Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin Türkiyə Respublikasının enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olmuşdur.
Qonaqları Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edən Ali Məclisin sədri demişdir: "Naxçıvan Azərbaycanın tərkibində muxtar respublika və eyni zamanda Türkiyə ilə quru sərhədləri olan bir regiondur. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr Azərbaycanın müstəqilliyi illərində ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə daha da genişlənmiş, 1992-ci il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, 92 kilometrlik İqdır-Naxçıvan elektrik xətti çəkilmişdir.
Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan-Türkiyə əlaqələri dinamik xarakter almış, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə düşmüş, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə və digər iri layihələrin icrasına başlanmışdır. Bütün bunlar hər iki ölkənin iqtisadi imkanlarının genişlənməsinə və siyasi-iqtisadi əlaqələrinin inkişafına səbəb olmuşdur. İndi dünya birliyində Türkiyə-Azərbaycan əlaqələrini bir-birindən ayırmaq qeyri-mümkündür. Artıq beynəlxalq təşkilatlarda da bilirlər ki, Türkiyənin mənafeyi olan məsələdə Azərbaycanın, Azərbaycanın mənafeyi olan məsələdə isə Türkiyənin səsi vardır. Türkiyə ilə Azərbaycan dünyada yeganə ölkələrdir ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soykök, milli və ortaq dəyərlər birləşdirir. Ona görə də iqtisadi və siyasi maraqlarımız daha möhkəm və uzunömürlüdür, eyni zamanda xalqlarımızın mənafeyinə xidmət edir. Qarşılıqlı əlaqələrimiz isə ilbəil genişlənir. Hər iki ölkənin dövlət başçılarının səyləri ilə indiki dövrdə bu əlaqələr daha da artır. Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin geniş bir heyətlə Naxçıvana gəlməsi də bu əlaqələrin bir nümunəsidir".
Ali Məclisin sədri bildirmişdir ki, qardaş Türkiyənin iştirakı ilə Naxçıvanda reallaşdırılan kommunikasiya və enerji layihələrindən sonra artıq yeni bir layihə də öz həllini tapır. Regionda daha bir enerji marşrutunun - İqdır -Naxçıvan qaz kəmərinin çəkilməsi qarşılıqlı əlaqələrimizi daha da genişləndirəcək və qaz xəttinin imkanlarından hər iki ölkə səmərəli istifadə etməyə çalışacaqdır.
Türkiyə Respublikasının enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu bildirərək demişdir: "Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycan-Türkiyə qarşılıqlı əlaqələri inkişafının yeni mərhələsini yaşayır. Hər iki ölkə arasında Naxçıvanla bağlı perspektiv layihələr böyük əhəmiyyət kəsb edir. Son illərdə Türkiyə ilə Naxçıvan arasında iqtisadi təmasların dərinləşməsi dinamik xarakter alıb. Naxçıvana elektrik xəttinin çəkilməsi, nəqliyyat magistrallarının birləşdirilməsi, nəqliyyat və hava reyslərinin açılması, kommunikasiya xidmətlərinin genişləndirilməsi strateji əməkdaşlığın təzahürü kimi qiymətləndirilə bilər".
Türkiyəli nazir bu layihələrin reallaşdırılmasına təşəbbüs göstərən və daim dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, hər iki ölkənin bərabər həyata keçirəcəyi bir çox layihələr vardır. Gələcəkdə Naxçıvan-Qars dəmir yolu xəttinin və qaz kəmərinin çəkilməsi isə Naxçıvanın yüksək inkişafı üçün impuls vermiş olacaq və bölgədə iqtisadi-strateji əhəmiyyət daşıyacaqdır.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Ayhan Enginar görüşdə iştirak etmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında