Amerika Ticarət Palatasının təşkilatçılığı ilə “Vergi partnyorluğu” mövzusunda III vergi konfransı keçirilmişdir

 

İyun ayının 12-də  Azərbaycanda Amerika Ticarət Palatasının  (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi “Vergi partnyorluğu” mövzusunda  konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AmCham-ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu Vergilər Nazirliyilə  AmCham arasında  əməkdaşlığın səviyyəsindən məmnun olduğunu, bu istiqamətdə göstərilən dəstəyə görə təmsil etdiyi qurum adından adı çəkilən nazirliyə təşəkkürünü bildirmişdir. Vurğulamışdır ki, bu tədbirin əsas məqsədi vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluğun yeni mərhələyə qaldırılması və cəmiyyətdə daha yüksək vergi mədəniyyətinə olan ehtiyacı müzakirə etməkdir.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəallıq göstərən  yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham, ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır. Bu məqsədlə qurum artıq üçüncü ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər həyata keçirir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.

Sonra natiq qurumun hazırladığı “Ağ sənəd” adı ilə tanınan “Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr” adlı hər il dərc olunan sənədin növbəti sayı barədə məlumat vermişdir. Bildirmişdir ki, “Ağ sənəd” AmCham-ın üzv olduğu 240-dan çox şirkətin vergitutma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələrilə bağlı fəaliyyəti əks etdirir.  

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov  çıxış edərək, ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında məlumat vermiş, AmCham və digər ictimai təşkilatlar ilə mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışmışdır. Vurğulamışdır ki, Azərbaycanda uğurlu vergi siyasətinin reallaşdırılması  ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yardım edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir.

Natiq Əmirov  bildirmişdir ki, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanun layihələri hazırlanarkən  Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri akademik Ziyad Səmədzadə qeyd etmişdir ki,  Vergilər Nazirliyi son illər istər vergi ödəyiciləri üçün elektron xidmətlərin təşkilinə, istər kreativ yeniliklərin tətbiqinə, istərsə də müasir menecment prinsiplərinə əsaslanan idarəetmə üsuluna görə fərqlənən dövlət qurumlarından biridir. Ümumilikdə vergi sistemində aparılan islahatların əsas hədəfləri vergi xidmətinin texnoloji baxımdan inkişafına nail olunması, vergi prosedurlarının sadələşdirilməsi yolu ilə biznesin inkişafının dəstəklənməsi, vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinin yüksəldilməsidir. Dövlət başçısının 2012-ci il 29 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında vergi islahatlarının bu və digər aspektləri dəqiq əksini tapmışdır.

Konfrans öz işini sessiyalarda davam etdirmiş, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergitutma, vergi qanunvericiliyindəki dəyişiliklər və vergi güzəştləri, vergi mədəniyyəti, vergi ödəyicilərinə xidmət vasitələri, mühasibatlıq təcrübələri, eyni zamanda  onun vergi inzibatçılığına təsiri, Vergilər Nazirliyinin elektron xidmətləri və digər mövzular ətrafında fikir mübadiləsi aparmışlar.

Tədbirdə Milli Məclisin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Amerikanın  Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri  iştirak etmişlər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında