Azərbaycanda sosial-iqtisadi inkişaf prioritet vəzifə kimi daim diqqət mərkəzində saxlanılır

 

 

 

 

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın mənzərəsi bir daha təsdiq edir ki, 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq  reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmış və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Bu gün Azərbaycanın bütün yaşayış məntəqələri tanınmaz dərəcədə dəyişmiş, müasirləşmiş və əhalinin sosial şəraiti yüksəlmişdir.

Respublikamız öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə, onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Bütün bunlar barədə  Prezident İlham Əliyev  demişdir ki, arxada qalan 10 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq. Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəldilməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərdi. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.

Prezident İlham Əliyev ölkəmizin ötən 10 il ərzindəki sosial-iqtisadi inkişafı ilə bağlı bildirmişdir ki, bu dövr ərzində iqtisadiyyat 3 dəfə artmış, şaxələnmiş, müasir sosial-iqtisadi infrastruktur yaradılmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi bu il  25 milyard dollara çatdırılmışdır. Ölkədə əhalinin işsizlik səviyyəsi 5,1 faizə salınmışdır. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, ötən il bu rəqəm 6 faizə endirilmişdir. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötmüşdür.

2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət olmuş, iqtisadiyyatda keçid dövrünü başa çatdırmışdır. Həmin ildən başlayaraq əsas diqqət ölkənin neftdən asılılığının azaldılmasına yönəldilmiş  və son üç ilin dinamikası aydın şəkildə göstərir ki,  Azərbaycan rəhbərliyi bu  vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Hazırda neft hasilatı sabit saxlanılmaqla, ölkənin iqtisadi artımı əsasən qeyri-neft sektorunun hesabına reallaşdırılır. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olmuşdur. Keçən il Azərbaycanda neft hasilatı müəyyən səbəblərdən aşağı düşsə də, ümumi daxili məhsulun 2,2 faizlik artımı müşahidə olunmuş, qeyri-neft sektoru isə təxminən 10 faiz yüksəlmişdir. Son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır.

Əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də miqyasına görə diqqət çəkir. Belə ki, son 10 ildə müasir tələblərə uyğun 2500-dən artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi, idman kompleksləri və çoxsaylı sosial təyinatlı digər obyektlər tikilmiş və istifadəyə verilmişdir. Ölkədə əməkhaqları, sosial müavinətlər mütəmadi olaraq artırılır və artırılmaqda davam edir. Eyni zamanda, 2012-ci ildə Azərbaycanda sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. Qeyd edilməlidir ki, bütün postsovet məkanında yalnız Azərbaycanda bu vəsaitlər qısa zamanda və ən yüksək əmsalla ödənilmişdir.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkün yaranmış, onlar çox acınacaqlı şəraitdə, çadır şəhərciklərində, yaşayış üçün münasib olmayan digər yerlərdə məskunlaşmışlar. 2004-cü ildən məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ciddi tədbirlər görülməyə başlanmışdır. Ötən müddət ərzində bütün çadır şəhərcikləri ləğv olunmuş, 77 müasir qəsəbə salınmış, yüz minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ötən il 20 min məcburi köçkünü müasir mənzillərə, evlərə köçürülmüş və bu il daha 20 min nəfərin mənzil probleminin həlli  nəzərdə tutulur.

Ötən illər ərzində Azərbaycanın təhlükəsizlik strategiyası da  uğurla həyata keçirilmişdir. İlk növbədə, enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin  rolu daha da yüksələcəkdir. Bu layihə respublikamızın uzunmüddətli inkişafını, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır.

Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Azərbaycan artıq dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişdir

Bu ilin birinci rübü də ölkəmizin sosial-iqtisadi sahələrində əldə edilən  mühüm uğurlarla yadda qalmışdır. Bunu konkret rəqəmlərdən də aydın görmək olar. Belə ki, bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır, qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. İnflyasiya cəmi 1,2 faiz təşkil edir. Kənd təsərrüfatında 4 faizdən çox artım qeydə alınmışdır.

Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı  2013-cü ildə başa çatacaqdır. Proqramın uğurla icra ediləcəyi gözlənilir. Bu proqramın icrası nəticəsində ölkəmizdə bir milyon yüz mindən artıq iş yeri açılmışdır ki, onların 30 mini bu ilin birinci rübündə yaradılmışdır. Əlbəttə, bu göstərici də qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə bağlıdır. Çünki əsas iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.

Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatmışdır ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında əhəmiyyətli göstəricilərdən biridir.

2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin mədaxili 131 faiz yerinə yetirilmişdir. Büdcəyə daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət Gömrük Komitəsinin hesabına təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon manat təşkil etmişdir. İqtisadi təsnifata uyğun olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı sosialtəyinatlı xərclərin-əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinin maliyyələşdirilməsinə ayrılmışdır.

Regionların inkişafı, öz növbəsində, vergi daxilolmalarına da müsbət təsir göstərmişdir. Əhalinin böyük əksəriyyətinin regionlarda kənd təsərrüfatı ilə məşğul olmasına, ailə-kəndli təsərrüfatlarının və kəndli təsərrüfatının digər sahələrinin uzun illər vergidən azad edilməsinə baxmayaraq, regionlar üzrə daxilolmalar son 10 ildə 11,8 dəfə artmışdır. Sahibkarlıq subyektlərinin qeydiyyat prosedurlarının sadələşdirilməsi nəticəsində 2013-cü ilin birinci rübündə 20 min 885 sayda qeydiyyata alınan vergi ödəyicisinin 65,5 faizi regionların payına düşür.

Qeyri-neft sektorunun ortamüddətli perspektiv hədəfinə çatmaq istiqamətində dövlət başçımız  tərəfindən atılan ən mühüm addımlardan biri də daxili və xarici investisiyaların təşviqi siyasətinin davam etdirilməsi, o cümlədən dövlət investisiyalarının artırılmasıdır. 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinə 1 milyard 913 milyon manat və yaxud 2011-2012-ci illərin birinci rübündə üst-üstə istifadə olunmuş 1,5 milyard manat vəsaitdən 413 milyon manat və ya 27,5 faiz çox vəsait yönəldilmişdir.

Vaqif  BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında