“Qərbi çıraq” platformasının dayaq bloku dənizə yola salınmışdır

 

 

“Çıraq” neft layihəsi çərçivəsində inşa olunmuş “Qərbi Çıraq” platformasının dayaq bloku aprelin 14-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılmaq üçün yola salınmışdır. bp   şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, dayaq blokunun dənizdəki əraziyə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı planlaşdırılmışdır və bu işlərin, hava imkanları da nəzərə alınmaqla, təqribən 45 günə başa çatdırılacağı gözlənilir.

Xatırladaq ki,  yeni platformanın dayaq bloku Xəzər dənizində quraşdırılacaq ən ağır  qurğudur. Dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə büsbütün ölkə daxilində inşa edilmişdir. Blokun tikintisinə 2 min insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunmuşdur. İşçi qüvvəsinin təxminən 96 faizi yerli azərbaycanlılardan  ibarət olmuşdur. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus “BOS Şelf” şirkəti inşa edib.

“Qərbi Çıraq” platformasının dayaq blokunun tikintisi qrafikə uyğun olaraq 2012-ci ilin dördüncü rübündə başa çatdırılmışdır. Blok sonra Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjına yüklənmiş və “Çıraq” neft layihəsi çərçivəsində aparılan planlaşdırılmış dəniz işlərinin, o cümlədən öncəqazma və sualtı boru kəmərləri inşası əməliyyatlarının başa çatmasını gözləmişdir.

bp-nin iri layihələr üzrə vitse-prezidenti Brus Luberski bu əlamətdar hadisə münasibətilə demişdir: –Dayaq blokunun dənizə yola salınması çox mühüm bir hadisədir və biz bu mühüm işin platformanın üst modullarının bu yay  dənizə yola salınması və daha sonra da bu platformadan ilk neftin əldə olunmasından məmnunuq. Mən bu mühüm işin ən yüksək əməyin təhlükəsizliyi göstəriciləri ilə əldə olunmasını öz gərgin əməyi ilə mümkün edən hər bir kəsə—bp əməkdaşlarına, podratçı və subpodratçı şirkətlərin işçilərinə - dərin təşəkkürümü bildirirəm. Xüsusilə də BOS Şelf şirkətinə tikinti işlərinin aparıldığı iki il ərzində bp-nin əməyin təhlükəsizliyi standartlarına ciddi əməl etdiklərinə görə təşəkkür etmək istərdim. Mən Xəzərdə indiyədək tikilmiş ən ağır  dayaq blokunun inşasına sərf olunmuş 6,8 milyon adam-iş saatının qəza ucbatından heç bir iş günü itirilmədən əldə olunmasından, həqiqətən də, qürur duyuram. Bu, əla nailiyyətdir və əminəm ki, dənizdə quraşdırılma işləri də həm əməyin təhlükəsizliyi, həm də keyfiyyət baxımından yüksək səviyyədə yerinə yetiriləcək.

Yeri gəlmişkən, “Qərbi Çıraq” platformasının  dayaq blokunun ümumi çəkisi 18 min 200 (1500 tonluq üzmə pantonları da daxil olmaqla) tondur. Onun hündürlüyü  təxminən 185 metr, ümumi çəkisi isə 6700 ton olan 13 payası (12 üstəgəl biri ehtiyat məqsədilə),  7  dikborusu, 8-şəkilli borusu və 10 kessonu var. Dayaq bloku suyun təxminən 170 metr dərinliyində quraşdırılacaq.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında