Pirallahı neftçiləri dövlət qayğısına əməli işlə cavab verirlər

 

 

Ölkəmizin neft sənayesinin qabaqcıl müəssisələrindən sayılan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin kollektivi, həmişə olduğu kimi, hazırda da neftçıxarmanın önündə gedir. Xatırladaq ki, idarə ötən əsrin əvvəllərində “Pirallahı” yatağının quru hissəsində ilk quyunun istismara verilməsi ilə yaradılmışdır.

1935-ci ildə isə adı çəkilən yatağın dəniz hissəsində dəmir konstruksiyalar üzərindən qazılmış 157 saylı quyudan neft çıxarılmasına başlanmış və bununla da, idarənin istismar etdiyi sahələr Xəzər dənizinə doğru genişlənməyə başlanmışdır.

Hazırda isə “Abşeronneft” NQÇİ  “Qərbi Abşeron”, “Abşeron”, “Darvin bankəsi”, “Pirallahı” və “Gürgan” yataqlarının istismarını həyata keçirir. Ötən ilin ortalarından etibarən isə “Qoşadaş” yatağında “Xəzər-6” üzən qazma qurğusu vasitəsilə layihə dərinliyi 3500 metr olan  ilk axtarış-kəşfiyyat quyusunun qazılmasına başlanmışdır. Bundan əlavə, hazırda  məhsuldarlığı ilə seçilən “Darvin bankəsi”  yatağında quraşdırılmış 720 saylı stasionar dəniz özülündən də  hasilat quyularının  qazılması davam etdirilir. Yeri gəlmişkən, hazırda burada yeni özüllər quraşdırılır ki, bu da yaxın illərdə  idarə üzrə neft hasilatının xeyli artırılmasına imkan yaradacaq. İdarənin istismar etdiyi “Qərbi Abşeron” yatağının perspektivi nəzərə alınaraq burada daha üç özülün tikintisi planlaşdırılır. Hazırda isə bu yataqda 10 istismar quyusu fəaliyyət göstərir. Yeri gəlmişkən, uzun illər istismarda olan “Pirallahı” yatağının quru hissəsində qazılan 1200 saylı axtarış quyusunda da sınaq—mənimsəmə və hazırlıq işləri aparılmışdır.

Son illər neft və qaz hasilatına dair proqnoz tapşırıqlarını vaxtında və artıqlaması ilə yerinə yetirən Pirallahı neftçiləri 2013-cü ilin birinci rübünü də  yüksək nailiyyətlərlə, uğurlu göstəricilərlə başa vurmuşlar. Belə ki, ilin əvvəlindən uğurlu start götürən “Abşeronneft” NQÇİ-nin kollektivi ötən üç ay ərzində 51 min 790 ton əvəzinə  54 min 513 ton neft hasil edərək proqnoz tapşırığını 105,3 faiz yerinə yetirmişdir. Bu isə ötən ilin müvafiq dövründəkindən 1808 ton və ya 3,4 faiz çoxdur. Bundan əlavə, neftçilər ilin əvvəlindən 53 min 723,3 ton “qara qızıl” təhvil verərək plana 105,6 faiz əməl etmişlər.  İdarənin qaz hasilatı və təhvili üzrə göstəriciləri də uğurludur. Belə ki, yanvar-mart ayları ərzində Pirallahı neftçiləri 10 milyon 990 min kubmetr əvəzinə 11 milyon 116 min kubmetr qaz hasil etmişlər ki, bu da proqnoz tapşırığının 101,1 faiz yerinə yetirilməsi deməkdir. Hesabat dövründə idarə üzrə çıxarılan ümumi qazın 1 milyon 876 min kubmetri səmt qazının payına düşmüşdür. Yeri gəlmişkən, Pirallahı adasının 16 minlik əhalisinin, eləcə də buradakı sosial obyektlərin “mavi yanacağa”olan tələbatı məhz “Abşeronneft” NQÇİ tərəfindən istehsal edilən təbii qaz hesabına ödənilir. Cari ilin ilk rübündə idarə üzrə 6 milyon 977 min kubmetrdən artıq “mavi yanacaq” təhvil verilmişdir ki, bu da nəzərdə tutulduğundan  çox və ya plana 101,9 faiz əməl olunması deməkdir.

Neft  hasilatının artırılması üçün bütün imkanları səfərbər edən “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində hesab edirlər ki,  əldə olunmuş bu uğurların başlıca səbəbi ölkənin neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Elə idarənin rəisi Şahmar Hüseynov da  söhbət əsnasında bu məsələni önə çəkərək dedi: - Son illər Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısından ruhlanaraq bütün bunlara əməli işlə cavab verməyə çalışırlar. Neftçilərimiz bir sadə həqiqəti də dərk edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması, xalqımızın rifah halının anbaan yaxşılaşması həm də onların fədakar əməyindən çox asılıdır. Neft və qaz hasilatı üzrə proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinin əsas səbəblərindən biri isə, heç şübhəsiz,  istismar fonduna daxil olan quyuların hər birinin imkanlarının diqqətlə öyrənilməsi, işlək fondunun təzələnməsi üçün məqsədyönlü tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi ilə bağlıdır. Hazırda idarəmizin ümumi istismar fonduna 519 quyu daxildir. Həmin quyulardan 442-si işlək fonda aiddir ki, bu da ümumi istismar fondunun 85,2 faizini təşkil edir. İşlək quyularının  4-dən qaz çıxarılır.

Müəyyən səbəblər üzündən istismarı dayandırılmış quyulardan isə daha məhsuldar hesab olunanların bərpa edilərək yenidən işlək fonda qaytarılması üçün lazımi tədbirlər görürük. Cari ilin birinci rübündə  fəaliyyətsiz fonddan 6 quyu təmir edilərək yenidən istismara daxil edilmişdir ki, bu da nəzərdə tutulduğundan 4 quyu çoxdur. Həmin quyulardan isə 55 ton əvəzinə 639 ton əlavə neft alınmışdır. Bu istiqamətdə səylərimizi getdikcə artırırıq. Təkcə onu deyə bilərəm ki, hazırda idarə üzrə 14 neft və bir qaz quyusu mənimsəmə prosesindədir.

...“Abşeronneft” Neft və Qazçıxarma İdarəsi yeganə müəssisədir ki, burada neft hasilatı ilə bağlı bütün üsullar tətbiq olunur. Bu ilin birinci rübündə  idarə üzrə dərinlik nasosu ilə istismar olunan 390 quyudan 47 min 947 ton neft çıxarılmışdır ki, bu da ümumi hasilatın 87,9 faizini təşkil etmişdir. Bundan əlavə, ilin əvvəlindən çıxarılan neftin qalan hissəsi isə   erlift,  svab,  fontan və qazlift üsulu ilə istismar olunan quyuların payına düşür.

 İdarənin istismar etdiyi yataqlar ehtiyatlarla zəngin olduğundan son illər qazma işləri   xeyli intensivləşmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2013-cü ilin altı ayında qazmadan 4 quyu alınmışdır ki, bunlardan da 1220 ton neft alınmışdır. İdarə üzrə neft və qaz hasilatının sabit saxlanılması məqsədilə geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmir işlərinin vaxtlı-vaxtında aparılmasına da diqqəti getdikcə artırırıq. Cari ilin üç ayı ərzində 8 quyuda həyata keçirilmiş geoloji tədbirlər hesabına 82 ton əlavə neft çıxarılmışdır. Bundan əlavə, hesabat dövründə həyata keçirilmiş texniki tədbirlər də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, 55 quyu üzrə  aparılmış 104 texniki tədbir 387 ton əlavə neft hasilatına imkan yaratmışdır. İdarənin istismar etdiyi yataqlar üzrə işlək quyularının sabit və ahəngdar rejimdə işləməsini təmin etmək məqsədilə təmir briqadaları da yüksək əzmkarlıq nümayiş etdirmişlər. Belə ki, hesabat dövründə onların səyi ilə quyularda 395 əvəzinə 511 yeraltı təmir işi aparılmışdır. Rüb ərzində quyularda həyata keçirilmiş əsaslı təmir işləri də yüksək səmərə vermişdir. Məhz əsaslı təmir briqadalarının gücü ilə görülmüş 36 təmir işi hesabına ilin ilk iki ayı ərzində 340 tondan artıq neft çıxarılmışdır.

Yeri gəlmişkən, bu ilin əvvəlində ölkə Prezidentinin müvafiq sərəncamı ilə Bakının 12-ci inzibati ərazisi–Pirallahı rayonu yaradılmışdır. İdarə rəisi Ş.Hüseynovun dediklərindən:– Neftçilərimiz yenicə yaradılmış Pirallahı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərində də yaxından iştirak edirlər.  Bu da təsadüfi deyil. Çünki rayon mərkəzi sayılan Pirallahı qəsəbəsi sakinlərinin əksəriyyəti neftçi ailələridir. Məhz buna görə də qəsəbənin sosial problemlərinin həlli, həm də neftçilərimizin məişət şəraitinin yaxşılaşdırılması deməkdir. Elə qəsəbənin simasının dəyişdirilməsi üçün görülmüş işlər də bütün sakinlər kimi neftçilərimizdə də xüsusi rəğbət doğurur. Artıq su problemi Pirallahı və Gürgan qəsəbələrində, eləcə də Zirə su nasosxanasında qazılmış əlavə quyular hesabına həll edilmişdir. İşçilərin iş yerlərində su təminatını yaxşılaşdırmaq məqsədilə “Əks osmos” tipli sutəmizləyici qurğusu da istifadəyə verilmişdir. İdarənin inzibati binasının həyətində 50 yerlik yeməkxana binası tikilib istifadəyə verilmiş və avadanlıqlarla təchiz edilmişdir.

Qəsəbəmizdə yerləşən məktəblər, xəstəxana, təcili tibbi yardım stansiyası, uşaq kordioloji sanatoriyasında həyata keçirilən təmir işlərinə də lazımi kömək göstərmiş, işçiləri texniki və içməli su ilə təmin etmişik. Bundan əlavə,  idarəmizin kollektivi qəsəbədə əlamətdar bayramların keçirilməsinə də yaxından kömək  edir. Hazırda  ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar qəsəbədə keçirilən iməciliklərdə müntəzəm iştirak edirik. 2013-cü ilin  birinci rübü ərzində idarə üzrə sosial məsələlərin həlli  istiqamətində də təqdirəlayiq işlər görmüşük. Ekologiya sahəsində, eləcə də təbii  sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühafizəsinə dair təsdiq olunmuş tədbirlər planında nəzərdə tutulmuş işlərə diqqət  xeyli artırılmışdır.  Bütün bunlarda əsas məqsədimiz qəsəbəmizin simasının daha da gözəlləşdirilməsinə  mühüm töhfələr vermək, neftçilərimizin sosial şəraitini yaxşılaşdırmaq, onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdan ibarətdir.

 Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında