Artıq 2013-cü ilin I rübü arxada qaldı. Bu dövr ərzində respublikamızda inkişaf tendensiyası davam etmiş, bütün sahələrdə yüksəliş qeydə alınmışdır. Bu yaxınlarda cənab Prezidentin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə geniş bəhs olunmuşdur.
Cənab Prezident iclasdakı nitqində demişdir: “Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni, bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır. Çünki əvvəlki dövrlərdə də, bu gün də Azərbaycanın iqtisadi inkişafını təhlil edənlər bəzi hallarda bu inkişafı neft-qaz amili ilə bağlayırlar. Şübhə yoxdur ki, ilk illərdə - müstəqilliyimizin ən ağır dövründə, 1990-cı illərin ortalarında başlamış neft strategiyamız ölkə iqtisadiyyatına böyük təkan vermişdir və bu gün neft-qaz sektoru ölkə iqtisadiyyatında önəmli bir yer tutur. Ancaq bizim əsas uğurlarımız müdrik iqtisadi islahatlar nəticəsində təmin edilmişdir və bu il qeyri-neft sektorunun 11,4 faiz artması özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallıqdır.” Əlbəttə, bu inkişafda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də xüsusi xidmətləri vardır.
Sevindirici haldır ki, 2013-cü il Prezidentimiz tərəfindən “İKT ili” elan olunmuşdur. Mənə belə gəlir ki, ilin birinci rübündəki uğurlarımız “İKT ili”nə yaxşı töhfədir. Qeyd edək ki, bu ilin I rübü ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz artaraq 371,4 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi İKT sektorunda 13,4 faiz təşkil etmişdir. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 76,8 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.
2013-cü ilin I rübü ərzində ölkə üzrə ÜDM-in həcmi 12.9 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 3,1 faiz təşkil etmişdir. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil etmişdir.
Ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.8 faiz artırılaraq 642,0 manata çatdırılmışdır. Həmçinin, RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 330,0 manat təşkil etmişdir ki, bu da ötən ilin mavafiq dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.
RİTN sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, rüb ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 81,6 milyon manat proqnoza qarşı 85 milyon manat gəlir əldə edilmişdir ki, bu da proqnozla müqayisədə 4,2 faiz, əvvəlki illə müqayisədə isə 2,8 faiz çoxdur. 2013-cü ilin I rübü ərzində bu birlik və müəssisələr dövlət büdcəsinə 8,0 milyon manat, DSMF-ə isə 3,6 milyon manat vəsait ödənilmişdir.
Ümumilikdə informasiya və rabitə sektoruna 39,8 milyon manat investisiya qoyulmuşdur. Məlumat üçün bildirək ki, birinci rübdə ölkə iqtisadiyyatına 2,8 milyard manat investisiya qoyulmuşdur.
Respublikada sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində birinci rübdə 15 yeni EATS istismara verilmiş, 17 ATS-də genişləndirmə işləri aparılmış, 13 ədəd TV-radio vericisi quraşdırılmış, 8 ədəd poçt şöbəsi binası tikilmiş və 248,5 kilometr fiber-optik kabel çəkilmişdir.
Aztelekom və BTRİB şəbəkəsi üzrə özəl provayderlər də nəzərə alınmaqla montaj olunan genişzolaqlı internet portlarının sayı 437 605-ə çatdırılmış və onlardan 352 440-ı istifadə olunur. Həmçinin, BTRİB və “Aztelekom” İB şəbəkələrində CDMA abunəçilərinin sayı 30 771 ədədə çatdırılmışdır.
Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,3 dəfə artırılaraq təqribən 200 Gb/s-ə çatdırılmışdır.
2013-cü ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,8 milyon dəqiqə azalaraq 127,7 milyon dəqiqə, çıxış trafikinin həcmi isə 2,7 milyon dəqiqə azalaraq 42,8 milyon dəqiqə təşkil etmişdir.
Beynəlxalq telefon kanallarının sayı ilin əvvəli ilə müqayisədə 209 ədəd artırılaraq 9594 ədədə çatdırılmışdır.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident bildirmişdir: “İnformasiya-kommunikasiya texnologiyaları ili Azərbaycanda uğurla başlayır. Azərbaycan kosmik dövlətdir. Bu böyük tarixi nailiyyətdir. “Azərspace-1” peyki orbitdədir. Artıq idarəçilik də Azərbaycana verilibdir. Biz peyki Bakıdan idarə edirik. Artıq tərəfdaşlarla ikinci, üçüncü peykin orbitə buraxılması ilə bağlı danışıqlara başlamışıq. Bu da bir yenilik, müasirlik, inkişafdır".
İnformasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülmüşdür.
2013-cü ilin İKT ili elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli sərəncamına əsasən, dövlət qurumları və ictimai təşkilatlardan rəy və təkliflər alınmaqla Tədbirlər Planı hazırlanmış və Azərbaycan Respublikasının Prezidentinin 28 mart 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanında yaradılmış “Elektron Təhlükəsizlik Mərkəzinin Əsasnaməsi” təsdiq edilmişdir. Hazırda Mərkəzin fəaliyyətinin təşkili üzrə aidiyyəti dövlət qurumlarına müraciətlər olunmuş və digər zəruri tədbirlər görülməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması qərara alınmışdır. Bu universitetin Nizamnaməsinin hazırlanması üzərində işlər aparılır.
“Elektron hökumət” portalına qoşulan dövlət qurumlarının sayı 40-a, onların portala inteqrasiya edilmiş elektron xidmətlərinin sayı 215-ə çatdırılmışdır.
2013-cü ildə həyata keçiriləcək əsas tədbirlərdən biri də 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin icrasına başlanılması olacaqdır. Hazırda ölkədə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir.
Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013" hesabatında Azərbaycan ”Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabata əsasən, internet istifadəçilərinin sayına görə isə respublikamız MDB ölkələri arasında birinci yerdədir.
Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə RİTN-in tabeliyində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə “Yüksək Texnologiyalar parkı”nın yaradılması qərara alınmışdır. Hazırda fərmana uyğun olaraq, Parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır.
Azərbaycan Respublikası Prezidentinin ötən il dekabrın 29-da imzaladığı fərmanla təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi bölməsinin həyata keçirilməsi üçün Tədbirlər Planı hazırlanmış və yaxın vaxtlarda təsdiq olunacaqdır.
2013-ci ilin I rübü ərzində maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün icazələrin alınması işi davam etdirilmiş və Mərkəzi Bankdan daha 8 poçt şöbəsinə maliyyə xidmətləri göstərilməsi üçün icazə alınmışdır. “Azərpoçt” MMC üzrə alınmış icazələrin ümumi sayı 1016-ya çatdırılmışdır.
Bu dövr ərzində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüş, ikitərəfli görüşlər keçirilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilmişdir.
RİTN ötən dövr ərzində əsas fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, idmançıların və sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir.
2013-cü ilin I rübü ərzində nazirliyin rabitə birlik və müəssisələrində 434 nəfər işə qəbul edilmişdir. İşçilərimizdən 4 nəfərinə “Rabitə ustası”, 9 nəfərə “Fəxri Fərman”, 10 nəfərə “Əmək veteranı” adları verilmişdir.
Görülən işlərlə yanaşı, “Azərbaycan Respublikasında 2013-cü ilin ”İnformasiya-kommunikasiya Texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, qəbul olunmuş dövlət proqramları və digər hüquqi sənədlərlə qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilmişdir.
Ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, ölkənin aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması və orbitə çıxarılması ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması və regionlarda qurulması işləri həyata keçirilmişdir. Həmçinin, elektron hökumət infrastrukturnun təkmilləşdirilməsi, dövlət qurumlarının inteqrasiyasının artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu məhsulların hazırlanması üzrə Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, respublikanın bütün yaşayış məntəqələrində genişzolaqlı xidmətlərin tətbiqi üzrə layihənin icrasına başlanılması, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi, nanatexnologiyaların tədqiqi və praktikada bilavasitə tətbiq olunması bu qəbildən olan tədbirlərdir.
İnanırıq ki, bütün rabitəçilərimiz səylə çalışaraq, bu tapşırıqların öhdəsindən layiqincə gələcəklər.
Vidadi ZEYNALOV,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.