Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

 

 

 

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi bu nadir azərbaycanlının xalqımızın tarixində tutduğu yeri və taleyində oynadığı rolu möhtəşəm təntənələrin fonunda, sonsuz sevgilərin işığında bir daha aləmə göstərdi. Həqiqətən, Azərbaycanın son yarıməsrlik tarixinin yönü, məzmunu, ən mühüm hadisələri bu qüdrətli insanın zəkası ilə müəyyənləşmiş, iradəsi ilə möhürlənmişdir.

Ulu öndər Azərbaycana rəhbərliyinin birinci dövründə ittifaq dövləti tərkibində öz respublikasının sürətli iqtisadi, sosial, mədəni inkişafına nail olmaqla xalqımızı yaxınlaşmaqda olan siyasi suverenlik epoxasına hazırlamışdı. Azərbaycanın milli haqlarına sahib çıxması, dövlət müstəqilliyinə qovuşması üçün qarşısıalınmaz bir mübarizə aparmış bu insanın qəhrəman obrazı onu milyonların qəlbində həqiqi xalq lideri kimi ucaltmışdı. Dünya da Azərbaycan adlı məmləkəti illərdən bəri beynəlxalq siyasətin zirvəsinə yüksəlmiş bu türk-müsəlmanla tanımışdı.

Bütün bunlara görə 1993-cü ilin yayında — dövlət müstəqilliyinin ikinci ilində Azərbaycan Respublikası “ölüm-dirim” taleyi yaşayanda daxildə xalqın, xaricdə isə siyasət sərraflarının nəzəri XX əsrin nəhəng azərbaycanlısına — ümummilli lider mötəbərliyi qazanmış Heydər Əliyevə dikildi. Dünya şöhrətli siyasətçi və dövlət xadiminin canından artıq sevdiyi Azərbaycanı tarixi fəlakətin bir addımlığında xilas etməyə yalnız bu insanın özünün zəkası və qüdrəti çatardı. Beləliklə, qoca tarix daha bir zərurəti gerçəkləşdirdi: ulu öndər ikinci dəfə Vətəninin tale yükünü öz üzərinə götürdü.

Ümummilli lider xalqın ona bəslədiyi böyük inama, dünyadakı samballı nüfuzuna arxalanmaqla dövlət müstəqilliyini qorudu, daxildə siyasi sabitliyə, əksər məsələlərdə həmrəyliyə nail oldu. Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinin, fitri düşüncəsinin məhsulu olaraq, sosializmdən müasir demokratik sistemə keçidin milli modeli hazırlandı. Azərbaycanın çoxəsrlik tarixində qazanılmış ən yaxşı dəyərlər üzərində dünya təcrübəsini və xalqın köklü maraqlarını qovuşdurub ahəngar cəmiyyət quruculuğunu təmin etmək inkişafın Heydər Əliyev konsepsiyasının yönünü və mahiyyətini təşkil edir.

Böyük islahatçının apardığı təshihlər, açdığı yollar müstəqil Azərbaycana sürətli inkişaf gətirdi. Heydər Əliyevin adı ən yeni tariximizə həyatın bütün sahələrində islahatların misilsiz strateq və taktiki kimi yazıldı. Ulu öndər siyasi suverenliyin möhkəmləndirilməsinin və ölkənin ərazi bütövlüyünün bərpasının güclü, mobil iqtisadiyyat yaratmaqla mümkünlüyünü irəli sürdü. Bu hədəfə çatmağın yollarını isə liberal iqtisadiyyatda, dünya təsərrüfat sisteminə inteqrasiyada, azad bazar münasibətlərində, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində görürdü.

Ulu öndərin başladığı əsaslı islahatlar, həyata keçirdiyi zəruri tədbirlər çox keçmədi ki, böhrandan çıxmağa ciddi zəmin yaratdı. İki mərhələdə həyata keçirilən özəlləşmə iqtisadi sferaya inkişaf stimulları gətirdi. Neft sənayesinə dünyanın aparıcı hasilat şirkətlərinin cəlb olunması, ixrac kəmərlərinin şaxələndirilməsi, xarici investisiyalara qapı açılması ümumi iqtisadiyyatda güclü təkan verdi. İqtisadi inkişaf qanunlarının nəzərə alınması və iqtisadiyyatın ayrı-ayrı sahələrinin normal inkişafını təmin edən, milli maraqları qoruyan, təşəbbüskarlıqla intizamı düzgün əlaqələndirən yeni normativ-hüquqi bazanın yaradılması azad iqtisadi inkişafın Heydər Əliyev modelində tamamlayıcı vəsilə oldu.

Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə 10 il müddətində ölkə yeni tipli iqtisadiyyata keçiddə layiqli uğurlar qazandı. Ulu öndərin dikəldib ayaq üstə qoyduğu milli iqtisadiyyat onun siyasi varisi Prezident İlham Əliyevin yeni tipli liderliyi ilə hazırda Azərbaycanın hərtərəfli modernləşdirilməsinə maddi təminatlar qazandırır. 1993-cü ildə xəzinəsi boş, xarici borcları durmadan artan Azərbaycanın indi valyuta ehtiyatları 48 milyard dollara çatıb. Bu, ümumi daxili məhsulun 70 faizi qədərdir, ölkəmiz bu rəqəmlə dünyada ilk onbeşliyə daxildir. Son 10 ildə iqtisadiyyat 3 dəfə yüksəlib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 20 dəfə artaraq bu il 25 milyard dollar həcmindədir. Respublikamız ötən 18 ildə borc alan ölkədən borc verən dövlətə çevrilib.

Bütün bunlarda ölkənin ümumi iqtisadi sferasının zəruri həlqəsi olan vergi sisteminin mükəmməl hüquqi bazasının, çevik işlək mexanizmlərinin rolu danılmazdır. Müstəqil dövlətdə bazar münasibətləri dövrünün vergi şəbəkəsinin də yaradıcısı böyük iqtisadi təfəkkür sahibi, mahir idarəedici Heydər Əliyevdir. Bu sistemin özəlliyi iqtisadi inkişaf stimullarını və sosialyönümlü büdcənin ehtiyacını maksimum nəzərə almasında, daimi təkmilləşməyə açıq olmasındadır.

Heydər Əliyev Azərbaycanın yeni vergi siyasətinə, hər şeydən əvvəl, dağılmış iqtisadiyyatı dirçəldib inkişafa yönəltmək, ölkənin baş xəzinəsini doldurmaq, büdcəni artırmaq baxımından yanaşırdı. Ulu öndərin müstəqil dövlətin vergi sistemini formalaşdırmaqla bağlı həyata keçirdiyi tədbirlər miqyas və məzmun baxımından iki mərhələyə ayrılır. Birinci dövr islahatlara qədərki və onun gedişi zamanını — 1993 — 2000-ci illəri əhatə edirdi. Bu mərhələdə köhnə iqtisadi sistemin demontajı, bazar münasibətlərinə keçidlə əlaqədar müvəqqəti, güzəştli, dövlət maraqlarına üstünlük verən vergi siyasəti nəzərdə tutulmuşdu.

İslahatların yeni iqtisadi sistemi işlək vəziyyətə gətirdiyi, bazar mexanizmlərinin fəaliyyət göstərdiyi sonrakı dövrdə – 2000-2003-cü illərdə isə yeni gerçəklikləri tam nəzərə alan, qabaqcıl dünya təcrübəsinə əsaslanan mükəmməl vergi sistemi işlənib hazırlandı və uğurla həyata keçirildi. Böyük islahatçının özünün dediyi kimi, “bazar münasibətlərini tənzimləyən, iqtisadi yüksəlişi stimullaşdıran, fəal investisiya mühiti yaradan bu sistem sonrakı illərdə ulu öndərin layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə zəruri dəyişikliklərlə daha da təkmilləşdirilir.

Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov müstəqil dövlətin yeni tipli vergi sisteminin yaradılması prosesinə ümummilli liderin müstəsna münasibətini belə açıqlayıb: “Ölkənin iqtisadi inkişaf perspektivləri və işgüzarlığın fəal şəkildə artması qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Ona görə də Heydər Əliyev bu məsələni öz nəzarətinə götürmüş və Vergi Məcəlləsinin layihəsinin hazırlanması ilə bağlı onun göstərişləri qısa müddət ərzində icra olunmuşdu.

