Muxtar respublikada həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələri ulu öndərimizin 90 illiyi ilə əlaqədar “Heydər Əliyev ili” elan edilmiş 2013-cü ilin ilk rübündə də ictimai və iqtisadi həyatın əsas xarakteristikasını təşkil etmişdir. İlin üç ayı ərzində muxtar respublikada 415304,3 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 11,5 faiz üstələmişdir. 2013-cü ilin yanvar-mart aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 969,7 manat (1235,6 ABŞ dolları) səviyyəsində olmuşdur.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü ilin yanvar-mart ayları ərzində sənaye məhsulunun həcmi 12,6 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4,6 faiz, nəqliyyat sektorunda yük daşınması 8,9 faiz, informasiya və rabitə xidmətləri 7,1 faiz, o cümlədən mobil rabitə xidməti 6 faiz, pərakəndə əmtəə dövriyyəsi 17,5 faiz, əhaliyə göstərilən pullu xidmətlər 17 faiz, ixracın həcmi 5,3 faiz, əhalinin gəlirləri 8,9 faiz, hər bir nəfərə düşən gəlirlər 6,4 faiz, orta aylıq əməkhaqqı isə 5,1 faiz artmışdır.
Sənaye
Cari ilin ilk rübündə muxtar respublikada 207 milyon 184 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 12,6 faiz üstələyir. Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 14 milyon 899 min manatlıq, qeyri-dövlət sektorunda isə 192 milyon 285 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 93 faizi özəl sektorun payına düşmüşdür.
Maddi istehsal potensialının gücləndirilməsi siyasətinə uyğun olaraq, cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 9 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 46 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir. Sənaye istehsalının genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və 2013-cü ilin ilk rübü ərzində daxili tələbatdan artıq istehsal olunmuş 37 milyon 689 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.
Tikinti-quruculuq
İctimai və iqtisadi fəaliyyətin bütün sahələrində maddi-texniki bazanın gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, məhsul istehsalının artırılması və xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə 2013-cü ilin yanvar-mart ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 222 milyon 348 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 9,6 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 186 milyon 599 min manatı və ya 84 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2013-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikada 83 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş, 242 müxtəlif təyinatlı obyektin isə inşası və ya təmiri davam etdirilmişdir. İnzibati binaların tikintisi üzrə 2013-cü ilin yanvar-mart ayları ərzində, ümumilikdə, 4 inzibati binanın yenidən qurulması başa çatdırılmış, 22 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri hazırda davam etdirilməkdədir.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazimizi, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Cari ilin ilk rübü ərzində 11 kənd mərkəzinin inşasına başlanılmışdır. Muxtar respublikanın şəhər və rayonlarında kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ilin ilk rübü ərzində “Mercedes” markalı 1 ədəd qarkürəyən və qumsəpən, 2 ədəd yoltəmizləyən və 3 ədəd tullantıdaşıyan maşın alınaraq muxtar respublikaya gətirilmişdir.
Ötən dövr ərzində muxtar respublikada 5 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmiş, hazırda 11 qazanxanada tikinti işləri aparılmaqdadır. 2013-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 92 min 285 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4754 kvadratmetr və ya 5,4 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilməkdədir. “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 1 aprel 2013-cü il tarixə Naxçıvan şəhərində 129,9 kilometr uzunluğunda kanalizasiya və 137,6 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 114,9 kilometr uzunluğunda içməli su və 102,9 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Hazırda içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilməkdədir. Ötən dövr ərzində muxtar respublikada 1 kəhriz təmir olunmuş, 1 kəhrizin bərpası, 6 kəhrizin təmiri hazırda davam etdirilir.
Kənd təsərrüfatı
2013-cü ilin yanvar-mart aylarında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 9 dəfə artaraq 1 milyon 139 min manata, heyvandarlıq məhsullarının həcmi isə 77 faiz artaraq 20 milyon 14 min manata çatmışdır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 116 ədədi 2013-cü ilin yanvar-mart aylarında olmaqla, cəmi 995 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2013-cü ilin yanvar-mart ayları ərzində 55 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçıları 3 min 961 ton mineral gübrə ilə təmin olunmuşlar.
Cari ilin məhsulu üçün 8 min 476 hektar sahədə yazlıq əkin aparılmış və hazırda bu iş öz aktiv mərhələsindədir. Son illər ərzində ümumi tutumu 11 min 720 ton olan 15 soyuducu anbar istifadəyə verilmiş, ümumi tutumu 50 ton olan 1 soyuducu anbarın qurulması hazırda davam etdirilir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikaya 212 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir. 1 aprel 2013-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 110 min 899 baş, qoyun və keçilərin sayı isə 676 min 144 baş olmuşdur ki, bu da 1 aprel 2012-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,6 və 1,9 faiz üstələmişdir.
2013-cü ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 5195,3 ton ət, 11706,6 ton süd istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3,3 və 1,3 faiz çoxdur. Daxili bazarda ət və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində hazırda 5 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi istiqamətində işlər davam etdirilməkdədir.
2013-cü ilin yanvar-mart aylarında 21 milyon 153 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 4,6 faiz üstələyir.
Nəqliyyat
Babək rayonunun on səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 6,3 milyon manat vəsait ayrılmışdır. Cari ilin ilk rübü ərzində muxtar respublikada müasir avtomobil yollarının çəkilməsi, yenidən qurulması üçün 2 ədəd “CAT” markalı yükləyici ekskavator və 1 ədəd “CAT” markalı vərdənə, hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması və əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına yeni maşın-mexanizmlər gətirilmişdir.
Naxçıvan-Şahbuz-Batabat, Hacıvar-Vayxır-Sirab, Şəkərnabad-Hacıvar, Qıvraq-Püsyan-Xanlıqlar, Ayrınc-Qızıl Qışlaq -Güney Qışlaq və Ağbulaq-Gömür avtomobil yollarının çəkilişi davam etdirilməkdədir. Şahbuz rayonunda iki, Babək rayonunda bir körpünün tikintisi, Şərur rayonunun Şahbulaq kəndində giriş avtomobil yolunun yenidən qurulması, Axura kəndində isə körpünün təmiri davam etdirilir.
İlin əvvəlindən ötən üç ay ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz, sərnişin daşınması isə 7,7 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 9 milyon 397 min manat gəlir əldə edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 7,4 faiz çoxdur.
Rabitə və informasiya
Sədərək-Ordubad alternativ fiber-optik kabel xəttinin çəkilişi davam etdirilmiş, Şərur rayonunun Axura kəndindəki avtomat telefon stansiyasına 5,4 kilometr, Həmzəli kəndindəki avtomat telefon stansiyasına 5,6 kilometr, Şahbuz rayonunun Badamlı kəndindəki avtomat telefon stansiyasına 3,7 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkilmişdir. Bundan əlavə, elektron hökumət layihəsi ilə əlaqədar 20 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkilmişdir.
Naxçıvan şəhərinin Tumbul kəndində 512, Şərur rayonunun Həmzəli kəndində 128, Babək rayonunun Şəkərabad kəndində 576, Ordubad rayonunun Çənnəb kəndində 32 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmışdır. Bu dövr ərzində muxtar respublikanın iri yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkili istiqamətində tədbirlər davam etdirilmiş, Ordubad rayonunun Dizə və Unus kəndlərində, Babək rayonunun Sirab, Didivar, Kərimbəyli və Kültəpə kəndlərində bu xidmətdən istifadəyə başlanılmışdır. Bundan əlavə, Ordubad, Culfa və Şahbuz şəhərlərinin, Babək rayonunun Cəhri, Ordubad rayonunun Yuxarı Əndəmic və Dəstə, Culfa rayonunun Əbrəqunus kəndlərində genişzolaqlı internet xidməti üçün əlavə olaraq yeni avadanlıqlar quraşdırılmışdır.
2013-cü ilin yanvar-mart ayları ərzində muxtar respublikada 498 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, 1 aprel 2013-cü il tarixə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 67-yə çatmışdır. 1 aprel 2013-cü il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 439448 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonlarının sayı isə 103 ədəd olmuşdur.
2013-cü ilin ilk rübü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövründəki göstəricini 7,1 faiz üstələyərək 11 milyon 231 min manat olmuşdur. Ümumi xidmətlərin 84,7 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 6 faiz çoxdur.
Enerji
Enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər istiqamətində cari ilin ilk rübü ərzində Şərur rayonunda 20,5 meqavat gücündə Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmış və hazırda sınaq-sazlama işləri aparılmaqla yanaşı, stansiyada ilkin mərhələdə orta hesabla 17 meqavat gücü ilə elektrik enerjisi istehsalına başlanılmışdır. Eyni zamanda Şərur rayonunda 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının və Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası işləri davam etdirilməkdədir.
Ordubad rayonunda 110/35/10 kilovoltluq “Ordubad” elektrik yarımstansiyasının tikinti və avadanlıqlarla təchiz edilməsi işləri davam etdirilir. Muxtar respublikada 5 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 15,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.
1 aprel 2013-cü il tarixə 80 min 220 əhali abonenti təbii qazla təmin olunmuşdur. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttinin tikintisi işləri davam etdirilməkdədir.
Sahibkarlıq
Naxçıvan şəhərində biznes-forumların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli məhsulların tanıdılmasını və satışının təşkilini təmin etmək məqsədilə Biznes Mərkəzi yaradılmışdır. Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2013-cü ilin ilk rübündə muxtar respublika üzrə 6 hüquqi və 428 fiziki şəxs qeydiyyata alınmışdır. 2013-cü ilin yanvar-mart ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 9 milyon 989 min 602 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 344 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 229 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 330 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
2013-cü ilin ilk rübündə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 8,9 faiz artaraq 324 milyon 742 min manata, onun hər bir nəfərə düşən həcmi isə 6,4 faizlik artımla 756 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 372 manata çatmışdır ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 5,1 faiz çoxdur.
Davamlı iqtisadi inkişaf məşğulluq məsələlərinin də səmərəli həllini şərtləndirməkdədir. 2003-cü il oktyabr ayının 1-dən 1 aprel 2013-cü il tarixədək muxtar respublikada 57833 yeni iş yeri yaradılmışdır ki, bunun da 41478-i və ya 71,7 faizi daimi iş yerləridir. 2013-cü ilin ilk rübü ərzində yaradılmış 724 yeni iş yerinin 680-i və ya 93,9 faizi daimi iş yerlərinin payına düşür.
Humanitar sahə
Cari ilin ilk rübü ərzində Naxçıvan şəhərində 972 şagird yerlik 10 nömrəli tam orta məktəb binasının yenidən qurulması başa çatdırılmışdır. Şərur rayonunun Sərxanlı və Şahbulaq, Ordubad rayonunun Sabirkənd, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Qızıl Qışlaq və Kükü kəndlərində tam orta məktəb binalarının tikilir. Naxçıvan şəhərində 11 nömrəli, Babək rayonunun Cəhri kəndində 1 nömrəli, Şərur rayonunun Xanlıqlar, Culfa rayonunun Kırna və Kəngərli rayonunun Xok kəndlərində tam orta məktəb binalarının yenidən qurulması davam etdirilir.
Naxçıvan və Ordubad şəhərlərində, Babək rayonunun Babək, Sədərək rayonunun Heydərabad qəsəbələrində uşaq bağçası binalarının tikintisi davam etdirilməkdədir.
Naxçıvan şəhərində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi binasının tikintisi başa çatdırılmış, Şərur rayonunda Şərur Peşə Liseyi binasının tikintisi, Naxçıvan şəhərində 3 nömrəli Uşaq Musiqi Məktəbi binasının isə yenidən qurulması davam etdirilməkdədir.
Babək Rayon Mərkəzi Xəstəxanasının, Naxçıvan Muxtar Respublika Dəri-Zöhrəvi Dispanserinin, Yoluxucu Xəstəliklər, Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika mərkəzlərinin binasının tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması davam etdirilir.
Şərur rayonunun Sərxanlı, Xanlıqlar və Dəmirçi, Babək rayonunun Çeşməbasar, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilməkdədir.
Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar xüsusi qayğıyla əhatə olunmuş və cari ilin ötən dövrü ərzində 28 nəfər xəstədə açıq ürək, 5 nəfər xəstədə periferik damar, 32 nəfər xəstədə angioqrafiya əməliyyatları aparılmış, 9 nəfər xəstənin ürək damarlarına stend qoyulmuşdur.
2013-cü ilin ilk rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 866 min 904 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Muxtar respublika əhalisinin sayı 1 aprel 2013-cü il tarixə bir il öncəyə nisbətdə 8 min 794 nəfər artaraq 429 min 449 nəfər olmuşdur.
(Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanmışdır)
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.