İyunun 21-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə təşkil olunan Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Rəhbərlər Şurasının 15-ci illik toplantısı çərçivəsində Azərbaycan biznes forumu keçirilmişdir.
Forumda iqtisadi inkişaf üzrə strateji siyasətlə bağlı müzakirələr aparılmış, Azərbaycanın dövlət rəsmiləri tərəfindən dövlətin iqtisadi şaxələndirməyə yanaşma prinsipləri təqdim olunmuşdur. Həmçinin, dünyanın aparıcı beynəlxalq maliyyə institutları arasında beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli işlənilib hazırlanmış tövsiyələr barədə fikir mübadiləsi aparılmışdır.
Açılış mərasimində çıxış edən QTİB-in Rəhbərlər Şurasının sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov bu tədbirin ölkəmizin imici üçün əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan ötən illərdə böyük iqtisadi uğurlar əldə etmişdir. Bu, ölkənin əsas maliyyə mənbəyi olan neft-qaz sektorundan əldə edilən gəlirlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın digər sahələrinə düzgün istiqamətləndirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün təbii ehtiyatların düzgün və səmərəli idarə olunması üzrə Azərbaycan nümunə kimi göstərilən ölkələrdən biridir.
Nazir qeyd etmişdir ki, son 10 ildə Azərbaycan iqtisadi artıma görə dünyada lider ölkələr sırasında yer almışdır. Eyni zamanda, son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 100 milyard dollar investisiya yatırılmışdır. Ölkənin strateji valyuta ehtiyatları 47 milyard dolları üstələməkdədir.
Qarşıya qoyulan hədəflər barədə danışan S.Şərifov bildirmişdir ki, dövlət başçısının Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı, xüsusən nəqliyyat, logistika, İKT, kənd təsərrüfatı kimi sahələrin artımı əsas məqsədlər kimi müəyyənləşdirilmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycanın QTİB-ə üzv ölkələr ilə xarici ticarət dövriyyəsinin ölkənin ümumi ticarət dövriyyəsinin 22 faizini təşkil edir.
Dünya iqtisadiyyatında QTİB-in rolu barədə danışan nazir quruma üzv ölkələrin Avrozonanın borc böhranı nəticəsində rastlaşdıqları maliyyə çətinliklərindən söz açmışdır. Qeyd olunmuşdur ki, ötən il sözügedən ölkələrdə iqtisadi artımda əvvəlki illə müqayisədə 50 faizədək ləngimə baş vermişdir: “Bu gün QTİB tənəzzül yaşayan ölkələrdə iqtisadiyyatın dirçəlməsi üçün əməli tədbirlər həyata keçirir. Bu, əsasən həmin ölkələrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində özünü göstərir. Elə bu tədbir çərçivəsində 4 kredit müqaviləsinin imzalanması gözlənilir”, - deyə S.Şərifov vurğulamışdır.
QTİB-in prezidenti Andrey Kondakov qeyd etmişdir ki, bu toplantı Azərbaycanda görülən işlərin, böyük iqtisadi dirçəlişin bir daha şahidi olmaq imkanı qazandırır. Tədbirdən gözləntilər barədə danışan A.Kondakov demişdir ki, biznes forumda özəl sektorun inkişafı və iqtisadi strategiyanın təşkili mövzusunda müzakirələr aparılacaq, müxtəlif ölkələrin təcrübələrini bölüşmək üçün imkanlar yaranacaqdır. Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcəkdir.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, Azərbaycan son illər ərzində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra nailiyyətlər qazanmışdır və bu istiqamətdə tədbirləri davam etdirir. Azərbaycan digər ölkələrlə əlaqələr qurur və ixracyönümlü məhsulların istehsalını artırmaqda davam edir. Ötən 10 il ərzində ölkədə ixracyönümlü məhsulların istehsalı 23 faiz artmışdır və növbəti illərdə daha 20 faiz artım gözlənilir.
Tədbirin panel müzakirələrində dünya iqtisadiyyatının müxtəlif inkişaf aspektləri müzakirə olunmuş, AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimat keçirilmiş, o cümlədən Azərbaycanın investisiya imkanları barədə iş adamlarına məlumat verilmişdir.
Biznes forum daha sonra iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.
Tədbir çərçivəsində QTİB ilə Azərbaycanın 4 maliyyə təsisatı arasında kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilələrə əsasən, QTİB “Unibank”a 5 milyon dollar, “Finca Azərbaycan”a 10 milyon dollar, “TBC Kredit”ə 4 milyon dollar vəsait ayırmışdır. Kreditlər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcəkdir.
Biznes forum çərçivəsində Qara dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurası ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.