Heydər Əliyev və milli iqtisadiyyatda sahibkarlıq fenomeni

 

 

 

(əvvəli qəzetimizin 10 may

 2013-cü il tarixli sayında)

Sahibkarlığın çəkisinin ölkə iqtisadiyyatında əhəmiyyətli dərəcədə artırılmasına yönəlmiş davamlı və ardıcıl tədbirlər artıq real sektorun bütün sferalarında hiss olunmağa başlamışdı. Kənd təsərrüfatı məhsullarının istehsalında yüksəliş, müasir quşçuluq, heyvandarlıq komplekslərinin yaradılması, əhalinin istehlak mallarına olan tələbatının ödənilməsində yerli müəssisələrin rolunun artması, bütün ölkəni əhatə edən tikinti və abadlıq işlərinin əsas qisminin yerli istehsal hesabına həyata keçirilməsi, xidmət, ticarət, ictimai iaşə sektorunun canlanması məhz sahibkarlığa dövlət qayğısının ilkin bəhrələri idi.

 Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan əlavə maliyyə vəsaitləri respublikanın çoxşaxəli inkişafına yönələn proqram və layihələrin birbaşa olaraq dövlət tərəfindən maliyyələşdirilməsi üçün də əlverişli şərait yaratmışdı. Bu əsasda, sahibkarlıq fəaliyyəti göstərən subyektlərə yardımların, güzəştli kreditlərin verilməsinə sahibkarlığın inkişafında mühüm rol oynadı. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti getdikcə daha da təkmilləşdirildi və sahibkarlar tərəfindən təqdim olunan kiçik, orta və iri investisiya layihələrinin maliyyələşdirilməsinə start verildi. Həmçinin, 28 noyabr 2002-ci il tarixdə, sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinin vahid mərkəzdən həyata keçirilməsi məqsədi ilə “Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  189 saylı Qərarı qəbul edildi. Bununla da, sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən maliyyələşdirilməsinin daha şəffaf şəkildə həyata keçirilməsi mexanizmi yaradıldı. Artıq bu gün Sahibkarlığa Kömək Milli Fondu ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən əsas platformaya çevrilmişdir. Bir faktı demək kifayətdir ki, təkcə 2012-ci il ərzində müxtəlif sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının istehsalı və xidmət sahələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsinə fond vasitəsilə 218 milyon məbləğində kredit vəsaiti ayrılmışdır.

Dövlət dəstəyini hər zaman öz arxasında sarsılmaz güc kimi görən milli sahibkarlar təbəqəsi artıq özü dövlətimizin real iqtisadi gücü kimi təşəkkül tapırdı. 2002-ci ilin aprelində Heydər Əliyevin sahibkarlarla keçirdiyi görüşündə Azərbaycan dövlətinin iqtisadi tərəqqi yolunda inamla addımlamağı hədəfləyən iqtisadi siyasət kursunda sahibkarlığın inkişafının böyük əhəmiyyəti xalqımızın ümummilli liderinin fikirlərində öz parlaq ifadəsini tapmışdı:  “Əmin ola bilərsiniz ki, biz - Azərbaycan dövləti və şəxsən Azərbaycan Prezidenti ölkəmizdə sahibkarlığın inkişafını özümüzün əsas vəzifələrimizdən biri hesab edirik. Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq və sahibkarlığın inkişaf etdirilməsi üçün bundan sonra lazım olan tədbirlərin həyata keçirilməsi ilə məşğul olacağıq”.

Bazar iqtisadiyyatına keçid şəraitində ölkə qarşısında duran ən mühüm məsələlərdən biri də ölkənin investisiya cəlbediciliyinin artırılmasını təmin etməkdən ibarət idi. Bu çərçivədə, ümummilli liderin yorulmaz səyləri nəticəsində  “Əsrin müqaviləsi”nin imzalanması və dünya şöhrətli transmilli şirkətlərin Azərbaycanda fəaliyyətə başlaması ölkəmizi regionun ən böyük investisiya yatırımı məkanına çevirdi. Respublikamızın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini qazanması həm də qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsinə, ölkədə xarici sahibkarların sayının əhəmiyyətli dərəcədə çoxalmasına əlavə stimul yaratdı. Bu, həm də ölkəmizə, yerli sahibkarlara zəngin sahibkarlıq ənənələrinə malik olan dövlətlərin təcrübəsindən faydalanmaq imkanı verdi.

Sahibkarlığın inkişafı istiqamətində əldə edilmiş bu zəngin təcrübə ümummilli liderin öndərliyi ilə ölkəmizin üçüncü minilliyə sağlam iqtisadi təməl üzərində keçidini və həm də müstəqilliyimizin iqtisadi təminatını  şərtləndirdi. Məhz Heydər Əliyev dövründən başlayaraq, dövlət - sahibkar münasibətlərinin bu şəkildə qarşılıqlı etimada söykənməsi, dövlətin sahibkarda, sahibkarın isə dövlətdə öz dayaqlarını tapması getdikcə aparıcı mövqeyə yüksələn və dövlətin himayəsinə arxalanan güclü sahibkarlar təbəqəsinin formalaşmasının fundamental əsaslarını yaratdı. Həmin konsepsiyanın tərkib hissəsi olan sahibkarlıq fəaliyyətinin davamlı inkişafı bu gün də dövlətimizin iqtisadi siyasətinin əsas sütunlarından biridir. Əsası  ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının icrası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Keçən illər ərzində sahibkarlıq fəaliyyəti subyektlərinin sayının əhəmiyyətli dərəcədə artması bu istiqamətdə həyata keçirilən siyasətin dönməz xarakter aldığını söyləməyə əsas verir. Belə ki, ölkəmizdə 2003-2011-ci illərdə sahibkarlıq subyektlərinin, müəssisə və təşkilatların sayı 2 dəfə artaraq hal-hazırda 440 mini keçmişdir.

 Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda vurğuladığı kimi, “sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək, əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır”. Ölkə rəhbərliyi tərəfindən göstərilən dəstək nəticəsində artıq bu gün mərkəzi, regional və yerli səviyyələrdə  sahibkarlığın inkişafına stimul verən infrastruktur, demək olar ki, tam formalaşdırılmış, bütövlükdə ümumdaxili məhsulda özəl sektorun payı 80 faizi ötmüşdür.

Ölkəmizdə güclü sahibkarlıq mühitinin yaranmasının əsas və ən mühüm  göstəricilərindən biri də artıq Azərbaycan sahibkarlarının xarici ölkələrə sərmayə yatırması faktıdır. Bu gün Azərbaycan qlobal iqtisadi məkanda təkcə sərmayə idxal edən ölkə kimi deyil, həm də regionun ən böyük sərmayə ixracatçısı  kimi çıxış edir. Bu gün qətiyyətlə demək olar ki, dövlət və sahibkar maraqları arasında sağlam harmonik münasibət formalaşmışdır. Dövlət tərəfindən sahibkarlığın hərtərəfli inkişafına yönəlmiş siyasət kursu, sahibkarların dövlətin iqtisadi siyasətinin avanqardını təşkil etməsi sahibkar-dövlət bağlılığını daha da möhkəmləndirmişdir. Məhz bunun nəticəsidir ki, ölkə sahibkarları cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət kursunu tam gücü ilə dəstəkləyirlər.

Öz gücünü dövlətin himayəsindən alan Azərbaycan sahibkarları ölkədə açılan yeni iş yerlərinin yaradılmasının təminatçısı kimi çıxış edir, cəmiyyətin üzləşdiyi sosial problemlərə adekvat münasibət bəsləyirlər. Sahibkarlar tərəfindən əhalinin aztəminatlı qisminə həssas münasibət göstərilməsi, xeyriyyəçilik fəaliyyətinin davamlı hal alması sahibkarların cəmiyyətin ictimai-sosial həyatında önəmli rol oynadıqlarını və könüllü olaraq öz üzərlərinə ictimai-sosial öhdəliklər götürdüyünü  bir daha göstərməkdədir.

Ölkəmizdə ümummilli lider tərəfindən əsası qoyulmuş davamlı iqtisadi inkişaf tendensiyasını qoruyub saxlamaq və daha da sürətləndirmək hazırda dövlət siyasətimizin prioritet istiqamətini təşkil edir. 29 dekabr 2012-ci il tarixində  Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıdakı illərdə yüksək rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasını dövlətimizin əsas hədəflərindən biri kimi müəyyənləşdirmişdir. Bu çərçivədə, yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin yaradılması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədi ilə təşviqedici tədbirlərin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsinin yüksəldilməsi, haqsız rəqabətin qarşısının alınması icra ediləcək kompleks tədbirlər planının tərkib hissəsini təşkil edir. Ölkədə sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə və bu sahədə keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq həmin tədbirlərin səmərəli həyata keçirilməsi - sahibkarların da üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan, istehsal və idarəetmə prosesində innovativ metodların, müasir texnologiyaların tətbiqi, rəqabət qabiliyyətli məhsulların istehsalı üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahibkarlıq subyektlərinin bugünkü fəaliyyətində önəmli yer tutmaqdadır.

2013-cü il həm də Azərbaycan xalqının  müstəqillik həyatında xüsusi əlamətdar hadisə ilə müşayiət olunmaqdadır. Bu il müasir Azərbaycanımızın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirildiyi, xalqımızın bu təntənəli hadisə ilə bağlı özünə hesabat verdiyi bir ildir. Bu böyük şəxsiyyət ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun əsaslarını yaratmış, Azərbaycanın bugünkü dayanıqlı və sürətli iqtisadi inkişafının təməl daşını qoymuşdur. Heydər Əliyevin siyasi və iqtisadi inkişaf  konsepsiyasının doğurduğu cəmiyyət və bu cəmiyyətin ayrılmaz hissəsi olan sahibkarlar təbəqəsi bu yubiley ilində də ölkəmizin iqtisadi irəliləyişində yeni üfüqləri fəth etmək və ölkəmizin iqtisadi qüdrətinin artırılması işinə öz töhfələrini vermək əzmindədirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında