Memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti iyirmi bir ildir ki, genişmiqyaslı inkişaf yolundadır. Bu dövr ərzində həyata keçirilən sosial-iqtisadi islahatlar, dünya təsərrüfatına inteqrasiya istiqamətində atılan uğurlu addımlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmış və dünya birliyində layiqli mövqe tutmasını təmin etmişdir.
Hər bir müstəqil dövlətin əsas vəzifəsi ölkənin milli maraqlarından irəli gələn daxili və xarici siyasətin strateji xəttini hazırlamaq, iqtisadi inkişaf konsepsiyasını müəyyən etmək və ölkənin bütün potensialını onların reallaşmasına yönəltməkdir. SSRİ dağıldıqdan sonra buraya daxil olan digər müttəfiq respublikalar kimi Azərbaycan da öz müstəqilliyini əldə etdi, sağlam milli iqtisadiyyatını müstəqil şəkildə inkişaf etdirməyə başladı. Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyü, onsuz da geri qalan Azərbaycan iqtisadiyyatını dirçəltmək əvəzinə bir az da çökdürdü və dərin böhran məngənəsinə saldı.
Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sistemin tranformasiyasını təmin edən iqtisadi strategiyanın hazırlanması həyati zərurətə çevrildi. Məhz ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu strateji xətt müəyyənləşdirildi.
“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqti-sadiyyat prinsiplərinin bərqərar olması və bazar iqtisadiyyatı, sahibkarlıq yoludur,” - deyən ümummilli lider ölkənin iqtisadi inkişaf strategiyasının başlıca konturlarını cızaraq Azərbaycan reallıqlarına tam uyğunlaşdırılmış iqtisadi inkişaf modelini müəyyənləşdirdi. Görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik əldə edildi və dinamik iqtisadi inkişafın təməli qoyuldu. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı. Lakin bu vacib dövlət orqanının fəaliyyəti o vaxtkı hakimiyyət tərəfindən lazımınca qiymətləndirilmədi və ölkədə daxili bazarın qorunması, iqtisadi təhlükəsizliyin təmin olunması sahəsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bir müddət gələ bilmədi. Ulu öndərin Naxçıvana qayıdışı, Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi və iflic vəziyyətinə düşmüş iqtisadiyyatı böhrandan çıxarması, ən nəhayət, Naxçıvan Dövlət Gömrük Komitəsini yaratması və milli gömrük xidmətinin formalaşması sahəsində zəruri tədbirlər görməsi nəinki Naxçıvanda, habelə bütövlükdə Azərbaycanda siyasi-iqtisadi münasibətlərə öz müsbət təsirini göstərdi.
Qeyd etmək lazımdır ki, keçmiş SSRİ-də digər müttəfiq respubilkalar kimi Azərbaycanda da müstəqil gömrük orqanı olmamışdı. Respublika ərazisində keçmiş SSRİ-yə məxsus gömrük xidməti orqanları fəaliyyət göstərirdi və idxal-ixrac əməliyyatlarına nəzarət mərkəzi orqanlar vasitəsilə həyata keçirilirdi. Ona görə də müstəqilliyin ilk illərindən başlayaraq hüquqi bazanın yaradılması, maddi-texniki resuslara malik və normal nəzarət funksiyaları həyata keçirməyə qadir olan gömruk xidmətinin formalaşdırılması üçün müvafiq işlərin görülməsi ulu öndərin diqqət mərkəzində idi. Bu baxımdan 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinin fəaliyyətinin geniş müzakirəyə çıxarılması heç də təsadüfü deyildi. Onun müşavirədəki proqram xarakterli nitqində irəli sürdüyü təklif və göstərişləri respublikada gömrük xidmətinin yenidən qurulması və inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Heydər Əliyevin gündəlik qayğısı ilə əhatə olunan gömrük sisteminin fəaliyyətində mühüm dəyişikliklər baş verdi və demək olar ki, yenidən quruldu. Bu yenidənqurmanın əsas prinsipləri bunlar idi:
- gömrük işi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi;
- beynəlxalq tələblərə uyğunlaşdırılan gömrük qanunvericiliyinin yaradılması sahəsində görülən işlər;
- gömrük tarifi siyasətinin müəyyənləşdirilməsi;
- qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi;
- gömrük infrastrukturunun gücləndirilməsi tədbirləri və s.
Dünya təcrübəsi göstərir ki, hər bir sahədə əgər qanun və hüquq yaradıcılığı düzgün qurularsa, o sahə sağlam təməl üzərində dayanaraq dövləti yüksəlişə doğru aparar. Azərbaycanı sivilizasiyalı gələcəyə doğru aparan qanunların və fərmanların müəllifi olan ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə imzaladığı fərman da gömrük sisteminin inkişafı və dünya standartlarına uyğun qurulması istiqamətində atılan mühüm addım idi.
Milli iqtisadiyyatın əsas qollarından birini təşkil edən Azərbaycan gömrük sistemi və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respubilkasının gömrük orqanları da ulu öndərin apardığı iqtisadi islahatların nəticəsində qısa müddət ərzində böyük inkişaf yolu keçmiş və dünya standartlarına uyğun yenidən qurularaq möhkəmləndirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev yüksək səviyyədə gömrük xidmətinin yaradılmasını savadlı kadrların hazırlanmasında, işçilərin mənəvi saflığında və bu sahənin maddi-texniki bazasının yaradılmasında görürdü. O deyirdi: “Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, vətəninə, ölkəsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatı olsun.”
Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə bilavasitə bağlıdır. Bütün bunlar nəzərə alınmaqla son iyirmi ilə yaxın bir dövr ərzində Azərbaycanda uğurlu gömrük siyasətinin təməli qoyulmuş, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümümdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atmışdır.
Ölkənin iqtisadi inkişafında digər qurumlarla yanaşı gömrük orqanlarının da xüsusi yeri olduğunu dəfələrlə qeyd edən ulu öndərin ölkənin xarici iqtisadi əlaqələrinin möhkəmləndirilməsində, idxal-ixrac əməliyyatlarının tənzimlənməsində gömrük xidmətinin üzərinə düşən vəzifələrin həlli yollarını göstərmişdir. O, Azərbaycan gömrük orqanlarının fəaliyyətini təhlil edərək bu sistemdə yüksək nizam-intizam, peşəkarlıq formalaşdırılması, kadrların işinin yenidən qurulması, gömrük işçisinin öz peşəsinə və xalqına sadiqliyini xüsusi qeyd edirdi.
“Biz dünyada müstəqil Azərbaycanın nüfuzunun qaldırılmasına, iqtisadi inkişafa böyuk yardım edən, xarici iqtisadi əlaqələrdə layiqli yer tuta bilən bir gömrük sistemi yaratmalıyıq”. Heydər Əliyev bu fikirləri ilə dünyanın qabaqcıl ölkələrinin gömrük təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işləməklə Azərbaycanın gömrük sisteminin daha da təkmilləşdirilməsini nəzərdə tuturdu. Dünya birliyində respublikamızın demokratik, hüquqi bir dövlət kimi, mənəvi dəyərlərə malik bir ölkə kimi tanınmasında gömrük xidmətini ön cərgədə görməyi arzulayırdı.
Fərəhlə demək olar ki, indi ulu öndərin arzuları həyata keçməkdədir. Ölkəmizdə yeridilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respubilkasının və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-in xarici iqtisadi əməkdaşlığı getdikcə genişlənir. Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin səyləri nəticəsində ölkə iqtisadiyyatının inkişafında böyük müvəffəqiyyətlər əldə edirlir. İndi Azərbaycan ÜDM-in artım sürətinə görə nəinki Cənubi Qafqazda, hətta dünyada lider dövlətlərdən birinə çevrilmişdir.
Ölkədə aparılan iqtisadi islahatlar başqa sahələrdə olduğu kimi gömrük xidmətinin də inkişafına öz təsirini göstərir. Büdcə gəlirlərinin artması inkişafımızın dinamikasının daha aydın göstəricisidir. Büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyindən sonra Dövlət Gömrük Komitəsi çox böyük rola malikdir.
Aparılan düzgün gömrük siyasəti bir daha sübut edir ki, gömrük vergi və rüsumlarının həcminin artması təkcə ölkə üzrə xarici ticarət dövriyyəsinin artması hesabına deyil, eyni zamanda, gömrük nəzarətinin, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, maliyyə intizamının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində mümkün olmuşdur.
Gömrük vergi və rusumlarının dövlət büdcəsindəki mühüm əhəmiyyəti onu göstərir ki, gömrük sistemi gələcəkdə respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayacaqdır.
Son illərdə ölkədə gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq, habelə gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə xeyli iş görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin 1 fevral 2007-ci il tarixli sərancamı ilə “Azərbaycan Respublikası Gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bundan əlavə, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması prosesi ilə əlaqədar hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilmişdir.
Bütövlükdə ölkəmizdə və onun ayrı-ayrı regionlarında tikinti-quruculuq işləri geniş vüsət almışdır. Əvvəlki illərdə olduğu kimi, son iki ildə də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin və onun yerli orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülmüşdür. Ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr, aparılan quruculuq işləri, yaradılan yeni infrastrukturlar, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar, sahibkarlığın stimullaşdırılması və s. iqtisadi inkişafın yüksək tempini təmin edir. İqtisadi əlaqələr getdikcə genişlənməkdədir. Artıq xarici investisiya qoyuluşları, ticarət əlaqələri və digər tədbirlər ölkənin iqtisadi-siyasi həyatında mühüm yer tutur. 21 ildən artıq bir dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında isə xarici iqtisadi əlaqələrin genişlənməsi onun regional iqtisadiyyatdakı rolunun əhəmiyyətini daha da artırır.
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə müşahidə olunan dinamik inkişaf gömrük xidmətinin fəaliyyətində də özünü göstərir. 2012-ci il də muxtar respublikanın gömrük orqanlarının həyatı əlamətdar hadisələrlə zəngin olmuşdur. Təkcə bir faktı göstərmək kifayətdir ki, 2012-ci ildə Naxçıvan Şəhər Gömrük İdarəsinin yeni inzibati binası tikilib istifadəyə verilmiş, may ayının 30-da Azərbaycan Prezidenti cənab İlham Əliyev binanın açılışında iştirak etmişdir. İnzibati bina ən müasir avadanlıqlarla təchiz edilmişdir. Üçmərtəbəli binada xidməti otaqlar, servis və tədris otaqları, arxiv vardır. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür.
Qeyd etmək lazımdır ki, muxtar respublikanın gömrük xidməti daxili bazarın qorunması, sahibkarlığın inkişaf etdirilməsi, süni qiymət dəyişmələrinin tənzimlənməsi ilə istehlakçıların hüquqlarının müdafiə edilməsində və habelə, gömrük hüquq pozmalarına qarşı mübarizədə mühüm işlər görmüşlər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldıqdan sonra onun ardınca 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin 24 fevral 1992-ci il tarixli, 138 -XII saylı qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi fəaliyyətə başlamışdır. Məhz bu fərmandan sonra qardaş Türkiyə və İranla xarici iqtisadi əlaqələrin yaradılmasının əsası qoyulmuşdur.
Naxçıvan MR Ermənistan tərəfindən blokadaya alındıqdan sonra Türkiyə ilə əlaqə yaradılmasına və çıxış nöqtəsi kimi Sədərək körpüsünün tikilməsi və açılmasına böyük önəm verilirdi. Tikilib başa çatdırılan Sədərək körpüsü 1992-ci il mayın 28-də Türkiyənin o vaxtkı Baş naziri Süleyman Dəmirəl və Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən açıldı. Elə həmin gündə də Sədərək gömrükxanası fəaliyyətə başladı.
Ümumiyyətlə, Naxçıvan MR ərazisində yaradılan gömrükxanalar və gömrük postları muxtar respublikanın xarici iqtisadi əlaqələrinin yaxşılaşdırılmasında, büdcənin gəlir hissəsinin formalaşmasında önəmli rol oynayır. Müstəqilliyin ilk illərində Azərbaycan gömrüyünün ilk günlərinə nəzər salsaq Dövlət Gömrük Komitəsi İran İslam Respublikası ilə sərhəddə fəaliyyət göstərən Astara və Culfa gömrükxanaları və Bakı Gömrük İdarəsindən ibarət idi.
Lakin illər ötdükcə dövlətimizin iqtisadi mənafeyinin müdafiə və inkişaf etdirilməsində xüsusi yeri olan Dövlət Gömrük Komitəsinin strukturu genişləndirildi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi məqsədilə qonşu dövlətlərlə həmsərhəd zonalarda yeni gömrük postları yaradıldı və həmin postlarda idxal-ixrac əməliyyatlarına gömrük nəzarətinin və gömrük rəsmiləşdirmələrinin beynəlxalq standartlara uyğun təşkil olunması məqsədilə texniki avadanlıqların quraşdırılıb gömrük orqanları işinin beynəlxalq normalara uyğun təşkil olunması üçün müvafiq tədbirlər həyata keçirildi.
Xalqımızın müdrik oğlu Heydər Əliyevin apardığı düzgün kadr siyasəti nəticəsində 1995-ci ildə DGK-ya yeni rəhbərliyin təyin olunduğu gündən gömrük işi sahəsində əldə olunmuş nailiyyətlər özünü daha qabarıq şəkildə göstərməyə başladı. Bu gün mübaliğəsiz demək olar ki, Azərbaycan gömrüyü və o cümlədən, Naxçıvan gömrüyü respublikanın iqtisadi siyasətini həyata keçirən ən mühüm qurumlardan birinə çevrilmişdir. Gömrük orqanlarımız müstəqillik dövründə öz fəaliyyətini ölkədə aparılan iqtisadi siyasətə uyğun qurduğu üçün gömrük sisteminin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Belə bir cəhəti xüsusi vurğulamaq lazımdır ki, muxtar respublikanın gömrük orqanları aparılan iqtisadi islahatlarda və bazar münasibətlərinin qurulmasında öz yeri olan çoxfunksiyalı bir kompleksə çevrilmişdir.
Ötən müddət ərzində gömrük nəzarətinin artırılması və təşkilinin təkmilləşdirilməsi, normativ-hüquqi bazanın möhkəmləndirilməsi sahəsində bir sıra vacib tədbirlər həyata keçirilmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu sahədə uğurlu nailiyyətlər əldə edilmişdir. Gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə gömrük buraxılış məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni postların yaradılması, gömrük xidmətinin avtomatlaşdırılmış idarəetmə sisteminə keçirilməsi, tarif-tənzimləmə sisteminin təkmilləşdirilməsi və bu zəmində də qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi sahəsində ciddi dönüşə nail olunmuşdur.
Beynəlxalq standartlara uyğun olaraq gömrük işinin hüquqi bazasının gücləndirilməsi və təkmilləşdirilməsi istiqamətində 1997-ci ildə qəbul edilmiş Gömrük Məcəlləsi keçən dövr ərzində xeyli köhnəlmişdi. Ona görə də bu məcəllənin bir sıra maddələrinə dəyişiklik edilərək 2011-ci ildə yeni Gömrük Məcəlləsi qəbul edilmiş və 2012-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Yeni məcəllə də nəzərdə tutulmuş gömrük rejimlərinin fəaliyyətinin təkmilləşdirilməsi, mal və nəqliyyat vasitələrinin idxal - ixracı zamanı seçilmiş gömrük rejiminə uyğun gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarının işinin asanlaşdırılması və xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli şərait yaradılması məqsədilə bir sıra sənədlər işlənib hazırlanmış və yerli gömrük orqanlarına göndərilmişdir.
Ötən illər ərzində gömrük nəzarətinin normativ-hüquqi bazasının daha da möhkəmləndirilməsi gömrük əməliyyatlarının rəsmiləşdirilməsini xeyli sadələşdirmiş və iş adamlarının əlavə vaxt itkisini aradan qaldırmışdır. Xarici investisiyaların cəlb edilməsi üçün beynəlxalq istehsal kooperasiyasına şərait yaradan gömrük emal rejimlərinin, sərbəst ticarət zonası, sərbəst anbarlar və digər gömrük rejimlərinin normativ-hüquqi bazası yaradılmışdır. Bu gün iftixar hissi ilə demək olar ki, gömrük orqanları ən müasir yeni texniki avadanlıqlarla təchiz olunmuşdur. Bu da mal və nəqliyyat vasitələrinin ölkəmizin gömrük sərhəddindən keçirildiyi zaman gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin operativ və sadələşdirilmiş qaydada həyata keçirilməsinə köməklik göstərən mühüm amillərdən biridir.
Bir sıra vacib sənədlərin hazırlanması və tətbiq edilməsi istiqamətində də zəruri addımlar atılmışdır. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsində mühüm rol oynayan xarici investisiyalı müəssisələr tərəfindən müvəqqəti gətirilən malların gömrük rəsmiləşdirilməsinin aparılması, bu rejim altında yerləşdirilmiş mallara gömrük nəzarətinin tətbiq edilməsi məqsədi ilə “Müvəqqəti idxal (ixrac) gömrük rejimi haqqında əsasnamə” işlənib hazırlanmışdır.
Gömrük sərhəd-keçid məntəqələrinin ərazisində yaradılması nəzərdə tutulan rüsumsuz ticarət mağazalarının açılması və bu cür mağazaların fəaliyyətinin tənzimlənməsi məqsədilə “Rüsumsuz ticarət tənzimlənməsi haqqında qaydalar”, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün şərait yaradılması, ölkəmizin gömrük ərazisindən istifadə olunmaqla qonşu ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və bunun da sayəsində ölkəmizə müəyyən vəsaitin daxil olması üçün gömrük qanunvericiliyində nəzərdə tutulmuş təkrar ixrac gömrük rejiminin fəaliyyətini tənzimləyən “Azərbaycan Respublikası gömrük ərazisində bilavasitə təkrar ixrac üçün gətirilmiş və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi qaydaları”, habelə Azərbaycan Respublikasında ixrac olunmuş malların geri qaytarıldığı zaman gömrük rəsmiləşdirilməsini müvafiq qaydada tənzimləmək məqsədilə “Malların təkrar idxalı gömrük rejimi haqqında əsasnamə” beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri ilə tranzit daşınan malların ölkəmizin ərazisindən keçən gömrük nəzarəti altında tranzit keçirilməsi və bu mallara dair müvafiq gömrük rəsmiləşdirilməsinin aparılması məqsədilə “Malların tranzit gömrük rejimi haqqında əsasnamə” işlənib hazırlanmış və tətbiq edilməyə başlanmışdır.
Statistik məlumatların təhlili göstərir ki, 2012-ci ildə Naxçıvan Muxtar Respublikası dünyanın 40-dan çox ölkəsi ilə xarici iqtisadi əlaqəyə girmişdir. Muxtar respublikada yerli istehsalın inkişafı nəticəsində tələbatın beşdə dörd hissəsindən çoxu daxili mənbələr hesabına ödənilir. İdxalın tərkibində isə yeni texnologiyalar əsas yeri tutur.
Muxtar Respublikada əvvəlki illərdə olduğu kimi, ötən ildə də ticarət dövriyyəsi artmaqda davam etmişdir. 2012-ci ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 450,9 milyon dollara çatmışdır ki, bu da 2011-ci illə müqayisədə 12,5 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 77,4 milyon dollarını və ya 17,2 faizini idxal, 373,5 milyon dollarını və ya 82,8 faizini ixrac təşkil etmişdir. Beləliklə, son bir ildə ixracın həcmi 15,8 faiz artmışdır ki, bu da ticarət dövriyyəsində 296 milyon ABŞ dolları həcmində müsbət saldonun yaranmasına gətirib çıxarmışdır.
Xarici iqtisadi əlaqələrin vacibliyini dəfələrlə vurğulayan ümummilli lider Heydər Əliyev çıxışlarının birində demişdir: “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”. Məhz bu fikir nəzərə alınaraq xarici ticarət əlaqələri daim genişləndirilməlidir. Qeyd etmək lazımdır ki, bu gün Naxçıvan Muxtar Respublikası üç xarici dövlətlə əhatədə, blokada şəraitində yaşayır və inkişaf edir. Naxçıvan gömrükçüləri bunu nəzərə alaraq sərhəd keçid məntəqələrində ayıq-sayıq duraraq öz vəzifə borclarını şərəflə yerinə yetirirlər.
İndi faktiki olaraq xarici ticarət dövriyyəsinə kompleks gömrük nəzarəti, beynəlxalq standartlara uyğun, müasir maddi-texniki və normativ bazaya malik Naxçıvan gömrüyü yaradılmışdır.
Ümumiyyətlə, ölkəmizdə aparılan gömrük siyasəti onu deməyə əsas verir ki, indi formalaşan və daha da təkmilləşən gömrük xidməti ümummilli liderimiz Heydər Əliyevin arzularının tam reallaşdığını göstərir.
Nazim ƏHMƏDOV,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.