Azərbaycanın qaz ehtiyatlarına maraq artır

 

 

 

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin neft-qaz yataqları ölkəmizin regionda və dünyada strateji tərəfdaş kimi əhəmiyyətini getdikcə artırır. Son illər karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün alternariv ixrac marşrutlarının yaradılması Azərbaycanın dünya və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməyə imkan yaratmışdır.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan enerji təhlükəsizliyi məsələlərinə nail olmuş və bu gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün fəaliyyət göstərir. Bu, olkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirir, bizim üçün yeni imkanlar açır. Təsadüfi deyil ki, Xəzərin enerji resurslarına, Azərbaycanın karbohidrogen ehtiyatlarına beynəlxalq maraq getdikcə güclənir. İndi ölkəmiz bir çox enerji layihələrinin mərkəzinə çevrilməklə yanaşı,  regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verir.

Ölkəmizin  regional mövqeyinin getdikcə artmasının bir mühüm səbəbi də  malik olduğu zəngin qaz potensialıdır.  Dünyada təbii qaza olan tələbatın xüsusilə yüksəldiyi son illərdə Azərbaycan özünü beynəlxalq birliyə etibarlı qaz istehsalçısı və ixracatçısı kimi təqdim edə bilmişdir. 2004-2012 cu illərdə ölkə üzrə qaz hasilatı 5 dəfədən çox artırılaraq 5 milyard kubmetrdən 27 milyard kubmetrə çatdırılmışdır. Ölkəmizdə böyük qaz hasilatının əsası isə  Xəzərin  Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməyə daxil edilməsi ilə qoyulmuşdur. 2006-cı ilin dekabr ayında “Şahdəniz”yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasilata başlanıldığı vaxtdan 2012-ci ilin sonlarınadək yataqdan 37,6  milyard kubmetrə yaxın təbii qaz və 10,1 milyon tondan çox kondensat çıxarılmışdır. Artıq yeddi ilə yaxındır ki, Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan və digər Şərqi Avropa ölkələrinə qaz ixrac edir. Yeri gəlmişkən, indi Azərbaycan çoxşaxəli enerji və nəqliyyat infrastrukturuna malikdir. Artıq ölkəmizin karbohidrogen ehtiyatları yeddi neft və qaz kəməri ilə müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır.

Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olması isə  ölkəmizlə əməkdaşlıq əlaqələrinin genişlənməsinə təkan verir. Elə hazırda işlənmənin ikinci mərhələsinə qədəm qoymuş “Şahdəniz” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın alıcılarının sayının  getdikcə artması da bunun bariz nümunəsidir. Yeri gəlmişkən, hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu isə hazırda dünya miqyasında  olduqca yüksək rəqəmdir və ölkəmizin zəngin potensialını əks etdirir. “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində, eləcə də “Ümid” və “Abşeron” yataqlarından hasil olunacaq qaz ehtiyatları isə öz növbəsində Azərbaycanın gələcək iqtisadi inkişafının təminatına, ölkəmizin ixrac imkanlarının daha da artmasına səbəb olacaqdır. Təsadüfi deyil ki, aprelin 8-də Bakıda keçirilən “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu)  bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: “... Biz neft və qazımızı nəql etmək üçün boru kəmərlərini çəkməli idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində qarşımızda duran ən böyük vəzifələrdən biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz vardır. Azərbaycanın neft və qazını beynəlxalq bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri mövcuddur. Eyni zamanda, Azərbaycan karbohidrogenlərin nəqlində Xəzər dənizinin digər sahilində yerləşən tərəfdaşlarımız üçün tranzit rolunu oynamağa başlamışdır”. Göründüyü kimi, ölkəmizin qaz bazarına beynəlxalq marağın getdikcə artması tranzit məsələsini də getdikcə aktuallaşdırır. Bu  məsələnin həlli isə öz növbəsində Azərbaycan qazının satışı üçün yeni bazarların aşkara çıxarılmasını təmin edəcəkdir.

Ölkəmizin enerji sektorunda beynəlxalq əməkdaşlığın genişləndirilməsinə daha bir nümunə  aprelin 8-də Norveçin “Statoil” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Zəfər” və “Məşəl” perspektiv strukturlarının daxil olduğu blokun kəşfiyyatı və işlənməsi layihəsi ilə əlaqədar qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasıdır. Xatırladaq ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş idarəedici direktoru Helge Lund tərəfindən  imzalanmış memorandumda qarşıdakı bir il üçün nəzərdə tutulmuş məsələlər öz əksini tapmışdır. Belə ki, tərəflər sənədin imzalandığı və qüvvəyə mindiyi gündən  etibarən 12 ay ərzində danışıqlar aparmaq və işlənmə sazişinin əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmaq niyyətini bəyan etmişlər. Yeri gəlmişkən,  “Statoil” şirkəti Norveç ilə Azərbaycan arasında neft və qaz sahəsində geniş əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynamışdır. Şirkət “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrində ARDNŞ ilə səmərəli tərəfdaşlıq edir. Bir məqamı da qeyd etmək lazımdır ki, “Zəfər” və “Məşəl” perspektiv strukturlarının daxil olduğu  blokun kəşfiyyatı və işlənməsi layihəsi ilə əlaqədar qarşılıqlı anlaşma haqqında memorandumun  imzalanmasının bir səbəbi Azərbaycanın ötən müddətdə özünü zəngin qaz ehtiyatlarına malik ölkə kimi təqdim etməsi ilə bağlıdırsa, digər əsas səbəbi burada hökm sürən sabitlik və əlverişli biznes mühitidir. Təsadüfi deyil ki, aprelin 8-də Prezident İlham Əliyev qəbulunda olmuş Norveçin"Statoil" şirkətinin baş direktoru Helge Lund Azərbaycanın neft və qaz sənayesinin inkişafında ölkəmizdə mövcud olan sabitliyin rolunu xüsusi qetd etmişdir.

Məlumat üçün bildiririk  ki, “Zəfər” və “Məşəl” strukturları 1961-ci ildə ərazidə aparılmış seysmik kəşfiyyat işləri  nəticəsində aşkar olunmuşdur. 1985-87-ci illərdə bu sahələrin quruluşu dəqiqləşdirilmişdir. 643 kvadratkilometr sahəni əhatə edən kəşfiyyat bloku Abşeron yarımadasından 120 kilometr məsafədə, cənub istiqamətində Xəzər dənizinin 600-750 metr dərinliyində yerləşir. Xatırladaq ki, 2004-cü ilin oktyabrında ARDNŞ (50 faiz), ExxonMobil (30 faiz) və ConocoPhillips (20 faiz) şirkətlərinin iştirakı ilə imzalanmış saziş çərçivəsində ilk kəşfiyyat quyusunun qazılması zamanı 7087 metr dərinlikdə 50 milyard kubmetrə yaxın qaz ehtiyatları olan kiçik məhsuldar lay açılmışdır. O zaman layihənin xarici iştirakçıları risk etməmək və ikinci kəşfiyyat quyusunu qazmaqdan imtina etmişlər. Buna görə də Dövlət Neft Şirkətinə lazımi cərimə ödənildikdən sonra sazişə xitam verilmişdir. Onu da deyək ki,  ilk kəşfiyyat quyusunun qazılması üçün ümumi xərclər 150 milyon dollar təşkil etmişdi.

Yeri gəlmişkən, azərbaycanlı geoloqların rəyincə, Xəzər dənizinin dərin sulu hissəsində yerləşən"Zəfər" və “Məşəl” strukturlarında 300 milyard kubmetrə yaxın qaz ehtiyatları mövcuddur. Həmin ehtiyatların işlənməyə cəlb edilməsi isə ölkəmizin ixrac imkanlarının bir qədər də artmasına səbəb olacaq.

Mirbağır YAQUBZADƏ,

  “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında