İyunun 18-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) IV qurultayı keçirilmişdir.
AzərTAc xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxumuşdur (Məktub qəzetin bugünkü nömrəsində dərc olunur).
ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev qurultayın idarəetmə orqanlarının seçilməsi ilə əlaqədar təşkilat komitəsinin təklifini vermiş, daha sonra gündəlik təsdiq olunmuşdur.
ASK-nın prezidenti Məmməd Musayev qurultayı açaraq bildirmişdir ki, dünyada qlobal maliyyə və iqtisadi böhranın nəticələrinin hələ də aradan qaldırılmadığı indiki dövrdə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Siyasi sabitlik və mövcud potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı etmiş, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirmişdir. Ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qeyri-neft sektorunun artımı respublikanın regionlarının mütənasib və davamlı inkişafına gətirib çıxarmış, əhalinin sosial rifahı daha da yaxşılaşdırılmışdır. Bu gün ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda cəmləşmişdir.
Qeyd olunmuşdur ki, ASK Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələri əsas götürərək beynəlxalq təşkilatlarla əlaqələri gücləndirir, sahibkarların Avropa təcrübəsindən yararlanmasına, onların xarici bazarlara çıxmasına şərait yaratmağa çalışır. Hazırda konfederasiya öz sıralarında minlərlə sahibkarlıq subyektini, o cümlədən 60-dək iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir.
Qurultayda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov son 10 ildə çoxsaylı iş yerlərinin açılması nəticəsində işsizlik səviyyəsinin 5,5 faizə, yoxsulluğun 6 faizə endiyini diqqətə çatdırmışdır. Nazir məlumat vermişdir ki, ötən müddət ərzində ölkədə əməyin mühafizəsinin gücləndirilməsinə də böyük diqqət yetirilmiş, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində işlər aparılmışdır. Nazirlik müvafiq peşə standartlarının hazırlanmasını davam etdirir və hazırda 200 belə standart hazırlanmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Moldova Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti Vasili Tarlev, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin vitse-prezidenti Vyaçeslav Pşeniçnikov, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elqudja Meladze, Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev və Türkiyənin DEİK təşkilatının prezidenti Cengiz Gül və başqaları konfederasiyanın fəaliyyətini yüksək qiymətləndirmiş, bu istiqamətdə işlərin gələcəkdə davam etdirilməsinin zəruriliyini vurğulamışlar.
ASK-nın komissiya üzvü Vilayət Abdullayev qurumun nizamnaməsində qismən dəyişiklik edilməsi haqqında məsələ qaldırmış, konfederasiyanın nəzdində “Biznes Konsaltinq” MMC-nin təsis edilməsi və “Biznes həyatı” jurnalının nəşri ilə bağlı təklif irəli sürmüşdür.
Qurultayda təşkilat məsələsinə baxılmışdır. Konfederasiyanın prezidenti, vitse-prezidentləri, idarə heyətinin, rəyasət heyətinin və təftiş komissiyasının yeni tərkibi seçilmişdir.
Yenidən konfederasiyanın prezidenti seçilən Məmməd Musayev çoxsaylı sahibkarlar adından bu il ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsini təklif etmişdir.
Təklif yekdilliklə qəbul olunmuşdur.
Qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə qeyd edilir ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadı inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın dönmədən inkişaf etdirilməsi, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır.
Müraciətdə daha sonra deyilir: “Ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bu siyasətin alternativi yoxdur və cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar qarşıdakı prezident seçkilərində birmənalı olaraq dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyirlər”.
Sonda qurultayın yekunları ilə bağlı qətnamə qəbul edilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.