Xəbər verildiyi kimi, kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konfransının 38-ci sessiyasında iştirak etmək məqsədi ilə İtaliyanın Roma şəhərində səfərdədir.
AzərTAc xəbər verir ki, səfər çərçivəsində nazir İsmət Abasov FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşmüşdür.
Təşkilatın baş direktoru ötən il Bakıda keçirilmiş FAO-nun 28-ci Avropa Regional Konfransında iştirak etmək məqsədi ilə ölkəmizə səfər etdiyini və Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, dövlətimizin başçısının FAO ilə əməkdaşlığın yeni müstəvidə davam etdirilməsi üzrə siyasi iradəsini çox yüksək qiymətləndirdiyini bildirmişdir. O, həmçinin Bakıda keçirilmiş konfransın açılışında Prezident İlham Əliyevin şəxsən iştirak etməsinin kənd təsərrüfatı sahəsinin inkişafına və bu sahədə beynəlxalq inteqrasiyaya Azərbaycanda ən yüksək səviyyədə əhəmiyyət verilməsinin FAO üçün təqdirəlayiq olduğunu bildirmişdir.
FAO-nun baş direktoru nazir İsmət Abasovu ölkəmizin 2000-ci ildə BMT-nin Baş Məclisində qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək “Aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək “Kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə vaxtından tez nail olması münasibətilə təbrik etmişdir.
Nazir İsmət Abasov Avropa Regional Konfransının sədri qismində Avropa regionu üzrə prioritetləri qarşı tərəfin diqqətinə çatdırmışdır. Təşkilatın baş direktoru regional prioritetlərin ölkə, təşkilat və qlobal səviyyədə prioritetlərlə uzlaşdırılmasının vacibliyini vurğulamışdır.
Görüşdə tərəflər arasında, həmçinin ölkəmizin FAO ilə əməkdaşlığının mümkün yeni istiqamətləri müzakirə olunmuşdur.
İsmət Abasov kənd təsərrüfatı sahəsi ilə yanaşı, sosial və mədəni sahələrdə layihələrin əsasən daxili maliyyə vəsaitləri hesabına maliyyələşdirildiyini bildirmişdir.
FAO-nun baş direktoru bu kontekstdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi sosial və mədəni layihələrdən məlumatlı olduğunu demişdir. Baş direktor Heydər Əliyev Fondu ilə rəhbərlik etdiyi təşkilat arasında sosialyönümlü layihələr üzrə mümkün əməkdaşlıq sahələrinin müzakirə olunması məqsədi ilə Mehriban xanım Əliyevanın Roma şəhərinə dəvət edilməsi təşəbbüsünü irəli sürmüş və FAO-nun rəsmi dəvət məktubunu nazir İsmət Abasova təqdim etmişdir.
Nazir diqqəti Azərbaycan vətəndaşlarının FAO-ya işə götürülməsi və təşkilatda təmsilçiliyimizin qənaətbəxş olmaması məsələsinə cəlb edərək soydaşlarımızın bu təşkilata işə qəbul olunması üçün bərabər şərtlərin yaradılmasının vacibliyini FAO baş direktorunun diqqətinə çatdırmışdır.
Qarşı tərəf nazir İsmət Abasovun fikrinin doğru olduğunu etiraf etmiş, bu statusun müsbət istiqamətdə dəyişdirilməsi yönündə tədbirlər görəcəyini vəd etmişdir.
FAO-nun baş direktoru ilə görüşdən sonra nazir İsmət Abasov təşkilatın müraciəti əsasında jurnalistlərə müsahibə vermişdir. Müsahibəsində nazir İsmət Abasov BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə və Dünya Ərzaq Sammitinin məqsədlərinə nail olmağın Prezident İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarından irəli gələn məsələlərin uğurlu həlli sayəsində mümkün olduğunu bildirmişdir. O, həmçinin Azərbaycanın milli, regional və qlobal səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin olunmasına bundan sonra da öz töhfəsini verməyə hazır olduğunu demişdir.
Həmin gün nazir İsmət Abasov Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker ilə də görüşmüşdür.
Görüşdə tərəflər iki ölkə arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə etmişlər.
Görüşlərdə Azərbaycanın İtaliyadakı səfirliyinin ikinci katibi, Romada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndənin müavini Fuad Fərzəlibəyov iştirak etmişdir.
Səfər davam edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.