Azərbaycan Respubilkası müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadi yüksəlişi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 1993-cü ildən başlayaraq ölkəmizdə aparılan ardıcıl siyasi- iqtisadi islahatlar nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, bu sahədə regionun lider dövləti səviyyəsinə yüksəlmişdir. Əldə edilən uğurlar beynəlxalq iqtisadi təşkilatların diqqətini ölkəmizə yönəltmiş, bir sira nüfuzlu ekspertlər Cənubi Qafqaz regionunda inkişafın Azərbaycan modelinin yaradıldığını qeyd etmişlər.
Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək davam etdirilən iqdisadi siyasətin uğurları ölkəmizə böyük gələcək vəd edir. Bütün dünya dövlətlərində sərbəst bazar iqtisadiyyatının əsas tələblərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir.
Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahədə 1993-cü ildə təsdiq edilmiş ‘’Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramını qeyd etmək olar. Sahibkarlıq sektorunda həyata keçirilən islahatlar ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayını artırdı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və bu sahədə nisbi uğurların əldə olunmasına şərait yarandı. Azad sahibkarlığın inkişafı ümummilli lider Heyder Əliyevin daim diqqət mərkəzində olmuşdur. Təsadüfü deyil ki, ulu öndərimiz ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmiş, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Məhz sahibkarlığın inkişafına zəmin yaradacaq qanunvericilik bazasının formalaşması, maliyyə dəstəyinin göstərilməsi bürokratik maneələrin aradan qaldırılması və s. sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər keçirilmişdir.
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə bazar münasibətləri şəraitində iqtisadiyyatın inkişaf etdirilməsi, ona hüquqi təminatın verilməsi öz əksini tapmışdır. Həmçinin bu qanunvericilikdə rəqabət mexanizminin formalaşması və onun qorunması ilə bağlı müddəlar yer almışdır. Bu sənəd iqtisadiyyatın dinamik inkişafına, sürətli yüksəlişinə xidmət etmişdir. İqtisadiyatın inkişafı üçün dövlətin sahibkarlara maliyyə dəstəyi sistemi təşkil olunmuşdur. Sahibkarlığın inkişafına nail olmaq, ölkədə işgüzar fəaliyyətin əlverişli mühitini təmin etmək əsas məqsədlərindən idi. Bu sahənin tərəqqisinə yönəldilmiş tədbirlər zəruri iqtisadi mühitin formalaşması üçün xüsusi sistem çərçivəsində reallaşması vacib sayılırdı. Sürətli inkişaf göstəricilərinin səviyyəsini qaldırmaq, maliyyə və istehsalat sahəsində yüksəlişə nail olmaq, infliyasiyanın minimal səviyyə endirmək qarşıda duran əsas məqsədlərdən idi. Bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığın bazar infrastrukturunun əsas ünsürlərini- reklam, audit və informasiya xidmətlərini xüsusi vurğulamaq lazımdır.
Ulu öndər Heydər Əliyevin 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” imzaladığı fərman bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəlmişdi. Bununla yanaşı nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Sahibkarların fəaliyyətini təşkil etmək üçün vacib olan dövlət strukturları yaradılmışdır. Buna misal olaraq Sahibkarlığa Kömək Milli Fondunu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyini, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsini, həmçinin Xarici İnvestisiyalar Mərkəzini və digərlərini misal göstərmək olar. Sahibkarlığı inkişaf etdirmək üçün dövlət öz üzərinə müvafiq öhdəliklər götürür, onların firmaları dövlət qeydiyyatından keçirilir, sahibkarlara elmi-texniki, hüquqi və başqa köməkliklər göstərilirdi. 1997-ci ildə “Reklam haqqında ”qanunun qəbul olunması ilə ölkədə reklam işinin formalaşması prosesi başladı. Reklamdan əldə olunan gəlirlər 1996-cı ildə 5 milyon dollar idisə, 1997-ci ildə bu rəqəm 6,5 milyon dollar təşkil etmişdir.
Sahibkarlar üçün kadr hazırlığı, işgüzar informasiyaların yayılması olduqca vacibdir. Bu məsələnin vacibliyi nəzərə alınaraq dövlət kompleks proqramlar həyata keçirmişdir və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Sahibkarlığın inkişafının və formalaşmasının zəruri şərtlərindən biri ölkədə özəlləşdirmənin həyata keçirilməsi olmuşdur. Özəlləşdirmənin aparılmasının məqsədlərindən biri dövlət mülkiyyətinin hökmran rol oynamasına son qoymaq idi. Bu proses çoxsaylı sahibkarların yaranmasına səbəb oldu. Respublikada özəlləşdirmənin həyata keçirilməsində əsas məqsəd büdcə kəsirinin aşağı salınması və büdcəyə daxil olan vəsaitin artırılmasına nail olmaq idi.
Hər kəsə yaxşı məlumdur ki, ölkəmiz əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə, fauna və floraya, gözəl iqlim şəraitinə malikdir. Bu da iqtisadiyyatın inkişafında əsas amil sayılır. Bəzi dünya ölkələrinin təcrübəsindən də görmək olar ki, bazar iqtisadiyyatına keçmək üçün, ilk növbədə, dövlət mülkiyyətini özəlləşdirmək lazımdır. Bununla da azad sahibkarlığın inkişafına nail olmaq olar. Bu da bazarda sahibkarlar arasında rəqabətin yaranmasına, istehlak bazarında mövcud qıtlığın aradan qaldırılmasına, əhalinin məşğulluğunun artmasına səbəb olur. Azərbaycan Respublikasının “Sahibkarlıq haqqında”(1996) , “Torpaq islahatı haqqında ” (1996) qanunlarının qəbul olunması bir daha göstərir ki, azad sahibkarlığın inkişafına dövlət hər cür dəstək olur. Ölkəmizdə istər yerli, istərsə də xarici vətəndaşlar, bir sözlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir kəs qanunvericilikdə qadağan olunmayan bütün təsərrüfat formaları ilə məşğul ola bilərlər.
Sahibkarlığın bazar infrastrukturunda qiymətli kağızlar bazarının müstəsna rolu var. Bu sahədə vacib sayılan müstəqil fond birjasının olması əhəmiyyətli idi. Qiymətli kağızlarla bağlı əməliyyatı Bakı Banklararası Valyuta Birjasının müvafiq şöbəsi tərəfindən yerinə yetirilir. Bakı Banklararası Valyuta Birjasının fond əməliyyatları arasında əsas yeri qısa müddətli qiymətli kağızların yerləşdirməsi ilə bağlı işlər tutur. Bu barədə ilk hüquqi sənəd 1996-cı il 17 sentyabrda “Dövlət qısamüddətli istiqrazlarının buraxılması haqqında” sərəncamda öz əksini tapdı. Bu dönəmlərdə fond bazarı bir sıra problemlərlə üzləşdi. Problemin həllinin əsas yollarından biri də fond bazarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi idi.1998-ci il 30 dekabrda “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi”nin yaradılması sözügedən sahənin inkişafına bir situmul oldu. Sonralar (1999-cu ilin fevral ayında) bu bazara Milli Bankın qısamüddətli (90 günlük) istiqrazları da daxil edildi.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın bazar infrasturukturunun əsas elemetlərindən biri də sığorta şirkətləridir. Onu da qeyd edək ki, sığorta bazarı maliyyə- pul münasibətlərinin xüsusi bölməsidir. Burada vurğulamaq lazımdır ki, dünya dövlətlərində dövlət, səhmdar və özəl sığorta şirkətləri bazar iqtisadiyyatının normal fəaliyyətini təmin edirlər. Bu şirkətlərin əsas məqsədi təsərrüfat subyektlərinə dəyən zərəri qismən və ya tam ödəməkdir. Bazar iqtisadiyyatında iqtisadiyyatın inkişafını təmin etmək üçün sahibkarlıq riskinin sığortalanması vacib sayılır.
1999-cu il yanvarın 7-də imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluğun aradan qaldırılması və vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi və s. məsələlər öz əksini tapmışdır. Sahibkarlığın inkişafı üçün ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış sənədlər bu sahənin daha da irəliləməsinə təkan verdi. Sahibkarlığın inkişafında lazımi infrastrukturun formalaşdırılması sahəsində bir çox işlər görüldü, bu sahəyə zəruri texniki yardım göstərildi.
Ölkəmizin yerləşdiyi mühüm strateji mövqedən bəhrələnərək uğurlu beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi vacib idi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xarici investisiyanın ölkəmizə cəlb olunmasında mühüm işlər görülmüşdü. Bu sahədə Azərbaycanla müxtəlif ölkələr arasında sazişlər imzalanmışdı. Ölkədə sahibkarlığın inkişafında xarici sərmayəçilərin iştirakının da mühüm rolu vardır. Xarici investorların hesabına Azərbaycana böyük həcmdə sərmayə qoyulmuşdur.
Ulu öndər Heydər Əliyev yerli sahibkarlarla görüşündə (2002-ci il 25 aprel) demişdir: “Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir. Bunun üçün biz 1995-ci ildən başlayaraq ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər öz müsbət nəticəsini verir və verməkdədir”. Həqiqətən də ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu gün tam əminliklə demək olar ki, inkişaf etmiş ölkələrlə rəqabət aparmaq iqtidarındadır. Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir. Sahibkarlığa Kömək Milli Fondu hər il təsərrüfat fəaliyyəti ilə məşğul olan sahibkarlara güzəşli kreditlər verir. Bu isə yeni iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təkan verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. 2008-ci il 25 avqust tarixli “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbulu qarşıdakı illərdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu da aqrar sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Əvvəllər kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən alırdıqsa, indi ölkəmiz özü bu məhsulları ixrac edir. Prezident İlham Əliyev sahibkarlığın inkişafına xüsusi önəm verərək demişdir: “Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz”.
Bu gün ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin, eləcə də, sahibkarlığın inkişafı göz önündədir. Dünya ölkələri ilə geniş miqyaslı əməkdaşlıq, onların təcrübəsindən istifadə bazar iqtisadiyyatının daha da irəliləməsinə səbəb olacaq.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.