Vergi Məcəlləsinin layihəsi hazırlanarkən ulu öndər xalqımızın milli xüsusiyyətlərini, mentalitetini və sosial vəziyyətini nəzərə almağı mühüm bir məsələ kimi qarşıya qoymuşdu. Bu məqsədlə Məcəllənin hazırlanması zamanı qanunvericiliyin uzun müddət sabit qalması, güzəşt və imtiyaz sisteminin ünvanlı olması, eləcə də vərəsəlik əsasında keçən mirasın vergilərdən azad edilməsi kimi məsələlər nəzərə alınmışdı”.

Doğrudan da, yeni vergi qanunvericiliyinin hazırlanması liberal iqtisadiyyatın tənzimlənməsi, ölkənin iqtisadi və sosial sahələrinin ahəngdar inkişafına əlverişli şərait yaradılması baxımından tarixi zərurət idi. Ulu öndər diqqəti ona yönəldirdi ki, yeni normativ-hüquqi baza islahatların genişlənməsi üçün təkanverici rol oynasın, münbit investisiya və vergi mühiti yaratmaqla büdcə gəlirlərinin optimal artımını təmin etsin.

Bütün bunların ardıcıl həyata keçirilməsi, nəhayət, 2000-ci ildə ölkəni normal vergi siyasəti hüdudlarına gətirib çıxardı. Ulu öndər vergi islahatını iqtisadi islahatlar strategiyasının tərkib hissəsi və tamamlayıcı siqmenti kimi götürdüyündən nəzərdə tutulmuş kompleks tədbirlər bir-birini tamamlayaraq maksimum səmərəsini göstərdi. Beləliklə, Prezident Heydər Əliyev respublikanın vergi siyasətinin gələcəyə ünvanlanmış konsepsiyasını yaratmağa nail oldu, aparılan islahatların fəlsəfi-strateji yönünü və məzmununu düzgün müəyyən etdi.

Heydər Əliyev islahatların oturuşduğu, iqtisadi yüksəlişin başladığı dövrdə ölkənin vergi siyasətini həyata keçirən Baş Dövlət Vergi Müfəttişliyinin fəaliyyətini yeni mərhələnin tələblərinə uyğunlaşdırmaq üçün 11 fevral 2000-ci il tarixli fərmanı ilə bu qurumun bazasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması barədə qərar qəbul etdi. Ulu öndərin siyasi dəstəyi, birbaşa tapşırıq və göstərişləri əsasında qısa müddətdə nazirliyin mükəmməl strukturu formalaşdırıldı, normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirildi. Vergilər nazirinin də qeyd etdiyi kimi, “bu struktur sistemlilik, funksionallılıq, çeviklik, operativlik, koordinasiya olunma və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi”.

Sonrakı illərdə ulu öndərin arzu və tövsiyələrinə uyğun olaraq Azərbaycanın vergi sistemi islahatların əməli nəticələri və beynəlxalq vergi standartları nəzərə alınmaqla modernləşdirildi.Vergi inzibatçılığının düzgün qurulması, vergi ödəyiciləri ilə aparılan ardıcıl, səmərəli iş nəticəsində büdcə daxilolmalarının proqnozlaşdırılması və icrası yüksək səviyyədə həyata keçirilir. Vergi inzibatçılığı xərclərinin vergi daxilolmalarına nisbəti göstəricisinə — 0,35 faizə görə Azərbaycanın vergi xidməti Avropa məkanında öncül yer tutur.

Ölkənin mükəmməl, mütərəqqi, çevik vergi xidmətinin ulu öndərin istəklərinə uyğun qurulmasını ən mühüm statistik göstəricilər bir daha təsdiqləyir. Ötən il vergi daxilolmalarının həcmi 2000-ci illə müqayisədə 12 dəfəyədək artaraq, 510 milyon manatdan 6 milyard manata yüksəlmişdir. Qeyri-neft sektorundan daxilolmaların 3,3 milyard manata çatması da ölkədə təşəbbüskar iqtisadi fəaliyyətin, səmərəli vergi sisteminin mövcudluğundan xəbər verir. Son 12 ildə vergi ödəyicilərinin sayı 3 dəfədən çox artmışdır. Son 1 ildə yeni vergi ödəyənlərin sırasına 72 min nəfər əlavə olunmuşdur.

Yeni innovativ vasitələrdən geniş istifadə edən Vergilər Nazirliyi və onun işlək şəbəkəsi ölkədə Elektron Hökumətin fəal tərkib hissəsi olub, vergi siyasətini uğurla həyata keçirir. 2008-ci ildən nazirlikdə sahibkarlıq subyektlərinin qeydiyyatının “Bir pəncərə” prinsipi üzrə aparılması ölkədə biznes mühitinin sağlamlaşdırılmasına, beynəlxalq reytinqin yüksəlməsinə şərait yaratmışdır. Son illərdə vergi ödəyiciləri elektron vergi bəyannamələrindən və elektron vergi hesab-fakturalarından istifadə etmək, vergiləri elektron şəkildə ödəmək, elektron məktublaşma aparmaq imkanlarından da istifadə edirlər.

Azərbaycanın vergi xidməti beynəlxalq vergi, maliyyə qurumları ilə səmərəli əməkdaşlıq quraraq öz fəaliyyətini daim təkmilləşdirir. İnzibati qanunvericiliyin prinsiplərinə ciddi əməl edilməsi ilə yanaşı, geniş təbliğat-izahetmə işlərinin aparılması, Vergilər Nazirliyi strukturlarının cəmiyyətə tam açıq olması vergi proqnozlaşdırmalarını obyektiv aparmağa, vergi ödəyicilərinin intizamlı və məsuliyyətli olmasına gətirib çıxarmışdır. Vergi sistemi üzrə nəzərdə tutulmuş 57 elektron xidmətdən artıq 49-u uğurla tətbiq olunur. Vergi ödəyicilərinin daim hüquqi məlumatlandırılması, problemlərin obyektiv həlli səmərəli vergiödəmə təcrübəsini möhkəmləndirir.

Bu gün nağdsız ödəmələr ölkənin bank-maliyyə-vergi kompleksinin fəaliyyətini dünya standartlarına yaxınlaşdırır. Bu sahəyə diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyev cari ildə nağdsız ödəmələrlə bağlı daha yüksək səviyyəyə çatmağı zəruri bilmişdir. Bazar iqtisadiyyatını, çoxukladlı təsərrüfat sistemini idarə etməkdə, onu nəzarətdə saxlamaqda dövlətin əlində təsirli mexanizm olan vergi sisteminin oynadığı rolu heç nə əvəz edə bilməz. Buna görə də ulu öndərin vergi siyasətini yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev bu sahənin artan tələbata, yeni reallıqlara uyğun inkişafına hər cür qayğı göstərir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq artıq 2013-2020-ci illərdə Vergi sisteminin strateji inkişaf planı təsdiq olunmuşdur.

Ölkənin zəngin təbii sərvətlərini insanların yüksək zehni-əməli təşəbbüskarlığı ilə qovuşdurub bolluq, zənginlik yaratmaq arzusunu ömrü boyu gerçəkləşdirmiş böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı bəşəri tərəqqi yoluna çıxarmağa nail oldu. Bu gün onun ölməz ideyaları ölkəmizi modernləşmə yolu ilə dünyada öncül mövqeyə çıxarmışdır. Azərbaycanın iqtisadiyyatı Qafqaz iqtisadiyyatının 70 faizini təşkil edir. Son 10 ildə Azərbaycan yüksək iqtisadi inkişaf sürətinə görə MDB məkanında öndə gedir. Bir sıra iqtisadi-maliyyə göstəricilərinə görə ölkəmiz beynəlxalq reytinq cədvəllərində mövqeyini ildən-ilə yaxşılaşdırır.

Bütün bunlar ümummilli lider Heydər Əliyevin zəkasının məhsulu, idarəsinin nəticəsi olan ideyaların həyatiliyini, ölməzliyini dönə-dönə sübuta yetirir, xalqımızı bu ideyaların işığında və cazibəsində səfərbər edərək yeni hədəflərə yaxınlaşdırır.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

(Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında