İyunun 5-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov demişdir ki, 2005-ci ildən etibarən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 1056 ədəd texnika və texnoloji avadanlıq gətirilmiş, onlardan 792 ədədi lizinq yolu ilə satılmış, 128-i isə rayon bazalarına icarəyə verilmişdir. Həmçinin son illər “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazaları yaradılmış, bu bazalar üçün inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir. Vasif Məmmədov bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərini və torpaq mülkiyyətçilərinə lazımi səviyyədə xidmət göstərəcəklərini bildirmiş, yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Azərbaycanda aqrar sahədə fəaliyyətin təşkili ilə bağlı 1 məcəllə, 9 qanun və bir dövlət proqramı qəbul olunmuşdur. Bu da ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən işlərin miqyasının genişlənməsinə və bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına imkan verir. Muxtar respublikamızda da qanunvericilik bazasının tətbiqi, qəbul olunmuş dövlət proqramlarının icrası istiqamətində ardıcıl tədbirlər görülür, kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılır.
Ali Məclisin sədri demişdir ki, kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərin tərkib hissəsi kimi aqrolizinq xidmətlərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Hazırda muxtar respublikamızda kənd təsərrüfatına yararlı torpaq sahələrinin əkilib-becərilməsində, torpaq mülkiyyətçilərinin lazımi texnikalarla təmin olunmasında aqrolizinq xidmətindən geniş istifadə olunur, yeni aqrolizinq bazaları yaradılır, bu sahənin maddi-texniki bazası gücləndirilir. Bu gün istifadəyə verilən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası da kənd təsərrüfatının inkişafına, yüksək səviyyədə aqroservis xidmətlərinin təşkilinə və bol məhsul istehsalına imkan verəcəkdir.
Ali Məclisin sədri demişdir: Bu gün Şahbuz rayonunda 4600 torpaq mülkiyyətçisinin sərəncamında 4900 hektara yaxın torpaq sahəsi vardır ki, bunun da 3400 hektarı əkinəyararlı torpaqlardır. Rayonda əkinçiliyin inkişafı üçün lazımi şərait yaradılmış, torpaq sahələrindən səmərəli istifadə təmin edilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası üçün yeni bina inşa olunmuş, təmir sexi, gübrə və toxum anbarı yaradılmış, 12 müxtəlif təyinatlı texnika verilmişdir. Həmçinin burada 5 daimi iş yeri açılmışdır. Yaradılan şərait rayon bazasındakı texnikalara, eləcə də Şahbuz rayonunda fermerlərə lizinq yolu ilə satılan 20-ə yaxın texnikaya vaxtında xidmət göstərilməsinə, əkin işlərinin müasir aqrotexniki tələblər səviyyəsində aparılmasına, ildə iki dəfə məhsul götürülməsinə imkan verəcəkdir. Bu da rayonda iqtisadiyyatın inkişafına və ərzaq bolluğuna şərait yaradacaqdır.
“Əkilən torpaq sahələrindən səmərəli istifadə edilməsi məhsuldarlığın artırılmasında vacib amildir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, bu gün muxtar respublikada əkin işləri aparılarkən aqrotexniki qaydalara tam əməl edilməli, üzvi və qeyri-üzvi gübrələrdən istifadə etməklə torpaqların münbitliyi artırılmalıdır. Bu işlərin həyata keçirilməsi üçün muxtar respublikamızda hərtərəfli şərait yaradılmış, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazaları lazımi gübrə ehtiyatı və texnika ilə təmin olunmuşdur. Bu gün torpaq mülkiyyətçilərinə və fermerlərə yüksək aqrolizinq xidməti göstərilir, kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə satışı həyata keçirilir, gətirilən gübrələr 50 faiz güzəştlə torpaq mülkiyyətçilərinə verilir. Eyni zamanda, muxtar respublikaya keyfiyyətli toxum sortları gətirilir, torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli şərtlərlə kreditlər verilir, istehsal olunun məhsulların dövlət tərəfindən tədarük olunması və satışının həyata keçirilməsi təmin edilir. Kənd təsərrüfatı ilə məşğul olanlar yaradılan bu şəraitdən səmərəli istifadə etməli, ölkəmizdə ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsində fəallıq göstərməlidirlər.
Ali Məclisin sədri kollektivi bir daha təbrik etmiş, açılışı bildirən lenti kəsmiş, binada, anbarlarda və texniki parkda yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, bazanın binası iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində yeməkxana, ehtiyat hissələri anbarı və təmir sexi, ikinci mərtəbədə isə iş otaqları yerləşir. Bazanın texniki parkında müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarını saxlamağa şəraiti olan qaraj yaradılmışdır. Əkin və biçin işlərinin normal aparılması üçün ötən dövrdə Şahbuz rayonunda torpaq mülkiyyətçilərinə və fermerlərə lizinq yolu ilə texnikalar satılmışdır.
Gübrə və taxıl anbarlarına baxış zamanı bildirilmişdir ki, mineral gübrələrin saxlanılması üçün anbarların tikilməsi, gübrələrin lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satışının təşkil olunması diqqət mərkəzində saxlanılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şahbuz rayonu üzrə məhsul istehsalçılarına cari ildə 148 tona yaxın, Şahbuz rayon bazasına isə 50 ton azot gübrəsi verilmişdir.
Kollektivlə söhbət zamanı Ali Məclisin sədri demişdir ki, ölkəmizdə aparılan torpaq islahatı kənd təsərrüfatının inkişafı üçün hərtərəfli imkanlar açmışdır. Artıq bu sahəyə göstərilən qayğı, aqrolizinq xidmətinin təşkili torpaq mülkiyyətçilərinin fəaliyyətinin stimullaşdırılmasına səbəb olmuşdur. Şahbuz rayonunda da kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində torpaq mülkiyyətçiləri, fermerlər öz təsərrüfatlarını daha da genişləndirməli, bol məhsul istehsal etməlidirlər.
Ali Məclisin sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mövsümi işlər zamanı ehtiyac duyulan kənd təsərrüfatı texnikalarının və ehtiyat hissələrinin alınıb gətirilməsi, zəruri gübrə ehtiyatının yaradılması barədə tapşırıqlar vermişdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.