Bakıda Ali Audit Qurumlarının Avropa Təşkilatı və Ali Audit Qurumlarının Ərəb Ölkələri Təşkilatının IV birgə Beynəlxalq konfransı keçirilir

 

 

Aprelin 16-da Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə “Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və Ali Audit Qurumlarının Ərəb Ölkələri Təşkilatının (ARABOSAI) IV birgə Beynəlxalq konfransı işinə başlamışdır.

Hesablama Palatasının sədri Heydər Əsədov çıxış edərək konfransın əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə Hesablama Palatası yaradılmışdır. Ali Audit Qurumlarının (AAQ) yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş, habelə “Hesablama Palatası haqqında” Qanun qəbul edilmiş, kənar dövlət maliyyə nəzarəti üzrə bütün qanunvericilik və təşkilati məsələlər həllini tapmışdır.

Palata sədri məlumat vermişdir ki, konfransın məram və məqsədləri ölkəmizdə maliyyə intizamının möhkəmləndirildiyi və antikorrupsiya fəaliyyətinin genişləndirildiyi bir şəraitdə ictimai vəsaitlərdən qənaətlə və səmərəli istifadə olunmasına, habelə strateji inkişaf konsepsiyalarında nəzərdə tutulan məqsəd və vəzifələrə vaxtında və tam nail olunmasıdır. Hesablama Palatasının potensialının gücləndirilməsi istiqamətində görülən işlər ölkə rəhbərliyi tərəfindən göstərilən siyasi maraq və dəstəklərlə üst-üstə düşür.

H.Əsədov demişdir ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, bu sahəyə də məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra diqqət yetirilmişdir. Onun təşəbbüsü və dəstəyi ilə Hesablama Palatasının yaradılması Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Eyni zamanda,  “Hesablama Palatası haqqında” Qanunun qəbul edilməsi nəticəsində ölkəmizdə kənar dövlət maliyyə nəzarətini həyata keçirmək məqsədi ilə Hesablama Palatası yaradılaraq qısa zaman kəsiyində dövlət maliyyə nəzarəti üzrə bütün qanunvericilik və təşkilati məsələlər həllini tapmışdır.

INTOSAI-ın əsas tövsiyələrinin icrası olaraq ölkəmizdə müstəqilliyinə qanunla zəmanət verilən kənar ali dövlət maliyyə nəzarəti orqanının yaradılması, bu orqanın öz fəaliyyətində beynəlxalq standartların tələblərinə uyğun qanunçuluq, müstəqillik, obyektivlik, aşkarlıq və ədalətlilik prinsiplərinə əsaslanması inkişaf etmiş ölkələrdə ali audit qurumlarına xas olan eyni səlahiyyətlərin Palataya verildiyini bir daha təsdiq edir.

Prezident İlham Əliyevin fəaliyyəti dövründə də dövlət vəsaitlərindən səmərəli, qənaətlə, məqsədyönlü istifadə olunması üzərində zəruri maliyyə nəzarətinin yaradılmasına xüsusi diqqət yetirilmişdir. Müvafiq qanunvericilik aktlarında dəyişiklik və əlavələr edilərək audit tədbirləri üzrə təqdimatların icra olunmadığı hallarda yoxlanılan qurumların hesablarının bağlanılması səlahiyyətinin Palataya verilməsi sayəsində onun təsir vasitələri daha da genişləndirilmişdir. Əməkdaşların maliyyə təminatı yaxşılaşdırılmış, qurumun maddi-texniki bazası gücləndirilmiş, işçilər üçün tam şərait yaradılmaqla onların səmərəli fəaliyyətinə böyük imkanlar açılmışdır. Məhz bunların nəticəsidir ki, son zamanlar həyata keçirilən nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla istifadə edilən böyük məbləğlərdə vəsaitlərin dövlət büdcəsinə bərpa olunmasına, səmərəsiz xərclərin qarşısının alınmasına, böyük həcmdə dövlət vəsaitinə qənaət edilməsinə nail olunmuşdur.

Hazırda digər AAQ-larda olduğu kimi, Hesablama Palatasının da qarşısında daha ciddi və məsuliyyətli vəzifələr durur. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi əsas prinsiplər kimi müəyyən edilmişdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə ötən il ölkəmizdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunmuşdur. Fəaliyyət planlarında Hesablama Palatası qarşısında bir sıra mühüm fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

Konfransın gözlənilən nəticələri barədə də danışan H.Əsədov Fəaliyyət Planlarının uğurla reallaşdırılmasına, iştirakçılar arasında işgüzar münasibətlərin və səmimi ünsiyyətin daha da dərinləşməsinə, təcrübə mübadiləsi aparmaq üçün böyük imkanlar yaranacağına, həmçinin hazırkı şəraitdə dövlət auditi üzrə Qətnamədən irəli gələn vəzifələrin daha aydın və konkret müəyyən olunmasına kömək ediləcəyinə əminliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, ali audit qurumlarının hər biri konfransdan faydalanmaqla yanaşı, gələcək fəaliyyəti üçün mühüm motivasiya əldə edəcəkdir.

Tədbirdə iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

EUROSAİ-nin prezidenti, Portuqaliya Hesablama Məhkəməsinin sədri Guilherme d’Oliveira Martins bildirmişdir ki, iki təşkilat arasında əməkdaşlıq çox mühüm əhəmiyyət daşıyır. Bu, təcrübə mübadiləsi üçün yeni və perspektiv imkanlar açacaqdır.

BMT Baş Məclisinin Qətnaməsinin əhəmiyyətini qeyd edən EUROSAİ-nin prezidenti dünya səviyyəsində ali audit institutunun tanınması və dövlət səviyyəsində maliyyə nəzarətinin həyata keçirilməsi üçün mükəmməl direktivlərin yarandığını vurğulamışdır. Bildirmişdir ki, həm daxili, həm xarici audit qurumları arasında faydalı əməkdaşlıq onların fəaliyyətində şəffaflığı daha da təmin etmiş olur. Həmçinin, ali audit institutlarının rolu və şəffaflıq onların müstəqilliyi zamanı mümkün olacaqdır.

ARABOSAI-nin sədri, Səudiyyə Ərəbistanı Audit Bürosunun prezidenti Osama Faqih təşkilatın təşəkkül tapmasının tarixi və onun yaranmasının zəruri səbəblərindən danışmışdır. Qeyd etmişdir ki, təşkilat milli məqsədlərin təmin olunması baxımından birgə əməkdaşlığı təmin etmək üçün yaradılmışdır.

Osama Faqih ali audit institutunun dövlət və fiskal resursların qorunmasındakı rolunu qeyd etmiş və bildirmişdir ki, milli inkişaf, vəsaitlərin düzgün istifadəsi, yoxsulluğun və korrupsiyanın azaldılması istiqamətində birgə fəaliyyət çox əhəmiyyətlidir.

“Məqsədlərə nail olmaq üçün İNTOSAİ 2005-ci ildən əməkdaşlıq tələblərini irəli sürür. Bunlar dövlət maliyyə resurslarının düzgün istifadəsi və antikorrupsiya tədbirlərini ehtiva edir. Beynəlxalq təşkilatlar xalqların maraqlarının tətbiq edilməsində öhdəliklər götürürlər və onların həyata keçirilməsində məsuliyyət daşıyırlar. Gələcəkdə biz başqa təşkilatlarla da əməkdaşlığımıza ümid edirik. Birgə layihələrin icrası, kadr və təcrübə mübadiləsi üçün səfərlərin təşkil edilməsi zəruridir”, - deyə ARABOSAİ-nin prezidenti vurğulamışdır. Nəzərə çatdırmışdır ki, tədbirin sonunda perspektiv tövsiyələr qəbul olunacaqdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek audit qurumlarının səmərəli hesabatlılıq mexanizminin qurulmasındakı əvəzsiz xidmətlərindən danışmışdır. O demişdir ki, BMT-nin Qətnaməsində də ali audit qurumlarının məhz şəffaf dövlətçilik siyasətinin aparılmasındakı mühüm rolu vurğulanır. Bu, yoxsulluğun azaldılmasına və maliyyə imkanlarının artırılmasına birbaşa təsir edir.

BMT-nin Baş Məclisi tərəfindən bu beynəlxalq təşkilatın tarixində ilk dəfə olaraq “AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin və şəffaflığının artırılması haqqında” qətnamə qəbul edilmişdir. Belə bir mötəbər sənədin qəbul olunması AAQ-ların müstəqilliklərini gücləndirmək, onların öz səlahiyyətləri daxilində daha səmərəli və təsirli fəaliyyət göstərmək, habelə INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) çərçivəsində daha çox faydalanmaqla AAQ-lararası daha sıx münasibətlər yaratmaq istiqamətində göstərilən səylər sayəsində mümkün olmuşdur.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ali Audit Qurumlarının hər bir ölkənin sosial-iqtisadi həyatında rolu və əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunması mövcud imkanların səmərəli və düzgün istifadəsini, bu isə hər şeydən əvvəl, dövlətin malik olduğu maliyyə vasitələrinin səmərəli və məqsədəuyğun istifadəsini, çevik fəaliyyət göstərən maliyyə inzibatçılığının yaradılmasını və inkişaf etdirilməsini tələb edir. Bu məqsədlərin reallaşdırılması, eyni zamanda, şəffaflıq və hesabatlılığın təmin olunması istiqamətində Ali Audit Qurumlarının rolu və əhəmiyyəti danılmazdır.

Son illərdə ölkəmizdə maliyyə resurslarının artımı, həyata keçirilən mühüm və kompleks sosial-iqtisadi layihələr Azərbaycan Respublikasında ali dövlət maliyyə nəzarətini həyata keçirən Hesablama Palatasının maliyyə inzibatçılığının inkişaf etdirilməsi, hesabatlılığın təmin edilməsi istiqamətində fəaliyyətinin genişlənməsi, bu qurumun dövlət idarəçiliyində yerinin və əhəmiyyətinin güclənməsi ilə nəticələnmişdir.

Milli Məclis sədrinin birinci müavini qeyd etmişdir ki, Hesablama Palatasının fəaliyyətində, xüsusilə həyata keçirdiyi nəzarət tədbirlərində beynəlxalq hüququn, o cümlədən beynəlxalq audit standartlarının tələblərinin əsas tutulması, eyni zamanda, bu standartlara uyğun milli standartların tətbiqinin prioritet fəaliyyət istiqamətlərindən biri kimi  qəbul edilməsi və bu yöndə mühüm nəticələrin əldə olunması təqdirəlayiq hal kimi qiymətləndirilir. Son vaxtlar Azərbaycan Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə-büdcə nəzarət tədbirlərinin sayının artması ilə yanaşı, bu tədbirlərin əhatə dairəsi genişlənmiş və keyfiyyəti daha da yüksəldilmişdir.

Natiq bildirmişdir ki, Hesablama Palatası  fəaliyyətində digər hakimiyyət orqanları və bütün maraqlı tərəflərlə qarşılıqlı şəkildə sıx əməkdaşlıq edir. Bu istiqamət üzrə Palata ilə Milli Məclis arasında çox sıx qarşılıqlı münasibətlər yaradılmışdır.

Z.Əsgərov Hesablama Palatasının qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən dövlət büdcə-maliyyə nəzarəti orqanı olmaqla təşkilati, hüquqi və funksional baxımdan müstəqilliyini də vurğulamışdır.

Z.Əsgərov qeyd etmişdir ki, Ali Audit Qurumu ölkədə həyata keçirilən iqtisadi və sosial  siyasətin nəticələrini qiymətləndirən  bir təşkilatdır. Bu qiymət əslində, hökumətin gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Hesablama Palatası bu istiqamətdə də əhəmiyyətli addımlar atmışdır. Onu demək kifayətdir ki, Hesablama Palatası son illərdə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticəsi olaraq dövlət vəsaitlərinin qənaətlə və səmərəli istifadəsinin təmin edilməsi üçün qanunvericilik aktlarında boşluqların aradan qaldırılması, habelə müvafiq əlavə və dəyişikliklərin edilməsi istiqamətində son 4 ildə Nazirlər Kabinetinə 87 təklifdən ibarət zərf toplusu təqdim edilmişdir.

Konfransda ayrı-ayrı ölkələrdə qazanılmış təcrübəyə əsaslanaraq ali dövlət hakimiyyəti orqanlarının və AAQ-ların bu sahədəki vəzifələrinin müəyyən edilməsi, səmərəli dövlət maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsi, kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətləri və s. barədə müfəssəl müzakirələr aparılmışdır.

Konfrans “Ali dövlət hakimiyyəti orqanlarının BMT Baş Məclisinin 2011-ci il 22 dekabr A/66/209 saylı Qətnaməsinin çağırışlarından irəli gələn vəzifələri”, “Milli inkişaf məqsədlərinə nail olunmasında Ali Audit Qurumlarının rolu” və “Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsində kənar və daxili dövlət maliyyə nəzarətinin sərhədlərinin və vəzifələrinin dəqiqləşdirilməsinin rolu” alt-mövzularında sessiyalarla davam etdirilmişdir.

Konfrans aprelin 17-də işini yekunlaşdıracaqdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında