Qeyri-neft sektoru: Dayanıqlı inkişaf kontekstində

 

 

 

Karbohidrogen ehtiyatların mövcudluğu və xüsusilə 20-ci əsrin əvvəllərindən neftin dünya iqtisadiyatında əhəmiyyətinin sürətlə artması bu təbii sərvətə sahib olan ölkələrə inkişaf etməkdə əlavə dividentlər qazandırdı. Lakin zaman keçdikcə bu növ təbii sərvətlərə sahib olan digər ölkələrin iqtisadiyatında baş verən kataklizmlər və Holland sindromu neftə əsaslanan inkişafın heç də daimi olmadığını və neftdən əldə edilən gəlirlərdən səmərəsiz istifadənin bir cox hallarda ölkəni böhrana, o cümlədən təktərəfli iqtisadiyyat, inflyasiya, işsizlik və s. kimi makroproblemlərin yaranmasına səbəb olur.

Bu problemlər neftlə zəngin ölkələrin qeyri-neft sektorunun inkişafına diqqətini artırdı. Azərbaycan yenidən müstəqilliyin əldə etdikdən sonra ilk əvvəl sürətli tənəzzülü durdurmaq və neftin dünya bazarlarına cıxarılmasını təmin etməli idi. 1994-cü ildə Azərbaycan neftinin hasilatını təmin edəcək xarici investisiyaların cəlb edilməsi məqsədilə dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı, 1995-ci ildə isə iqtisadi tənəzzül dayandırıldı. 1995-ci ildən 2006-cı ilədək ölkə iqtisadiyatı örta templə inkişaf etdi. Lakin 2005-ci ildə BTC-nin istifadəyə verilməsi ilə neft hasilatının sürətlə artması, eyni zamanda, dünya bazarlarında bu məhsulun qiymətinin bahalaşması ölkəmizdə sürətli inkişafa səbəb oldu.

2006-cı ildən sonra ölkədə qeyri-neft sektorunun inkişafını təmin edəcək infrastrukturun yaradılması, zəmanətli investisiya mühitinin formalaşdırılması, böyüməni təmin edəcək daxili alıcılığın artırılması məqsədi ilə hökumət tərəfindən bir cox addımların atılması, nəticədə son illərdə coxşaxəli iqtisadiyyatın formalaşması prosesi daha da intensivləşdirib.

2001- 2012-ci illəri əhatə edən dövr ərzində qeyri-neft sektorunun inkişaf tempi neft sektoruna nisbətən daim davam edib. Ümumilikdə, bu sektorun inkişafında neftdən daxilolmalarla yanaşı, inkişaf proqramları, infrastrukturun yenilənməsi, yerli sahibkarlığın dəstəklənməsi və müasir bazar münasibətlərini təmin edəcək qanunvericilik bazasının yaradılması və daim yenilənməsi kimi amillərin də böyük təsiri olub. Qeyri-neft sektorundakı dinamikanı daha dəqiq təsəvvür etmək üçün düşünürük ki, bu sektorda yaradılan əlavə dəyərin artım tempi ilə onun ümumi iqtisadiyyatdakı payını müqayisə etmək məqsədəuyğundur.

Qeyri-neft sektorunun 2003-cü ildə ümumi iqtisadiyyatdakı xüsusi cəkisi 70 faiz olduğu halda, 2010-cu ildə 49,7 faizədək azalıb. Bu dövr ərzində sektorda daim artım baş verib. 2008-ci il dünya maliyyə böhranının baş verməsi neftin qiymətlərinin kəskin azalmasına səbəb olub ki, nəticədə neft sektorunun artım tempi birdən-birə 6,8 faizə qədər azaldığı halda, qeyri-neft sektorunun 15,9 faiz böyüməsi ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əhəmiyyətini bir daha ortaya qoymaqla yanaşı, bu sahədə görülən işlərin müsbət effektivliyinə nümunə oldu. 2011-ci ildən etibarən qeyri-neft sektoru 2009-cu və 2010-cu illərə nisbətən daha sürətlə böyüyür ki, bu da sonda sektorun iqtisadiyyatdakı əvvəlki mövqeyini bərpa etməsində müsbət rol oynayır. Ümumilikdə isə Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafını Malaziya, Sinqapur, Tayvan, Cənubi Koreya kimi ölkələrin yaşadığı iqtisadi dircəlişlə müqayisə etmək olar. Ölkənin bu sahədə əldə etdiyi üğurlar hökumətin həyata kecirdiyi struktur islahatlarının və aktiv idarəetmənin nəticəsində mümkün olub.

Qeyri-neft sektorunun əhəmiyyəti

Ölkə iqtisadiyatında qeyri-neft sektorunun əhəmiyyəti aşağıdakı amillərlə əlaqələndirilir:

-4,7 milyon nəfər məşğul əhalinin təxminən 4,6 milyonu qeyri-neft sektorunda calışır, o cümlədən muzdla calışan 1366,9 min işçinin 1330 mini qeyri-neft bölməsinin payına düşür;

-daxili tələbatın ödənilməsində idxaldan asılılıq azalır, idxal inflyasiyasını məhdudlaşdırır;

-dövlət büdcəsinin gəlirlərinin əsas qaynaqlarından biri hesab edilir;

-ölkənin rəqabətqabiliyyətini artırır;

-neft tükəndikdən sonra ölkə iqtisadiyyatının zəmanətcisi rolunu oynayır.

Bəhs etdiyimiz arqumentlərə diqqət etdikdə qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti və gələcəyində oynadığı rolun nədən ibarət olduğunu təsəvvür etmək daha da asan olur. Belə ki, ölkə ÜDM-nin 40 faizdən bir az artığını əhatə edən neft sektorunda məşğul əhalinin təxminən 2 faizi işlə təmin edilib. Digər 98 faiz əmək qabiliyyətli vətəndaşlarımız isə iqtisadiyyatın neftdən kənar sektorlarında fəaliyyət göstərməklə daxili tələbatın genişlənməsinin əsas amilidir. Eyni zamanda, yoxsulluğun azaldılmasında böyük pay məhz bu sektora aiddir.

Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının qarşılanmasında idxal məhsullarından asılılığın azaldılması və maliyyə sektorunun idxal inflyasiyasından qorunmasında qeyri-neft sektorunun rolu əvəzsizdir. Dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasında da qeyri-neft sektoru müstəsna əhəmiyyət daşıyır. Baxmayaraq ki, son illərdə büdcədə neftdən daxillolmaların həcmi coxdur, perspektiv üçün dövlət büdcəsinin maliyyə qaynağı iqtisadiyyatın neftdən kənar sektorları hesab edilir. Cünki hər hansı təbii sərvətin gətirdiyi dvidendlər sonsuz deyil və bir gün tükənir. Nəticədə büdcə yenidən real sektorun dayanıqlığından asılı olur. Məhz bu səbəblərə görə iqtisadiyyatın diversifikasiyası və bu sektorun inkişaf etdirilməsi Azərbaycan hökuməti tərəfindən prioritet hesab edilir.

Bütün bu sadaladıqlarımız qeyri-neft sektorunun ölkə iqtisadiyyatındakı üstün statusunun əhəmiyətini təsdiq edir.

Qeyri-neft sektorunun inkişaf istiqamətləri

Ölkəmizdə strateji maraqlara söykənən iqtisadi siyasətin aparılması nəticəsində həyatın bütün sferalarında, o cümlədən iqtisadiyyatda ciddi irəliləyiş və inkişaf təmin edilib. Bu tendensiya qeyri-neft sektoruna da şamil edilir.

Neft və qazın hasilatından qaynaqlanmayan sektorların inkişaf tempinə daha cox təsir edən amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:

-investisiya siyasəti və cəlb edilən investisiyyaların həcmi;

-ölkədə aparılan struktur və institusional dəyişiklər, müasir qanunvericilik bazasının yaradılması;

-daxili tələbatın dəyişməsi;

-maliyyə- bank bazarında son illər aparılan islahatlardan doğan və kreditləşmədən( buraya istehsal və istehlak məqsədli kreditlər daxildir) formalaşan istehlak və istehsal münasibətləri;

-daxili istehsalı təşviq edən dövlət xərclərinin həcmi.

Ötən illər ərzində sadaladığımız amillərin hər biri ölkəmizdə daim diqqət mərkəzində saxlanılıb və aparılan iqtisadi və sosial siyasət nəticəsində keçid dövrü uğurla başa çatdırılıb, hazırda isə iqtisadiyyatın şaxələndirilməsi prosesi məqsədli və sürətli şəkildə davam etdirilir. Ötən on il ərzində kənd təsərrüfatında yaradılan əlavə dəyər 780,3 milyon manatdan 2736,4 milyon manata, tikintidə 310,7 milyon manatdan 4215,3 milyon manata, nəqliyyat və rabitə sahəsində 538,9 milyon manatdan 3358 milyon manata yüksəlib. 2001-ci ildə 418,3 milyon manat olan xalis vergilərin həcminin 2011-ci ildə 3058 milyon manata qədər artması bu illər ərzində baş verən inkişafın bariz nümunəsidir. Hazırda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru ÜDM-nin həcmi Gürcüstan və Ermənistan iqtisadiyyatının ümumi həcmindən daha artıqdır. Belə ki, iki ölkənin 2012-ci ildə ümumi ÜDM-in 26,4 milyard dollar olduğu halda ölkəmizdə yalnız qeyri-neft sektoru ÜDM-i 36,5 milyard ABŞ dollar olub. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Davos İqtisadi Forumunun regional toplantısında da söylədiyi kimi, ölkəmiz neft və qaz gəlirlərindən əldə etdiyi vəsaitlərdən iqtisadiyyatın digər sektorlarının inkişafında çevik və praqmatik istifadə edir.

Qeyri-neft sektorunun xarici ticarətdə payı

Hazırda ixracın böyük bir qismini neft, neft məhsulları və qazın satışı təşkil etsə də, xarici ticarətdə qeyri-neft sektorunun payı ildən-ilə artır. Bu sahədə inkişafı təmin etmək məqsədilə ölkəmizdə dünya bazarlarında rəqabət apara biləcək keyfiyyətli və beynəlxalq standartlara uyğun məhsulların istehsalı, yeni və innovativ müəssisələrin acılması və ixracı stimullaşdıracaq tədbirlərin həyata keçirilməsi prosesi davam etdirilir.

Xatırladaq ki, 2001-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 3,7 milyard dollar olduğu halda, 2012-ci ildə bu göstərici 43,8 milyard dollara qədər və yaxud da təxminən 12 dəfə artıb. Əlbəttə, son illər qeyri-neft məhsullarının ixracdakı xüsusi cəkisi karbohidrogen məhsullarının daha cox satılması səbəbindən azalıb. Ancaq bu göstərici də həcm olaraq 2001-ci ildəki 0,29 milyard dollar olduğu halda, 2012-ci ildə artaraq 1,673 milyard dollar olub. Son illərdə isə bu artım daha da intensiv xarakter alıb. Belə ki, 2010-cu ildə bəhs edilən sektorun xarici ticarətdəki payı 2 faiz idisə, 2011-ci ildə analoji göstərici 11 faiz olub. 2020-ci ilə qədər Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında isə qeyri-neft sektorunun həcminin adambaşına 1000 ABŞ dollarına və yaxud ümumilikdə 10 milyard dollara qədər artacağı hədəf olaraq müəyyən edilib.

Əgər nəzərə alsaq ki, ölkəmizə idxalın həcmi təxminən 9,5 milyard dollardır və istehsal gücləndikcə daxili tələbatın ödənilməsi daha cox bu qaynaq hesabına təmin edilir. Qeyd edək ki, 2020-ci ildə ölkəmizin qeyri-neft ixracı ümumi idxala bərabər olacaq. Bu isə Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsi, neft hasilatının tükəndiyi zamanlarda ticarət saldosundakı üstünlüyün qorunub saxlanması və iqtisadi nüfuzun itirilməməsi istiqamətində müsbət rol oynayacaq. 2011-2013-cü illər ərzində bu istiqamətdə atılmalı olan addımların və aparılan siyasətin konturlarının müəyyən edilməsi və səmərəliliyinin artırılması məqsədi ilə Nazirlər Kabineti 8 fevral 2011-ci ildə"2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı"nı təsdiq edib. Tədbirlər Planında qanunvericilik bazasının təkmilləşdirilməsi, ixrac siyasətində koordinasiyanın gücləndirilməsi, ixrac mallarının istehsalının stimullaşdırılması, ixracın infrastruktur təminatının yaxşılaşdırılması, keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi, ixracın təşviqi və maarifləndirmə kimi vacib məsələlər öz əksini tapıb.

Qeyri-neft sektorunun inkişafı, o cümlədən qeyri-neft ixracının artırılması istiqamətində atılan addımlardan ən mühümü kimi Sumqayıtda Sənaye Parkının yaradılması, Gəncədə isə bu istiqamətdə işlərin aparılması gələcəkdə rəqabətədavamlı və elmtutumlu istehsalın təmin edilməsi məqsədini daşıyır.

Qeyri-neft sektorunun büdcə gəlirlərində payı

Ölkəmizin karbohidrogen ehtiyatlarına sahib olması və bu ehtiyatların son illər dünya bazarına cıxarılmasından əldə edilən gəlirlər digər sahələrin inkişafına təsiri artırıb və sosial dövlət dəyərləri baxımından gəlirlərin müəyyən bir qismi dövlət büdcəsinə yönəldilib. Nəticədə, bu vəsaitlərin həcmi qeyri-neft sektorundan əldə edilən gəlirlərə nisbətən daha artıq olub. Neftdən daxil olan vəsaitlərin büdcə vasitəsilə ölkənin infrastrukturunun yenidən qurulması, sosial rifahın gücləndirilməsi, insan kapitalına diqqətin artırılması, nisbətən zəif inkişaf edən sektorlara dövlət dəstəyinin təmin edilməsi, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilməsi təqdirəlayiq haldır.

 

Onu da qeyd etmək lazımdır ki, yuxarıda sadaladığımız sahələrin bir coxu( infrastrukturun yenidən qurulması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması) birdəfəlik və yaxud uzunmüddət təkrar maliyyənin cəlb edilməsinə ehtiyacı olmayan sahələrdir. Bu da imkan verir ki, gələcək illərdə büdcənin əsas xərclərində kəsintilərə getmədən neftdən daxillolmaların miqdarını kifayət qədər azaltmaq mümkün olsun. Bununla yanaşı, Azərbaycan hökuməti bu sahədəki disbalansı aradan qaldırmaq istiqamətində də səylərini artırıb. Belə ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər, yeni rəqabət məcəlləsinin hazırlanıb müzakirəyə təqdim edilməsi, korporativ fermer təsərrüfatları haqqında qanunun hazırlanması, nağdsız ödəniş sisteminin bütün ölkə boyu təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi, o cümlədən kölgə iqtisadiyyatının minimuma endirilməsi kimi addımların atılması nəticəsində büdcədə qeyri-neftdən gəlirlərin həcmində son illər ciddi artım baş verib.

2006-cı ildə bu sektorun büdcə gəlirlərindəki payı 1,6 milyard manat olduğu halda, 2011-ci ildə 4 milyard, 2012-ci ildə 4,4 milyard manat olub ki, bu da 6 il ərzində təxminən 3 dəfə artım deməkdir. Analoji göstəricinin 2013-cü idə isə 5,3 milyard manat olacağı proqnozlaşdırılır, bu da büdcənin əsas xərclərinin təxminən 50 faizinə bərabərdir. Bu hal arzuedilən olmadığından hökumət qısa müddətdə, yəni 2020-ci ilədək dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun məbləğini əsas xərclərə bərabərləşdirmək istiqamətində tədbirlər görür.

İnvestisiya siyasətinin istiqamətləri

Ölkənin iqtisadi dayanıqlılığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsinin əsas yolunun mövcud potensialdan səmərəli və vaxtında istifadə edilməsi olduğu üçün müstəqilliyimizin ilk illərindən ölkəmizdə normal investisiya mühitinin yaradılması və xarici kapital axınının təmin edilməsi ən yüksək səviyyədə örtaya qoyulan iradə sayəsində təmin edilib. Baxmayaraq ki, 2005-ci ilədək iqtisadiyyata qoyulan investisiyanın böyük bir qismi enerji sektoruna yönəldilirdi, sonralar bu tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişib. Ümumiyyətlə, investisiya siyasəti Azərbaycan hökumətinin müəyyən etdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İnvestisiya axınının təşviq edilməsində əsas məqsəd iqtisadiyyata xam vəsaitlərin daxil olması və istehsalat bazasının genişləndirilməsi, rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması və daimi böyümənin təmini kimi mühüm problemlərin həllini sürətləndirməkdir.

Bu günədək investisiya mühitinin hüquqi bazasının yaradılması istiqamətində bir cox əhəmiyyətli addımlar atılıb, mühüm qanunlar yaradılıb. Hazırda ölkəmizdə investisiya fəaliyyətini tənzimləyən iki qanun-Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1992-ci il sərəncamı ilə təsdiq edilmiş “Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikası Qanunu” və 13 yanvar 1995-ci il sərəncamı ilə təsdiq esilmiş “İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” tətbiq edilir. Həmçinin, Azərbaycan hökuməti bir sıra dövlətlərlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qorunması haqqında ikitərəfli sazişlər imzalamaqla yanaşı, mənfəətin başqa valyutalara konvertasiya edilməsi, xarici dövlətə köçürülməsi və ya reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilib, bazar münasibətlərinə söykənən vahid valyuta məzənnəsi formalaşdırılıb.

Nəticədə Azərbaycanda investorlara qorunan hüquq və mənafelər, yerli və xarici sahibkarlara bərabər şərait, toxunulmaz mülkiyyətə əsaslanan normal investisiya mühiti formalaşıb. Görülən işlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların ölkəmizə olan marağını artırıb. Günümüzdə isə aparılan iqtisadi islahatların əsas hədəfi qeyri-neft sektorunun inkişafına və bu sahəyə sərmayə axınının təmin edilməsinə yönəlib.

1995-2012-ci illərdə iqtisadiyyata yönəldilən ümumi investisiyanın həcmi 140 milyard olub ki, bunun da 56 faizi, yaxud da 78,4 milyard dolları xarici investisiyaların payına düşür.

Ötən illər ərzində investisiyaların istiqamətində də mühüm dəyişiklik baş verib. Belə ki, müstəqilliyin ilk 10 illiyində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların böyük bir qismi, təxminən 65 faizi enerji sektorunun payına düşürdüsə, sonrakı on illikdə bu tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişib. 2003-2011-ci illərdə qeyri-neft sektoruna yönəldilən investisiya ümumi sərmayənin 62 faizinə, 2012-ci ildə isə analoji göstərici 76 faizə bərabər olub. Görünən odur ki, ölkəmizin qeyri-neft sektorunda aparılan islahatlar bu sahəyə investor marağını artırıb ki, bu da iqtisadiyyatın diversifikasiyası baxımından cox mühüm amildir.

Bəhs etdiyimiz nailiyyətlərin əldə edilməsində rolu olan addımlardan biri isə 2003-cü ildə yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılması və investisiyaların cəlb edliməsini həvəsləndirmək məqsədi ilə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaradılması idi. Bu qurum hökumətlə investorlar arasında əlaqələndirici rolunu oynamaqla özəl və dövlət sektorunda əhəmiyyətli işlər görür. Həmçinin fond xarici investorlara investisiya yatırılacaq sahələrin müəyyən edilməsində, yerli bürokratiya ilə mübarizədə, onların ölkəmizdəki fəaliyyətlərini asanlaşdırmaqda yardımlar göstərir.

Azərbaycanda adambaşına düşən xarici investisiyaların yüksək göstəricisi, hökümətin investorların ən ali səviyyədə hüquqi müdafiəsinin təmin etməsi, ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin daimi artımı, kənd təsərüfatında istehsalın təşviqi məqsədi ilə edilən vergi güzəştləri, ixtisaslı əmək ehtiyatlarının coxluğu, ölkənin beynəlxalq ticarət təşəbbüslərində aktiv iştirakı və ən əsası isə ölkənin coğrafi mövqeyinin Avropa və Asiya bazarlarına səmərəli cıxış imkanı verməsi münbit xarici investisiya mühitinin formalaşmasında başlıca rol oynayır.

Yuxarıda sadaladığımız əlverişli və münbit biznes mühitinin formalaşdırılması hətta Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing business-2012” hesabatında da öz əksini tapıb və Azərbaycan dünyanın 183 ölkəsi arasında 66-cı yerə layiq görülməklə biznesə başlamaq parametrləri üzrə inkişaf etmiş ölkələrlə bir sırada qərarlaşıb.

Sonda isə qeyd etmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafı, ölkədə aparılan iqtisadi siyasətin nəticəsidir. Həmçinin, ölkənin iqtisadi gələcəyinin qeyri-neft sektoruna bağlı olması prioritet götürülərək bu sahədə ciddi infrastruktur işləri həyata kecirilib, normal investisiya mühiti formalaşdırılıb. Digər tərəfdən, qanunvericilik bazası zamanın tələbinə uyğunlaşdırılıb, normal bazar münasibətlərinin formalaşmasında və azad rəqabətin təmin edilməsində ciddi nəticələr əldə edilib. Ölkəmizin etibarlı tərəfdaş imici yaradılıb və beynəlxalq nüfuzu müsbətə döğru dəyişməkdə davam edir. Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyətli layihələrdə iradə nümayiş etdirən regional gücə cevrilib. Bir sözlə, ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanıb və Azərbaycan dünya iqtisadiyyatının aktiv iştirakçısına cevrilib.

Vüqar BAYRAMOV,

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında