Heydər Əliyev Azərbaycanın iqtisadi müstəqilliyinin banisidir

 

 

 

 

 

Xalqımız müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin  90 illik yubileyini böyük sevinc və qürur hissi ilə qeyd edir. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaltmış, Vətənimizin şöhrətini bütün dünyaya yaymış böyük və qüdrətli şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi 35 ilə yaxın bir dövr Azərbaycan tarixinin  qızıl hərflərlə  yazılmış şanlı səhifələrini təşkil edir. Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən ən başlıca keyfiyyət onu xalqını, Vətənini canından artıq sevməsi  ilə bağlı  idi. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ulu öndərimiz bütün mənalı ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, ölkəsinin beynəlxalq nüfuzunun artırılmasına həsr etmişdir.

 Dahi Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı hər iki tarixi dövr iqtisadi tənəzzüllə xarakterizə olunsa da, məhz bu fenomenal şəxsiyyətin, dünya şöhrətli siyasətçinin qəbul etdiyi son dərəcə dəqiq qərarlar, həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində həmin tənəzzülü sürətli tərəqqi əvəz etmişdir. Tarixə nəzər salaq. Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş İttifaqın ən geridə qalmış aqrar respublikası kimi tanınırdı. Mərkəzi hökumətin Azərbaycana olan biganə münasibəti, respublikanın sosial-iqtisadi inkişafı üçün kifayət qədər maliyyə vəsaitinin ayrılmaması, məhsuldar qüvvələrin düzgün yerləşdirilməməsi və s. səbəblər ümumi inkişafı ləngidir, əhalinin maddi-rifah halının getdikcə pisləşməsinə səbəb olurdu. Məhz belə bir şəraitdə Azərbaycana zəngin biliyə, yüksək idarəetmə təcrübəsinə, respublikanın iqtisadi potensialına, xalqın milli adət-ənənələrinə və mentalitetinə yaxından və hərtərəfli bələd olan bir rəhbər göndərilməsinə  böyük zərurət var idi. Azərbaycanda isə belə bir şəxs Mərkəzin də  yaxından tanıdığı  Heydər Əliyev idi. Beləliklə, 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Respublikamızın yeni rəhbəri idarəçilik fəaliyyətinə ilk olaraq kadrların düzgün seçilib yerləşdirilməsi ilə başladı. Yerində olmayan, respublikanın ümumi inkişafına əngəl törədən səriştəsiz partiya, sovet işçiləri savadlı, yüksək ixtisaslı kadrlarla əvəz olundu. Əhalinin həyat səviyyəsini yaxından öyrənmək məqsədilə tez-tez rayonlara səfər edən respublika rəhbəri sakinlərlə birbaşa təmasa girir, onları səbr və təmkinlə dinləyirdi. Xüsusən də aqrar sahənin geridə qalmasının səbəblərini  öyrənir, onu inkişaf etdirməyin yollarını araşdırırdı.

Ulu öndərin Azərbaycana rəhbərliyinin ilk illərindən etibarən respublikada geniş islahatların həyata keçirilməsinə başlanıldı. Respublika həyatının bütün sahələrində böyük bir canlanma yarandı, sürətli inkişafın bünövrəsi qoyuldu. Heydər Əliyevin işgüzarlığı, bacarığı sayəsində Azərbaycan, sözün əsl mənasında, nəhəng quruculuq meydanına çevrildi, hər yerdə tikinti işləri sürətləndi. Məhz həmin illərdə ulu öndərimizin səyi nəticəsində İttifaq əhəmiyyətli son dərəcə iri sənaye obyektlərinin Azərbaycanda tikilməsinə razılıq verildi, bu məqsədlə külli məbləğdə vəsait ayrıldı.  Heydər Əliyevin gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi ki, bir neçə il əvvəl geridə qalmış aqrar respublika kimi tanınan Azərbaycan qısa müddətdə keçmiş İttifaqın inkişaf etmiş sənaye mərkəzlərindən birinə çevrildi. Respublikada nəhəng energetika kompleksi, neftayırma və neft-kimya müəssisələri, bir sıra iri fabrik və zavodlar tikilib istismara verildi. İndi qətiyyətlə söyləmək olar ki, bugünkü iqtisadi müstəqilliyimizin bünövrəsini məhz ümummilli liderimizin həmin illərdə böyük uzaqgörənliklə işləyib hazırladığı inkişaf konsepsiyası təşkil edir. Təsadüfi deyildi ki, müstəqillik illərində həmin dövrü xatırlayarkən ümummilli lider deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim nə üçün bu lazımdır... Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin.”

Xalqların, dövlətlərin tarix səhnəsindəki yerini və rolunu mövcud olduqları  müstəqillik illəri müəyyən edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən müstəqillik qazanmış Azərbaycan Respublikasının bu gün dünyanın nüfuzlu, qüdrətli bir dövləti kimi mövcudluğu da ulu öndərimizin titanik fəaliyyətinin məntiqi nəticəsidir. Heydər Əliyevin tarixi şəxsiyyət kimi böyüklüyü ötən əsrin sonu və XXI əsrin əvvəllərində ictimai-siyasi həyatın bir çox sahələrində özünü göstərdi. Tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və müstəqillik arzularını gerçəkləşdirərək müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi. Bu fəaliyyəti zamanı o, fenomenal keyfiyyətləri ilə yanaşı, böyük iqtisadçı kimi də hakimiyyətinin ilk dövründə olduğundan daha qabarıq və parlaq şəkildə imkanlarını nümayiş etdirə bildi.  Sovet sisteminin miras qoyduğu çoxsaylı problemlər, müstəqilliyin ilk illərində respublikamıza rəhbərlik edən səriştəsiz şəxslərin təqsiri  ucbatından meydana çıxan xaos və anarxiya, separatçılıq meyilləri Azərbaycanın kövrək müstəqilliyi üçün çox ciddi təhlükə törədirdi. Xalqımız çətin sınaq qarşısında idi. Belə bir şəraitdə Heydər Əliyev xalqın çoxsaylı müraciətlərini, təkid və xahişlərini nəzərə alaraq yenidən respublika rəhbərliyinə qayıtdı. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən ümummilli lider qısa müddətdə ictitmai-siyasi sabitliyi təmin etməklə yanaşı,  respublikamızda quruculuq işlərinin başlıca istiqamətlərini müəyyənləşdirdi.  Azərbaycanın əbədi və firavan gələcəyinin əsas təminatı kimi dövlətin strateji yolunun yalnız demokratiya, sərbəst iqtisadiyyat, sahibkarlıq yolu olduğunu göstərdi. Ulu öndərin müəyyən etdiyi ölkənin ümumi inkişaf konsepsiyasının əsasını sosial-iqtisadi sabitliyi qorumaq, iqtisadi sistemin transformasiyasını təmin edən islahatları sistemli şəkildə aparmaq, dünya iqtisadiyyatına sürətli inteqrasiya, sosial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi təşkil edirdi.

Ümummilli liderimiz tarixi müstəqilliyimizin qorunub saxlanmasına çox ciddi təhlükə olan separatizm meyillərinin qarşısını qətiyyətlə aldı, respublikamızda ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə nail oldu. Ulu öndər həmişə deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin möhkəmləndirilməsini, onun əbədiyaşarlığının təmin edilməsini ölkənin iqtisadi müstəqilliyinə nail olunmasında görürdü. Bunun üçün isə Azərbaycanın güclü iqtisadi potensialından, zəngin yeraltı və yerüstü sərvətlərindən ağılla, məqsədyönlü şəkildə istifadə etmək lazım idi. Elə ulu öndərin böyük uzaqgörənliklə işləyib hazırladığı iqtisadi inkişaf konsepsiyasının əsasını da məhz bu amil təşkil edirdi.

1994-cü il sentyabr ayının 20-də imzalanmış “Əsrin  müqaviləsi” ilə Azərbaycan xarici sərmayələr üçün açıq ölkə elan olundu. Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsinə tam əmin olan xarici neft şirkətləri respublikamızın neft sənayesinə sərmayə yönəltməyə başladılar. Sonrakı beş-altı il ərzində dünyanın bir çox dövlətləri ilə 21 neft müqaviləsi imzalandı. Beləliklə də, Azərbaycanda yeni neft erası başlandı, ölkənin neft-qaz sənayesi sürətli inkişaf mərhələsinə qədəm qoydu. Artıq 19 ilə yaxındır ki, ulu öndərin müəllifi olduğu yeni neft strategiyası ölkəmizin çiçəklənməsinə, xalqımızın rifahının yaxşılaşmasına xidmət edir.

Heydər Əliyevin həyata keçirdiyi ağıllı, səriştəli, təmkinli və məqsədyönlü iqtisadi islahatlar nəticəsində 1996-cı ildən etibarən Azərbaycan iqtisadiyyatında əsaslı yüksəlişin bünövrəsi qoyuldu. İlk dəfə olaraq ölkədə əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələdi. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər iki-üç dəfədən çox artdı. 1993-2003-cü illəri əhatə edən 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 22,3 dəfə, adambaşına düşən ÜDM-in həcmi isə 20,3 dəfə artdı. Həmin illərdə ölkəmizdə hüquqi-təşkilatı formasından asılı olmayaraq üç minə qədər yeni sənaye müəssisəsi açılaraq 2003-cü ilin əvvəlinə onların sayı 5200-ü ötdü.

Ulu öndər Azərbaycana ilk rəhbərliyi dövründə hərtərəfli savada və geniş dünyagörüşünə malik kadrların yetişdirilməsinə xüsusi diqqət və qayğı göstərirdi. Hələ ötən əsrin 70-ci illərində o, Azərbaycan gənclərinin SSRİ-nin ən qabaqcıl ali məktəblərində təhsil almasına xüsusi diqqət yetirirdi. Ali təhsilini başa vurub Azərbaycana qayıdan gənclərə xüsusi qayğı göstərərək onları xalq təsərrüfatının müxtəlif sahələrində işlə təmin edirdi. Ötən əsrin sonlarında tarixi müstəqilliyini bərpa etmiş Azərbaycana yenidən rəhbərliyə gələn ümummilli liderimiz 70-80-ci illərdə etimad göstərib müxtəlif vəzifələrə təyin etdiyi kadrları respublikamızın çiçəklənməsi kimi müqəddəs bir işə töhfə verməyə səslədi. Onların bir çoxuna yenidən etimad göstərildi.  Çox xoşbəxtəm və qürur hissi keçirirəm ki, əmək fəaliyyətimin əsas hissəsi  məhz ümummilli liderimizin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu parlaq şəxsiyyətin rəhbərliyi altında müxtəlif məsul vəzifələrdə çalışmışam. Ulu öndərimizin bütün sahələrə diqqət və qayğısını daim hiss etmiş, onun nizam-intizama xüsusi diqqət yetirdiyinin, kadrlara qarşı  yüksək tələbkarlığının şahidi olmuşam.

Hər il may ayının 10-u gələndə Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin ilk dəfə respublikamıza rəhbərlik etdiyi 70-80-ci illəri xatırlayıram. Həmin illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda, o cümlədən bank sistemində də genişmiqyaslı islahatlar həyata keçirilirdi. Hətta o illərdə əhali arasında geniş yayılmış 3 faizli istiqrazların satışına görə respublikamız SSRİ-də birincilər sırasında idi...

 

Müstəqil Azərbaycan Respublikasında sığorta sahəsinin təşəkkülü və  inkişafı da ölkəmizin iqtisadi müstəqilliyinin banisi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeri gəlmişkən,  ümummilli liderimiz Heydər Əliyevin bir sıra xarici dövlətlərə səfərləri zamanı ölkəmizi təmsil edən geniş tərkibli nümayəndə heyətlərinin tərkibində mən də iştirak etmişəm. Həmin səfərlər vaxtı ulu öndərimizin  Azərbaycanın beynəlxalq nüfuzunun artırılması üçün necə böyük səy göstərdiyinin şahidi olmuşam. Yaxşı yadımdadır: 1995-ci ilin noyabr ayında Londonda keçirilən “Azərbaycanda investisiya imkanları” adlı  beynəlxalq konfransda çıxış edən ulu öndərimiz ölkəmizdə iqtisadiyyatın mühüm sahələrindən olan sığorta bazarının formalaşdırılması ilə bağlı maraqlı fikirlər söylədi, konkret  təkliflər irəli sürdü. Ümummilli liderimiz dedi: “...Sığorta işi bizim üçün yeni bir işdir... Bu iş bizim üçün iqtisadi həyatın yeni, amma mühüm cəhətidir. Elə bizim hamımız da respublikamızda səhmlərin sığortalanmasının vacibliyini və ümumiyyətlə, hər hansı biznesin sığortalanmasının əhəmiyyətini başa düşürük. Mən sizə bildirmək istəyirəm ki, Azərbaycanda xarici səhmləri sığortalamaq üçün təminatlı şərait yaradılması sahəsində tədbirlər görürük. Əmin ola bilərsiniz ki, bizim tərəfimizdən qanunvericilik qaydasında, sərəncam qaydasında bütün tədbirlər həyata keçiriləcəkdir. Digər tərəfdən isə, bizim özümüz bazar münasibətlərinin həyata keçirilməsi prosesinə, xarici səhmlərin cəlb edilməsi prosesinə başlayaraq, artıq hiss edirik ki, sığorta məsələsi bizim zəif yerimizdir. Həqiqətən, çox etibarlı, möhkəm təminatlı sığorta xidməti, sığorta sistemi yaratmaq lazımdır”.

Azərbaycanda güclü iqtisadiyyatın yaradılmasına nail olmağı başlıca hədəflərdən biri kimi müəyyənləşdirən ulu öndərimiz, bütün sahələrdə olduğu kimi, müstəqil ölkənin sığorta bazarının formalaşdırılması üçün hüquqi bazanın yaradılması məqsədilə bir sıra zəruri sənədlər imzaladı. 1993-cü ilin əvvəlində qəbul olunmuş “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu sığorta bazarının inkişafına müəyyən təkan versə də, cəmiyyətdə gedən köklü dəyişikliklər, ölkəmizdə həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi islahatlar, bir çox sahələrdə olduğu kimi, sığorta sahəsində də qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Məhz bu məqsədlə 1999-cu il avqustun 19-da ölkə Prezidenti Heydər Əliyevin fərmanı ilə “Sığorta haqqında” Azərbaycan Respublikasının yeni qanunu qəbul edildi. Bütövlükdə isə həmin dövrdə sığortanın inkişafına dair 11 müxtəlif qanun və qərar qəbul olunmuşdur.  Yeri gəlmişkən, ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il dekabrın 25-də imzaladığı fərmanla “Sığorta fəaliyyəti haqqında” daha  mükəmməl bir qanunun qəbul olunması  bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsinə səbəb oldu.  Dövlət başçısı İlham Əliyevin 24 iyun 2011-ci il tarixli fərmanı ilə təsdiq olunmuş icbari sığortalar haqqında” Qanun isə ölkəmizdə sığorta bazarının xeyli canlanmasına gətirib çıxarmışdır. Xatırladaq ki,  qanuna əsasən, daşınmaz əmlak, yəni yaşayış evi, mənzil yanğın, partlayış və ya təbii fəlakət nəticəsində zədələndikdə və məhv olduqda ona qanunla müəyyən olunmuş sığorta ödənişi veriləcək ki, bununla  da onların tikintilərinə dəyən zərərin bərpası təmin ediləcəkdir.

Bütövlükdə isə Azərbaycanın sığorta bazarı son illər böyük inkişaf yolu keçmişdir. Təsadüfi deyil ki, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı pensiya ilə bağlı həyata keçirdikləri layihələrdə Azərbaycan Respublikasının sığorta-pensiya sistemini keçid dövrü ölkələri üçün uğurlu model kimi təqdim etmişdir. Son illər ölkəmizdə sosial-sığorta və pensiya təminatı sahəsindəki islahatlar, bu sferada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, inzibati idarəetmə və kadr potensialının inkişafı sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.  2012-ci ildə Azərbaycanın sığorta sistemində iqtisadi göstəricilərin  xeyli dərəcədə yaxşılaşması da bunun bariz nümunəsidir. Belə ki, il ərzində sığorta yığımlarının həcmi  44,4 faiz artaraq 342,5 milyon manata, sığorta ödənişləri isə 30,7 faiz artaraq 93,8 milyon manata çatmışdır. Bundan əlavə,  könüllü sığorta növləri üzrə yığımlar 28 faiz artaraq 215 milyon manata, icbari sığorta növləri üzrə 80 faizdən çox artaraq 127 milyon manata yüksəlmişdir.  Yeri gəlmişkən, ötən il sığorta yığımları üzrə əldə edilən nəticə əvvəlki illərə nisbətən daha yüksək olmuşdur. On il əvvəllə müqayisədə  sığorta haqlarının həcmi 6 dəfə, son beş ildə isə 2,3 dəfə armışdır. Eyni dinamika sığorta ödənişlərində də müşahidə olunmuşdur.  Bu baxımdan 2012-ci il Dövlət Sığorta Şirkəti üçün də üğürlu olmuşdur. Hesabat ilində  şirkətimiz tərəfindən daxilolmalar 34,6 milyon manat, ödənişlər isə 11,7 milyon manat olmuşdur ki, bu da ölkə üzrə yığılan sığorta haqlarının 10,1 faizini, ödənişlərin isə 12,5 faizini  təşkil edir.

Azərbaycanda sığorta bazarının inkişafı nəticəsində ötən müddətdə bir sıra özəl sığorta şirkətləri təsis edilmiş, xarici ölkələrin bu sahədə fəaliyyət göstərən qabaqcıl şirkətləri ilə mühüm əməkdaşlıq əlaqələri qurulmuşdur.

Hazırda Dövlət Sığorta Şirkəti təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə 30-dan çox sığorta növü üzrə əhaliyə xidmət göstərir. Bu sahədə uğurlarımız isə ilbəil artır. Heç şübhəsiz, bütün bunlar anadan olmasının 90-cı ildönümünü böyük təntənə ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi strategiyanın hazırda cənab Prezidentimiz İlham Əliyevin yeni dövrün reallıqlarına uyğun olaraq böyük yaradıcılıqla davam etdirməsinin məntiqi nəticəsidir.

 

Məmməd MƏMMƏDOV,

Dövlət Sığorta Şirkətinin sədri, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında