Bakıda IV Azərbaycan Beynəlxalq sığorta forumu keçirilir

 

İyunun 20-də Bakıda IV Azərbaycan Beynəlxalq sığorta forumu işə başlamışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilən forumda 20-dən çox ölkənin sığorta, təkrarsığorta və broker şirkətlərinin 200-dən çox nümayəndəsi iştirak edir.

Forumun açılışında çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov son illər ölkədə gedən sürətli iqtisadi inkişafdan və bu tərəqqinin sığorta sahəsinə birbaşa təsirindən söz açmışdır. Nazir Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi tərəqqiyə nail olunduğunu, yoxsulluğun səviyyəsinin azaldığını, insanların sosial rifah halının daha da yaxşılaşdığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Cənubi Qafqazda hasil olunan ümumi daxili məhsulun 70 faizi Azərbaycanın payına düşür. Azərbaycan iqtisadiyyatı dünyanın 46 ən rəqabətədavamlı iqtisadiyyatları sırasındadır. İqtisadi nailiyyətlərə baxmayaraq görüləcək işlər də çoxdur.

S.Şərifov bildirmişdir ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə qarşıdakı 8-10 ildə Azərbaycanda qeyri-neft ümumi daxili məhsulun 2 dəfə artırılması, o cümlədən ölkədə sığorta bazarının daha da inkişafı, sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin və sığorta məhsullarının çeşidinin artırılması, təkrarsığortanın, həmçinin həyat sığortasının və tibbi sığortanın tətbiqinin genişləndirilməsi əsas hədəf kimi qarşıya qoyulmuşdur.

S.Şərifov qeyd etmişdir ki, son illərdə ən vacib məsələ sığorta bazarında prudensial nəzarətin gücləndirilməsi və konsolidasiya işləri olmuşdur. 2003-2012-ci illərdə sığorta şirkətlərinin minimum nizamnamə kapitalı 5 dəfə artmışdır. Bu müddətdə sığorta şirkətlərinin kapitallaşması 16 dəfə artmış - 18,4 milyon manatdan 300 milyon manata çatmışdır. Sığorta bazarının həcmi son 2 ildə 2 dəfə artmış və 2012-ci ildə 350 milyon avro təşkil etmişdir.

Nazir ölkəmizdə xüsusilə aqrar və səhiyyə sığortası ilə bağlı addımların atılmasının vacibliyini vurğulamışdır. O bildirmişdir ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi qarşıya qoyulmuş məqsədlərdən biridir. Forumun Azərbaycanda sığorta sahəsinin inkişafına təkan verəcəyini bildirən S.Şərifov bu sahədə beynəlxalq münasibətlərin möhkəmləndirilməsinin və birgə fəaliyyətin əhəmiyyətini qeyd etmişdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan sığorta bazarının tarixi və inkişaf səviyyəsindən, indiyədək bu sahədə əldə olunan nailiyyətlərdən danışmışdır.

Sonra aqrar və tibbi sığorta ilə bağlı təqdimatlar olmuşdur.

İki gün davam edəcək forumda Böyük Britaniya, Fransa, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Gürcüstanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, həmçinin bu ölkələrin milli sığorta ittifaqlarının və Dünya Bankının təmsilçiləri, eləcə də ölkəmizin ən aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edirlər. Forum iştirakçıları “Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrar sığorta həlləri”, “Kənd təsərrüfatı sığortası-dövlət tənzimlənmələri və bazar reallıqları”, “Tibbi sığorta-köhnə problemlərin yeni həlləri”, “Avtomobil sığortası” mövzularında müzakirələr aparılacaqdır.

2008-ci ildən etibarən keçirilən Azərbaycan Beynəlxalq sığorta forumu - Qafqaz regionunda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında