“Caspian Oil and Gas-2013” və “Caspian Power-2013” sərgiləri qarşılıqlı əməkdaşlıq naminə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün platforma olacaqdır

 

Bakıda 20 illik yubileyini qeyd edən və Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri olan Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası (“Caspian Oil and Gas”) sərgi və konfransı iyunun 4-də öz işinə başlamışdır.

“Caspian Oil and Gas-2013” sərgisi, əvvəllər olduğu kimi, bu dəfə də neft-qaz hasilatı və emalı, nəqletmə və logistika, habelə servis xidmətləri sahəsində qabaqcıl texnologiyaların nümayiş etdirilməsi üçün neft sənayesinin aparıcı şirkət və mütəxəssislərini bir araya gətirmişdir. Sərginin təşkilatçıları Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” MMC-dir.

Sərgi və konfrans qısa müddət ərzində bazarın maksimum əhatə edilməsinə və ölkənin neft-qaz sektorunda fəaliyyət göstərən bütün əsas iştirakçıların vahid biznes meydançasında toplaşmasına, neft-qaz hasilatı və yataqların işlənməsi sahəsində yeni nailiyyətlərlə, habelə neft məhsullarının daşınması və saxlanması texnologiyaları və üsulları ilə tanış olmağa imkan yaradır.

Bu beynəlxalq tədbir eyni zamanda, dünyanın neft-qaz sektorunun aparıcı mütəxəssisləri, əsas iştirakçıları ilə fəal görüşlər və danışıqlar aparmaq, əməkdaşlıq barədə qarşılıqlı faydalı təkliflər, mütəxəssis məsləhətləri almaq, eləcə də müqavilələr imzalamaq üçün də olduqca əlverişli bir imkandır.

“Caspian Oil and Gas-2013” sərgisində dünyanın 27 ölkəsindən 380-dən çox şirkətin iştirakı ilə 20 il ərzində bu sahədə əldə olunan uğurlar nümayiş etdirilir.

Bu gün “Caspian Oil and Gas” sərgisini haqlı olaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən neft strategiyasının uğuru hesab edirlər. İyirmi illik bir zamanı arxada qoyan bu sərgi gələcəkdə də regionun neft sektoru üzrə nailiyyətlərinin vizit kartı, eləcə də işgüzar əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq naminə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün platforma olaraq qalacaqdır.

Ənənəvi olaraq, “Caspian Oil and Gas” sərgi meydançasının 40 faizini sərgi və konfransın daimi iştirakçıları olan dünyaca məşhur şirkətlər tutur. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), “bp-Azerbaijan”, OMV, “Total”, TPAO, “Statoil”, “Petkim”, RWE və bir çox digər şirkətlər yer alır. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya sərgidə öz milli qrupları ilə təmsil olunur. “Caspian Oil and Gas-2013” sərgisinin baş sponsoru ARDNŞ, “qızıl” sponsoru isə “bp-Azerbaijan” və “Statoil” şirkətləridir. Sərginin digər sponsorları arasında “Axpo Trading”, “Azfen-Tekfen”, “Azeri MI Drilling Fluids”, “BNP Paribas”, “Bos Shelf”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Cross Caspian Oil and Gas Logistics”, “IHS Global Ltd”, “Interpipe”, “McDermott Caspian Contractors, Inc.”, “Nabucco”, “Nobel Oil”, “RussNeft”, “RWE”, “Siveco” və “TexnoProm” şirkətləri də vardır.

İyunun 5-də işə başlayacaq ənənəvi “Caspian Oil and Gas” konfransında isə “Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu”, “Hasilatın artırılması və şaxələndirilməsi sahəsində beynəlxalq əməkdaşlıq”, “Geoloji tədqiqat və Azərbaycanın karbohidrogen ehtiyatları potensialının genişləndirilməsi”, “Azərbaycanda neft-kimya və neft emalı potensialının inkişafı” və digər mövzular müzakirə olunacaqdır.

Bu il keçiriləcək konfrans üçün rekord sayda - 23 sponsor şirkət qeydə alınmışdır. Belə ki, konfransın əsas sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “qızıl” sponsorları isə “bp-Azerbaijan” və “Statoil” şirkətləridir. Beləliklə, keçirildiyi ilk vaxtdan etibarən respublikanın və ümumilikdə bütün regionun neft-qaz sənayesinin inkişafına öz töhfəsini verən “Caspian Oil and Gas” konfransı bu sahənin hər bir mütəxəssisinə peşəkar ünsiyyət üçün nadir imkan yaratmaqla yanaşı, geniş informasiya, təcrübə və ən yeni texnologiya axınını da təmin edir.

Bundan başqa, “Caspian Oil and Gas” sərgi və konfransı ilə eyni vaxtda, iyunun 4-də Bakı Ekspo Mərkəzində Xəzər regionunda energetika sənayesi nailiyyətlərinin nümayiş etdirilməsi sahəsində yeganə ixtisaslaşdırılmış tədbir olan III Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi (“Caspian Power-2013”) də işə başlamışdır.

“Caspian Power” sərgisi “ITE Group plc” şirkəti tərəfindən energetika sahəsində təşkil olunan aparıcı tədbirlərdəndir. Yeni avadanlıqların nümayişi və energetika mütəxəssislərinin konstruktiv dialoqu üçün platforma kimi məşhur şirkətlər tərəfindən alqışlanan sərgiyə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi rəsmi dəstək verir.

“Caspian Power-2013” sərgisi energetika sənayesi üçün innovasiyalı texnologiya və avadanlıqlar, habelə enerjiyə qənaət sahəsində elmi-texniki təkmilləşdirmələr təqdim edən şirkətləri bir araya gətirmişdir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, sərgidə, həmçinin Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlər də öz məhsullarını təqdim edirlər. Bu baxımdan  STP - Sumqayıt Texnologiyalar Parkı (Azərbaycan), “GOKNUR Bakı” MMC (Azərbaycan), “Schneider Electric” (Türkiyə) və “Wartsila” (Finlandiya) şirkətləri xüsusi seçilir. İştirakçıların 20 faizini debütantlar təşkil edirlər ki, onların da arasında “Enerqomera Elektrotexniki zavodlar” QSC (Rusiya), “Cink Hydro-Energy” (Çexiya) və digər şirkətlər vardır.

Sərgidə güclü transformatorlar, müxtəlif kabellər, hava elektrik xətləri üçün naqillər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlandırma sistemləri, elektrik enerjisinin texniki və kommersiya uçotu üçün avtomatlaşdırılmış sistemlər, mikroprosessor qurğuları və bir sıra digər məhsullar təqdim olunur.

Beləliklə, əsasən mütəxəssislər üçün nəzərdə tutulmuş “Caspian Power-2013” sərgisi elektrik enerjisi sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, eləcə də ən yeni texnoloji təkmilləşdirmələr və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq üçün nadir imkan deməkdir. Sərginin perspektivliyi Azərbaycanda yeni elektrik stansiyalarının, eləcə də hibrid stansiyaların fəaliyyətə başlaması, külək turbinlərinin və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir.

Haqqında ətraflı söhbət açılan “Caspian Oil and Gas-2013” və “Caspian Power-2013” sərgiləri öz işini iyunun 7-də başa vuracaqdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında