DAVOS İQTİSADİ FORUMU BAKIDA: Nəticələr və perspektivlər

 

 

 

 

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu il aprelin 7-8-də Davos İqtisadi Forumunun Bakıda keçirilməsi ilə Azərbaycan regionda aprıcı ölkədə olduğunu bir daha təsdiqlədi. Davos Forumu ilk dəfə olaraq Xəzər sahillərinə gətirildi. Bu forumu təşkil etməklə ölkəmiz sadəcə regionun iqtisadi cəhətdən aparıcı ölkə olduğunu beynəlxalq arenada təsdiq etdirmədi, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz ilə Orta Asiya inteqrasiyasında həlledici ölkə olduğunu göstərdi.

 Məhz bu inteqrasiyanın əhəmiyyətini yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində çıxışı zamanı bildirmişdir: “Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarının, Cənubi Qafqazın böyük potensialı vardır. Ola bilsin, bu gün həmin potensialın yalnız bir hissəsini təqdim edə bildik. Lakin əminəm ki, gələn illər ərzində biz bu müzakirələrə daha çox diqqət ayıracağıq və onlar, eyni zamanda, ideyaları formalaşdırır, rəyləri və gözləntiləri, o cümlədən narahatlıq doğuran, bəzən məyus edən məsələləri söyləmək üçün mühit yaradır. Lakin regionda müşahidə olunan əsas meyil inteqrasiya və əməkdaşlıqdır”.

Forumda çıxış edən ölkə Prezidenti əlavə etdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycan üçün yeganə inkişaf yolu və öz müstəqilliyinin gücləndirilməsi siyasi və iqtisadi islahatlardan, sərmayələrin yatırılmasından keçirdi. Biz ölkəmizin ən ağır anlarında bizimlə olmuş, Azərbaycana sərmayə qoymuş, etimad göstərmiş tərəfdaşlarımıza və dostlarımıza olduqca minnətdarıq. Onlar bu gün də ölkəmizi dəstəkləməkdə davam edir. Neft-qaz sahəsində əldə etdiyimiz olduqca müsbət təcrübəmiz əsasında söyləyə bilərik ki, biz Azərbaycanda dəyişiklik edib, qeyri-enerji sektorunu yaratdıq. Özəl sektora, sahibkarlığa göstərilən dəstək xarici və yerli sərmayələrin təşviqi bu gün prioritetlərdən birini təşkil edir. İyirmi bir il əvvəl Azərbaycan müstəqilliyini yenicə əldə etdiyi zaman bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı payı sıfır faiz idi. Bu gün isə bu göstərici 83 faizdir. Bu, bazar iqtisadiyyatına yönələn islahatların yaxşı göstəricisidir. Başqa sözlə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. Hazırda Azərbaycanda qeyri-enerji sektorunda, tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı, neft-kimya sahələrində geniş imkanlar açılır.

Davos İqtisadi Forumu özü də Bakıda təşkil edilən tədbiri məhz regionda, xüsusən də Azərbaycanda müşahidə edilən iqtisadi artım aspektindən xarakterizə etmişdir. Forumun açıqlamasında bildirilirdi ki, sonuncu onillik ərzində Cənubi Qafqaz və Mərkəzi regionları davamlı iqtisadi artım və inkişaf yolunu keçmişlər. Bu inkişaf yolunda bir çox ölkələr öndə gedirlər. Azərbaycanın iqtisadi inkişafı keçən onillik ərzində ikirəqəmli ədədlərlə ifadə olunurdu. Qazaxıstan və bu regionun digər ölkələri isə öz biznes potensiallarını genişləndirmək üçün iri addımlar atırdılar. Regionun hələ də istifadə olunmamış resursları var ki, bunlara da təbii sərvətlərini və Avropa, Asiya və Orta Şərqin kəsişməsində yerləşən regionun strateji mövqeyini göstərmək olar.

Davos Forumunun gəldiyi qənaət belədir ki, bu region dünya üzrə istifadə olunmamış ən böyük təbii ehtiyatlar rezervinə və kontinental tranzit yolu kimi strateji əhəmiyyətə malikdir ki, hər iki məsələdə xarici tərəfdaşların iştirakı vacibdir. Bu inkişaf və artım potensialından maksimal dərəcədə yararlanmaq üçün regionun əsas ölkələri güclü iqtisadiyyatlarını qurmalı və onun uzunmüddətli perspektivdə davamlı inkişafını təmin etməlidir. Bunu reallaşdırmaq həm də qlobal inkişafı əvvəlcədən proqnozlaşdırmaq və sürətləndirmək deməkdir. Dünyada iqtisadi inteqrasiyaların sürətləndiyi, regional iqtisadi blokların vüsət aldığı bir vaxtda Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inteqrasiyası çox uğurlu və düzgün qəbul edilmiş qərar ola bilər. Regionun gələcək inkişafı üçün çox planlar mövcuddur ki, bunlardan da Avrasiya İttifaqı layihəsindən Yeni İpək Yolu layihəsinədək müxtəlif planları göstərmək olar. Təbii ki, bütün layihələr hələ müzakirə olunacaq, regional konsensus əldə olunacaq və daha sonra reallaşdırılacaq. Özlərinin qonşuları olan Rusiya, Avropa ölkələri və Çin kimi nəhənglərə sığınmış ölkələrin əksərinin fikrincə, böyük  ölkələrlə əlaqə zamanı digər balanslaşdırıcı iqtisadi əlaqələr vacibdir. Məhz bu zaman  müxtəlif, lakin rəqabətqabiliyyətli əlaqələrdən dividend əldə etmək mümkündür. Cənubi Qafqaz və Mərkəzi Asiya artıq qlobal miqyasda yeniləşən ticarət mənzərəsinin dəyişdirilməsi prosesinə qoşulmuşlar, bu da regionun yenidən dizayn olunmasına gətirib çıxara bilər.

Davos Forumunun Bakıda keçirilməsi  Azərbaycan Prezidentinin səyi nəticəsində mümkün oldu

Davos İqtisadi Formunun Azərbaycanda keçirilməsi sadəcə ölkənin daha da tanıtdırılması deyil, eyni zamanda, iqtisadi potensialının təqdim edilməsi baxımdan müsbət hal oldu. Bu, Davosun regionda ilk forumu idi. Baxmayaraq ki, çoxları forumun Qazaxıstanda keçiriləcəyini gözləyirdi. Çünki  Qazaxıstan ərazi cəhətdən və əhalinin sayı baxımdan regionun ən böyük ölkəsi hesab edilir. Digər tərəfdən, Azərbaycanın Ermənistanla müharibə şəraitində olması regional forumun Bakıda keçirilməsi imkanlarını azaldırdı. Lakin bütün bunlara baxmayaraq,  Davos İqtisadi Forumu Azərbaycanda keçirildi. Bu, ölkə Prezidentinin təşəbbüsü bə səyi  nəticəsində reallaşdı. Belə ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilib. Birmənalı şəkildə dövlət başçısının təşəbbüsü olmasaydı, Davos Azərbaycanda keçirilməyəcəkdi.

Qeyd edək ki, biznes subyektlərinin, hökümət nümayəndələrinin, müxtəlif ölkələri təmsil edən beyin mərkəzlərinin rəhbərlərinin qatıldığı forumda 4 panel üzrə müzakirələr aparıldı. Müzakirələrə təkcə enerji təhlükəsizliyi, enerji resursları deyil, insan kapitalı, sahibkarlıq, qeyri-neft sektorunu əhatə edən mövzular da daxi edilmişdi. Ümumiyyətlə,  forumda prioritet mövzu qeyri-neft sektorunun inkişafı ilə bağlı oldu. Belə ki, region ölkələrinin əksəriyyəti təbii resurslarla zəngin olduğundan diqqət qeyri-neft sektorunun dəstəklənməsinə yönəldildi. 

Forumda həmçinin neft kapitalının insan kapitalına çevrilməsi və regionun inkişafı  müzakirəyə çıxarıldı.  Maraqlı məqamlardan biri  forumun işə başladığı gün iştirakçılar arasında regionun gələcəyi ilə bağlı keçirilən elektron səsvermənin nəticələri   idi. İlk gün iştirakçıların 62 faizi yaxın illərdə regionda iqtisadi inteqrasiya meyillərinin güclənəcəyinə inandıqlarına səs vermişdilər. Ertəsigün keçirilən səsvermədə isə  bu göstərici 66 faiz təşkil edirdi. Bu  da Davos Forumunun həm də bir şəbəkələşmə olduğunu göstərir. Müzakirələrdə inteqrasiyanın əhəmiyyətindən danışılması bir gün ərzində insanların inteqrasiya ilə bağlı fikirlərində  dəyişiklik yarada bilmişdi. Forum təkcə Azərbaycan üçün deyil,  iştirakçı ölkələrin nümayəndələri üçün də sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun inkişafı baxımdan müsbət qiymətləndirilməlidir.

