Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyasında çıxış etmişdir

 

İyunun 5-də İsveçrənin Cenevrə şəhərində  Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyası öz işinə başlamışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirmişlər ki, sessiyanın gündəliyinə daxil edilmiş məsələlər sırasında “Yeni demoqrafik şəraitdə məşğulluq və sosial müdafiə” mövzusu iştirakçılar tərəfindən  geniş müzakirə edilmişdir.

İyunun 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev sessiyada həmin məsələ ilə bağlı çıxış etmişdir.

AHİK sədri demişdir ki, müzakirəyə çıxarılmış  problem demoqrafik inkişaf səviyyəsi müxtəlif olan ölkələrin əmək bazarlarının sosial-iqtisadi fəaliyyəti üçün maraqlı və aktualdır. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının klassifikasiyasına uyğun olaraq insanların xüsusi çəkisi 65 yaş və ondan yuxarısı 4 faizdən az təşkil edirsə, ölkələrin əhalisi “gənc”, 4-7 faiz təşkil edirsə “yaşlanan”, 7 və ondan yuxarı faiz təşkil edirsə “yaşlı” hesab olunur.

Hazırda inkişaf etmiş ölkələrdə əhalinin yaşlanması prosesi daha sürətlə davam edir. Əksər Avropa ölkələrində əhalinin 65 yaşdan yuxarı olan hissəsi 15-17 faizi təşkil edir. Bu, bir tərəfdən doğum səviyyəsinin aşağı düşməsi, digər tərəfdən isə uzunömürlülüyün artması ilə əlaqədardır. Verilən məlumatlara əsasən, yaxın gələcəkdə planetin əhalisinin orta yaşı sürətlə artacaq və 2030-cu ilədək 35 yaşa çatacaqdır.

S.Mehbalıyev demişdir ki, mənim sadaladığım demoqrafik dəyişikliklər, həmçinin Azərbaycana da aiddir. Əgər 20 il əvvəl bizim dövlətimizin əhalisini nisbətən gənc adlandırmaq mümkün idisə, indi “yaşlanan” hesab oluna bilər. Bu müddət ərzində insanların xüsusi çəkisi 65 yaş və ondan yuxarı 4,8 faizdən 5,8 faizədək artmışdır, ancaq əhalinin 15 yaşadək çəkisi 33,1 faizdən 22,3 faizə enmişdir. Uzunömürlülük isə dayanmadan yüksələrək hazırda 74 yaş həddinə yaxınlaşır.

Azərbaycanın müstəqilliyinin əldə olunduğu ilk illərdə, respublikadakı qeyri-sabit siyasi və sosial-iqtisadi şəraitdə Azərbaycan xalqının iradəsi və mentalitetinin əleyhinə olaraq ölkəmiz qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağda separatçı münaqişəyə cəlb edilmişdir. Həmin münaqişənin mahiyyəti üzərində geniş dayanmadan yalnız onu qeyd etmək istəyirəm ki, bu, bizim sülhsevər xalqımızın həyatında çox şeyi dağıtdı. Bunlardan biri də bizim respublika əhalisinin demoqrafik inkişafının pozulması oldu. Nəticədə doğum səviyyəsi üzrə göstərici aşağı düşdü. Əgər 1990-cı illərin əvvəlində əhalinin hər 1000 nəfərinə 26,6 nəfər doğulan uşaq düşürdüsə, sonrakı illərdə bu rəqəm 18-dən bir az çox idi.

Demoqrafik dəyişiklikləri xarakterizə edərkən qeyd etməmək olmaz ki, ölkə əhalisinin ümumi artımı fonunda  əmək qabiliyyətli yaşdan aşağı olan əhali bir neçə dəfə azalmışdır. Bu isə iqtisadiyyatın işçi qüvvəsi ilə təmin edilməsində problem yarada bilər. Biz bu problemi görürük, onun həll edilməsi üzərində işləyirik və əminəm ki, bugünkü görüşümüz bizi başqa ölkələrin təcrübəsi ilə də  yaxından tanış edəcəkdir.

AHİK sədri  bildirmişdir ki, əmək resursları 2000-2011-ci illərdə 4685,8 min nəfərdən 6101,2 min nəfərədək artmış və orta illik artım 118 min nəfər təşkil etmişdir. Bu isə ötən dövrdəkindən bir neçə dəfə aşağıdır. “Qara qızıl”ın insan kapitalına yönəldilməsi siyasətini həyata keçirən Azərbaycana dünya böhranının nəticələrindən qaçmaq mümkün olmuşdur. Ölkədə qəbul olunmuş bir sıra geniş proqramlar ümumi daxili məhsulun yüksəldilməsinə (2003-cü ildən etibarən 3 dəfə çoxalmışdır), əhalinin məşğulluğunun artmasına, layiqli əmək üçün şəraitin yaradılmasına istiqamətləndirilmişdir.

S.Mehbalıyev daha sonra demişdir: “2007-2012-ci illər ərzində respublika iqtisadiyyatına demək olar ki, 100 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, bunun da 60 milyardı daxili ehtiyatlar hesabına olmuşdur. Nəticədə 1 milyon 100 mindən çox əlavə iş yerləri yaradılmışdır. Bunun 70 faizi ölkənin regionlarında daxili miqrasiyanın əhəmiyyətli dərəcədə  azalmasına, işsizliyin səviyyəsinin 11 faizdən 5,2 faizə enməsinə səbəb olmuşdur. Azərbaycanda bu gün 130 min ailə və yaxud 600 min insan ünvanlı sosial yardım alır.

Biz sevinirik ki, son illər ərzində respublikada doğum səviyyəsinin yüksəlməsi meyilləri nəzərə çarpır. Əminik ki, gələcəkdə əmək haqlarının mərhələlərlə yüksəlməsi respublikada “Sosial müavinətlər haqqında”  Qanunun həyata keçirilməsi ilə doğum səviyyəsinin artımının stimullaşdırılmasına, gənc ailələr üçün mənzil tikintisinin ipoteka şərtlərinin asanlaşdırılmasına, Azərbaycan Respublikasında demoqrafiyanın inkişafı və əhalinin yerləşdirilməsi haqqında Dövlət Proqramının həyata keçirilməsinə, ölkənin gəncləşməsinə və kadr potensialının möhkəmləndirilməsinə kömək edəcəkdir.

Əhalinin yaşlanmasının ümumdünya meyillərini təhlil edərkən  bir çox ölkələr üçün demokratik şəraitin kəskinləşməsinin ümumi səbəblərini müəyyən etmək olar: əhalinin bəzi təbəqələrinin həyat səviyyəsinin pisləşməsi, gəlirlərin səviyyəsinə görə cəmiyyətdə təbəqələşmənin güclənməsi, sahələrin infrastrukturunun zəif inkişafı və onun xidmətindən bir çox insanların istifadə edə bilməməsi, ərzaq məhsullarının keyfiyyətinin aşağı düşməsi, müxtəlif cür xəstəliklərin yayılması, ekoloji tarazlığın pozulması, ətraf mühitin çirklənməsi, millətlərarası  və dövlətlərarası münaqişələr, qaçqınların və məcburi köçkünlərin olması, miqrasiya proseslərinin zəif tənzimlənməsidir”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri ümidvar olduğunu bildirmişdir ki, bu və ya digər çatışmazlıqların aradan qaldırılması inkişaf etmiş ölkələr kimi, inkişaf etməkdə olan ölkələrin də strateji proqramlarında  mərkəzi yeri tutmalıdır. Bundan əlavə, AHİK-in sədri hesab etmişdir ki, əhalinin yaşlanması problemi sosial tərəfdaşların danışıqlar prosesində əsas mövzu olmalıdır.

Qeyd etmişdir ki, bunlarla yanaşı, 1980-ci il tarixli 162  saylı “Yaşlı əməkçilər haqqında Tövsiyələr”in müddəalarının maksimum geniş istifadəsinə nail olmaq lazımdır. Nəzərə alsaq ki, söhbət işləyən yaşlı insanların sosial müdafiəsindən gedir, o zaman Beynəlxalq Əmək Təşkilatı bizim ölkələrin bu sənədin mahiyyətini və onun tətbiqinin qaydalarını mənimsəmələrinə kömək göstərə bilərdi.

Çıxışının sonunda AHİK sədri vurğulamışdır ki, əhalinin yaşlanması təbii proses olaraq qaçılmazdır və dönməzdir. Lakin müvafiq tədbirlər vaxtında işlənib hazırlansa və həyata keçirilsə, bu prosesin mənfi nəticələrindən qaçmaq olar.

Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyası öz işini iyunun 20-dək davam etdirəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında