Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatı olmuşdur

 

 

Vergilər Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birgə “ASAN imza-mobil hökumətin açarıdır” mövzusunda konfrans keçirmişdir.

Konfrans Prezident İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planı”na uyğun olaraq nazirlik tərəfindən həyata keçirilən yeni layihənin -Vergilər Nazirliyinin Elektron İmza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatına həsr olunmuşdur. Tədbirin əsas məqsədi vergi sistemində ASAN imzaya sahib olmağın prosedur qaydaları, onun üstünlükləri və gələcəkdə vətəndaşların elektron hökumətin xidmətlərindən istifadəsini müzakirə etmək və ictimaiyyətin diqqətinə çatdırmaq olmuşdur.

Konfransı giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov son illər əldə olunan yüksək sosial-iqtisadi nəticələrə idarəetmə və xidmət sektorlarında mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail olunduğunu bildirmişdir. Ölkə başçısının müvafiq sərəncamı ilə 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları ili elan olunduğunu qeyd edən nazir, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı”na uyğun olaraq dövlət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulamışdır. Onun sözlərinə görə,  Vergilər Nazirliyində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), “Elektron bəyannamə”, “İnternet Vergi İdarəsi”, e-Dövlət portalı, “Bir pəncərə”, “ƏDV depozit hesabı”, “Elektron vergi hesab fakturası”, “Dövlət qurumları və banklarla inteqrasiya məlumat mübadiləsi sistemi kimi iri dövlət layihələri tətbiq edilir.

Son illər elektron hökumətin qurulması istiqamətində görülən işlər çərçivəsində Vergilər Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin geniş tətbiqinə başlanılmış, elektron məlumat bazaları yaradılmışdır. Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin daim genişləndirilməsi,  vergi ödəyiciləri ilə canlı əlaqə formalarının məhdudlaşdırılması vergi orqanları ilə ödəyicilər arasında münasibətlərin daha da sadələşdirilməsi digər dövlət qurumları ilə inteqrasiya və bu yolla şəffaflığın artırılmasına nail olunması Vergilər Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir və bu sahədə daim yeni layihələr həyata keçirilir.

Nazir qeyd etmişdir ki, ölkəmizdə informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişaf etməsi əhali tərəfindən elektron xidmətlərdən istifadə tələbatını artırır və elektron imzaya ehtiyacı ön plana çəkir. Vergilər Nazirliyi tərəfindən digər elektron xidmətlərin elektron audentifikasiya və elektron imzadan istifadə etməklə həyata keçirilməsi və həmçinin mobil qurğular vasitəsilə təqdim olunması da nəzərdə tutulur. Bəzi xidmətlərdən istifadə isə yalnız elektron formada mümkündür və onların icra prosesində göndərilən və qəbul olunan sənədlərin onlayn rejimində məhdud zaman ərzində elektron imzalanması tələb olunur. Bu sahədə mövcud və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaqdır ki, bu da Azərbaycan vətəndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzərindən imzalanmasına şərait yaradacaqdır. Sistem mobil imza Mərkəzi ilə inteqrasiya olunduğundan  bütün növ qurğularda audentifikasiya imkanı verəcəkdir. Bu isə ölkəmizdə İnternet/mobil bankçılığın inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaqdır.

Çıxışının sonunda  F.Məmmədov bildirmişdir ki, bu mərkəzin istismara verilməsi və həmin mərkəzin Fransa, İsveç, Finlandiya, Estoniya, Azərbaycan şirkətlərinin iştirak etdiyi beynəlxalq konsorsium tərəfindən yaradılan Mobil imza (Asan imza) mərkəzi ilə inteqrasiya layihəsini elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi qiymətləndirmək olar.

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Estoniya Respublikasının ölkəmizdəki səfiri Miko Halyas çıxış edərək yeni layihənin fəaliyyətə başlaması münasibətilə öz təbriklərini konfrans iştirakçılarına çatdırmışlar.

“Azərbaycanın Elektron Avropaya inteqrasiya olunması” mövzusunda təqdimatla çıxış edən Avropa Şurası Parlamentinin üzvü Kristina Oyland isə layihənin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, belə uğurlu addımlar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.  Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Elektron xidmətlərin inkişafında Asan imzanın rolu”, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “ Asan imza Azərbaycan sahibkarlarına nə vəd edir”, Avropa Şurası Parlamentinin üzvü Kristina Oiland “Azərbaycanın Elektron Avropaya inteqrasiya olunması”, Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samirə Musayeva “Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi - yeni mobil xidmət imkanları” mövzusunda təqdimatlarla çıxış etmişlər.

Tədbirdə Milli Məclisin üzvləri, beynəlxalq təşkilatların, dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, KİV nümayəndələri, həmçinin yerli və xarici sahibkarlar iştirak etmişlər.

V. BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında