“Azərbaycanda enerji və dənizçilik hüququ: Beynəlxalq və milli perspektivlər” mövzusunda hüquq konfransı keçirilmişdir

 

 

Mayın 24-də Bakıda bp şirkətinin və Bakı Dövlət Universitetinin (BDU) sponsorluğu ilə “Azərbaycanda enerji və dənizçilik hüququ: Beynəlxalq və milli perspektivlər” mövzusunda hüquq konfransı keçirilmişdir. Konfransın digər təşkilatçıları isə yerli hüquq şirkəti olan EKVİTA və USAİD-in dəstəklədiyi Dəniz və Enerji Hüququ üzrə Magistratura proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarının ABA CEELİ İnc. təşkilatıdır.

Amerika Hüquqşünaslar Assosiasiyasının enerji və ətraf mühit hüququ üzrə mütəxəssis xanım Meri Tompson konfransı açaraq məruzəçiləri təqdim etmiş və müzakirə olunacaq məsələlərin hüquqi əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, konfransda müzakirə edilən məsələlərə hasilatın pay bölgüsü haqqında sazişlərin icrası və həyata keçirilməsində hüquqi və vergi aspektləri, enerji sahəsində investisiya mübahisələrinin həlli, həmçinin BDU-da yeni açılmış Dəniz və Enerji Hüququ üzrə Magistr proqramının təqdimatı daxildir.

Konfransın əsas məruzəçilərindən biri, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstar çıxış edərək bildirmişdir ki, bu tədbirdə dənizçilik və enerji məsələlərinin müzakirəsi mühüm əhəmiyyətə malikdir. Belə sahələrin artıq BDU-da tədris olunacağını vurğulayan səfir bunun təqdirəlayiq hal olduğunu demişdir.

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi çərçivəsində nəzərə alınmalı olan məqamlara toxunan R.Morninqstar Azərbaycan ilə Türkmənistan arasında dənizin dibi ilə boru kəmərinin çəkilməsini dəstəklədiklərini də bildirmişdir. O qeyd etmişdir ki, Xəzər dənizinin statusuna və mübahisəli yataqlar üzrə bütün məsələlərə hüquqi aspektdən yanaşılmalıdır.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov isə məruzəsində neft sənayesinin vətəni olan Bakı şəhərində bu cür konfransın ilk dəfə keçirildiyini diqqətə çatdırmışdır. O demişdir ki, konfransda çıxış etmək üçün biz çoxsaylı yerli və beynəlxalq mütəxəssislər dəvət etmişik. Çox məmnunuq ki, konfrans iştirakçıları arasında enerji və dənizçilik hüququ sahəsində ixtisaslaşmış yerli və beynəlxalq şirkətlərin, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri də vardır. Bu gün dünyada dəniz enerji hüququ mühüm amillərdən biridir.

Azərbaycanın neft-qaz siyasəti və “Əsrin müqaviləsi” çərçivəsində görülən işlərdən, qazanılan nailiyyətlərdən bəhs edən rektor bildirmişdir ki, əldə olunan razılığa əsasən, BDU da ABŞ-ın Tuleyn Universiteti ilə birgə gələn tədris ilindən dəniz və enerji hüququ üzrə mütəxəssislər hazırlanacaqdır. Məqsədimiz odur ki, dünyada az sayda olan belə bir elmi məktəbi Azərbaycanda da yaradaq. 

Sonra konfransda “Hüququn yeni istiqaməti kimi dəniz və enerji hüququnun inkişafı: tarixi aspektlər, dünya dövlətlərinin praktikası və Azərbaycan”, “Hasilatın pay bölgüsü müqavilələrinin tənzimlənməsi, müsbət və mənfi tərəflər”, “bp: Azərbaycan 20 il - problemlər və perspektivlər” və s. mövzularda məruzələr dinlənilmiş, diskussiyalar aparılmışdır.

 AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında