Prezident İlham Əliyev: Bu vəsaitin bir hissəsi hərbi potensialımızın gücləndirilməsinə xərclənəcəkdir
Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 13 iyul tarixli geniş iclası bir neçə cəhətdən bizim üçün əlamətdar, bədxahlarımız üçün isə düşündürücü, narahatlıq yaradan oldu. Əslində 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş həmin tədbirdə ictimai-siyasi və hərbi diplomatik məzmunlu bir çox məsələlərdən də geniş söhbət açıldı. Həm Prezident, həm də hökumət üzvləri təkcə sosial-iqtisadi göstəriciləri deyil, ümumilikdə bugünkü Azərbaycan həqiqətlərini özündə əks etdirən çoxsaylı faktlara və rəqəmlərə müraciət etdilər.
Dövlət başçımızın həm giriş nitqində, həm də yekun nitqində bu qəbildən olan məqamlar istənilən qədər idi. Qəzetimizin ötən sayında iclasda səsləndirilən sosial-iqtisadi göstəricilər barədə əhatəli şəkildə söz açıldığına görə biz daha çox ictimai-siyasi məzmunlu məqamlara diqqət ayırmaq istəyirik. Məsələn, dövlət başçımız həm 2003-cü ilin payızında, həm də 2008-ci ilin oktyabrında seçicilərlə görüşərkən demişdi ki, bizim əsas məqsədlərimizdən biri ölkənin böyük maliyyə resurslarına malik olmasını təmin etməkdir. Söhbət maliyyə ehtiyatlarından getsə də məsələnin mahiyyətində sırf siyasi amillər dururdu. Xalqın dövlət başçısına inamının artması, seçicinin səs verdiyi insanın siyasi fəaliyyətində öz istəklərinin cavabını tapması və bir çox bu kimi məqamlar sırf siyasi məsələ kimi dəyərləndirilir. 2010-cu il iyulun 13-də, məlum iclasda giriş nitqi söyləyən Prezident İlham Əliyev qeyd edir: "Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır... Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir". Yəni ölkənin maddi ehtiyatlarının artırılması, iqtisadi imkanların genişləndirilməsi və sosial-iqtisadi tərəqqinin təmin edilməsi adi vətəndaş tərəfindən sadəcə iqtisadi göstəricilərin yaxşılaşdırılması kimi qəbul edilə bilər. Dövlət və dövlət başçısı üçün isə bu, həm də böyük siyasi əhəmiyyət kəsb edən məsələlərdir.
Yaxud başqa bir məqama diqqət yetirək. Məsələn, 2004-cü ilin fevralında Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən və icrasına başlanılan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həm 2004-2008-ci illəri əhatə edən birinci mərhələsinin, həm də sonrakı beş ili əhatə edən növbəti mərhələsinin icrası çox böyük iqtisadi və siyasi nəticələrlə müasir tariximizə yazılır. Ölkə ərazisində möhtəşəm tikinti quruculuq işləri həyata keçirilir, abadlıq və infrastrukturun müasirləşdirilməsi prosesi gedir. Müasir hava limanları, avtovağzallar, çoxsaylı körpü və yol ötürücüləri, Olimpiya İdman kompleksləri, regional diaqnostika mərkəzləri, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri üçün yüzlərlə yeni inzibati bina tikilir, ən ucqar kəndlərə qədər rahat yollar çəkilir. Bütün bunlar müasir Azərbaycanın həqiqətləridir. Ancaq beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu qeyri-hökumət təşkilatları, tanınmış sorğu mərkəzləri və aparıcı ekspertlər Azərbaycan dövlətinin son yeddi ildə həyata keçirdiyi başqa bir tədbiri daha çox qabardır, daha çox təqdir edirlər: "2004-cü ilin əvvəlindən bəri Azərbaycanda 900 min yeni iş yeri yaradılıb ki, bu da insanın əsas hüquqlarından olan işləmək hüququnun təmin edilməsi üçün atılmış ən güclü addımlardan biridir".
Əlbəttə, müxtəlif beynəlxalq təşkilatlar öz fəaliyyət istiqamətlərinə və funksiyalarına uyğun olaraq müasir Azərbaycan həqiqətlərinin ayrı-ayrı sahələrindəki uğurları daha çox yada salırlar. Yeni iş yerlərinin yaradılması sahəsindəki uğurlarımız isə əksər beyqnəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Nazirlər Kabinetinin qeyd etdiyimiz iclasında Prezident İlham Əliyev həmin məsələyə daha geniş şəkildə toxundu və maraqlı faktlar səsləndirdi: "Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yerləri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir... Bütövlükdə Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır". Dövlət başçımızdan gətirdiyimiz bu sitatdan sonra müqayisə məqsədilə yada salaq ki, internet saytları Avropanın aparıcı üç ölkəsində yaxın zamanlarda böyük işsizlər ordusunun yaranacağı barədə həyəcanlı xəbərlər yayırlar. Böyük ölkələrdən birində (ad çəkməyi məqsədəuyğun saymırıq) 600 min, digər iki ölkədə isə 400 və 270 min işçisini ixtisar ediləcəyi barədə məlumatlar yayılır. Azərbaycanda isə işsizliyin aradan qaldırılması üçün xüsusi dövlət proqramları icra edilir. Özü də böyük uğurla.
İclasda xüsusilə vurğulanan və bu gün bizim üçün çox böyük önəm kəsb edən məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların vəziyyəti barədə səsləndirilən fikirlər idi. Bu məsələdə Azərbaycanın mövqeyi barədə söz açmağına dəyməz. Çünki bu mövqeyi nəinki Azərbaycanda və işğalçı ölkədə, hətta, bütün dünyada hamı çox yaxşı bilir. Dünya ictimaiyyətinə gün kimi aydındır ki, Azərbaycan dövləti öz ərazilərinin bir qarışının belə düşmən işğalında qalması ilə razılaşmayacaq. Aparılan danışıqların mövcud vəziyyətinə gəlincə isə Prezident İlham Əliyev dedi: "Bu yaxınlarda mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikirlərimi bildirdim. İctimaiyyətə geniş məlumat verdim. Bir daha vurğulamaq istəyirəm ki, bizim bu sahədəki bütün fəaliyyətimiz çox şəffafdır, açıqdır və birmənalıdır. Azərbaycan xalqı mütəmadi qaydada məsələ ilə bağlı aparılan danışıqlar haqqında məlumatlandırılır. Bu, bizim ümumxalq işimizdir. Azərbaycan xalqı öz iradəsini ortaya qoyubdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır... Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar".
Sonda bir məqamı xüsusilə vurğulamaq zərurəti yaranır. Azərbaycanın iqtisadi qüdrəti, xüsusən, dövlət büdcəsi iti sürətlə artır. İşğalçı Ermənistan isə öz miskin rəhbərlərinin timsalında dünyanın hər yerində dilənməklə baş saxlayır. Respublikamızın iqtisadi imkanlarının ilin sonunadək daha iti sürətlə artacağını qeyd edən Prezident İlham Əliyev dedi: "...ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına əlavə 1 milyard yarım manat vəsait qoyulmalıdır... Bu vəsaitin bir hissəsi qeyd etdiyim kimi hərbi potensialımızın gücləndirilməsinə xərclənəcəkdir". Yəni, Azərbaycan işğal edilmiş ərazilərini azad etmək üçün bütün imkanlara malikdir. Bu imkanlar gündən-günə artırılır.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.