1991-ci ildə Azərbaycanın öz müstəqilliyinə qovuşması ittifaq respublikalarından biri kimi, uzun illər boyu sosialist kollektivçiliyinin, inzibati-amirlik sisteminin bərqərar olduğu ölkəmizi də köklü dəyişikliklər astanasına gətirmiş oldu. Dövlətin dəyişməsi ilə onun iqtisadiyyatının idarəetmə əsaslarının da köklü şəkildə dəyişməsi, bu prosesdən qaynaqlanan radikal dəyişikliklər, yeni münasibətlər sisteminin hüquqi əsasının formalaşdırılması, yaranmış fərqli situasiyaya adaptasiya şərtləri dövlətin və cəmiyyətin həyatına birbaşa təsir göstərərək, siyasi, iqtisadi, sosial həyatın hər bir spektrində qabarıq şəkildə hiss olunan proseslərdir.
Məhz bu proseslər – müstəqilliyimizin ilk illərində ictimai-siyasi vəziyyətin gərginliyi, ərazi bütövlüyümüzə qarşı təhdidlər, hakimiyyətdaxili çəkişmələr yeni siyasi, iqtisadi sistemə keçidin xaotik şəkil almasına gətirib çıxarmışdı. Belə bir durumda azad bazar münasibətləri zəminində, demokratik əsaslarla idarə olunan, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyi bir iqtisadi sistemin bərqərar olunmasından hələ söhbət belə gedə bilməzdi.
Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, ölkədə bərqərar edilən ictimai-siyasi sabitlik şəraitində köklü islahatların aparılmasına, bazar iqtisadiyyatına, azad sahibkarlığa əsaslanan iqtisadi münasibətlərə keçid prosesinin sistemli formada həyata keçirilməsini nəzərdə tutan proqramların işlənib hazırlanmasına və tətbiqinə başlanıldı.
Prosesin başlanğıc mərhələsində həll edilməli məsələlər kifayət qədər çox idi: uzun müddət ərzində mərkəzləşdirilmiş idarəetməyə, planlı iqtisadiyyata, kollektivçiliyə əsaslanan iqtisadi sistemin mövcud olması, insanların iqtisadi təfəkkürünün yeni situasiyaya tam uyğunlaşmaması - keçmiş zamanların siyasi, iqtisadi və mənəvi inersiyası, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin qısa zamanda tətbiqinə, dövlət mülkiyyətinin tamamilə özəlləşdirilməsinə, bütövlükdə iqtisadiyyatda köklü islahatların aparılmasına maneələr yaradırdı. Belə bir vəziyyətdə ümummilli liderin uzaqgörənliyi və iqtisadi siyasət kursunun səciyyəvi xüsusiyyəti məhz ondan ibarət oldu ki, bazar iqtisadiyyatına keçid kəskin islahatlarla deyil, mərhələli islahatlar prinsipi əsasında həyata keçirilməlidir. Zəngin dövlətçilik təcrübəsinə malik olan, dünya siyasətində, dünya iqtisadiyyatında baş verən proseslərdən düzgün nəticə çıxaran Heydər Əliyevin birbaşa təşəbbüsü və nəzarəti altında iqtisadi sahədə islahatlar həyata keçirilərkən təkcə ölkə daxilindəki ictimai, siyasi, iqtisadi proseslər deyil, bütövlükdə Azərbaycanın regionda tutduğu mövqe, dünya iqtisadi birliyinə inteqrasiyanın labüdlüyü geniş kontekstdən təhlil olunur və iqtisadi islahatlar konsepsiyasına, onun reallaşdırılma praktikasına dövlət siyasətinin digər komponentləri ilə tarazlaşdırılmış şəkildə baxılırdı. Bu sahədə həyata keçirilən islahatları dövlət quruculuğunun tərkib hissəsi kimi görən ümummilli lider 21iyun 1994-cü ildə Prezident sarayında respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında vurğulayırdı: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.
Beləliklə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bazar iqtisadiyyatı institutlarının formalaşdırılması, özəl sektorun inkişafı üçün lazımi dövlət dəstəyinin göstərilməsi və sahibkarlıq fəaliyyəti subyektləri üçün əlverişli şəraitin yaradılması istiqamətində silsilə tədbirləri özündə əks etdirən dövlət əhəmiyyətli proqramların hazırlanmasına başlanıldı. Lakin hamımıza məlum olduğu kimi, həmin ərəfədə ölkənin təcavüzə məruz qalması, ölkə daxilində sabitliyin pozulmasına yönəlmiş qüvvələrin xəyanətkar fəaliyyəti yeni iqtisadi sistemə transformasiya mərhələsinin ilk günlərini yaşayan ölkə iqtisadiyyatının ağır durumunu bir qədər də dərinləşdirmişdi. Bu baxımdan, ilkin mərhələdə ümummilli lider tərəfindən qarşıya qoyulmuş əsas məqsəd ölkədə sabitliyi bərqərar etməkdən, hərbi təcavüzü dayandırmaqdan və iqtisadiyyatda geriləmə meyllərinin qarşısını almaqdan ibarət oldu.
Təsadüfi deyildir ki, həmin tarixi dönüşlər zamanında Heydər Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi vəziyyətinə, yenicə başlanmış islahatlara həsr olunmuş çoxsaylı toplantılarda ölkənin düşmüş olduğu ağır durumdan çıxarılması yolları, bazar iqtisadiyyatına keçid, ölkənin iqtisadi yüksəliş mərhələsinə adlamasını təmin edəcək proqram və layihələrin hazırlanması və bu sahə üzrə qanunvericilik bazasının formalaşdırılması kimi məsələlərin hakimiyyət və geniş ictimaiyyət nümayəndələri ilə ətraflı şəkildə müzakirəsi təşkil edilirdi. Bu, Heydər Əliyevin Azərbaycanda yenilikçi və islahat yönümlü ideyaların bayraqdarı olduğunu bir daha bariz şəkildə göstərirdi. Bir sözlə, ölkə iqtisadiyyatında azad bazar münasibətlərinin bərqərar olunmasına yönəlmiş iqtisadi islahatlar hakimiyyətin diktəsi ilə deyil, dövlətin və xalqın mövqeyi və maraqları nəzərə alınmaqla, sahibkarlığa böyük güvənc və etimadla həyata keçirilirdi. 16 avqust 1996-cı ildə ümummilli liderin Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla keçirdiyi görüşdə etdiyi çağırış məhz bu güvənc və etimadın təzahürü idi. “Respublikanın Prezidenti kimi, mən dövlət orqanlarından aldığım məlumatlar, təkliflərlə yanaşı, eyni zamanda, sərbəst iqtisadiyyatla, sahibkarlıqla məşğul olanlardan da məlumatlar, təkliflər, məsləhətlər almaq istəyirəm.” Ölkə rəhbərliyinin bu təşviqedici təşəbbüsləri respublikamızın iqtisadi mənzərəsinin tamamilə dəyişməsinə gətirib çıxaracaq köklü islahatların ədalətlilik, qanunun aliliyi prinsipləri, dövlət və özəl sektor maraqlarının harmonik şəkildə uyğunlaşdırılması əsasında həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırırdı. Buna baxmayaraq yeni iqtisadi sistemə transformasiyanın doğurduğu çətinliklər və geriləmə meylləri özünü daha çox sənayedə, kənd təsərrüfatında, bütövlükdə istehsal potensialının kəskin surətdə aşağı düşməsində göstərirdi. Bu sahələrdə müşahidə olunan arzuolunmaz tendensiya hətta istehsal olunan məhsulların satışı və ixracında da ciddi problemlər yaratmışdı. Yenicə formalaşmaqda olan sahibkarlar təbəqəsi elə fəaliyyətlərinin ilkin dövrlərində müflis olmaq, təzə açdıqları istehsal müəssisələrini bağlamaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir məqamda 5 aprel 1994-cü il tarixində ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında” fərmanın imzalanması böyük dəyişikliklər ərəfəsində olan milli iqtisadiyyatımız üçün həyati önəm daşıdı. Bu fərmanla nəzərdə tutulan əsas məqsəd – iqtisadi islahatların daha da dərinləşdirilməsini, xarici ticarətin və iqtisadi əlaqələrin səmərəliyinin artırılmasını, ixracat mexanizminin təkmilləşdirilməsini, xaricə məhsul satışında müəssisələrin fəaliyyətinin sərbəstləşdirilməsini, respublikanın valyuta ehtiyatlarının və ixracat potensialının artırılmasında onların marağının gücləndirilməsini təmin etməkdən ibarət idi. Həmin fərman, respublikanın üzləşdiyi ağır iqtisadi durum şəraitində, maliyyə çatışmazlığının hökm sürdüyü bir vaxtda ölkəyə əlavə valyutanın cəlb edilməsi üçün hüquqi bazanı formalaşdırmaqla bərabər, həm də ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlavə zəmin yaratmış oldu. Ümummilli lider bunu nəzərə alaraq Prezident Sarayında respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş geniş müşavirədə çıxışı zamanı sözügedən Fərmanın əhəmiyyətini xüsusi vurğulayırdı: “Bu fərman iqtisadiyyat üçün olduqca əhəmiyyətli bir fərmandır. Bildiyiniz kimi, həmin fərman Azərbaycan Respublikasının xarici ticarətinin sərbəstləşdirilməsi haqqındadır. Bu, iqtisadiyyatımızın sərbəstləşdirilməsi üçün, bazar iqtisadiyyatına keçməyimiz üçün, bazar iqtisadiyyatını inkişaf etdirmək üçün çox əhəmiyyətli bir sənəddir”.
Keçid mərhələsinin başlanğıcında respublikadakı iqtisadi durumu ağırlaşdıran amillərdən biri də maliyyə dayanıqlığının təmin edilməməsi, manatın məzənnəsinin kəskin tərəddüdü, nəticədə inflyasiyanın davamlı şəkildə artımı idi. Maliyyə vəziyyətinin qeyri-sabitliyi və zəruri valyuta ehtiyatlarının çatışmazlığı aparılan iqtisadi islahatların səmərəli nəticə verməsinə birbaşa təhlükə yaradırdı. Bu, həm də bazar iqtisadiyyatına keçidi, özəl sektorun iqtisadiyyatın təkanverici qüvvəsinə çevrilməsini əngəlləyən və ləngidən əsas səbəblərdən idi. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkədə maliyyə sabitliyinin bərqərar edilməsinin nə qədər önəm kəsb etdiyini yaxşı bilirdi. Bu çərçivədə atılan ən mühüm addımlardan biri “Azərbaycan Respublikasında valyuta tənzimlənməsinin sərbəstləşdirilməsi haqqında” 28 fevral 1995-ci il tarixli Azərbaycan Respublikası Prezidenti fərmanının imzalanması oldu. Bazar münasibətlərinə keçidi nəzərdə tutan islahatların tərkib hissəsi kimi, sözügedən Fərman respublikada inflyasiyanın ardıcıl surətdə azaldılması, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsinin dayandırılması, istehsalın, ilk növbədə ixracat potensialının artırılmasına müəssisələrin marağının gücləndirilməsi, maliyyə vəsaitlərindən, o cümlədən valyuta ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması baxımından əvəzsiz rol oynadı. Bu Fərmanla həm də ölkədə valyuta ehtiyatlarının idarə edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edildi və beləliklə valyuta ehtiyatlarının mərkəzləşdirilmiş şəkildə idarə edilməsinin əsası qoyuldu.
1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş ölkənin əsas qanununda – Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsində ölkə iqtisadiyyatının sərbəst iqtisadi münasibətlər əsasında qurulmasının təsbiti Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf yolunun konturlarını aydın şəkildə bir daha ifadə etmiş oldu: “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.
Bazar münasibətlərinin demokratik əsaslarla tənzimlənməsini göstərən başlıca şərtlərdən biri sahibkarlıq subyektləri arasında rəqabətin sağlam əsaslarla aparılmasına nail olmaqdan ibarətdir. Xüsusilə yeni iqtisadi mühitə adaptasiya dövrünü yaşayan iqtisadi sistemdə yenicə formalaşmaqda olan sahibkarlar təbəqəsi üçün sağlam rəqabət mühitinin yaradılması həmin dövrün aktual məsələlərindən birinə çevrilmişdi. Məhz bu zərurətdən irəli gələrək, 1995-ci ildə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Sözügedən qanunun qəbul edilməsi ilə ölkədə haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılmasının hüquqi əsasları müəyyən edildi. Bu, həm də sahibkarlıq fəaliyyətinin təşviqi və bu sahədəki münasibətlərin ədalətlilik prinsipləri əsasında qurulmasında dövlətin qətiyyətinin sübutu idi.
Bazar iqtisadiyyatına keçidin başlıca komponentlərindən biri də, sözsüz ki, özəlləşdirmə – mülkiyyət formasının dəyişdirilməsi prosesi idi. Bu, həm də şəxsi və kollektiv sahibkarlıq təşəbbüsünün inkişafı, istehsalın səmərəliliyinin yüksəldilməsi və ölkənin iqtisadi dirçəlişinin sürətləndirilməsinə təkan verən ciddi bir dönüş demək idi. Ancaq “Özəlləşdirmə haqqında” Qanunun hələ 1993-cü ilin yanvarında qəbul olunmasına baxmayaraq, dövlət mülkiyyətinin özəlləşdirilməsinin meyarlarını və mexanizmlərini müəyyən edəcək kompleks proqram və layihələrin yoxluğu belə bir önəmli prosesin anarxik hal almasına gətirib çıxarmışdı. Özəlləşdirmə sahəsində vahid qaydaların müəyyənləşdirilməsi və ardıcıl həyata keçirilməsinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli tədbirlər haqqında” Prezident fərmanının qəbul edilməsi bu sahədə münasibətlərin hüquqi əsasının yaradılması baxımından xüsusi əhəmiyyətə malik oldu. Fərmana müvafiq olaraq, dövlət mülkiyyətinin özəlləşdirilməsi üzrə kompleks proqramın hazırlanması başa çatdırıldı və “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” qəbul edildi. Bununla da, mülkiyyətin özəlləşdirilməsi dövləti maraqlar nəzərə alınmaqla vahid qaydada müəyyən edilmiş prinsiplər əsasında həyata keçirilməyə başlandı. Daha sonrakı dövrdə 10 avqust 2000-ci il tarixdə ümummilli lider tərəfindən “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi ilə dövlət mülkiyyətinin özəlləşdirilməsinin ikinci mərhələsinə start verildi. Beləliklə, özəlləşdirmə prosesinin sistemli şəkildə və dövlət nəzarəti altında həyata keçirilməsi nəticəsində respublikada özəl mülkiyyətçilər və səhmdarlar təbəqəsi formalaşdı, dövlət tərəfindən özəlləşdirmə çeklərinin buraxılması ilə əhalinin geniş təbəqəsi özəlləşdirilmə prosesinə cəlb edildi. Bazar iqtisadiyyatına keçidin əhəmiyyətli mərhələsi olan özəlləşdirmə prosesinin uğurla həyata keçirilməsi ölkə iqtisadiyyatının liberallaşdırılmasına, sahibkarlığın genişləndirilməsinə, bütövlükdə iqtisadiyyatın strukturunda əhəmiyyətli keyfiyyət dəyişikliklərinə təkan verdi. Həmin dövrün rəqəmlərinə nəzər saldıqda özəlləşdirmə prosesinin və bütövlükdə bazar iqtisadiyyatına keçidin uğurlu nəticələrinin şahidi oluruq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-ci ildə sayı 7226 olan kiçik müəssisə və kooperativlər 2000-ci ildə 24254-ə, xarici və müştərək müəssisələr isə 293-dən 1478-ə çatmışdı.
Ümummilli lider tərəfindən həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi kimi aqrar sahədə aparılmış islahatlar çərçivəsində sahibkarlığın inkişafını xüsusilə qeyd etmək lazımdır. Formalaşmaqda olan yeni iqtisadi münasibətlər iqtisadiyyatın digər seqmentlərində olduğu kimi, aqrar sahədə də ənənəvi təsərrüfat vərdişlərini yeni iqtisadi mühitə uyğunlaşdırmaq, torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərini formalaşdırmaq və bu sahədə bazar iqtisadiyyatı qanunlarına uyğun yeni fermer təsərrüfatları yaratmaq zərurətini meydana çıxarmışdı. Əhalinin böyük əksəriyyətinin aqrar sahə ilə bağlılığını nəzərə alsaq, qeyd olunan sektorda həyata keçirilən fundamental islahatlar əhalinin yaşayış şəraitinin yaxşılaşmasında, aqrar bölmədə yeni sahibkarlar nəslinin yetişməsində mühüm rol oynadı. Aqrar sahədə islahatları bazar iqtisadiyyatına keçidin əsas mərhələsi kimi dəyərləndirən Heydər Əliyev vurğulayırdı: “Bir Prezident kimi, mən Azərbaycanın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”. İslahatların gedişində qəbul olunan “Sovxoz və kolxozların islahatları haqqında”, “Aqrar islahatların əsasları haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunları aqrar sahədə münasibətlərin və dövlət siyasətinin hüquqi əsaslarının formalaşdıran əhəmiyyətli qanunvericilik sənədləri idi. Məhz dövlət tərəfindən müəyyən edilmiş vahid əsaslarla həyata keçirilən islahatlar kənd təsərrüfatında illərlə davam edən durğunluğun inkişaf mərhələsi ilə əvəz olunmasına təkan verdi.
Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində keçmiş postsovet məkanında torpağın özəl mülkiyyətə verilməsi prosesi ilk olaraq Azərbaycanda həyata keçirilməyə başlamışdı. Torpaq üzərində sahiblik, ondan müstəqil şəkildə istifadə etmək hüquqlarını əldə edən əhalinin timsalında bu tarixi imkandan yararlanaraq kənd təsərrüfatında yeni sahibkarlar nəslinin formalaşmasına rəvac verildi. Müqayisə üçün qeyd edək ki, əgər 1995-ci ildə fermer təsərrüfatlarının sayı 3186 idisə, aqrar bölmədə aparılmış davamlı islahatlar nəticəsində 2000-ci ildə onların sayı 34126-ya qədər yüksəldi. Bu proses növbəti illərdə də artan tendensiya ilə davam etdi.
Ölkə iqtisadiyyatının digər aparıcı sahələrində olduğu kimi, aqrar bölmədə həyata keçirilən islahatlar da ardıcıllığı və sistemliliyi ilə səciyyələnirdi. Belə ki, əgər ilkin mərhələdə bu sahəni əhatə edən islahatlar aqrar sektorda münasibətlərin yeni bazar qanunları əsasında idarə edilməsinə keçid və qanunvericilik bazasının yeni mühitə uyğun olaraq təkmilləşdirilməsi xarakteri daşıyırdısa, artıq növbəti mərhələdə həyata keçirilən islahatlar inkişafın sürətləndirilməsinə yönəlmiş əməli proqram və layihələrlə dəstəklənməyə başlandı. 1999-cu ilin 9 noyabr tarixli Prezident fərmanı ilə təsdiqlənmiş “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı” məhz aqrar sahədə yeni mərhənin başlanmasından xəbər verirdi. Sözügedən Dövlət Proqramı ilə aidiyyəti dövlət qurumlarının qarşısında konkret vəzifə və tapşırıqlar müəyyənləşdirildi, aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı mexanizminin təkmilləşdirilməsinə başlanıldı. Növbəti illərdə də artıq əldə olunmuş təcrübə əsasında azad və ədalətli bazar münasibətlərinin bərqərar edilməsinə xidmət edən proqram və layihələrin həyata keçirilməsi uğurla davam etdirildi.
Gördüyümüz kimi, ölkə iqtisadiyyatında köklü dəyişikliklərə və inkişaf tendensiyasının dönməz xarakter almasına yönəlmiş islahatlar zamanın tələbləri, dövlət və özəl sektorun maraqları tam nəzərə alınmaqla kompleks şəkildə həyata keçirilirdi. Bütün bu islahatlar sahibkarlıq fəaliyyətinin ölkə iqtisadiyyatında aparıcı mövqeyə yüksəlməsinə münbit zəmin formalaşdırdı. Ölkədə iqtisadi geriləmənin qarşısını alan və onun inkişaf fazasına daxil olmasının əsaslarını yaradan islahatlardan sonra ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin hüquqi əsaslarının daha da möhkəmləndirilməsini hədəfləyən qanunvericilik islahatlarının, eləcə də sahibkarlıq təşəbbüslərinin təşviqi və bu sahəyə dövlət himayəsinin gücləndirilməsini nəzərdə tutan konkret proqram və tədbirlərin həyata keçirilməsi sürətləndi.
Qanunvericilik islahatları çərçivəsində sahibkarlıq fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktlarına mütərəqqi dəyişikliklər edildi, o cümlədən “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bununla yanaşı, sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı, lisenziyalaşdırılması kimi prosedurların hüquqi əsaslarını təkmilləşdirən və bu prosedurların sadələşdirilməsini nəzərdə tutan önəmli fərman və sərəncamlar verildi. Bu çərçivədə, ümummilli lider tərəfindən imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında”, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, “Azəraycan Respublikasında sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin bəzi məsələləri haqqında” fərmanları sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında xüsusi rol oynadı. Sahibkarlıq subyektlərinin sərbəst fəaliyyət göstərməsinə, bürokratik əngəllərin qarşısını alan hüquqi mexanizmin formalaşdırılmasına yönəlmiş bu hüquqi sənədlər bütövlükdə sahibkarlıq sahəsində yoxlama və nəzarət funksiyalarının həyata keçirilməsi qaydalarının müasir tələblərə uyğun təkmilləşdirilməsində əhəmiyyətli rol oynadı. Məhz sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin mütəmadi olaraq qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması nəticəsində artıq bu gün belə bir fəaliyyətə başlamaq üçün heç bir bürokratik əngəl mövcud deyildir. Belə ki, hazırda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi sahibkarların biznes fəaliyyətini maksimum dərəcədə optimallaşdırmış və onların bir neçə dövlət qurumuna müraciət etməsi zərurətini aradan qaldırmışdır.
Ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi kimi 1997-ci ildən etibarən ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyinin əhatə dairəsini daha da genişləndirən və sahibkarlar təbəqəsinin ölkə iqtisadiyyatında aparıcı mövqeyə yüksəlişinin əsasını qoyan proqramlar həyata keçirildikcə, xalqın içərisindən çıxan bu təşəbbüskar insanların dövlətə, onun qanunlarına və ölkə iqtisadiyyatının inkişafına inamı və məsuliyyət hissi yüksəlirdi. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və təşviqinə yönəlmiş konkret tədbirləri özündə əks etdirən 1997-2000-ci illər üzrə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı”, 2002-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı”nın qəbulu və həmin proqramlarla müəyyənləşdirilmiş tədbirlərin səmərəli icrası bütövlükdə sahibkarlar təbəqəsinə dövlət himayəsinin əyani sübutu, özəl sektorun üstünləşmə tendensiyasının real göstəricisi idi. Beləliklə, sahibkarlıq fəaliyyətində bazar iqtisadiyyatı prinsiplərini möhkəmləndirən, bu sahənin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini müəyyən edən proqramlar ölkə iqtisadiyyatında özəl sektorun getdikcə aparıcı mövqe tutmasına səbəb oldu, sahibkarlıq subyektlərinin rəqabət potensialının daha da artmasını, onların iqtisadi qloballaşma şəraitinə uyğunlaşmasını daha da sürətləndirdi. Həmin dövrün statistik rəqəmləri də bunu bir daha sübut edir. Belə ki, 2001-ci ilin yekunlarına əsasən ümumdaxili məhsulda qeyri-dövlət sektorunun payı artıq 71,0 faiz təşkil edirdi.
(ardı var)
Cavanşir FEYZİYEV,
millət vəkili, fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.