Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində mümkün olmuşdur

 

 

Mayın 2-də Sənaye və Energetika Nazirliyində ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişafı” mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin əməkdaşları tədbirdən əvvəl Fəxri Xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə çiçək dəstələri düzülmüşdür.

Nazir Natiq Əliyev konfransda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli Sərəncamı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunduğunu bildirmişdir.

Nazir qeyd etmişdir ki, Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə əməkdaşlığı, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun yaranması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində mümkün olmuşdur.

Azərbaycanda müasir diplomatik, hüquqi və dünyəvi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin qurulmasında, elmin, təhsilin, mədəniyyətin inkişafında, eləcə də ölkəmizin neft sənayesində neft amilindən məharətlə istifadə olunması nəticəsində iqtisadiyyatımızın inkişafında, beynəlxalq əlaqələrin, Avropa və dünya ölkələri ilə münasibətlərin qurulmasında ulu öndərin xidmətləri misilsizdir. Ümummilli lider Heydər Əliyevin beynəlxalq aləmdə apardığı bu siyasət nəticəsində müstəqil Azərbaycanın neft diplomatiyasının fəal mövqeyi formalaşmışdır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirmiş, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artmışdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin qayıdışından sonra ölkəmizin davamlı iqtisadi inkişafı təmin edilmiş, bütün sahələrdə müsbət dəyişikliklər baş vermiş, iqtisadi inkişafın Azərbaycan modeli yaradılmışdır.

Vurğulanmışdır ki, dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadi strategiyanın töhfələridir.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda Azərbaycan dünyada davamlı inkişaf edən azsaylı ölkələrdən biridir. Uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan keçmişdir. Ölkəmiz dinamik iqtisadi inkişaf yolu ilə sürətlə irəliləyir.

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev xalqımızın dünyaya bəxş etdiyi böyük vətəndaş, müdrik siyasi xadim Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafındakı misilsiz rolunu qeyd etmişdir. Bildirilmişdir ki, müasir tariximizin ən çətin mərhələsində xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrimizi Azərbaycan xalqının milli mənafelərinin təmin olunması prinsipləri üzərində qurmuş, ölkəmizin xarici siyasətini bu istiqamətdə uğurla inkişaf etdirmişdir.

Bir sıra əhəmiyyətli layihələrin reallaşdırılmasında mühüm rol oynayan ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dövlətimizin ərazi bütövlüyünün bərpası, strateji müttəfiqlərin qazanılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diplomatik səylərini gücləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında