və Karib ölkələri regionu üzrə Uruqvay, Qərbi və Mərkəzi Afrika ölkələri üzrə Nigeriya, Şərqi və Cənubi Afrika ölkələri üzrə Malavi, Şimali Afrika, Yaxın və Orta Şərq ölkələri üzrə Mərakeş, Asiya və Sakit Okean hövzəsi ölkələri üzrə Avstraliya da ÜGT sədrinin müavinləri vəzifəsinə təsdiqlənmişlər. ÜGT Baş katibi vəzifəsinə yeganə namizəd olaraq yenidən Kunio Mikuriya, ÜGT sədri postuna isə xanım Josefin Fihili seçilmişdir.
Nəhayət, sessiyanın sonunda qərara alınmışdır ki, növbəti sessiya Brüssel şəhərində, siyasi komissiyanın iclası isə İrlandiyanın Dublin şəhərində keçirilsin.
Xatırladaq ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra dövlətlərlə-Qabon, Toqo, Seneqal, Mozambik və bir sıra dövlətlərin gömrük xidmətlərinin rəhbərləri ilə görüşlər keçirmişdir. Səmimilik şəraitində gerçəkləşən görüşlərdə yuxarıda qeyd olunan ölkələrin rəsmiləri kadr potensialının gücləndirilməsi, gömrük sistemində İKT-nin, o cümlədən vahid pəncərə prinsipinin tətbiqi, kinoloji xidmət itlərinin təlimi və s. sahələrdə kifayət qədər uğurlar əldə etmiş Azərbaycan gömrük xidmətinin təcrübəsindən yararlanmaq istəklərini bildirmişlər.
Azərbaycan tərəfi isə öz növbəsində qarşılıqlı əməkdaşlığa hər zaman müsbət yanaşıldığını vurğulamış, təcrübələrini həmkarları ilə bölüşməyə hər zaman hazır olduğunu diqqətə çatdırmışdır.
Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.