Bu gün Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir.
İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə neft sahəsinin hesabına qeyri-neft sektorunun tərəqqisini xüsusi vurğulamaq olar.
Bununla bağlı bəzi məqamlara diqqət yetirək. Ölkəmizdə sənayeləşmə siyasətinin uğurla həyata keçirilməsi öz müsbət nəticələrini tədricən göstərir. Məsələn, belə bir fakta diqqət yetirək. Son bir ildə Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-dək sənaye müəssisəsi istifadəyə verilmişdir. Hazırda isə 90-dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Növbəti illərdə də sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcəkdir.
Keçən il Azərbaycan iqtisadiyyatına 22 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu səviyyənin bu il də qorunub saxlanılması üçün hər cür imkan və şərait var. Beləliklə, həm dövlət, həm yerli və xarici özəl şirkətlər tərəfindən qoyulacaq sərmayə ölkəmizi daha da möhkəmləndirəcəkdir.
İnfrastruktur layihələri uğurla reallaşdırılır. Prezident İlham Əliyev demişdir: “Prioritetlərə gəldikdə isə deyə bilərəm ki, ölkəmizdə infrastruktur layihələri ardıcıllıqla icra edilməyə başlanmışdır. Hazırda qarşıda duran ən mühüm vəzifə enerji potensialının yaradılmasıdır. Son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları fəaliyyətə başlamışdır. Bu gün Azərbaycanda daxili ehtiyaclar ödənilməklə yanaşı, başqa ölkələrə də enerji ixrac edilir. Bəli, son illər respublikamızda bu sahədə mühüm uğurlara imza atılıb, generasiya gücləri böyük dərəcədə artırılıb...”.
Hazırda Azərbaycanda Taxtakörpü su anbarı – Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası kimi iki nəhəng layihə icra edilir. Bu layihələr ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin olunması üçün mühüm önəm daşıyır. Taxtakörpü su anbarının bu il, Şəmkirçay su anbarının isə gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Hazırda ölkənin valyuta ehtiyatlarının məbləği 50 milyard dollara yaxındır. Eyni zamanda, Azərbaycanın 2013-cü il üçün müəyyən olunmuş dövlət büdcəsi ölkənin iqtisadi potensialının gücləndirilməsinin təzahürü olaraq rekord həddə çatdırılmışdır. Belə ki, bu il dövlət büdcəsi gəlirlər üzrə 19 milyard 159 milyon manat və yaxud 24,4 milyard ABŞ dolları, xərclər üzrə isə 19 milyard 850 milyon manat (25,2 milyard dollar) təşkil edir. Bu isə on il əvvəlki dövr ilə müqayisədə büdcə həcminin müvafiq olaraq 15,7 və 16 dəfə artımı, ölkənin iqtisadi-sosial problemlərinin aradan qaldırılmasına geniş maliyyə imkanlarının yönəldilməsi deməkdir.
Xatırladaq ki, qonşu Gürcüstanın 2013-cü ilə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin həcmi 4,9 milyard, işğalçı Ermənistanın isə cəmi 2,6 milyard dollara bərabərdir. Adambaşına düşən icmal büdcə xərcinin həcminə görə Azərbaycan MDB ölkələri arasında Rusiya Federasiyası ilə ilk pillədə qərarlaşmışdır.
Ölkəmiz enerji təhlükəsizliyi sahəsində də milli maraqlarını təmin edə bilmişdir. Bu gün ölkəmizin əldə etdiyi iqtisadi uğurların təməlini ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması təşkil edir. Ötən il neft hasilatı sahəsində müəyyən çətinliklər yaşansa da həyata keçirilmiş tədbirlər sayəsində həmin problemlər müsbət həllini tapmışdır. Məsələn, təqribən 300 milyard kubmetr qaz ehtiyatına malik olan “Ümid” yatağı Azərbaycanın enerji təhlükəsizliyinə ilk töhfələrini verməkdədir. Eyni zamanda, Azərbaycanın zəngin təbii ehtiyatlarında maraqlı olan “Qaz de Frans” və “Total” şirkətləri “Abşeron” yatağında məhsuldar qaz ehtiyatları müəyyən etmişlər. Yeni yataqların kəşfi nəticəsində Azərbaycanın qaz ehtiyatlarının həcmi artaraq 2,6 trilyon kubmetrə çatdırılmışdır. Proqnozlar isə ümumi potensialın 6 milyard kubmetr təşkil etdiyini göstərir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan danışarkən bir məqamı da xatırlatmaq istərdik. 2025-ci ilədək Azərbaycandan ixrac olunan qazın əsas hissəsinin qardaş Türkiyəyə və Avropa ölkələrinə göndərilməsi nəzərdə tutulmuşdur. Yeri gəlmişkən, ötən il iyun ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş xüsusi əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin təşəbbüsü ilə irəli sürülən həmin layihə üzrə çəkilən kəmər Türkiyənin şərq hissəsindən qərb istiqamətinə uzanaraq, Azərbaycan qazının Avropaya kənar vasitəçi olmadan sabit və təhlükəsiz şəkildə tranzitini reallaşdıracaqdır.
Ümumi smeta dəyəri 7 milyard ABŞ dolları olan və 2018-ci ildə istismara daxil edilməsi nəzərdə tutulan yeni boru magistralı Cənubi Qafqaz kəmərini Avropa Birliyinin qaz təminatı xətləri ilə əlaqələndirəcəkdir. İlkin hesablamalara əsasən, 2020-ci ildə TANAP xətti vasitəsilə nəql olunan 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyənin, qalan hissəsi isə Avropa dövlətlərinin istehlakçıları üçün nəzərdə tutulmuşdur. Gələcəkdə - 2026-cı ildə isə ümumi qaz nəqlinin həcmi artaraq 31 milyard kubmetrə çatdırılacaqdır.
Burada bir məqamı da xatırlatmaq istərdik. İndiyə qədər ARDNŞ ilə xarici neft şirkətləri arasında 33 hasilatın pay bölgüsü sazişi imzalanməşdır. Bunlardan 18-i Xəzərin Azərbaycan sektorunu, 15-i isə ölkənin quru ərazilərini əhatə edir. Bu ilin əvvəlinə kimi respublikanın neft sənayesinə 43,6 milyard ABŞ dolları həcmində xarici sərmayə qoyulmuşdur. Başqa sözlə, həyata keçirilən qlobal neft-qaz layihələri beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da yüksəltmişdir.
Vaxtilə neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan ARDNŞ son illərdə digər ölkələrdə, o cümlədən Gürcüstanda, Türkiyədə, Ukraynada, Almaniyada, Rumıniyada və digər ölkələrdə nümayəndəliklərini açaraq özü sərmayə yönəldir.
Azərbaycan Prezidenti İlham Əliyev XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılış mərasimində demişdir: “...20 il keçməsinə baxmayaraq, sərgi öz əhəmiyyətini itirməyib, əksinə, onun əhəmiyyəti daha da artmışdır. Baxmayaraq ki, əsas neft və qaz müqavilələri artıq imzalanmışdır. Xarici şirkətlər uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Buna baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır. Əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatlarının Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin göndərdikləri təbrik məktubları sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.
İyirmi il ərzində Azərbaycan da böyük yol keçmişdir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. İyirmi il bundan əvvəl isə biz işin ilkin mərhələsində idik. Sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, çox böyük əhəmiyyəti olmuşdur. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir, ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatlar yox idi. Biz özümüz də o vaxt bəlkə də tam şəkildə gələcəyi görə bilmirdik ki, necə olacaq, Azərbaycan necə inkişaf edəcəkdir? Halbuki 1990-cı illərin ortalarında Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası işlənmiş və təqdim edilmişdi.
Məhz bu strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edibdir. Azərbaycan öz müstəqil iqtisadiyyatını təmin edibdir, müstəqilliyini möhkəmləndirə bilibdir. Azərbaycan beynəlxalq əməkdaşlıq üçün çox gözəl məkandır. Növbəti illər üçün də bizim dəqiq planlarımız, konkret proqramlarımız vardır. İyirmi il əvvəl isə Azərbaycanın inkişafı ilə bağlı, sadəcə olaraq, proqramlar, niyyətlər var idi".
Dövlət başçısı vurğulamışdır ki, “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə, yəni dönüş nöqtəsi idi. Təsadüfi deyil ki, 1994-cü ildə bu müqaviləyə “Əsrin müqaviləsi” adı verilmişdir. İndi - XXI əsrdə biz deyə bilərik ki, bu, iki əsrin müqaviləsidir. Çünki bu gün də “Azəri-Çıraq-Günəşli” yataqları üzrə imzalanmış müqavilə öz əhəmiyyətini itirmir. Əksinə, bu müqavilənin icrası nəticəsində açılmış yeni dəhlizlər bu gün digər layihələrin uğurlu inkişafına və reallaşmasına zəmin yaradır.
Bu gün Dövlət Neft Şirkətinin nəinki Azərbaycanda, həmçinin müxtəlif yerlərdə böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda, İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş Ərəb Əmirliklərində uğurla icra edilir...
Hazırda Azərbaycan dünya bazarının önəmli neft təchizatçısına çevrilmişdir. Bu barədə 20-ci beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı ilə bağlı ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubda deyilir: “Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş irihəcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə “Şahdəniz” layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı eyni zamanda Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır. Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir. Azərbaycan ABŞ-ın simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm".
Böyük Britaniyanın Baş naziri Devid Kemeron isə Azərbaycan Prezidentinə məktubunda yazmışdır: “Mən ölkələrimiz arasında ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı ikitərəfli münasibətləri alqışlayıram. Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir. 2013-cü il dünya səviyyəli “Şahdəniz” yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində “Cənub qaz dəhlizi”nin reallaşması baxımından mühüm il olacaqdır. Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiq etməsi də ötən ilin əhəmiyyətli tarixi hadisələri sırasındadır. Müasir Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişaf xüsusiyyətlərindən, məqsədli dövlət proqramları vasitəsilə yeni yüksəliş mərhələlərinə keçidin zərurətlərindən, ən nəhayət, gələcəyin strateji hədəflərinin müəyyənləşdirilməsindən irəli gələn “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası dövlətimizin davamlı inkişafının təmin olunmasında, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artırılmasında, Avropa məkanına inteqrasiya prosesinin sürətləndirilməsində, əhalinin sosial rifahının yüksəldilməsində, cəmiyyətin bütün istiqamətlərdə tərəqqiyə nail olunmasında, keyfiyyətcə mükəmməl inkişaf modelinin formalaşdırılmasında müstəsna rol oynayacaqdır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çoxşaxəli olmaqla yanaşı, qarşıdakı illər üçün yeni prioritetləri, hədəfləri əhatə edir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.