Bakıda beynəlxalq əməkdaşlıq sərgisi öz işinə başlayır

 

Bu gün Bakıda dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən tanınmış şirkətlərinin iştirakı ilə keçirilən ənənəvi “Xəzər nef-qaz, neftayırma  və neft kimyası sərgi və konfransı” öz işinə başlayır. Xatırladaq ki, Xəzəryanı regionun neft-qaz sektoru üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən  bu beynəlxalq  tədbir neft və milyonlar səltənəti olan Bakı şəhərində ilk dəfə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. Bu möhtəşəm tədbir dünyanın əsas iqtisadi dairələrinin, neft-qaz sektorunda çalışan transmilli şirkətlərinin diqqətini Xəzər regionunun, xüsusən də qədim neft diyarı kimi tanınan Azərbaycanın karbohidrogen ehtiyatlarına, burada reallaşdırılan iri neft və qaz layihələrinə yönəltmək baxımından  müstəsna rol oynayır.

Beynəlxalq “Xəzər neft-qaz sərgi və konfransı” bu sahədə fəaliyyət göstərən şirkətlər üçün, bir növ, hesabat xarakteri daşıyır. Adıçəkilən tədbirin böyük şöhrət qazanmasının başlıca səbəblərindən biri də dünya neft-qaz hasilatı sənayesinin beşiyi sayılan Azərbaycanın bu sahədəki zəngin ənənələri, ölkə rəhbərliyinin sərgiyə, həmçinin neft sektorunun inkişafına göstərdiyi qayğı və diqqətdir. Bu və digər məsələlər barədə 20-ci “Xəzər neft-qaz, neftayırma və neft kimyası” sərgi və konfransa həsr olunmuş dünənki mətbuat konfransında ətraflı məlumat verildi.

Böyük Britaniyanın “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon bildirdi ki, Xəzəryanı regionu üzrə neft-qaz sahəsində ən böyük tədbir sayılan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən beynəlxalq “Xəzər neft və qaz, neftayırma və neft kimyası”  sərgi və konfransı iyun ayının 4-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Qeyd olundu ki, bu il “Xəzər neft və qaz” sərgisinin yubileyi əlamətdar bir tarixə - sərginin banisi və təşəbbüskarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə eyni dövrə təsadüf edir. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin vaxtdan etibarən  sərgi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətlərinin yer aldığını diqqətə çatdıran E. Stroon bildirdi ki, ötən illər ərzində bu mötəbər tədbirdə dünyanın 70-dən çox ölkəsindən 5600 şirkət iştirak etmişdir. 22 şirkət isə keçirilən bütün sərgi və konfransların daimi iştirakçısı statusunu qazanmışdır. Qeyd olundu ki, sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu daha da möhkəmləndirir. Natiq yüksək diqqət və qayğıya görə Azərbaycan dövlətinin, eləcə də  Sənaye və Energetika Nazirliyi və Dövlət Neft Şirkətinin rəhbərliklərinə təşəkkürünü bildirdi.

Sərginin meneceri Tofiq Kərimov isə bildirdi ki, builki tədbirdə neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən  28 ölkədən 386 şirkət iştirak edəcək. Qeyd olundu ki, yubiley sərgisi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı, açıq meydançada keçiriləcək. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya isə sərgidə öz milli qrupları ilə təmsil olunacaqlar. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcminin 22 faiz, eksponatların ümumi sayının isə 25 faiz  artdığını bildirən T. Kərimov qeyd etdi ki,  yeni şirkətlərin Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20 faizini təşkil etməsi  sərgiyə olan beynəlxalq marağın məntiqi nəticəsidir.

Yeri gəlmişkən, 20-ci yubiley sərgi və konfransı bir sıra yenilikləri ilə də yaddaqalan olacaqdır. Belə ki, bu il Azərbaycanda mühüm neft-qaz hasilatı və ixracı layihələrinin operatoru olan bp şirkəti tədbirdə “Alıcı ilə tanış ol” adlı xüsusi pavilyonla təmsil olunacaq. Bu barədə jurnalistlərə məlumat verən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirdi ki, sayca ikinci dəfə təşkil olunan bu aksiya yerli şirkətlərə iri neft-qaz işlənməsi və ixracı layihələrində daha çox iştirak payı əldə etmək imkanı yaratmaq məqsədi daşıyır. Sərgi boyu davam edəcək bu tədbirə isə bu gündən start veriləcək.

Daha sonra “Xəzər neft-qaz konfransı”nın meneceri Nigar Muradxanlı iyunun 5-də öz işinə başlayacaq ənənəvi konfrans barədə media nümayəndələrinə ətraflı məlumat verdi. Qeyd olundu ki,  bu il tədbir ilk dəfə olaraq “Cumeirah Bilgah Beajh Hotel” mehmanxanasında keçiriləcək. Konfransda “Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu”, “Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq”, “Geoloji tədqiqat və Azərbaycanın karbohidrogen ehtiyatları potensialının genişləndirilməsi”, “Yataqların işlənilməsi üzrə əsas layihələr: şelf infrastrukturları üzrə innovasiyalar”, “Azərbaycanda neft-kimya və neft emalı potensialının inkişafı” və “Maye qazların inkişafı, emalı və nəqli sahəsində yeni təmayüllər” və. s məruzələr dinləniləcək. Bununla yanaşı, tədbir çərçivəsində keçiriləcək 3-cü beynəlxalq energetika və alternativ enerji sərgisi də öz aktuallığına görə xüsusi marağa səbəb olacaq.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında