“Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək qazın Avropaya çatdırılması üçün yekun marşrut seçildi

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində son dərəcə mühüm bir addım atılmışdır. Belə ki, Xəzərin Azərbaycan sektorunda yerləşən ”Şahdəniz" yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək təbii qazın Türkiyə ərazisindən Yunanıstan, İtaliya və cənub-şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəməri (TAP) yekun variant olaraq rəsmiləşdirilmişdir.

Xatırladaq ki, ilkin dövrdə “Cənub qaz dəhlizi” ilə ildə 10 milyard kubmetrədək  “Şahdəniz” qazı Avropa bazarlarına daşınacaq. TAP layihəsinin seçilməsi ilə bağlı qəbul olunmuş qərar, həmçinin konsorsiumun “Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı planlarında da mühüm bir addımdır. Bu layihə  boru kəmərləri ilə birlikdə 40 milyard dollara başa gələcək və ildə 16 milyard kubmetr Azərbaycan qazını Avropa bazarına daşıyacaq. Dünən Bakıda TAP layihəsinin seçilməsi ilə bağlı  mərasim keçirildi. Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ”Şahdəniz-2" layihəsinin işlənilməsi və “Cənub qaz dəhlizi”nin yaradılmasına həsr olunmuş tədbirin iştirakçılarını salamlayaraq bildirdi ki, iki il bundan əvvəl Bakıda  Prezident  İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tarixi əhəmiyyətə malik bir sənəd imzalamışlar.  “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamənin Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsindəki əlaqələrin əhəmiyyətini bir daha təsdiqlədiyini vurğulayan natiq həmin sənədin  Xəzər dənizindən Avropaya qazı birbaşa nəql edəcək marşrutların yaradılması üçün bir çağırış olduğunu bildirdi.

 Azərbaycanın yeni “Cənub qaz dəhlizi” vasitəsilə Avropaya qaz nəql edəcək mühüm qaz təchizatçısına çevrilməsinə yol açan tarixin yazıldığını diqqətə çatdıran Qordon Birrell enerji əməkdaşlığını Azərbaycanın Avropa ilə əlaqələrinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdi. Bu əməkdaşlığın ölkənin dünya bazarları üçün etibarlı neft və qaz təchizatçısı kimi qazandığı mükəmməl təcrübəsinə əsaslandığını söyləyən natiq qeyd etdi ki,  Azərbaycan bunu ilk dəfə dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə nümayiş etdirmiş və indiyədək əsasən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilməklə dünya bazarlarına təxminən 2,3 milyard barrel neft çıxarılmışdır. Bildirildi ki, Azərbaycan, həmçinin Türkiyəyə və Gürcüstana Cənubi Qafqaz boru kəməri vasitəsilə qaz təchiz edən nəhəng “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində də etibarlı qaz təchizatçısı kimi özünü təsdiqləmişdir.

İki ildən artıqdır ki,  planlaşdırılan “Cənub qaz dəhlizi”nin bir hissəsinə çevriləcək ən yaxşı seçimi etmək üçün Avropanın bir sıra boru kəməri layihələri üzərində sıx iş aparıldığını və onların qiymətləndirildiyini diqqətə çatdıran natiq bildirdi ki, “Şahdəniz” ixrac məsələləri üzrə danışıqlar qrupu illərlə gərgin  iş aparmış və variantları diqqətlə nəzərdən keçirdikdən sonra  nəhayət,  öz seçimini etmişdir. Qordon Birrell konsorsiumun adından bəyan etdi ki, Azərbaycan Avropaya ilk qazı Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə ixrac edəcək,  bu kəmərlə “mavi yanacaq”  İtaliya və Cənub-Şərqi Avropa bazarlarına nəql ediləcək.

“ Şahdəniz” konsorsiumuna təklif etdikləri mükəmməl əməkdaşlığa görə həm Nabukko Vest, həm TAP heyətlərinə təşəkkürünü çatdıran Q. Birrell qeyd etdi ki,  hərtərəfli və çox rəqabətcil şəkildə keçən boru kəmərinin seçilməsi prosesi artıq yekunlaşmış və bugünkü seçim Avropadakı sifarişçilərə ilkin olaraq ildə 10 milyard kubmetrə qədər qaz nəql edəcək “Cənub qaz dəhlizi”nin açılması istiqamətində konsorsiumun gələcəyə çoxmərhələli baxışında mühüm bir mərhələdir. Qeyd olundu ki, ilk qazın nəqli marşrutu açıldıqdan sonra onun ardınca mütləq bazar da formalaşacaq, əlavə qaz və infrastruktur təmin olunacaq. 

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev mərasimdə  çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən 2011-ci ildə irəli sürülmüş təşəbbüsə əsasən ölkəmizin Avropanın mühüm və etibarlı qaz təchizatçısına çevrilməsi yolunda mühüm irəliləyiş  əldə olunmuşdur. Qeyd olundu ki, dövlətimizin başçısı ötən həftə Brüsselə uğurlu səfəri zamanı Avropanın etibarlı və çoxşaxəli qaz təchizatında Azərbaycanın mühüm strateji rolunu bir daha vurğulamışdır.

 Azərbaycanın Avropanın etibarlı qaz təchizatçısı rolunu oynamağa hazır olduğunu bir daha təsdiq etdiyini diqqətə çatdıran natiq dedi ki, ölkəmiz gələcəkdə hasil ediləcək qaz həcmlərinin tədarükü üçün də Avropaya mühüm bazar kimi baxır.  R. Abdullayev bildirdi ki, “Cənub qaz dəhlizi” planı, o cümlədən bugünkü qərar Avropa istehlakçılarının təhlükəsiz və etibarlı təchizatçısı olmaq haqqında planların ən vacib hissəsini təşkil edir.  TAP layihəsinə qazandığı uğura, eləcə də  “Şahdəniz” konsorsiumuna  qiymətləndirmə prosesinin tamamlanması və seçim edilməsi münasibətilə səmimi təbriklərini çatdıran ARDNŞ prezidenti bu seçimi Azərbaycanın Avropa bazarları ilə bağlı planlarının reallaşdırılmasına doğru ilk addım kimi dəyərləndirdi.

Bu qərarın tarixdə ilk dəfə Azərbaycanın öz  qazını Avropaya nəql etməyə hazır olduğunu bir daha sübut etdiyini vurğulayan natiq, eyni zamanda, “Şahdəniz” konsorsiumunun Cənub-Şərqi Avropa ölkələrinə qaz ötürəcək digər kəmər layihələri ilə işləmək planlarından da məmnunluqla söhbət açdı. Qeyd olundu ki, hazırda  “Şahdəniz” konsorsiumu Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində işləyir. Avropa Komissiyası isə artıq Cənubi və Cənub-Şərqi Avropada qaz şəbəkələrinin inkişafına yardım edəcək birləşdirici kəmərləri dəstəkləməyə üstünlük verir.

Azərbaycanda zəngin qaz ehtiyatlarına malik olduğunu söyləyən ARDNŞ-in  prezidenti  bu gün mövcud  imkanları nəzərə almaqla, “ikinci qaz dalğası”nın  aydın nəzərə çarpdığını vuğulayaraq bildirdi ki,   “Şahdəniz”dən əlavə AÇG-nin dərinsulu hissəsinin, “Abşeron”, “Ümid” və “Şəfəq-Asiman” kimi yataqların işlənilməsi Azərbaycanın qaz ixracını kəskin artıracaq və  TAP-ın potensial genişlənməsi, eləcə də Bolqarıstan, Rumıniya və Macarıstan ərazisindən Avstriyaya doğru ikinci marşrutun açılması ilə Avropaya qaz ixrac həcmlərinin  yüksəlməsi reallığa çevriləcək. Bu baxımdan  “Nabucco” qaz dəhlizini gələcəkdə hasil olunacaq qaz həcmləri üçün təbii bazar kimi dəyərləndirən natiq “Şahdəniz”in ardınca Azərbaycanın Avropanı əlavə qazla təmin edəcək digər qaz layihələrini də inkişaf etdirmək əzmində olduğunu vurğuladı.  Azərbaycana gələcəkdə daha çox ixrac marşrutu lazım olacağını söyləyən R. Abdullayev sonda qeyd etdi ki,  bugünkü qərar, həqiqətən də, qarşılıqlı mənfəətə əsaslanan yanaşmanın zaman keçdikcə xəyaldan reallığa çevrilməsi deməkdir.

Sonra Azərbaycan Respublikasının sənaye və enegetika naziri Natiq Əliyev çıxış edərək “Şahdəniz-2" mərhələ çərçivəsində hasil ediləcək təbii qazın Türkiyədən Avropaya nəql edilməsi üçün TAP boru kəmərinin seçilməsi münasibətilə mərasim iştirakçılarını təbrik etdi. Bu tarixi hadisə ilə əlaqədar  regionumuzun və ölkələrimizin nəhəng iqtisadi və enerji potensialından daha yaxşı və səmərəli istifadə etməyə imkan yaranacağını diqqətə çatdıran nazir bildirdi ki, TAP-ın seçilməsinə dair qərar investisiyaların artmasına, eləcə də Azərbaycanın həyata keçirdiyi regional və transmilli enerji layihələrinin   gerçəkləşməsinə səbəb olacaq. Qeyd olundu ki, Azərbaycanın təbii sərvətlərinin çoxluğuna və ölkəmizin əlverişli coğrafi mövqeyinə əsaslanan Prezident İlham Əliyev hazırda  düşünülmüş və elmi əsaslara söykənən uğurlu enerji siyasəti həyata keçirir.  Bu baxımdan  nazir ”Cənub qaz dəhlizi"nin reallaşdırılmasında, Azərbaycanın təbii qazının Türkiyə ərazisindən Avropaya çatdırılmasında dövlət başçısı İlham Əliyevin müstəsna xidmətlərini bir daha diqqətə çatdırdı.

N. Əliyev qeyd etdi ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və bununla əlaqədar  nəqliyyat və digər infrastrukturun yaradılmasına təqribən 40 milyard dollar sərmayə yatırılması nəzərdə tutulur. Bu da Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin iqtisadiyyatına iri miqyaslı investisiya qoyuluşlarına səbəb olacaqdır. Bundan əlavə, “Cənub qaz dəhlizi”nin reallığa çevrilməsi Azərbaycan qazının Avropaya çatdırılmasına imkan yaratmaqla yanaşı, gələcəkdə Gürcüstan və Türkiyəyə nəql olunan “mavi yanacağın” həcminin də artırılmasına səbəb olacaq. Nazir onu da bildirdi ki, gələcəkdə  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin illik ötürücülük qabiliyəti 8 milyard kubmetrdən 24 milyard kubmetrədək artırılacaq.

Sənaye və energetika naziri daha sonra bildirdi ki, bu layihələrin həyata keçirilməsi, eləcə də “Cənub qaz dəhlizi”nin etibarlı və səmərəli işləməsi gələcəkdə Transxəzər layihəsinin gerçəkləşməsi  ilə nəticələnəcək,  eyni zamanda,"Azəri-Çıraq-Günəşli" blokunda yerləşən dərin qaz yataqlarının tezliklə mənimsənilməsinə, eləcə də “Abşeron”, “Ümid”, “Şəfəq-Asiman” və digər perspektivli strukturlarada nəhəng işlərin tezliklə başlanmasına imkan yaranacaq. Bununla da, yaxın onilliklər ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi bir qədər də artacaq və ölkəmiz Avropanın enerji təminatında  daha yaxından iştirak edəcəkdir.

Tədbirdə, həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, Avropa İttifaqı nümayəndəliyi başçısının müavini Toralf Pilts, Böyük Britaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Adrian Li və TAP-ın icraçı direktoru Kcetil Tunqland Azərbaycanın Avropanın enerji təminatına verdiyi əhəmiyyətli töhfələrdən bəs etdilər, Trans Adriatik boru kəməri marşrutunun  seçilməsi ilə bağlı qərarı “Cənub qaz dəhlizi”nin reallaşdırılması istiqamətində atılmış mühüm bir addım kimi dəyərləndirdilər.  

* * *

Sonda “Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi qərarının elan edilməsi ilə bağlı mətbuat konfransı keçirildi.  ARDNŞ-in investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov və bp-nin ”Şahdəniz" yatağının işlənməsi layihəsi üzrə vitse-prezidenti Al Kuk  Tap layihəsinin detalları və qarşıda duran vəzifələr barədə media nümayəndələrinə ətraflı məlumat verdilər.

Tədbirdə iştirak edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell curnalistlərin çoxsaylı suallarını cavablandırdılar.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında