Ölkəmizin neft sənayesinin infrastruktur imkanları ildən-ilə genişləndirilir, dənizdə və quruda yeni-yeni istehsalat təyinatlı obyektlər inşa olunur. Bütün bu tədbirlər neft və qaz hasilatının artırılmasına, neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Ölkəmizin neft-qaz sənayesinin dinamik inkişafını təmin edən bu layihələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin fədakar əmək kollektivi tərəfindən həyata keçirilir.
Trestin 8 saylı tikinti-quraşdırma idarəsinin (TQİ) əmək kollektivi də bu gün neft sənayesi üzrə həyata keçirilən tədbirlərin önündə gedir. Təkcə onu demək kifayətdir ki, son illər dənizdə inşa olunmuş bir sıra hidrotexniki qurğular, estakadalar, dənizin dərinliyi 70 metrədək olan ərazilərində quraşdırılmış stasionar dəniz özülləri məhz bu kollektivin gərgin əməyinin bəhrəsidir. Bundan əlavə, idarənin kollektivi quruda bir sıra obyektlərin tikintisində də fəal iştirak edir, neft və qaz kəmərləri çəkir, neftyığma məntəqələri, kompressor qurğuları və sosial obyektlər inşa edir. Bütövlükdə isə istehsalat təyinatlı obyektlərin əsaslı tikintisi və təmiri ilə məşğul olan 8 saylı TQİ hazırda Pirallahı qəsəbəsində, “Abşeronneft” NQÇİ-də və digər sahələrdə kompressor stansiyalarının, hidrotexniki qurğuların, yüksək təzyiqli neft-qaz boru kəmərlərinin, neft rezervuarlarının tikintisi, yenidən qurulması və təmiri işləri ilə məşğul olur. Dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi kollektivə olan inamı getdikcə artırır. Təsadüfi deyil ki, son zamanlar bir sıra strateji əhəmiyyətli istehsalat obyektlərində tikinti-quraşdırma və təmir işləri məhz bu idarənin kollektivinə həvalə olunur.
Son illər idarənin kollektivi “Abşeronneft” NQÇİ-nin sifarişi ilə bir sıra uğurlu əsaslı tikinti işləri aparır. Həmin idarənin yığım-nəql sisteminin yenidən qurulması, neftlə çirklənmiş ərazilərdə abadlaşdırma işlərinin aparılması bu qəbildən olan tədbirlərdəndir. Hazırda birinci kompleks tədbir çərçivəsində neft verən 200 quyunun yenidən abadlaşdırılması işləri həyata keçirilir, neftin yığım məntəqələrinə vurulması üçün müasir tipli aqreqat və nasoslar quraşdırılır. Yığım-nəql sisteminin ikinci kompleksindəki işlərə isə cari ilin iyun ayında başlanacaqdır.
Ötən il idarə üçün xüsusilə əlamətdar olmuş, kollektivin səyi ilə neft-qaz sənayesi üçün son dərəcə vacib olan bir sıra obyektlərin tikintisi uğurla başa çatdırılmışdır. Belə ki, “Abşeronneft” NQÇİ-nin sifarişi əsasında “Darvin bankası” yatağında 12 istismar quyusunun qazılması üçün 720 saylı stasionar dəniz özülünün tikintisi, eləcə də “Qərbi Abşeron” yatağında 120 və 48 saylı stasionar dəniz özüllərinin yeni texniki avadanlıqlarının quraşdırılması məqsədilə yenidən qurulması işləri vaxtında və keyfiyyətlə tamamlanmışdır. Bundan əlavə, N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə “Bulla dəniz” yatağında 90 saylı axtarış quyusunun qazılması üçün 29 saylı stasionar dəniz platformasının genişləndirilməsi və yenidən qurulması işləri də vaxtında başa çatdırılmışdır. H.Z.Tağıyev adına NQÇİ-nin sifarişi ilə Buzovna sahəsində 3 və 4 saylı neft-qazçıxarma sexlərinin neftyığma sahələrinin və neftin, suyun kompleks hazırlanması və vurulması sahəsinin inşası da kollektivin il ərzində həyata keçirdiyi mühüm əsaslı tikinti-quraşdırma işlərindəndir. Xatırladaq ki, Buzovna sahəsindəki 3 və 4 saylı neft və qazçıxarma sexlərinin neftyığma sahəsinin və neftin, suyun kompleks hazırlanması və vurulması məntəqəsinin tikintisi obyekti ekoloji tarazlığın qorunması üçün də mühüm əhəmiyyət kəsb edir.
“Abşeronneft” NQÇİ-nin quruda və dəniz akvatoriyasında yerləşən mühüm istehsalat obyektləri üzrə əsaslı təmir işləri də 8 saylı TQİ-nin əsas fəaliyyət istiqamətlərindən sayılır. 2012-ci ildə kollektivin gücü ilə istismarda olan bir sıra stasionar dəniz özüllərində, əmtəə çənləri parklarında, estakadayanı meydançalarda, eləcə də emalatxana və nasosxanalarda nəzərdə tutulmuş əsaslı təmir işləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. İl ərzində “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Darvin bankası” yatağında yerləşən 89, 210 və 290 saylı stasionar dəniz platformalarının, Pirallahı adasındakı köhnə rezervuar parkının, “Şimal” estakadasının 4 və 2 saylı baza meydançalararası hissəsinin əsaslı təmirini yüksək keyfiyyətlə başa çatdıran kollektiv illik baş podrat planına 127,8 faiz əməl etmişdir.
Ölkəmizin neft-qaz sənayesi üçün mühüm əhəmiyyət kəsb edən istehsal obyektlərinin tikintisi və əsaslı təmiri ilə bağlı sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirən idarənin kollektivi 2013-cü ilə də uğurla başlamış, “28 May” NQÇİ-nin sifarişi ilə “Bahar” yatağında 2 saylı özülün genişləndirilməsi işlərini uğurla başa çatdırmağa müvəffəq olmuşdur. Bu yaxınlarda isə idarənin tarixində əlamətdar bir hadisə baş vermiş, kollektiv Pirallahı qəsəbəsində yerləşən yeni inzibati binaya köçmüşdür.
8 saylı TQİ-nin kollektivi hazırda da neft sənayesi üçün vacib olan yeni-yeni obyektlərin tikintisi və əsaslı təmiri ilə bağlı işləri davam etdirir. İdarənin rəisi Zakir Kərimov dedi:— Son illər neft sənayesi işçilərinə dövlət qayğısı getdikcə artırılır. Bu qayğını kollektivimizin hər bir üzvü də yaxından hiss edir. Elə idarəmizin bu yaxınlarda yeni inzibati bina ilə təmin olunması da məhz bu qayğının növbəti təzahürüdür. Xatırladım ki, trestimizin müdiri Mirkazım Abasovun iştirakı ilə istifadəyə verilən yeni bina ən müasir texniki avadanlıqlarla təchiz olunmuş, burada müasir isitmə-soyutma sistemi yaradılmış, ətraf ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Yeri gəlmişkən, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Neftqaztikinti” trestinin müdiri Mirkazım Abasov tərəfindən ölkəmizin neft sənayesi üçün vacib olan layihələrin icrasının daimi nəzarətdə saxlanması məsuliyyətimizi birə beş artırır. Hazırda kollektivimiz “28 May” NQÇİ-nin sifarişi ilə Dübəndi neft-yığım məntəqəsinin əmtəə çənləri parkında köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin yaradılması obyektinin, “Abşeronneft” NQÇİ-nin sifarişi əsasında “Darvin bankası” yatağında 8 istismar quyusunun qazılması üçün 740 saylı stasionar dəniz özülünün tikintisini və buradakı 660 saylı özülün quyuağzı avadanlıqla abadlaşdırılması işlərini sürətlə davam etdirir. “Neft Daşları” yatağında 12 istismar quyusunun qazılması üçün 2150 saylı stasionar dəniz özülünün və adada 2A saylı iriləşdirilmiş neft-yığım məntəqəsinin inşasında da işlərin qızğın çağıdır.
Kollektivimiz ilin sonunadək bir sıra mühüm istehsalat obyektlərinin tikintisi və təmiri ilə bağlı mühüm sifarişlər almışdır. “Darvin bankası” yatağında yerləşən stasionar dəniz platformasının, “Şimal qırışığı” yatağında 8 və 9 saylı 6/04 kV-luq hava elektrik ötürücü xətlərinin, “Abşeronneft” NQÇİ-nin şimal estakadasının 203 və 562 saylı meydançalararası hissəsinin, “Gürgan” yatağında 210 saylı özülün, 4 saylı kompressor stansiyasının əsaslı təmiri, “Şimal qırışığı” sahəsində 1100 saylı platformanın quyuağzı avadanlıqlarla abadlaşdırılması, eləcə də ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala Tədris Mərkəzinin bazasında interaktiv atıcılıq tirinin yaradılması məqsədilə ərazidə əsaslı təmir işlərinin aparılması məhz bu qəbildən olan işlərə aiddir.
İdarəmiz ekoloji tədbirlərdə də yaxından iştirak edir. Məhz kollektivimizin gücü ilə neft axıdılan bir sıra kanallar qapalı sistemə keçirilmişdir. Bu isə həm itkilərin qarşısının alınmasına, həm də ekoloji tarazlığının qorunmasına mühüm töhfə sayıla bilər. Bununla yanaşı, kollektivimiz Pirallahı qəsəbəsinin sosial problemlərinin aradan qaldırılmasında, abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin həyata keçirilməsində də xüsusi fəallıq göstərir. Bütövlükdə isə ARDNŞ, eləcə də “Neftqaztikinti” Tresti rəhbərliklərinin diqqət və qayğısını daim hiss edən idarə kollektivi ilin sonunadək tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlmək əzmindədir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.