Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra informasiya texnologiyaları sahəsində böyük nailiyyətlər qazanılmışdır

 

 

Mayın 6-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli həyat yoluna həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, ulu öndərin 90 illik yubileyi Azərbaycanın bütün bölgələrində böyük təntənə ilə qeyd edilir, bu dahi insanın respublikamızın tərəqqisi naminə gördüyü nəhəng işlər bir daha xatırlanır.

Vurğulanmışdır ki, ötən əsrin 60-cı illərində Azərbaycan İttifaq subyektləri sırasında iqtisadi cəhətdən geridə qalmış respublika sayılırdı. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə respublikada hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadi dirçəliş, dövrünə qədəm qoymuş, ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, informasiya texnologiyaları sahəsində də böyük nailiyyətlərə imza atılmışdır.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev əsl liderə məxsus olan keyfiyyətlərdən bacarıqla istifadə edərək respublikanın xalq təsərrüfatında bütün imkan və vasitələri səfərbər edərək gələcək inkişafla bağlı məqsəd və vəzifələr müəyyənləşdirmişdir. Qısa zamanda respublikamızda müasir sənaye müəssisələri, istehsal sahələri istifadəyə verilmiş, sənayenin ixrac potensialı artmışdır.

Bildirilmişdir ki, güclü iradəyə və milli ruha malik olan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə tabe olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına və ən nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə,  dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur.

Ulu öndərimizin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ölkəmizə böyük uğurlar gətirmişdir. Neft amili müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın digər sahələrinin tərəqqisi, xalqın rifahının yüksəldilməsində həlledici rol oynamışdır.

Ümummilli liderin Azərbaycanın elm, təhsil və texnoloji inkişafına verdiyi töhfələr və bu sahədə aparılan islahatları xüsusi qeyd edən nazir, Azərbaycanın intellektual potensialının yüksəldilməsində Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir.

  Bütün bunların nəticəsi kimi artıq Azərbaycanda böyük texnoloji inkişafa başlanılmış, o cümlədən güclü internet, “Elektron hökumət”, rəqəmsal televiziya yaradılmış, kosmik fəzanın sülh məqsədilə istifadə olunması ilə bağlı mühüm layihələr həyata keçirilmişdir.

Sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Rabitə və Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən çap olunmuş “Heydər Əliyev-90”, həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyasının birgə buraxılışı olan “Heydər Əliyev Müqəddəs Apostol Andrey Pervozvannı Ordeninin Kavaleri” mövzusuna həsr olunmuş poçt markalarının dövriyyə buraxılması mərasimi olmuşdur.

Bundan əlavə, nazirlik tərəfindən gözdən əlillər üçün səslə idarə olunan mini kompyuterlər 5 nömrəli Respublika xüsusi internat məktəbinin bir qrup şagirdinə təqdim edilmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Asəf Hacıyev, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və başqaları ulu öndərin XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, təhsil və elm sahəsində, eləcə də onun Azərbaycançılıq ideologiyasının inkişafındakı rolu istiqamətində misilsiz xidmətlərindən bəhs etmiş, xatirələrini bölüşmüşlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında