Azərbaycan Respublikası uzun illərdir ki, regionda həyata keçirilən bir sıra mühüm enerji layihələrinin təşəbbüskarı və iştirakçısı kimi çıxış edir. Özünün malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin də “mavi yanacaq”la təminatında mühüm rol oynayır. Yeri gəlmişkən, təbii qaza tələbatın getdikcə artdığı bir dövrdə dünyanın və Avropa qitəsinin əksər dövlətləri ölkəmizi enerji sahəsində mühüm tərəfdaş hesab edirlər. Təsadüfi deyil ki, hazırda həmin ölkələr “mavi yanacağa” olan tələbatın ödənilməsi üçün Azərbaycan qazına daha çox ümid bəsləyirlər. Bu da ölkəmizə beynəlxalq marağın getdikcə artmasına səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən həftənin sonunda Belçika Krallığına işgüzar səfəri çərçivəsində enerji məsələsinin xüsusi müzakirə mövzusu olması da bunu bir daha təsdiqləyir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin Avropa təsisatlarının bir sıra nüfuzlu şəxsləri ilə görüşləri zamanı məhz bununla bağlı geniş fikir mübadiləsi aparılmış, Azərbaycanın Avropa Birliyi üçün son dərəcə mühüm tərəfdaş olması bir daha vurğulanmışdır. Eyni zamanda, görüş və bəyanatlarda Prezident İlham Əliyevin bu sahədəki səyləri də yüksək qiymətləndirilmişdir. Belə ki, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata verdiyi bəyanatda demişdir: “Digər mövzularla yanaşı, biz enerji məsələsini də müzakirə etdik. Mən hər iki tərəf üçün vacib strateji layihə olan ”Cənub" qaz dəhlizində əldə edilən əhəmiyyətli nailiyyətlərə görə Prezident Əliyevə təşəkkür etdim. Daha geniş şəkildə desəm, mən təsdiq etdim ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır, biz enerji sahəsində birgə çalışaraq böyük nailiyyətlər əldə etmişik”. Azərbaycanı mühüm tərəfdaş hesab edən və ölkəmizlə enerji sahəsində etibarlı əməkdaşlığın qurulduğunu birmənalı şəkildə vurğulayan Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bəyanatı da bu baxımdan xüsusi maraq doğurur. O demişdir: “Hər ikimiz 2011-ci ildə birgə bəyanatın imzalanmasından keçən dövrdə “Cənub” qaz dəhlizinə dair əldə olunmuş inkişafdan çox məmnunuq. Biz hər ikimiz, həm Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bu layihənin reallaşması istiqamətində səylə çalışmışıq. Prezident Əliyevə qəti və davamlı sadiqliyinə görə təşəkkürümü bildirmək istəyirəm”.
Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının dünya bazarına çıxarılması üçün şaxələndirilmiş enerji ixracı dəhlizlərinin yaradılmasına xüsusi önəm verən dövlətimizin başçısı İlham Əliyev bu straregiyaya, həmçinin regional və qlobal əməkdaşlığa sadiqliyini bir daha bəyan edərək demişdir: “Enerji əməkdaşlığı, təbii ki, münasibətlərimizin ən mühüm hissələrindən biridir. Çox şadam ki, 2011-ci ilin əvvəlində sədr Barrozu ilə Bakıda enerji sahəsində strateji əməkdaşlıq haqqında bəyannaməni imzaladıqdan sonra hazırda onun praktiki nəticələrini görürük. Bu bəyannamə qaz dəhlizinin həyata keçirilməsində əsas rol oynadı... Bu layihə Avropa ilə Azərbaycan arasında daha güclü əlaqələr yaradacaqdır. Bu vəziyyətdə hər tərəf udur. Azərbaycan Avropada proqnozlaşdırılan sabit bazar tapacaq, Avropa isə Azərbaycandan alternativ qaz mənbəyi əldə edəcəkdir. “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyinə xidmət edən layihədir. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək və ölkəmizin, eləcə də region ölkələrinin iqtisadi əməkdaşlıqdan yararlanması üçün əlavə imkanlar yaradacaqdır".
Məlum olduğu kimi, ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə “Şahdəniz” yatağı çevirmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş isə 1996-cı ilin iyun ayında Bakı şəhərində imzalanmışdır. 2003-cü ilin fevral ayında layihə çərçivəsində əsas tikinti-quraşdırma işlərinə start verilmişdir. Ötən müddətdə “Şahdəniz” yatağında Xəzər regionu üzrə ən nəhəng platformalardan biri quraşdırılmış, sualtı boru kəməri çəkilmiş, Səngəçal sahil terminalında genişləndirmə işləri aparılmışdır. 2006-cı ilin sonlarında isə Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılmış unikal platforma vasitəsilə “Şahdəniz” yatağından ilkin qazın hasilatına başlanmışdır. Həmin platformadan hasil edilən təbii qaz sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradan isə qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Məlumat üçün bildirirk ki, hasilata başlanandan 2013-cü ilin birinci rübünün sonunadək “Şahdəniz” yatağından dünya bazarına təqribən 40 milyard kubmetr qaz və 10,7 milyon ton kondensat ixrac edilmişdir. Yaxın illərdə “Şahdəniz” yatağının ikinci işlənmə layihəsinin reallığa çevrilməsi nəticəsində Azərbaycanın illik ixrac potensialı xeyli dərəcədə artacaqdır. Bununla yanaşı, son illər Xəzərin Azərbaycan sektorunda açılmış digər yataqlarda da zəngin ehtiyatların təsdiq edilməsi onu deməyə əsas verir ki, ölkəmiz hələ uzun illər regionun əsas qaz təchizatçısı kimi öz mövqeyini qoruyub saxlayacaqdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Belçikaya işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə keçirdikləri birgə mətbuat konfransında demişdir: “ Ümidvarıq ki, Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf ”Şahdəniz-2" layihəsi ilə məhdudlaşmayacaqdır. Çünki bizim 2 trilyon kubmetrdən artıq qaz ehtiyatlarımız vardır. Artıq qeyd etdiyim kimi, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcəkdir”.
Yeri gəlmişkən, “Şahdəniz” qaz hasilatı və ixracı layihəsinin birinci mərhələsi çərçivəsində həyata keçirilən tədbirlərin səmərəsi getdikcə artır. Bu ilin birinci rübündə “Şahdəniz” konsorsiumunun səhmdarları tərəfindən layihə üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 42 milyon dollar, əsaslı məsrəflərinə isə 395 milyon dollar sərf olunmuşdur. Ilin əvvəlindən “Şahdəniz” yatağındakı öncəqazma quyularından sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, “Şahdəniz” layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının artırılmasına imkan yaradır. Cari ilin ilk rübündə yatağın gündəlik hasilat həcmi 27 milyon kubmetr qaz və 55 min 300 barrel kondensat təşkil etmişdir. Rüb ərzində isə “Şahdəniz” yatağından 2,42 milyard kubmetr qaz və 0,63 milyon ton kondensat çıxarılmışdır. “Şahdəniz” yatağındakı öncəqazma quyularından qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platforma vasitəsilə qazma əməliyyatları da davam etdirilir. Belə ki, ötən müddətdə yeni quyular sistemi istismara verildikdən sonra platformadan yeni quyular qazılmışdır. Ötən ilin sentyabr ayında qazılmasına başlanılmış SDA03y quyusunda qazma əməliyyatları bu ilin ilk rübündə də davam etdirilmişdir. Xatırladaq ki, həmin quyunun cari ilin üçüncü rübündə istismara verilməsi nəzərdə tutulur. Bundan əlavə, il ərzində SDA02 quyusunda planlaşdırılmış texniki əməliyyatlar da davam etdiriləcəkdir. 2013-cü ilin əvvəlindən “Şahdəniz” yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri “Şahdəniz” yatağından gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəltməyə imkan verir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, “Şahdəniz” qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu kəmər 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə “Şahdəniz” qazını çatdırır. Bu ilin birinci rübündə Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 2 milyon dollar vəsait xərclənmişdir. Bütövlükdə isə 2013-cü il ərzində kəmərlə bağlı əsaslı xərclərə 13 milyon dollar vəsait sərf olunacaq. İlin ilk üç ayında kəmərlə ötürülən gündəlik qazın həcmi isə orta hesabla təxminən 11 milyon kubmetr təşkil etmişdir. Bütün bunlarla yanaşı, “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi üçün planlaşdırılmış tədbirlər də uğurla reallaşdırılır. Belə ki, cari ilin əvvəlində SDS02 quyusunun aşağı hissəsində qazma işlərinə start verilmişdir. Bu quyuda qazma işləri üçüncü rübdə tamamlanacaq. Daha sonra isə SDS03 quyusunun qazılmasına başlanacaqdır. “İstiqlal” qurğusunun sertifikatlaşdırılması səbəbindən müvəqqəti dayandırılmış qazma işləri gələn ilin birinci rübündə bərpa olunacaq. Bundan əlavə, Heydər Əliyev qazma qurğusu ilə qazılmasına başlanılmış SDX07 quyusunda da qazma işləri ilin əvvəlindən etibarən uğurla davam etdirilmiş və həmin quyunun üçüncü rübdə təhvil verilməsi planlaşdırılır.
Məlum olduğu kimi, 2012-ci ilin aprel ayından etibarən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə bağlı mühəndis-layihə işlərinə start verilmişdir. Bu isə Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi istiqamətində son dərəcə mühüm bir addım olmuşdur. Ötən müddətdə ilkin mühəndis-layihə işləri ilə bağlı mühüm irəliləyişlər əldə edilmişdir. Xatırladaq ki, “Şahdəniz-2" layihəsi Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıracaq dünya səviyyəli, nəhəng bir layihədir. Hesablamalara görə, dəyəri 25 milyard dollar təşkil edən bu layihə çərçivəsində ”Şahdəniz" yatağından ildə əlavə olaraq 16 milyard kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Bu da yatağın illik hasilat gücünün 25 milyard kubmetrə çatdırılmasına imkan yaradacaq. Məlumat üçün bildiririk ki, sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdiriləcək iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, dənizin 550 metrədək dərinliyi ilə çəkləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəməri marşrutunun mövcud ixrac gücünə ildə 16 milyard qaz həcmlərinin əlavə olunması, eləcə də Səngəçal terminalının genişləndirilməsi daxildir. Bununla yanaşı, Şahdəniz qazının Türkiyə və Avropa ərazilərindən daşınması üçün əlavə boru kəmərləri çəkilməli və genişləndirilməlidir.
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi Azərbaycan iqtisadiyyatına təqribən 25 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsi yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını artırmaqla yanaşı, köhnə qitənin enerji təhlükəsizliyinin təminatına da mühüm töhfələr verəcək. Hazırda Avropanın təbii qaza olan tələbatının ödənilməsi üçün yeni bir ixrac marşrutunun yaradılması istiqamətində tədbirlər davam etdirilir. Ötən ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri arasında Türkiyə Respublikasının ərazisindən keçən Trans-Anadolu boru kəmərinin inşası və tranzit sazişləri imzalanmışdır. Daha sonra isə hər iki saziş Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edildikdən sonra qanun statusu almışdır. Artıq TANAP layihəsinin “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə paralel həyata keçirilməsinə başlanmışdır.
Ötən il dekabr ayının 18-də “Şahdəniz” konsorsiumu ilə ARDNŞ arasında bir sıra sazişlər imzalanmışdır ki, bunu da yekun investisiya qərarının qəbulu istiqamətində mühüm addım saymaq olar. Yeri gəlmişkən, “Şahdəniz” konsorsiumunun ikinci mərhələ qazını Türkiyənin qərb sərhədindən Avropanın likvid və böyüməkdə olan bazarlarına çatdırılmasını nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) və Nabukko Uest layihələri də “Cənub” qaz dəhlizinin son hissəsi kimi qiymətləndirmə mərhələsindədir. Hazırda “Şahdəniz” konsorsiumunun iştirakçıları Avropaya qaz nəql edəcək boru kəməri sisteminin hər bir hissəsində iştirak etməyi planlaşdırırlar. Xatırladaq ki, bu sistemə Cənubi Qafqaz boru kəməri, TANAP və qazı Avropaya çatdırmaq üçün seçiləcək TAP və ya Nabukko Uest daxildir. Hazırda bütün diqqət Avropa marşrutunun yekun seçim prosesinə yönəlmişdir. Həmin proses isə TAP və Nabukko Uest layihələrinin yaxın günlərdə tam qiymətləndirilməsindən ibarətdir. Bu iki layihə arasında yekun seçim qərarının isə bu günlərdə verilməsi gözlənilir. “Şahdəniz” yatağının tammiqyaslı işlənmə layihəsinin yekun investisiya qərarı da məhz bu il ərzində qəbul ediləcək. Bütövlükdə isə 2013-cü ildə layihə üzrə işlərə 2,3 milyard dollar vəsait xərclənəcək. Xatırladaq ki, “Şahdəniz-2" layihəsi çərçivəsində böyük qaz hasilatının 2018-ci ildə başlanması proqnozlaşdırılır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.