Azərbaycan üçün bu hadisənin xüsusi əhəmiyyəti formun məhz bizim ölkədə keçirilməsidir. Davosun nəticələri uzunmüddətli dövr üçün proqnozlaşdırılır, qiymətləndirlir.  Hesab edirəm ki,  forumun nəticələri Azərbaycan iqtisadiyyatına, qeyri-neft sektoruna təsir imkanları qazandıracaq. Çünki müzakirələr Azərbaycan iqtisadiyyatının imkanlarının təşviqinə şərait yaratdı.

Post-Davos dövründə yeni imkanlar

Forumda çıxış edən cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə ciddi strategiya formalaşdırır. Həmçinin müəyyən edilmiş hədəflər kifayət qədər ciddidir. Eyni zamanda, bu forum Azərbaycana ölkənin investisiya mühitini, yeni biznes layihələrinə olan şəraiti və son zamanlarda ölkənin iqtisadi və siyasi həyatında baş verən irəliləyişləri təqdim etmə imkanı verdı. Forumda dünyanın aparıcı şirkətlərinin iştirak etməsi yeni və daha irihəcmli investisiyaların cəlb edilməsinə, ölkə iqtisadiyyatının daha da canlandırılmasına, yeni iş yerlərinin açılmasına, potensial istehsal imkanlarından səmərəli istifadənin təmin edilməsinə, İKT-nin son imkanlarından yararlanaraq daha keyfiyyətli və rəqabət tutumlu məhsulların istehsalına, yeni və daha qlobal markaların yaradılmasına, dəyişən dünyanın son iqtisadi inkişaf çağırışlarına cavab verə bilən biznes mühitinin formalaşmasına ciddi imkanlar yaradır. Digər bir tərəfdən, bu forumun Azərbaycan üçün başqa üstünlüyü ölkəmizin qeyri-neft sektorunda investisiya imkanlarının təqdim edilməsinə yaranacaq şəraitdir. Bir sözlə, Davos yaxın zamanlarda Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsaitlərin daxil olmasına geniş imkanlar yarada bilər.

Bakıda təşkil edilən forumda da qeyd edildiyi kimi, Dünya İqtisadi Forumunun hazırladığı hesabatlardan yalnız Qlobal Rəqabətlilik hesabatlarında Azərbaycanın mövqeyi güclənməyib, eyni zamanda, forumun Qlobal İnformasiya Texnologiyaları,  Səyahət və Turizm Rəqabətliliyi hesabatlarında da  ölkəmiz əhəmiyyətli yerə malikdir. Dünya İqtisadi Forumunun nəzdindəki İnformasiya Texnologiyalarının Qlobal Rəqabətlilik və Səmərəlilik, Sənaye Əməkdaşlığı Proqramı nəzdində çap olunmuş Qlobal İnformasiya Texnologiyaları hesabatında Azərbaycan informasiya texnologiyaları sahəsində lider ölkələrdən hesab edilir. Hesabat Azərbaycanı, Rusiyanı və Qazaxıstanı 2012-ci il üçün MDB dövlətləri arasında ən səmərəli informasiya texnologiyası siyasəti yürüdən 3 ölkə elan edib. Dünya İqtisadi Forumunun Səyahət və Turizm Rəqabətliliyi üzrə hesabatında  Azərbaycan 140 ölkə arasında 78-ci yerə layiq görülmüşdür. Bu göstərici 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5 pillə irəliləmə deməkdir. Artıq vurğulandığı kimi, Dünya İqtisadi Forumunun hesabatlarında belə irəliləmənin öz əksini tapması Azərbaycanın imicinin yüksəlməsi və turizm potensialının dünyaya bəyan edilməsi istiqamətində əvəzolunmaz rola malikdir.

Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi  həm ölkənin regionda bu günə qədər əldə etdiyi iqtisadi irəliləyişlərinə dəstəkdir,  həm də gələcək strateji planlamada ölkənin mühüm rol oynayacağı deməkdir. Bu, dünyada qlobal maliyyə böhranından sonrakı dövrə istiqamətlənən iqtisadi  şəkilləndirmənin mövcud vəziyyətdən daha mükəmməl modelə doğru aparan yolda ciddi amil hesab edilə bilər.

Bütövlükdə, Bakıda keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi barədə strateji dialoq” konfransı regionun cari və potensial maraq sahiblərinə onun potensialını öyrənmək, dəyərləndirmək və gələcək planlarında nəzərə almaq üçün əvəzsiz şans yaratdı. Konfrans zamanı regionun təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, mədənçıxarma, telekommunikasiya və maliyyə  sektorlarına xüsusi diqqət ayrıldı.

 

Vüqar BAYRAMOV,

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında