Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin “beyin mərkəzləri”nin Bakıda beynəlxalq forumu keçirilir

 

 

Mayın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü  olan dövlətlərin “beyin mərkəzləri”nin “Şərq-Qərb strateji körpüsü: QİƏT regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya” mövzusunda beynəlxalq forumu işə başlamışdır.

Forumda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

İkigünlük forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, forumda 11 dövlətdən 20-dək “beyin mərkəzi”nin nümayəndələri iştirak edirlər. Hazırda Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi, əhalisinin isə 65 faizi Azərbaycanın payına düşür. Azərbaycan Qərb ilə Şərqi birləşdirən əsas nəqliyyat dəhlizidir və onsuz regionda böyük layihələrin həyata keçirilməsi çox çətindir. Azərbaycan nəinki siyasi-iqtisadi, eləcə də dini və mədəniyyətlərarası müzakirələrin də mərkəzinə çevrilməkdədir.

Azərbaycanın əldə etdiyi uğurlardan danışan şöbə müdiri diqqətə çatdırmışdır ki, etibarlı tərəfdaş kimi 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ölkəmizin bütün sahələrdə əməkdaşlığı genişlənir.

Elnur Aslanov təəssüf hissi ilə qeyd etmişdir ki, hazırda həm Cənubi Qafqaz, həm də Qara dəniz hövzəsi etnik və separatist meyllərlə zəngin bir məkana çevrilmişdir. İyirmi ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda sülhün, sabitliyin və əmin-amanlığın yaranmasına zəmin yaratmır. Ermənistan regionda heç də müstəqil dövlət təəssüratı bağışlamır. Ermənistan Cənubi Qafqazda “xərçəng şişi” rolunu oynayan dövlətə çevrilmişdir. Burada narkotik və silahların nəqlinə beynəlxalq aləm tərəfindən nəzarət olunmur. Ona görə də Ermənistanın gec-tez çökəcəyi labüddür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılması təmin olunmalıdır. O, demişdir: “Biz istərdik ki, Ermənistan bölgədə sülh və sabitliyin yaradılmasında səy göstərən bir dövlətə çevrilsin. Lakin bu baxımdan çətinliklər mövcuddur. Buna baxmayaraq, biz münaqişənin sülh yolu ilə həllinə ümid edirik. Bu, olmazsa, Azərbaycanın öz torpaqlarını azad etməsi üçün beynəlxalq hüquqla verilmiş çox böyük imkanları vardır”.

Forumda çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov vurğulamışdır ki, tədbirdə çox mühüm mövzulara toxunulacaqdır. Azərbaycanın dünyaya inteqrasiya yolunu tutduğunu deyən F.Məmmədov diqqətə çatdırmışdır ki, rəhbərlik etdiyi qurum ölkəmizi bır sıra platformalarda təmsil edir, müxtəlif layihələr həyata keçirir.

SAM-ın direktoru bildirmişdir ki, son illərdə baş verən bir sıra hadisələr Qara dəniz regionunu diqqət mərkəzinə çevirmişdir. Avropa İttifaqı və NATO-nun Qara dəniz istiqamətində genişlənməsi hər iki qurumun bu regiona olan diqqətini artırmışdır. Regionun malik olduğu təbii resursların daşınması baxımından və ümumilikdə, Avrasiya məkanındakı ticarət yollarının üzərindəki geostrateji mövqeyi onun əhəmiyyətini artırır. Asiya və Avropa arasında malların və xidmətlərin nəqli üçün regional infrastruktur layihələrin həyata keçirilməsi zəruridir. Bu layihələrin reallaşması isə, öz növbəsində böyük həcmdə xarici investisiyaların regiona axını deməkdir.

F.Məmmədov qeyd etmişdir ki, Qara dəniz regionunda inkişafı ləngidə biləcək problemlər də mövcuddur. Burada siyasi və iqtisadi əməkdaşlıq və inteqrasiyanın arzu olunan səviyyəyə çatdırılması üçün regiondakı mövcud münaqişələr, iqtisadi və siyasi sabitsizlik kimi məsələlər həllini tapmalıdır.

Sonra forum işini panel iclasları ilə davam etdirmişdir.

Milli Məclisin deputatı Rasim Musabəyovun moderatorluğu ilə “QİƏT regionunda siyasi-iqtisadi transformasiya” mövzusunda keçirilən birinci panel iclasında Moldova Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı Oleg Frunze “Dövlət idarəçiliyi sahəsində paradiqma dəyişikliyi - Moldova üçün həll yolu”, Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Zefi Dimadama “Qara dəniz regionunda QHT-lər regional əməkdaşlıq və inteqrasiyanın hərəkətverici qüvvəsi kimi”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) elmi təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli “Dövlət idarəçiliyində innovativ inkişaf prosesinin siyasi aspektləri”, Moldova Elmlər Akademiyasının sosial elmlər və iqtisadiyyat şöbəsinin  əlaqələndiricisi Viktor Moraru “Dəyişən dünyada kütləvi informasiya vasitələrinin missiyasi”, DİA-nın inzibati idarəetmə fakültəsinin dekanı Eldar Azadov “Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının əsas prioritetidir” mövzularında çıxış etmişlər.

Sonra Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadovun moderatorluğu ilə “Qara dəniz regionunda iqtisadi əməkdaşlıq: baxışlar və imkanlar” mövzusunda keçirilən ikinci panel iclasında Bolqarıstan Diplomatik İnstitutunun əməkdaşı Valentin Katranciyevin “Böyük Qara Dəniz Regionunda Əməkdaşlığa Bolqarıstanın baxışı və maraqları”, Rumıniya Prezidentinin Strateji Məsələlər və Beynəlxalq Təhlükəsizlik üzrə müşaviri Yulian Çifunun “Şərq-Qərb strateji dəhlizi: Qara dəniz - Xəzər dənizi”, Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Alev Kılıçın “QİƏT-in iyirmi illik fəaliyyətinin nəticələri və gələcək fəaliyyət perspektivləri”, Kadir Has Universitetinin elmi işçisi Muxtar Hacızadənin “Böyük Qara dəniz məkanında kompleks regionalizm”, Türkiyənin Xarici İşlər Nazirliyi və Strateji Araşdırmalar Mərkəzinin müşavirinin “QİƏT regionunda qloballaşma, regionalizm və qarşılıqlı asılılıq” mövzularında məruzələri dinlənilmişdir.

Sonda mövzulara dair müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Forum işini mayın 18-də davam etdirəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında