Azərbaycanın Almaniyadakı səfirliyində keçirilən tədbirdə yerli sahibkarlara ölkəmizin iqtisadi potensialı və əməkdaşlıq imkanları barədə məlumat verilmişdir

 

Azərbaycanın Almaniyadakı səfirliyində “Avropa bazarında Berlinin orta miqyaslı müəssisələri üçün yeni perspektivlər. Azərbaycan nümunəsində” adlı tədbir təşkil olunmuşdur. “Berlin liberal orta miqyaslı müəssisələr birliyi” ilə birlikdə keçirilmiş tədbirin məqsədi Berlin və Brandenburq federal torpaqlarında fəaliyyət göstərən orta miqyaslı müəssisələri ölkəmizin iqtisadi potensialı və əməkdaşlıq imkanları barədə məlumatlandırmaqdan ibarət olmuşdur.

Tədbir iştirakçılarını salamlayan səfir Pərviz Şahbazov iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi sahədə mövcud əməkdaşlıqdan, görülən işlərdən və həyata keçirilən tədbirlərdən danışmışdır.  Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 75 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edən P.Şahbazovun sözlərinə görə, 2012-ci ilin noyabrında Bakıda Alman Xarici Ticarət Palatasının açılması iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Tədbirdə çıxış edən Avropa Parlamentinin deputatı, Almaniyanın hakim Azad Demokratlar Partiyasının üzvü Aleksandra Tayn Azərbaycanın xüsusilə inşaat və turizm sektorlarında alman sahibkarlara əlverişli əməkdaşlıq imkanları təqdim etdiyini bildirmişdir. A.Tayn qeyd etmişdir ki, işgüzar əlaqələrin qurulması üçün Azərbaycan tərəfindən bürokratik əngəllər olmadığı halda, azərbaycanlı iş adamları Almaniyaya giriş vizası alarkən çətinliklərlə üzləşirlər. Millət vəkili Almaniya hökumətini bu məsələdə iqtisadi maraqlar naminə daha çevik olmağa çağırmışdır.

Daha sonra AZPROMO-nun Almaniyadakı nümayəndəsi İbrahim Əhmədov tədbir iştirakçılarına Azərbaycanın sosial-iqtisadi inkişafı, son illərdə iqtisadiyyatın diverifikasiyası, innovativ iqtisadiyyatın yaradılması, insan kapitalının inkişaf etdirilməsi istiqamətində görülmüş işlər və iqtisadiyyata yatırılmış investisiyalar barədə məlumat vermişdir. İ.Əhmədov hazırda ölkənin biznes mühitinin sürətlə inkişaf etdiyini və xarici investorlar üçün cazibədar olduğunu diqqətə çatdırmışdır.

Sonda tədbir iştirakçılarının Azərbaycanla iqtisadi əməkdaşlıq imkanları ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında