Azərbaycanın xarici iqtisadi əlaqələri getdikcə genişlənir

 

Ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikasının adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.

Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.

Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə artır. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır-həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.

Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur.

Hazırda iqtisadi uğurların qazanılmasında ilk növbədə özəl sektorun rolunu xüsusilə qeyd etmək lazımdır. Belə ki,  sahibkarlığın inkişafına dövlət qayğısnın nəticəsidir ki, bu gün Azərbaycanda özəl  sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, onun ÜDM-dəki payı 90 faizə yaxınlaşmaq üzrədir. Qabaqcıl təcrübənin, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılması məqsədilə özəl sektora dövlət dəstəyi tədbirləri davamlı olaraq gücləndirilir, sahibkarlıq subyektlərinə maliyyə təminatını yaxşılaşdırmaq üçün güzəştli kreditlər verilir. Yeri gəlmişkən, 2013-cü ilin ötən ayları ərzində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına 1825 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 164,2 milyon  manat güzəştli kredit verilmişdir. Həmin investisiya layihələrinin həyata keçirilməsi 6500-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.

Azərbaycan hökuməti yerli sahibkarları kreditlə təmin etməklə bərabər, xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna maraqlandırır. Bu məqsədlə artıq ölkəmizdə qanunvericilik bazası dünya standartlarına uyğunlaşdırılmışdır. Nəticədə xarici şirkətlərdə Azərbaycana inam güclənmişdir. Məhz elə buna görə də hazırda  Azərbaycan MDB məkanında ən çox xarici kapital qoyulan ölkəyə çevrilmişdir. Bu,  beynəlxalq təşkilatların  Azərbaycana dair hesabatlarında da öz təsdiqini tapmışdır. Başqa sözlə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycandakı əlverişli investisiya mühitinin təsdiqi ölkəmizə daha çox xarici kapitalın axmasına imkan yaradır.

Respublikamızda xarici və daxili kapitalın paralel şəkildə istifadə olunmasına böyük əhəmiyyət verilir. Son illər isə iqtisadiyyata daxili investisiyaların qoyuluşu üstünlük təşkil edir. Bunun əsas   səbəbi aydındır: ölkəmiz neftdən daha çox gəlir əldə etdikcə daxili investisiyaların iqtisadiyyata qoyulmasına şərait yaranır. Ötən il Azərbaycan iqtisadiyyatına 22 milyard dollardan çox kapital qoyulmuşdur. Bunun 13 milyard dolları daxili, 9 milyard dollara yaxını isə xarici investisiyadır.

Rəqəmlərdən görünür ki, ölkə iqtisadiyyatına kapital qoyuluşunda dövlət əsas investor kimi çıxış edir. Lakin dövlət burada həm də iqtisadiyyatın düzgün inkişafını sürətləndirmək üçün investisiyalardan planlı şəkildə yararlanır. Sərmayənin daha çox sənayenin qeyri-neft sektoruna, xüsusilə  istehsal təyinatlı müəssisələrin inkişafına yönəldilməsi bunun bariz ifadəsidir.

Azərbaycana xarici sərmayə qoyuluşuna mühüm önəm verilir. Burada əsas tərəfdaşlarımız Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Çexiya dövlətləridir. Bu ölkələr beynəlxalq təşkilatlarla birlikdə qoyulan xarici investisiyanın 88,8 faizini təmin edirlər.

Son vaxtlar Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi  məqsədilə mühüm işlər görülmüşdür. Belə ki,  qanunvericilik bazası təkmilləşdirilmiş, ixrac mallarının istehsalı stimullaşdırılmış, ixracın infrastruktur təminatı yaxşılaşdırılmışdır. Sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır.

Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə  də uğurla nümayiş etdirilir və böyük maraqla qarşılanır. Son vaxtlar Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində keçirilmiş sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunmuşdur.

Azərbaycanın xarici iqtisadi əlaqələrində nəzərə çarpan məqamlardan biri də ticarət sahəsində əməkdaşlığın genişləndirilməsidir. Məhz bunun nəticəsidir ki, bu ilin ötən aylarında Azərbaycanın ticarət apardığı tərəfdaş ölkələrinin sayı 147-yə çatmış, xarici ticarət dövriyyəsi 9,6 dəfə, o cümlədən ixrac 12,2 dəfə yüksəlmişdir.

2013-cü ilin yanvar-aprel ayları  ərzində 8,4 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 490 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 94,2 faizi və ya 7,9 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür.

Sözügedən dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 3,2 milyard dollar təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 2,3 milyard dollar, MDB üzvü ölkələrindən isə 803,9 milyon dollar olmuşdur.

Xatırladaq ki, xarici ticarət dövriyyəsinin 39,8 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 11,2 faizi MDB-yə üzv dövlətləri ilə, 49 faizi digər ölkələrlə aparılmışdır. Beləliklə, bu ilin dörd ayı ərzində Azərbaycandan ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 5,2 milyard dollar çox olmuş və bir o qədər müsbət saldo yaranmışdır.

Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 14,2 milyard dollar, o cümlədən ixrac 11 milyard dollar təşkil etmiş, saldo 7,8 milyard dollar olmuşdur. 2013-cü ilin yanvar-aprel aylarında Azərbaycana 6,2 milyon dollar məbləğində humanitar və texniki yardım göndərilmişdir.

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 5,8 milyard manat məbləğində vəsait yönəldilmiş, 3,7 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülmüşdür.

Əsas kapitala yönəldilmiş vəsaitin 4,2 milyard manatını və ya 73,4 faizini daxili investisyalar təşkil etmiş və ötən ilki səviyyədən 22,3 faiz, xarici investisiya 44,1 faiz yüksək olmuşdur.

Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-aprel aylarında statistik məlumatlara əsasən 14,2 milyard ABŞ dolları təşkil etmiş, onun 11 milyard dollarlıq hissəsi ixracın, 3,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranmışdır.

Xarici ticarət dövriyyəsinin 61,0 faizi inkişaf etmiş, 39,0 faizi inkişaf edən ölkələrin dövriyyəsinin hesabına formalaşmışdır. Bu dövr ərzində dünyanın 132 ölkəsi ilə ticarət əlaqəsi aparılmış, 83 ölkəyə əmtəə ixrac olunmuş, 121 ölkədən idxal olunmuşdur.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16,3 faiz artmışdır.

Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olacaqdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında